Məhkəmə qərarları › İş №2(103)-5768/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5768/2021

08.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5768/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh3 Məmməd oğluna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, “DAF TE 105 XF” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 tərəfindən Cavabdeh3 Məmməd oğluna satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda iddianı təmin etmə tədbiri qismində Cavabdeh1 mülkiyyətində olan 99-ZE9382 qeydiyyat nişanlı qoşqunun, “DAF TE 105 XF” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-Benz 220” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasını, avtomobillərin istismarına qadağa qoyularaq onların duracağa yerləşdirilmələri barədə qərardad çıxarılmasını istəmişdir. Məhkəmənin 22 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamış, məhkəmə bu zaman ona əsaslanmışdır ki, iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurəti kifayət qədər əsaslandırılmamış, “DAF TE105 XF” yük markalı, yeni qeydiyyat nömrəsi **-TY-*** olan (əvvəlki qeydiyyat nömrəsi **-SU-***) nəqliyyat vasitəsi üzərinə daha əvvəl həbs qoyulmuş və iddiaçı yenidən məhkəməyə ərizə ilə müraciət edərkən həmin nəqliyyat vasitəsi ilə bağlı yeni sübut təqdim etməmişdir; 99-ZE9382 qeydiyyat nişanlı qoşqunun və “Mercedes-Benz 220” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə iddia tələbi ilə əlaqələri yoxdur. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 26 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdehlər (nümayəndələri) isə məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən qərardad “DAF TE105 XF” yük markalı avtomobillə bağlı hissədə ləğv edilməklə həmin hissədə ərizənin qismən təmin olunması barədə yeni qərardad çıxarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Kollegiya birinci instansiya məhkəməsinin “DAF TE105 XF” yük markalı avtomobillə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, həmin nəqliyyat vasitəsinin (yeni qeydiyyat nömrəsi **-TY-***, əvvəlki qeydiyyat nömrəsi **-SU-*** olan) üzərinə digər məhkəmə mübahisəsi ilə bağlı qoyulmuş həbs, hazırkı mübahisə ilə əlaqədar iddianı təmin tədbiri görülməsinə maneə törətmir. Belə ki, iş materiallarından, Binəqədi Rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli qərardadı ilə həmin avtomobilin üzərinə həbsin İddiaçı Cavabdeh1 və X1 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə qoyulduğu, vaxtında icra edilmədiyi üçün avtomobilin digər şəxsə satıldığı aydın olur; hazırda isə iddiaçı məhz həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir və kollegiyanın qənaətinə görə iddianın predmeti baxımından avtomobilin növbəti dəfə özgəninkiləşdirilməsinin qarşısının alınması iddianı təmin etmə institutunun məqsədinə xidmət edə bilər. Bununla belə kollegiya, məhkəmənin 99-ZE9382 qeydiyyat nişanlı qoşqu və “Mercedes-Benz 220” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə əlaqədar gəldiyi nəticəni əsaslı hesab edir; belə ki, həmin avtomobillər “müqavilənin etibarsız hesab edilməsi” tələbi ilə bağlı çıxarıcaq qətnamənin icrasının təmininə xidmət edə bilməzlər. Kollegiya həmçinin qeyd edir ki, prosessual qanunvericilik müəyyən hərəkətləri etməyin cavabdehə və başqa şəxslərə qadağan olunması növündə iddianı təmin etmə tədbirlərinin görülə biləcəyini nəzərdə tutsa da, bunların tətbiqi də iddianı təmin tədbirinin yuxarıda şərh olunan məqsədləri baxımından qiymətləndirilməlidir. Bu mənada nəzərə alınmalıdır ki, cavabdehə məxsus əmlakın ondan alınaraq cərimə meydançasında yerləşdirilməsi məzmununda iddianı təmin etmə tədbiri qanunvericilkdə ümumiyyətlə nəzərdə tutulmamışdır və belə bir tədbiri iddianın gələcəkdə mümkün təmin edilməsi halında qətnamənin icrasını təmin etmək məqsədinə, eləcə də onun icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönəlmiş tədbir hesab etmək olmaz. Xüsusilə qeyd olunmalıdır ki, borclunun əmlakının ondan alınması imkanı “İcra haqqında” Qanunda təsbit edilmişdir və həmin qanunun 45-ci maddəsində tələbin borclunun əmlakına yönəldilməsinin bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarət olduğu vurğulanaraq (45.1-ci maddə) bu icra tədbirinin həyata keçirilməsinin ardıcıllığı müəyyənləşdirilmişdir. Bu baxımdan, cavabdehə məxsus avtomobilin ondan alınması yox, həmin avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulması iddianı təmin tədbirlərinin məqsədinə və qanunvericiliklə müəyyənləşdirilmiş məzmununa uyğun hesab edilə bilər. Başqa sözlə, mübahisə predmeti olan əmlakın salamatlığı və qorunması üçün onun cavabdehdən alınması zəruri deyildir və bu məqsədə əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulması yolu ilə də nail olmaq mümkündür. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3290/2021 saylı iş üzrə 22 aprel 2021-ci il tarixli qərardadı “DAF TE105 XF” yük markalı avtomobillə bağlı hissədə ləğv olunsun. Həmin hissədə ərizə qismən təmin edilsin. “DAF TE105 XF” yük markalı **-TY-*** dövlət qeydiyyat nömrəli (əvvəlki qeydiyyat nömrəsi **-SU-***) avtomobilin özgəninkiləşdirilməsi qadağan olunsun. Qərardadın icrası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə həvalə edilsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılasın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar