Məhkəmə qərarları › İş №2(103)-5776/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5776/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5776/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxxxxxx” ASC-nin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-723/2020 saylı, xx xxxx 2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xammal və X1rşı (“xxxxxxxx” ASC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası, xxxxx MMC Hərrac Mərkəzinin Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 55 A ünvanında 0,00988 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 176,0 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasının satışına dair 42/06 saylı xx xxxxxxxx 2019-cu il tarixli hərrac protokolunun və onun əsasında “xxxxxxxx-nin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-723/2020 saylı, xx xxxx 2020ci il tarixli qətnaməsi ilə iddiatələbi rədd edilmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: İddiaçı apelyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, icra məmurunun icraata başlamaq haqqında qərarı ona könüllü icra bildirşi ilə birlikdə xx.xx.2019-cu il tarixdə təqdim olunmuş, həmin qərarın icrasının dayandırılması barədə Nərimanov Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixli daxil olma ilə xx.xx.2019- cu il tarixdə ərizə ünvanlanmışdır. Nərimanov rayon icra və probasiya şöbəsi icraatın dayandırılması barədə ərizəyə, ümumiyyətlə, heç bir münasibət bildirməyərək, hərrac sifarişini geri qaytarmamış və hərrac prosesi davam etdirilmişdir. Eyni zamanda, hərracın keçirilməsi barədə ona məlumat da verilməyib. Buna görə də qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs “xxxxxxxx” ASC-nin nümayəndəsi Q.Həsənov apelyasiya şikayətiilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli 2(005)-522/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər İddiaçı və X2 115608-17991 saylı, xx.xx.2013-ü iltarixli kredit müqaviləsi üzrə əsas kredit borcu kimi – 333 790 ABŞ dolları, əsas məbləğə görə faiz borcu kimi – 31 023 75 ABŞ dolları, cəmi 11 000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 375 813 75 ABŞ dolları məbləğində borc ödəniş günü manata məzənnəsi ilə kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun «xxxxxxxx» ASC-nin xeyrinə tutulması, cavabdeh İddiaçı tutulmalı olan cəmi 375 813 75 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu üzrə tutma məbləği «xxxxxxxx» ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 55 A ünvanında 0,00988 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 176,0 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir. “xxxxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış bildirişlərin surətlərindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli 2(005)-522/2017 saylı icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 55 A ünvanında 0,00988 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 176,0 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasına tutmanın yönəldilməsi və hərracda satılması, hərracın xx.xx.2019-cu il tarxdə saat 11:00-da, daha sonra xx.xx.2019-cu il tarixdə saat 11:00-da keçirilməsi barədə bildiriş İddiaçı göndərilmiş, və onun adından imza edilərək qəbul edilmişdir. Bundan başqa eyni tarixli bildiriş X3 da göndərilmişdir. Mülki iş materiallarında olan 12-xx xxxxxx 2019-cu il tarixli 175 (175) tirajlı, 02-xx xxxxxx 2019-cu il tarixli 178 (178) tirajlı, 16-xx xxxxxx 2019-cu il tarixli 180 (180) tirajlı, 28 iyun-xx xxxx 2019-cu il tarixli 173 (173) tirajlı “birja yenilikləri” qazetində qeyd olunan əmlakla bağlı Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə “xxxxx” MMC tərəfindən elan yerləşdirilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyasıtərəflərin izahatlarını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipotekaqoyana verilməsini təsdiqetmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərrac keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.1-ci maddəsinə görə hərraca iki nəfərdən az alıcı gəldikdə: hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə: hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmus qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Yuxarıda qeyd edilənlərə əsasən, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Daşınar və daşınmaz Əmlakların Satışı üzrə “X9” MMC tərəfindən İddiaçı ünvanlanmış müvafiq bildirişlərlə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli 2(005)- 522/2017 saylı icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 55 A ünvanında 0,00988 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 176,0 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasına tutmanın yönəldilməsi və hərracda satılması, hərracın xx.xx.2019-cu il tarxdə saat 11:00- da, daha sonra xx.xx.2019-cu il tarixdə saat 11:00dakeçiriləcəyi bildirilmişdir. Qeyd olunan hərracla bağlı bildirişlər İddiaçı Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə “X9” MMC tərəfindən göndərilmiş və onun tərəfindən imza etməklə keçirilən hərracla bağlı məlumatlı olmuşdur. Beləliklə, iddiaçı əmlakın hərraca çıxarılmasından tam olaraq xəbərdar olduğundan, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac keçirildiyindən və ipoteka predmeti qanuni olaraq tələbkara təklif edildiyindən hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-723/2020 saylı, xx xxxx 2020ci il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar