Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5778/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1720/2021 saylı, 15.04.2021-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “daşınar əşyanın sahibsiz hesab edilməsi və mülkiyyətinə verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ümumi dəyəri 10.728,56 manat olan 117 ədəd gümüş-qızıl sikkənin sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1720/2021 saylı, 15.04.2021-ci il tarixli qərardadı ilə ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “ümumi dəyəri 10.728,56 manat olan 117 ədəd gümüş-qızıl sikkənin sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. (sədrlik edən: Vahid Hacıyev). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1720/2021 saylı, 15.04.2021-ci il tarixli qərardadından narazı qalan ərizəçi şikayət verərək qərardadın ləğv və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1720/2021 saylı, 08.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İş materiallarını və şikayətin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilərək mübahisələndirilən qərardad ləğv olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi ərizəni baxılmamış saxladığı zaman mövqeyinin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 259.0.10-cu və 306.4-cü maddələrinə istinad etmiş, xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə ərizənin baxılmamış saxlanılmalı olduğunu vurğulamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, xüsusi icraat qaydasında baxılan işlərdə “hüquq haqqında mübahisə” deyildiyi zaman istənilən mübahisə nəzərdə tutulmur və həmin daşınar əmlakların sahibsiz olması ilə bağlı mübahisə olması hüquq haqqında mübahisənin olması demək deyildir. Hazırkı işdə əmlak sahibinin əmlakdan imtina etməmiş olması ərizənin baxılmamış saxlanılması üçün əsas ola bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1720/2021 saylı, 15.04.2021-ci il il tarixli qərardadı ləğv edilməli və şikayətdə qeyd edilən xüsusatlar araşdırılmaqla sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1720/2021 saylı, 15.04.2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5778/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5778/2021
16.07.2021 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver