Məhkəmə qərarları › İş №2(103)-577/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-577/2024

20.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-577/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(008)-210/2021 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs X2 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Mercedes Benz E220 CDİ” minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı (sonrakı dövlət qeydiyyat nişanı **-OD-***) avtomobil 07 yanvar 2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

2. İddiaçı avtomobilin satılması üçün 19 yanvar 2021-ci il tarixdə Cavabdeh2 etibarnamə vermiş, etibarnamədə avtomobilə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyat çıxarmaq, ərizə vermək və s. kimi səlahiyyətlər göstərilmiş, etibarnamə başqa şəxslərə ötürülə bilmək səlahiyyəti ilə 1 il müddətinə verilmişdir.

3. 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə iddiaçı mübahisəli avtomobili Cavabdeh1 41000 manata satmışdır.

4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4592/2021 nömrəli, 19 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası rədd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli avtomobilin alqı-satqı barədə 22 yanvar 2021-ci il tarixli müqavilə ilə həmin avtomobilin satışından əldə edilmiş vəsaitin və ya onun dəyərinin, yəni 50000 manatın cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli avtomobili özünü "xxxx" MMC-nin məsul şəxsi kimi qələmə verən Cavabdeh2 50000 manata satmaq barədə razılığa gəlmişlər. Sonuncu qeyd olunan nəqliyyat vasitəsinə görə 50000 manatı 23 yanvar 2021-ci il tarixədək iddiaçıya ödəməli idi. Mübahisəli avtomobil 19 yanvar 2021-ci il tarixli etibarnamə əsasında 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satılmışdır. Ancaq indiyə qədər nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait iddiaçıya ödənilməmişdir. Mübahisəli əmlaka dair etibarnamə ilə Cavabdeh2 (təmsil olunan) iddiaçını üçüncü şəxslər qarşısında təmsil etmək və öz maraqlarını daxilində deyil, onun maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir.

7. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, bu məsələ ilə bağlı daha öncə məhkəmə prosesi olub və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə iddia rədd olunmuşdur. O, maşınların alqısatqısı ilə məşğul olan şirkətdə işləyir və işi sadəcə təhlükəsizliyin təmin olunması ilə bağlıdır. Sözügedən maşın ona yox, şirkətə verilib. Sadəcə şirkət rəhbərliyi üstündə sənədləri olduğu üçün etibarnamənin alınması məqsədilə notariusa getməyi ondan xahiş etmiş və o da qəbul etmişdir. Maşının götürülməsi və sonrakı proseslərlə onun heç bir əlaqəsi olmayıb. Pulun verilməsinə gəldikdə, pul digər Cavabdeh1 tərəfindən iddiaçının qardaşı Ağayev Ravilə verilib. Həmin vaxt otaqda şahidlər də olub.

8. İşə baxılarkən təyin edilmiş qiymətləndirmə üzrə "xxxx" MMC-nin 26 avqust 2021-ci il tarixli qiymətləndirmə rəyi ilə mübahisəli avtomobilin 22 fevral 2021-ci il tarixə olan bazar qiyməti 48000 manat müəyyən edilmişdir.

9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6036/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia qismən təmin edilmiş, Cavabdeh2 iddiaçının xeyrinə 41000 manat pul tutulmuş, iddia tələbi Cavabdeh1 münasibətdə və qalan hissədə təmin edilməmişdir.

10. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli avtomobil iddiaçının mülkiyyətində olmuşdur. İddiaçı avtomobili Cavabdeh2 50000 manata satmaq barədə razılığa gəlmiş və həmin pulu cavabdeh 23 yanvar 2021-ci il tarixədək iddiaçıya ödəməli olmuşdur. İddiaçı 19 yanvar 2021-ci il tarixdə cavabdehə avtomaşına dair etibarnamə verərək, 23 yanvar 2021ci il tarixədək pulun ödənilməsini gözləmişdir.

11. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Cavabdeh2 iddiaçıya məxsus avtomobili 19 yanvar 2021-ci il tarixli etibarnamə əsasında 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə Cavabdeh1 41000 manata satmışdır. Göründüyü kimi Cavabdeh2 iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında, yəni təmsilçi kimi çıxış edərək mübahisəli avtomobilə dair alqı-satqı müqaviləsi bağlamış, həmin əqd əsasında avtomaşını digər Cavabdeh1 41000 manata satmış və pulu iddiaçıya verməmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçı avtomaşına görə pulu cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etsə də, onun tələbi yalnız Cavabdeh2 münasibətdə əsaslı hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən etibarnamə yalnız bir dəfə Cavabdeh2 verilmiş, sonuncu isə həmin etibarnamə əsasında iddiaçıya məxsus nəqliyyat vasitəsini Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Cavabdeh1 isə qeyd olunan avtomobilin dəyərini vicdanlı alıcı kimi tam olaraq Cavabdeh2 ödəmişdir.

13. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 359.1-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədə mübahisəli avtomobilin 41000 manata iddiaçı tərəfindən digər Cavabdeh1 alqı-satqı müqaviləsi ilə satıldığını, daha sonra isə Cavabdeh2 tərəfindən Cavabdeh1 41000 manata satıldığını qeyd edir. Göründüyü kimi, məhkəmə iki ziddiyyətli məqamı qeyd etsə də, sonda iş materiallarında olan alqı-satqı müqaviləsinin surəti ilə müəyyən etdiyi halı deyil, məhz heç bir sübut olmadan yalnız öz mülahizəsinə görə məhkəmə iclasında müəyyən edildiyini qeyd edərək, ikinci halı əsas gətirərək qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh2 mübahisəli avtomobilin nə satışında, nə də ki, pulun alınmasında iştirak etməmişdir. O yalnız iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında digər şəxsə etibarnamə vermişdir (etibarnamə iş materiallarına əlavə edilmişdir). Digər bir hal da ondan ibarətdir ki, Cavabdeh2 tərəfindən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4592/2021 nömrəli, 19 avqust 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini məhkəməyə təqdim etmiş, məhkəmə qətnaməsində həmin akta istinad etsə də, ona qiymət verməmişdir. Həmin qətnamə ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamə qüvvəyə mindiyindən hazırkı işə baxılması mümkün deyildir. Qətnamədə göstərilən dəlillər iddianın rədd edilməsi üçün əsas olduğu üçün məhkəmə qətnamə çıxararkən həmin hissələrə istinad etməmişdir. Halbuki, məhkəmə iş materiallarında mötəbər sübut olan alqı-satqı müqaviləsinin surətindən görünən, yuxarıda qeyd edilən, yəni iddiaçı tərəfindən digər cavabdehə avtomobilin satılması halına istinad etsə idi, cavabdehə qarşı iddia rədd edilməli olacaqdı.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2232/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin edilən hissəsində ləğv edilmiş, Cavabdeh2 qarşı iddia tələbi rədd edilmişdir.

17. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində mübahisəli avtomobilin Cavabdeh2 tərəfindən satılması halına istinad etsə də, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4592/2021 nömrəli, 19 avqust 2021-ci il tarixli qətnaməsindən görünür ki, 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, iddiaçı mübahisəli avtomobili Cavabdeh1 41000 manata satmışdır. İddiaçı hazırda avtomobilin Cavabdeh2 tərəfindən satıldığını iddia etsə də, əslində sözügedən avtomobillə bağlı alqı-satqı müqaviləsi üzrə iddiaçı özü satıcı olmuş, nəqliyyat vasitəsini Cavabdeh1 41000 manata şəxsən satmışdır.

18. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi MPM-in 82.3-cü maddəsinin tələblərini pozaraq mübahisənin həllində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 avqust 2021-ci il tarixli qətnaməsinin preyudisiallığını nəzərə almamışdır.

19. Məhkəmə, həmçinin nəzərə almışdır ki, iddiaçı 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində tərəf (satıcı) olması ilə yanaşı, həmçinin Cavabdeh2 notarial qaydada vermiş olduğu etibarnaməyə xitam verilməsi ilə bağlı 22 iyun 2021-ci il tarixində, yəni alqı-satqı müqaviləsinin bağlanmasından 5 ay sonra 51 saylı notariat ofisinə müraciət etmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 məhkəmə iclasında videobağlantı vasitəsilə iştirakını təmin etmiş və cavabdeh izahatında 41000 manatın iddiaçıya verilməsini təsdiq etmişdir.

21. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı sözügedən avtomobilin alqı-satqı müqaviləsində satıcı tərəf olduğundan avtomobilin satış dəyəri olan 41000 manatın cavabdeh tərəfindən alınmasını iddia etməsi nə iş materialları ilə, nə də məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Eyni zamanda həmin müqavilə məhkəmə tərəfindən etibarsız sayılmadığından və müqavilə şərtlərinin yerinə yetirilməsində pozuntu aşkar edilmədiyindən hazırkı işə baxılmasında sübut qismində istinad edilməsi yolveriləndir. Əgər iddiaçı məbləğin özünə deyil, Cavabdeh2 verilməsini iddia edirsə, bu halı sübutetmə yükü də iddiaçının üzərinə düşür. Çünki 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində Cavabdeh2 tərəf olmadığına görə, müqavilə üzrə alıcının ona pul ödəməsi ağlabatan və inandırıcı deyildir. Qeyd edilən hallardan və hüquq normalarının tələblərindən də göründüyü kimi 41000 manatın iddiaçıya deyil, Cavabdeh2 ödənilməsini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və iş materiallarında belə bir dəlil aşkar edilməmişdir.

Kassasiya instansiyası məhkəməsində birinci icraat

22. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4199/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının Cavabdeh2 qarşı 22 yanvar 2021-ci il tarixli avtomobilin alqı - satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi barədə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının özünün qeyd edilən avtomobili Cavabdeh1 41000 manat satmasının müəyyən edilməsinə preyudisial hal kimi, həmçinin alıcı Cavabdeh1 video-zəng vasitəsilə avtomobilin pulunu iddiaçıya verməsi barədə izahatına istinad etməklə kifayətlənmiş, işdə olan alqı-satqı müqaviləsini satıcı adından başqa şəxs tərəfindən imzalanmasına, iş materiallarında müqavilə üzrə pulun iddiaçıya verilməsi barədə sübutun olmamasına diqqət yetirməmiş, iddiaçının və cavabdehin izahatlarındakı dəlillər üzrə ətraflı araşdırma aparmamış, cavabdehin təmsilçi kimi ona etibar edilmiş səlahiyyətləri başqa şəxsə etibar etməsi və bunun hüquqi nəticələrini mülki qanunvericiliyin normaları baxımından hüquqi təhlil etməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə həll edilən iş üzrə iddianın predmeti 22 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi olmuş, iddiaçı etibarnamə verdiyi Cavabdeh2 tərəfindən aparılmış alqısatqının qanunsuz olduğunu iddia etmiş, məhkəmə işdə olan sübutları qiymətləndirərək müəyyən etmişdir ki, avtomobilin alğı-satqısına dair iddiaçı Cavabdeh2 19 yanvar 2021-ci il tarixdə etibarnamə vermiş, Cavabdeh2 həmin etibarnamə üzrə səlahiyyətləri 22 yanvar 2021-ci il tarixli etibarnamə ilə Mehman Babayevə ötürmüş, 22 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən avtomobil Cavabdeh1 41000 manata satılmış, iddiaçı müqavilədən 5 ay sonra etibarnaməni ləğv etmişdir. Məhkəmə Cavabdeh2 verilmiş etibarnamənin qanuni və əsaslı olduğunu, əqdin təmsilçi vasitəsilə bağlanmasına dair maddi hüquq normalarına əsaslanaraq, iddiaçının alğı-satqı müqaviləsinin tərəfi olmasına istinad edərək, müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbini təmin etməmişdir. Lakin həmin qətnamədə məhkəmə, həmçinin baxdığı iddia tələbinin predmetini müqavilə üzrə pulun ödənilməməsi əsası ilə müqavilənin ləğv edilməsi təşkil etmədiyi halda, müəyyən etmişdir ki, alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsinin satıcısı iddiaçı olmuşdur, alıcı tərəfindən 41000 manat ödənilmişdir, həm satıcı, həm alıcı öz öhdəliklərini icra etmiş, müqavilə şərtlərinin yerinə yetirilməsində əhəmiyyətli pozuntu aşkarlanmamışdır, müqavilənin ləğv edilməsi üçün əsas yoxdur. Etibarnamə üzrə nümayəndə əqdi öz adından deyil, təmsil edilən adından bağladığından müqavilədə satıcı kimi iddiaçının adının göstərilməsi həmin alqı-satqıda iddiaçının şəxsən iştirakı demək deyildir. İşdə olan alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləni satıcı qrafasında Babayev soyadlı şəxs imzalamışdır. X3 isə həmin avtomobillə bağlı etibarnamə ilə verilmiş səlahiyyətləri cavabdeh 22 yanvar 2021-ci il tarixli etibarnamə ilə ötürmüşdür. Eyni zamanda, məhkəmənin Cavabdeh1 video-zəng vasitəsilə aldığı izahatına istinad edərək pulun iddiaçının özünə verilməsi barədə əsaslanması da MPM-in 106.1-ci maddəsinin tələbinə uyğun deyildir. Belə ki, həmin normaya əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Qanunvericiliyə görə iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

25. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1017/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Məhkəmə müəyyən etmişdir ki, avtomobilin alqı-satqısına dair iddiaçı Cavabdeh2 19 yanvar 2021-ci il tarixdə etibarnamə vermiş, Cavabdeh2 həmin etibarnamə üzrə səlahiyyətləri 22 yanvar 2021-ci il tarixli etibarnamə ilə Mehman Babayevə ötürmüş, 22 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən avtomobil Cavabdeh1 41000 manata satılmış, iddiaçı müqavilədən 5 ay sonra etibarnaməni ləğv etmişdir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016cı il tarixli qərarına əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar tələbin və (və ya) etirazların predmetinə aid olmayan faktlarla bağlı olduğundan MPM-in 82.3-cü maddəsinə əsasən hazırkı iş üzrə preyudisial hesab edilə bilməz. Həmçinin etibarnamə üzrə nümayəndə əqdi öz adından deyil, təmsil edilənin adından bağladığından müqavilədə satıcı kimi iddiaçının adının göstərilməsi həmin alğı-satqıda iddiaçının şəxsən iştirakı demək deyildir. İşdə olan alqısatqı müqaviləsindən görünür ki, həmin müqaviləni satıcı qrafasında Babayev soyadlı şəxs imzalamışdır. X3 isə həmin avtomobillə bağlı etibarnamə ilə verilmiş səlahiyyətləri Cavabdeh2 xx.xx.2021-ci il tarixli etibarnamə ilə ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsinin iclasında Cavabdeh1 pulun iddiaçının özünə verilməsi barədə izahatı da özü-özlüyündə iddianın əsassız olmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

28. Birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Cavabdeh2 iddiaçıya məxsus avtomobili xx.xx.2021-ci il tarixli etibarnamə əsasında xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi ilə Cavabdeh1 41.000 manata satmış, lakin iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında, yəni təmsilçi kimi çıxış edərək mübahisəli avtomaşına dair alqı-satqı müqaviləsi ilə əldə etdiyi pulu iddiaçıya verməmişdir.

29. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 359.1, 362.1, 364.1, 364.2, 782.1, MPM-in 14.2, 80, 88, 106.1, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində ikinci icraat

30. Cavabdeh2 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

31. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 21.1-ci maddəsini səhv tətbiq etmişdir. Belə ki, iddiaçı və avtomobilin alıcısı arasında avtomobilin alqı-satqısına dair müqavilə olmuş və həmin müqavilə üzrə tərəflər öz öhdəliklərini icra etmiş və bu hal Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə araşdırılmış və yekun nəticəyə gəlinmiş və qətnamə qanuni qüvvəsini almışdır. Digər tərəfdən, Cavabdeh2 ümumiyyətlə alqı-satqı prosesində iştirak etməmiş, sadəcə iddiaçının hüquqlarını etibarnamə əsasında digər şəxsə ötürmüşdür.

32. Məhkəmə iddianı təmin edərkən dolayısı ilə alqı-satqı müqaviləsinin etibarlı olmasını qəbul edir, alıcı Cavabdeh1 tərəfindən pulun ödənilməsi halını da qəbul edir. Lakin həmin pulun iş materiallarında heç bir sübut olmadan nədənsə Cavabdeh2 tərəfindən alınmasını müəyyən edir və ondan pulun tutularaq, iddiaçıya verilməsini qət edir. Halbuki, pulun verilməsi halı alıcının yəni Cavabdeh1 tərəfindən şəxsən məhkəmə iclasında iştirak edərkən iddiaçıya verilməsini təsdiq edir. Pulun Cavabdeh2 tərəfindən alınmasını təsdiq edən sübut yoxdur, iş üzrə yeganə mötəbər sübut alıcının, yəni Cavabdeh1 məhkəmədə bildirdiyi haldır ki, avtomobilin pulunu iddiaçıya vermişdir.

33. İş üzrə digər cavabdeh yəni avtomobilin alıcısı Cavabdeh1 məhkəmədə verdiyi izahatında göstərdiyi dəlillər (pulun harada, necə, hansı şəraitdə, müqavilədən əvvəl yaxud sonra) məhkəmə tərəfindən araşdırılmamışdır.

34. Məhkəmə əslində gəldiyi nəticə ilə bağlı hansı maddi hüquq norması hansı münasibətə tətbiq edilməli olmasını qeyd etməlidir, lakin məhkəmə deklarativ olaraq maddi hüquq normalarını sadalamaqla kifayətlənmişdir.

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 04 sentyabr 2023cü il tarixli, 2(102)-2930/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(103)- 1017/2023 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün göndərilmişdir.

36. Ali Məhkəmənin Qərarının əsaslarına görə, “- 62. Lakin hazırkı iş üzrə iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbinin qanuni əsasını müəyyən etməmiş, öz qətnaməsində yalnız Mülki Məcəllənin zərərlə bağlı ümumi norma olan 21-ci maddəsinə və əqdlərin təmsilçi tərəfindən bağlanmasını mümkün hesab edən 359.1-ci maddəsinə istinad etmişdir. - 63. Birinci instansiya məhkəməsinin qətnaməsini baxılan hissədə qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün iddia tələbinin qanuni əsasının tapılmasının əhəmiyyətini qeyd etsə, həmçinin qətnamənin “Tətbiq edilən hüquq” bölməsinə Mülki Məcəllənin 364 və 782.2-ci maddələrinin mətnin əlavə etsə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsində iddianın qanuni əsasının hansı mülki qanunvericilik norması olduğunu, onun dispozisiya şərtlərinin nədən ibarət olduğunu müəyyən etməmiş və işin müəyyən olunmuş hallarının həmin şərtlərlə üst-üst düşüb düşmədiyi ilə bağlı hüquqi dəyərləndirmə aparmamışdır. - 64. Halbuki kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibinin MPM-in 420-ci maddəsinə əsasən işə yenidən baxan məhkəmə üçün məcburi olan göstərişlərindən biri də ondan ibarət olmuşdur ki, mübahisə həll edilərkən, Mülki Məcəllənin təmsilçiliklə bağlı 359, 364-cü, tapşırıq müqaviləsi ilə bağlı 782.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla hüquqi dəyərləndirmə aparılmalıdır. - 65. Mülki Məcəllənin 359.1 və 364-cü maddələrinə əsasən əqd təmsil edənin verdiyi etibarnamə əsasında təmsilçi vasitəsilə də bağlana bilər və etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Lakin səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri kimi məsuliyyət daşımaq öhdəliyi qoyur. - 66. Bununla yanaşı, Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məcəllənin 782.1-ci maddəsi nəzərdə tutur ki, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. - 67. İşə baxmış apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, avtomobilin alğı-satqısına dair iddiaçı Cavabdeh2 xx.xx.2021-ci il tarixdə etibarnamə vermiş, Cavabdeh2 həmin etibarnamə üzrə səlahiyyətləri xx.xx.2021-ci il tarixli etibarnamə ilə Mehman Babayevə ötürmüş, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən avtomobil Cavabdeh1 41.000 manata satılmış, iddiaçı müqavilədən 5 ay sonra etibarnaməni ləğv etmişdir. - 68. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 avtomobilin Cavabdeh1 satılması barədə xx.xx.2021-ci il tarixli müqavilənin bağlanmasında iştirak etməmişdir. İşə baxılarkən Cavabdeh2 iddiaçı tərəfindən ona verilmiş etibarnamə üzrə səlahiyyətləri Mehman Babayevə ötürərkən iddiaçıya məlumat verib-vermədiyi ilə bağlı tərəflərlə heç bir müzakirə, habelə bu müzakirənin nəticəsindən asılı olaraq Mülki Məcəllənin 364-cü maddəsi üzrə hər hansı hüquqi dəyərləndirmə aparılmamışdır. - 69. Belə olan halda birinci instansiya məhkəməsinin hansı maddi hüquq norması əsasında mübahisəli avtomobilin alqı-satqı dəyərinin məhz Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qənaətə gəldiyini müəyyən etmək mümkün deyildir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi də qeyd olunan məsələyə aydınlıq gətirmədən və heç bir əlavə əsaslandırma aparmadan qətnaməni həmin hissədə dəyişdirilmədən saxlamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

37. Apellyasiya şikayətinin dəlilləri qərarın 15-ci bəndində qeyd olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

39. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 359.1 Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Maddə 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

43. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq, apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – mübahisələndirilən hissədə ləğv elilməli, həmin hissədə iddia təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən bu hissədə maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir ki, bu da qətnamənin ləğv olunması üçün əsasdır.

45. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən tərəflər arasında avtomobilin satılması ilə bağlı razılığın olduğunu təsbit etmiş, mübahisəyə maddi hüquq normaları kimi isə Mülki Məcəllənin 21 və 359-cu maddələrini tətbiq etmişdir.

46. Lakin, məhkəmə tərəfindən gəldiyi nəticəyə müvafiq tətbiq olunan maddi hüquq normaları baxımından hər hansı araşdırma aparılmamış, zərərin və əqdlərdə təmsilçilik institunun ümumi anlayışlarını təsbit edən həmin normaların hazırkı mübahisəyə, tərəflər arasındakı faktiki münasibətlərə aidiyyətini, iddianın qanuni əsasının bu normalardan hansı olduğunu əsaslandırmamışdır.

47. Bu baxımdan, cavabdehin şikayətinin dəlilləri qismən əsaslı olmaqla qətnamənin ləğv olunmasına əsas verir.

48. İddianın əsaslılığı baxımından isə, Ali Məhkəmənin qərarındakı göstərişlərin icrası yönündə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər arasında tapşırıq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı tərəfindən iddianın faktiki əsaslandırması məhz cavabdehlə avtomobilin satılması barədə razılığa gəldikləri, lakin cavabdehin bu razılaşma üzrə öhdəliyini tam icra etməyərək avtomobilin satılmasından əldə olunan məbləğin ona qaytarılmaması üzərində qurulmuşdur.

49. Mülki Məcəllənin 359.1 və 364-cü maddələrinə əsasən əqd təmsil edənin verdiyi etibarnamə əsasında təmsilçi vasitəsilə də bağlana bilər və etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Lakin səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri kimi məsuliyyət daşımaq öhdəliyi qoyur.

50. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məcəllənin 782.1-ci maddəsi əsasən isə, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

51. Hazırkı işdə də avtomobilin alqı-satqısına dair iddiaçı Cavabdeh2 19 yanvar 2021-ci il tarixdə etibarnamə vermiş, Cavabdeh2 həmin etibarnamə üzrə səlahiyyətləri 22 yanvar 2021-ci il tarixli etibarnamə ilə Mehman Babayevə ötürmüş, 22 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən avtomobil Cavabdeh1 41000 manata satılmış, iddiaçı müqavilədən 5 ay sonra etibarnaməni ləğv etmişdir. Cavabdeh2 avtomobilin Cavabdeh1 satılması barədə 22 yanvar 2021-ci il tarixli müqavilənin bağlanmasında iştirak etməmişdir.

52. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən verilmiş tapşırığın icrası yönündə avtomobil Cavabdeh1 satılmışdır ki, satılmış avtomobilin dəyəri də iddiaçıya qaytarılmalı idi. Mülki Məcəllənin 782.1-ci maddəsi tələb edir ki, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

53. Lakin, müqavilə tərəfi kimi Cavabdeh2 müqavilədən, eyni zamanda qeyd olunan maddənin imperativ tələbindən irəli gələn öhdəliyini yerinə yetirməmişdir.

54. Şikayət dəlilində Cavabdeh2 mübahisəli avtomobilin nə satışında, nə də ki, pulun alınmasında iştirak etmədiyini bildirmişdir.

55. Cavabdeh2 mübahisəli avtomobilin nə satışında, nə də ki, pulun alınmasında iştirak etməməsi onu öhdəliyin icrasından azad edən hal kimi dəyərləndirilə bilməz. Əvvəla, cavabdeh avtomobilin satılması barədə əldə etdiyi səlahiyyətləri başqa şəxsə ötürdüyündən məsuliyyət daşımadığını iddia edirsə, o bu barədə iddiaçıya məlumat verməli idi ki, belə bir məlumat iş materialları ilə müəyyən edilmir.

56. Halbuki, Mülki Məcəllənin 364.2-ci maddəsinə əsasən isə səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.

57. Digər tərəfdən, avtomobilinin satılmasında maraqlı olan tərəf – iddiaçı üçün avtomobilin satılmasında cavabdehin iştirak edib-etməməsi heç bir hüquqi əhəmiyyət kəsb etmir. İddiaçıya lazım olan avtomobilinin satılması və satışdan götürülmüş pulu əldə etmək idi. Nəzərə almaq lazımdır ki, Cavabdeh2 avtomobili özü də birbaşa sata bilərdi ki, etibarnamə üzrə ona bu səlahiyyət verilmişdi.

58. Cavabdehin digər dəlili hazırkı mübahisəyə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(004)-4592/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin preyedusiyal əhəmiyyət kəsb edən məhkəmə aktı kimi tətbiq edilməli olması barədədir.

59. Həmin qətnamədən görünür ki, iş üzrə İddiaçı müqavilənin etibarsızlığı barədə iddia tələbi rədd edilmişdir, qətnamə ilə hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir.

60. Göründüyü kimi, cavabdehin iddianın rədd olunmasına yönəlmiş şikayətin dəlilləri işin halları öz təsdiqini tapmır.

61. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni olmamışdır. Bu səbəbdən qətnamə qismən – iddia təmin olunan hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılması və iddia yuxarıda müzakirə olunan qaydada qismən təmin edilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir.

62. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(006)- 6036/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(006)- 6036/2021 nömrəli qətnaməsi qismən – iddia təmin olunan hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək qeydiyyatın ləğv edilməsi və əmlak tələbinə dair iddiası qismən təmin edilsin. 41000 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar