Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5762/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-132/2021 saylı 29 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq obyektinin qaytarılması və pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bentley” markalı, ** YY *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılması və cavabdehlərdən 32,620 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 24 oktyabr 2017-ci il tarixli X2 əsasən iddiaçı cavabdeh tərəfindən seçilmiş və ümumi dəyəri 130.000 manat olan 1 ədəd “Bentley” markalı ** YY *** dövlət qeydiyyat nişanlı avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh1 müvəqqəti sahibliyi və istifadəsinə vermişdir. Cavabdeh1 öz növbəsində 78.000 manat məbləğində borcu illik 30% faiz hesablanmaqla, 36 ay müddətinə iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin o, müqavilə şərtlərinə tam əməl etməmiş və müqavilə şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə iddiaçı arasında 24 oktyabr 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin məsuliyyəti öz üzərinə götürmüşdür.. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-132/2021 saylı 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 24 oktyabr 2017-ci il tarixli Daxili lizinq Müqaviləsindən yaranmış və ödənilməmiş 20,820 manat əsas borc, 8,700 manat faiz borcunun və 310 manat məbləğində cərimə borcunun, həmçinin iddianın məhkəməyə verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub (alınıb) iddiaçı "İddiaçı" MMC-yə ödənilməsi, Cavabdeh1 “Bentley Continental GT Speed” markalı ** YY *** dövlət qeydiyyat nişanlı avtomobili alınaraq "İddiaçı" MMC-yə qaytarılması, ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub dövlət büdcəsinə köçürülməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 24 oktyabr 2017- ci il tarixli X1 məzmunundan aydın olur ki, İddiaçı MMC Cavabdeh1 Rəhimbala oğlunun ərizəsinə əsasən onun tərəfindən seçilmiş və ümumi dəyəri 130000 manat olan 1 ədəd “Bentley ContinentalGT Speed” markalı, **-YY-*** dövlət qeydiyyat nişanlı avtomobili öz mülkiyyətinə keçirərək Cavabdeh1 Rəhimbala oğluna müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh1 Rəhimala oğlu isə öz növbəsində müqaviləyə əsasən 78000 manat məbləğində borcu illik 30 % hesablanmaqla 36 ay müddətinə “ İddiaçı” MMC- yə ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa Cavabdeh1 Rəhimbala oğlunun müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin Cavabdeh2, yəni onunla iddiaçı arasında 24 oktyabr 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Lakin Dünyada baş verən Covid-19 pandemiyası ilə əlaqədar olaraq bizdən asılı olmayan səbəblərə görə işlərin normal qaydada getməməsi müqavilə üzrə öhdəliklərin icrasında da problemlər yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Buradan aydın olur ki, əgər öhdəlik Cavabdeh1 təqsiri olmadan, Covid-19 pandemiyası səbəbiylə icra edilməmişsə bu hal gecikdirmə sayılmamalıdır və gecikdirməyə görə penya hesablanmamalıdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-132/2021 saylı 29 yanvar 2021-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, mülki işin materiallarında olan 24.10.2017-ci il tarixli 1701/0334 saylı Daxili maliyyə lizinqi Müqaviləsindən və həmin müqavilənin 1 saylı əlavəsindən görünür ki, Lizinq verən Lizinq alana “Bentley” markalı, ** YY *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq obyekti qismində 130.000 manat müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini həmin Müqavilələrin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. İş materiallarında olan 24.10.2017-ci il tarixli 1701/0334 saylı Daxili maliyyə lizinqi müqaviləsi və həmin müqaviləyə 2 saylı əlavədən və lizinq ödənişləri cədvəlindən aydın olur ki, iddiaçı mülkiyyətində olan “Bentley” markalı, ** YY *** dövlət qeydiyyat nişanlı avtomobili 36 ay müddətinə lizinqə, yəni həmin əmlakı Cavabdeh1 müvəqqəti istifadəsinə və sahibliyinə vermiş, həmin əmlak Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçının hesabına cəmi 78.000 manat ödəməyi öhdəsinə götürmüş, bu məbləği hər növbəti ayın 24-ü 3311,22 manat məbləğində sabit olmaqla hissə-hissə iddiaçının hesabına ödəyəcəyi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 1701/0334/ZM-01 saylı "İddiaçı" MMC ilə Cavabdeh2 arasında 24.10.2017-ci il tarixdə bağlanmış Zaminlik Müqaviləsinə əsasən, lizinq alan öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin Lizinq alanın öhdəliklərinin tamamilə icra etməsini öz öhldəsinə götürür.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apelyasiya şikayətində göstərilənlər iş materialları ilə təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Mülki qanunvericiliyin prinsiplərinə görə müqavilə şərtləri onun iştirakçıları tərəfindən sərbəst şəkildə müəyyənləşdirilir ki, cavabdeh daxili lizinq müqaviləsini imzalamaqla həmin müqavilənin şərtlərini qəbul etməsi barədə iradəsini ifadə etmişdir. İş materiallarından göründüyü kimi, ddiaçı mülkiyyətində olan Bentley” markalı, ** YY *** dövlət qeydiyyat nişanlı avtomobili 36 ay müddətinə lizinqə, yəni həmin əmlakı Cavabdeh1 müvəqqəti istifadəsinə və sahibliyinə vermiş, həmin əmlak Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Cavabdeh müqavilə bağlanan andan 2020-ci ilin oktyabr ayına qədər iddiaçının hesabına tam ödəniş etməmiş və nəticədə müqavilə üzrə 20,820 manat məbləğində əsas lizinq borcu, 8,700 manat məbləğində lizinqdən istifadəyə görə faiz borcu və 3,100 manat məbləğində dəbbə (cərimə) borcu yaranmışdır. Cavabdeh lizinq ödənişi həyata keçirimək barədə öhdəlik götürmüş, lakin öhdəliyi tam yerinə yetirməmiş, digər Cavabdeh2 isə Zaminlik Müqaviləsinə əsasən, lizinq alan tərəfindən öhdəlik lazımınca icra edilmədiyi halda, Lizinq alanın öhdəliklərini tamamilə icra etməsini öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim olunmuş 06.08.2020-ci il tarixli arayışda Cavabdeh1 20,820 manat məbləğində əsas lizinq borcu, 8,700 manat məbləğində lizinqdən istifadəyə görə faiz borcu və 3,100 manat məbləğində cərimə borcu olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-132/2021 saylı 29 yanvar 2021-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-132/2021 saylı 29 yanvar 2021-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5762/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5762/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver