Məhkəmə qərarları › İş №2(103)-578/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-578/2024

23.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-578/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoruna qarşı (Maraqlı şəxs1 və Maraqlı şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: miras əmlakın qanuni vərəsələr arasında bölünməsinin ləğv edilməsi, vəsiyyətnaməyə görə mirasın bölüşdürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoruna qarşı (Maraqlı şəxs1 və Maraqlı şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “miras əmlakın qanuni vərəsələr arasında bölünməsinin ləğv edilməsi, vəsiyyətnaməyə görə mirasın bölüşdürülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(003)-1753/2023 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə 23 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2004-cü il tarixli vəsiyyətnaməyə əsasən Bakı şəhəri, Xəzər Rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, döngə-1, ev 37-də yaşamış X33 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə kimi ona məxsus olan əmlakını, o cümlədən ünvan 1 ünvanında yerləşən evini vəfat etdiyi gündən İddiaçı vəsiyyət etmişdir. Qeyd edilən vəsiyyətnamənin tərtib edilməsində və yazılmasında iştirak edən şahidlər X24 və X19 imzaları ilə şahidlik etmişlər. Vəsiyyətnamə Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu X9 tərəfindən xx.xx.2004-cü il tarixdə təsdiq edilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsinin Maraqlı şəxs1 və başqalarına veridiyi xx.xx.2017-ci il tarixli, reyestr nömrəsi: **********47-10301 olan texniki pasporta görə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sənəd üzrə və faktiki sahəsi 0,04 ha təşkil edən torpaq sahəsində tikinti altı sahəsi 0,01988 ha, 1 mərtəbəli, giriş hissəsi 4,0 kv.m, zal-mətbəx hissəsi 30,8 kv.m, üç yaşayış otağı 24,8 kv.m, 21,7 kv.m 29,7 kv.m və 17,3 kv.m, dəhlizi 11,9 kv.m olmaqla ümumi sahəsi 140,2 kv.m təşkil edir. Həyətyanı tikililərdən hasar 6,9 kv.m və tövlə 13,6 kv.m mövcuddur.

3. xx.xx.1950-ci il tarixdə Lerik rayonunun Xəlifə kəndində doğulmuş X20 atası X33, anası X10r.

4. 15.04.2005-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X33 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.

5. 22.01.2015-ci il tarixli ölüm haqqında şəhadətnaməyə görə X25 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.

6. Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı x/141 saylı xx.xx.2013-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2013-cü il tarixdə vətəndaş İddiaçı ərizəsi ilə xx.xx.2015-ci il tarixdə vəfat etmiş atası X11 adına V-38/2013 nömrəli vərəsəlik işi açılmışdır. Vətəndaş İddiaçı miras əmlak olan daşınmaz əmlakın mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışı olmadığını bildirmişdir.

7. X42, X12 və X13 xx.xx.2013-cü il tarixli, həmçinin X5, X26 və X21 xx.xx.2013-cü il tarixli notariat ofisində verdikləri ərizələrə görə ataları X7 miras qalmış ünvan 5 ünvanında vərəsəlik qəbul etmədikləri və qəbul etmək niyyətində də olmadıqlarını, gələcəkdə bu barədə məhkəməyə müraciət etməyəcəklərini bildirmişlər.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********47-10301 olan ümumi sahəsi 140,2 kv.m və 0,04 ha olan əmlak X11 tam xüsusi mülkiyyətində olmuşdur.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********47-10301 olan ümumi sahəsi 140,2 kv.m və 0,04 ha olan əmlak X11 4/5 hissədə (açıq saxlanılmaqla) və İddiaçıı 1/5 hissədə paylı mülkiyyətlərindədir.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışa görə ünvan 3 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********47-10301 olan ümumi sahəsi 140,2 kv.m və 0,04 ha olan əmlak 1/5 hissədə (açıq saxlanılmaqla) X11, 1/5 hissədə X14 və 3/5 hissədə Maraqlı şəxs1 olmaqla paylı xüsusi mülkiyyətindədir.

11. xx.xx.2016-cı il tarixli Qanun üzrə X40 Şəhadətnaməyə əsasən Bakı şəhəri 31 saylı notariat kontorunun xüsusi notariusu X34 xx.xx.2005-ci il tarixdə ölmüş X33 vərəsəsi İddiaçı miras əmlakdan 1/5 hissədə pay almasını təsdiq etmişdir.

12. 19.01.2017-ci il tarixli Qanun üzrə X40 Şəhadətnaməyə görə Bakı şəhəri 31 saylı notariat kontorunun xüsusi notariusu X34 xx.xx.2005-ci il tarixdə ölmüş X11 vərəsələri Maraqlı şəxs1 miras əmlakdan 1/15 hissədə, X15 miras əmlakdan 1/15 hissədə, X16 miras əmlakdan 1/15 hissədə, X27 miras əmlakdan 1/5 hissədə və X35 miras əmlakdan 1/5 hissədə pay almalarını təsdiq etmişdir. Miras əmlakdan 1/5 hissədə pay açıq saxlanılmışdır.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 31 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 159 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X11 adına Bakı şəhəri 31 saylı dövlət notariat kontorunda dövlət notariusu H.Q.Hacıyeva tərəfindən xx.xx.2013-cü ildə 8V-38 nömrə ilə vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin açılması üçün siz xx.xx.2013-cü il tarixdə ərizə ilə Bakı şəhəri 31 saylı dövlət notariat kontoruna müraciət etmisiniz və ərizəniz xx.xx.2013-cü il tarixdə 101 nömrə ilə daxil olma kitabında qeydə alınmışdır. Dövlət Notariat Arxivinin xx.xx.2013- ci il tarixli 03/01-Y- 07/13 nömrəli məktubunda bildirilir ki, vəsiyyətnamənin qeydə alındığı notariat reyestrində və əlifba kitabında xx.xx.2013-cü ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə qeydiyyat aparılmamış, həmin vəsiyyətnaməyə dair notariat işi arxivə təhvil verilmədiyindən, həmin iş üzrə vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsini yoxlamaq mümkün olmamışdır. Bundan əlavə, Bakı şəhəri 7 saylı dövlət notariat kontorunda xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş X22, X2, X13, xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş X1, X6 və X21 vərəsəlik payının qəbul etməmələri barədə ərizələrində ataları X7 hansısa bir vərəsənin xeyrinə yox, miras qalmış əmlakda vərəsəliyi qəbul etmədikləri və qəbul etmək niyyətində olmadıqları, gələcəkdə bu barədə məhkəməyə müraciət etməyəcəkləri qeyd edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli ərizəsində mərhum atası X11 mülkiyyətində olmuş Bakı şəh, Binə qəs, ev 15 və onun 0.04ha həyətyanı torpaq sahəsinə qanun üzrə X40 şəhadətnaməsi almaq istədiyi, bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub qoyulmaması barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini xahiş etmişdir. Bununla da Bakı şəh, Binə qəs, ev 15 və onun 0.04ha həyətyanı torpaq sahəsində 1/5 hissəyə dair sizə xx.xx.2016-cı il tarixdə 2V-42 reyestrlə təsdiq edilmiş qanun üzrə X40 şəhadətnamə verilmişdir və reyestr kitabında şəxsən özünüz imza etmişsiniz.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin İddiaçı nümayəndəsi və vəkili Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli 184 saylı məktubunda göstərilmişdir ki, Bakı şəhəri 31 saylı dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2004-cü ilə dair vəsiyyətnamələrin qeydə alındığı reyestr kitabında xx.xx.2004-cü il tarixdə 42 reyestr nömrəsi ilə X36 tərəfindən vəsiyyətnamənin qoyulması barədə qeydiyyatın aparıldığı, lakin həmin vəsiyyətnamənin arxivə təhvil verilmədiyi müəyyən edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin İddiaçı ünvanlanmış məktubunda göstərilmişdir ki, ünvan 9qust 2004-cü il tarixdə 2V42 reyestr nömrəsilə təsdiq edilmiş vəsiyyətnamənin qeydə alındığı notariat reyestrində və əlifba kitabında xx.xx.2013-cü ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə qeydiyyat aparılmamışdır. Həmin vəsiyyətnaməyə dair notariat işi arxivə təhvil verilmədiyindən, həmin iş üzrə vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsini yoxlamaq mümkün olmamışdır. Bundan əlavə, Bakı şəhəri 7 saylı dövlət notariat kontorunda xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş X22, X2, X13 xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş X1, X6 və X21 vərəsəlik payının qəbul etməmələri barədə ərizələrində ataları X7 hansısa bir vərəsənin xeyrinə yox, miras qalmış əmlakda vərəsəlik qəbul etməmələri və qəbul etmək niyyətində olmadıqları, gələcəkdə bu barədə məhkəməyə müraciət etməyəcəkləri qeyd edilmişdir.

16. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 180 saylı sərəncamına görə vətəndaş İddiaçı rayon icra hakimiyyətinə müraciət edərək Binə qəsəbəsi, 15 saylı sahədə mərhum X11 tikdirdiyi yaşayış evinin qeydiyyata alınmasını xahiş etmişdir. Həmin sahənin DT və XK-nın A-№532465 saylı, X65 kitabında xx.xx.2015-ci il tarixdə uçota alınmış mərhum X11 adına torpaq sahəsinin planı və ölçüsü vardır. Komissiya üzvləri tərəfindən yoxlama zamanı məlum olmuşdur ki, vətəndaş mərhum X33 evi fərdi layihə əsasında tikmişdir. Qeyd olunanları nəzərə alaraq Binə qəsəbəsi, 15 saylı sahədə mərhum X11 tikdiyi 1 mərtəbəli, 4 yaşayış otağı sahəsi 93,84 m2 , köməkçi sahə-45,45 m2 , torpaq sahəsində tövlə-12.08 m2 , cəmi torpaq sahəsi – 400,0 m2-dən ibarət olan yaşayış evi və torpaq sahəsinin qeydiyyata alınması və Bakı şəhəri XDS İK-nın xx.xx.1987-ci il tarixli, 19/338 saylı qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib mərhum X11 adına reyestrdən çıxarış və texniki pasport verilməsi Əmlak Məsələləri Döblət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilməsinə qərar verilmişdir.

17. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1372/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X17 cavabdehlər İddiaçı, X49, X46, Maraqlı şəxs2, X42, X8, X12, X28, X26 və X29 qarşı “miras qalmış yaşayış evindən və torpaq sahəsindən vərəsəlik üzrə payların müəyyən edilməsi və naturada bölünməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir.

18. Bakı şəhəri 31 saylı Notariat Kontoruna təqdim olunaraq təsdiqlənmiş X37, X12, X26 və X22 xx.xx.2017-ci il tarixli və X43 ilə X1 xx.xx.2017-ci il tarixli ərizələrin surətlərindən görünür ki, onlar ataları xx.xx.2005-ci il tarixdə vəfat etmiş X7 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən 15 nömrəli fərdi yaşayış evindən qalan mirasda vərəsəlik paylarını qəbul etməkdəm imtina etmişlər. Mirası qəbul etməməklərində məqsədləri onlara çatası paylarının bacıları İddiaçı çatması istəkləri olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

19. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dədiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xəzər Rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, döngə 1, 37 saylı evin atasına məxsus olan miras əmlakın qanuni vərəsələr arasında bölünərək verilmiş vərəsəlik şəhadətnamələrin etibarsız hesab olunması, xx.xx.2016cı il tarixli 1/5 hissəyə aid onun adına olan “Çıxarış” və xx.xx.2017-ci il tarixli Maraqlı şəxs1 Azadxan qızının adına olan 3/5 hissəyə aid “Çıxarış” ləğv olunması və xx.xx.2004-cü il tarixli vəsiyyətnaməyə görə mirasın bölünməsinin 31 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2003-cü ildən Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, döngə 1, ev 37-də atasına məxsus evdə bu günə kimi yaşayır. 2003-cü ildə atası ağır xəstə olduğundan onun evinə köçüb ona qulluq edərək onunla həmin evdə yaşamışdır. 18 avqust 2004-cü ildə atası X36 özünə məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi döngə 1, 37 saylı evi tam olaraq ona vəsiyyət edərək, vəsiyyətnamə yazıb 31 saylı notariat kontorunda şahidlərin iştirakı ilə qeydiyyatdan keçirmişdir. 2005-ci il mart ayında atası vəfat etmişdir. O, xəstə anasına baxaraq, mirası tam qəbul etmişdir. Ondan başqa miras əmlakda heç kim (yəni bacıları və qardaşları) yaşamırdı. 2013-cü ildə qardaşı Şirzad Rusiyadan gəlmiş, onunla 31 saylı notariat kontoruna gedib mirasın açılması üçün müraciət etmişlər. 2013-cü ildə vəsiyyətnamə onun adına olduğundan qardaşı X42, bacıları X8, X30 xx.xx.2013-cü il tarixdə, X43, X26, X23 xx.xx.2013-cü ildə öz miras paylarından imtina ərizəsi yazmışlar. O, vəsiyyətnaməni təqdim edərək ərizə yazmış, 31 saylı Notariat kontorunda vəsiyyətnamənin surətini götürüb, vəsiyyətnamənin əslini qaytarmışlar. 2014-cü ildə qardaşı Yaqubov Azadxan mirasın qanuni vərəsələr arasında bölünməsi üçün məhkəməyə müraciət etmiş, lakin məhkəmə onun iddiasını rədd edərək qətnamə çıxartmışdır. 2014-cü ildə qardaşı Azadxanın nikahdan kənar ailəsi miras əmlaka köçürülmək üçün məhkəməyə müraciət etmiş, xx.xx.2014-cü il tarixli, 2(003)- 1599/2014 saylı qətnamə ilə Binə qəsəbəsi, Ə.İsazadə küçəsi döngə-1, ev 37-yə köçürülmüşlər. 2015-ci ildə iddiaçını və ailəsinin evdən çıxarılması barədə Xəzər Rayon Məhkəməsinə Azadxanın nigahdan kənar həyat yoldaşı Ağasıyeva Ellada müraciət etmiş, 2(003)- 3198/2015-ci il tarixli qətnamə ilə iddiası rədd edilmişdir. 2015-ci ildə atasının adına “Çıxarış” almışdır. 31 saylı notariat kontoru 2015-ci ildə qanun üzrə vərəsələr arasında bölgü keçirib ona 1/5 hissədə vərəsəlik şəhadətnaməsi vermişdir. O, 1/5 payın nə olduğunu bilmədiyinə “Çıxarış” almışdır. 2016-cı ildə Yaqubov Azadxan qəzaya düşərək vəfat etmişdir. xx.xx.2017-ci ildə Azadxanın qızı Maraqlı şəxs1 Azadxan qızı 3/5 paya çıxarış almışdır. Bundan sonra Ağasıyeva Ellada ilə çoxsaylı məhkəmə mübahisələrinə başlamışdır. Hazırda qardaşı Maarifin 1/5 payını ələ keçirtmək üçün saxta ərizə hazırlatmış və evin hərracda satılması üçün məhkəməyə müraciət etmişdir. Mirası atası vəfat etdiyi gündən tək qəbul edib və bu günə kimi miras əmlakda yaşayır. Atasına məxsus olan ata yurdunun hərracda satılmasını istəmədiyindən vəkilə müraciət etmişdir. Vəkil sorğular verdikdə məlum olmuşdur ki, vəsiyyətnamənin 31 saylı notariat ofisdə surəti olmuşdur. Vəsiyyətnamənin əsli isə notariat ofisində olmamışdır. Eyni zamanda 2013-cü ildə guya dövlət notariat arxivinə sorğu vermiş və ona bildirmişlər ki, vəsiyyətnamə barədə 31 saylı notariat ofisinin apardığı qeyd və vəsiyyətnamə arxivə verilməmişdir. Buna görə miras qanuni vərəsələr arasında bölünmüşdür. 2022-ci ilə qədər zənn edirdi ki, ona 1/5 hissədə vəsiyyətnamə ilə miras payı verilib. O, “latın” ələifbası ilə oxuya bilmir, heç vaxt özü heç bir ərizə yazmamışdır. Həmişə bu işi Şirzad və Azadxan etmişlər. Keçmiş sənədlərin arasından vəsiyyətnamənin əslini tapmışdır. Vəsiyyətnamənin əslini tapdıqdan sonra Dövlət Notariat Arxivinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli 3-16/6-14-1665/23 saylı məktubla ona cavab verilmişdir ki, “Bakı şəhəri 31 saylı Dövlət Notariat Ofisi tərəfindən arxivə təhvil verilmiş 2004-cü ilə dair vəsiyyətnamələrin qeydə alındığı reyestr kitabında xx.xx.2004-cü il tarixdə 42 reyestr nömrəsi ilə X38 tərəfindən vəsiyyətnamənin qoyulması barədə qeydiyyatın aparıldığı, lakin həmin vəsiyyətnamənin arxivə təhvil verilmədiyi müəyyən edilmişdir.”

21. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 sentyabr 2023-cü il tarixli 2(003)-1753/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia təmin edilməmişdir.

22. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur k, iddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan tərəfindən vəsiyyətnamə tərtib edilməsi müəyyən edilmişdir. Lakin iddiaçı bundan xəbərdar ola-ola qanun üzrə X40 şəhadətnaməsinin alınması üçün 31 saylı notariat ofisinə müraciət etmişdir. Göründüyü kimi mübahisəli əmlak iddiaçıya vəsiyyət edilmiş, iddiaçı isə bundan məlumatlı ola-ola qanun üzrə X40 şəhadətnamənin alınması üçün notariat orqanına müraciət etmişdir. Göründüyü kimi iddiaçı miras əmlakda özünün payının müəyyən edilməsi ilə bağlı qanun üzrə X40 şəhadətnamənin aldığı xx.xx.2016-ci ildən artıq vəsiyyət üzrə deyil qanun üzrə vərəsəlik əldə etdiyi ona məlum idi. Eyni zamanda iddiaçı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 arasında mübahisəli əmlakla bağlı məhkəmə çəkişmələri olmuşdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi, X40 şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Hazırki işdən də müəyyən olunur ki, iddiaçı mübahisəli əmlakla bağlı onun xeyrinə vəsiyyətnamənin olmasını bilə-bilə qanun üzrə X40 şəhadətnamənin verilməsi üçün notariat orqanına müraciət etmiş, notariat orqanı da qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərə qanun üzrə X40 şəhadətnamə vermişdir. Belə ki, iddiaçı mübahisəli əmlakla bağlı vəsiyyətnamənin olmasını bilsə də, qanun üzrə X40 şəhadətnamənin alınması üçün notariat orqanına müraciət etdiyindən o, vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin alınmasında dolayı yolla imtina etmişdir.

23. Notariat orqanı tərəfindən qanun üzrə X40 şəhadətnamə qanunvericiliyin tələblərinə əməl edilməklə, tərəflərin paylarına uyğun verildiyindən iddia tələbi qanun üzrə X40 şəhadətnamələrinin etibarsız olaması hissəsində təmin oluna bilməz.

24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1145, 1133, 1159.1.1, 1151.1, 1257, 1243.1, 1243.2, 1178, “Notariat haqqında” Qanuna, Mülki Prosessual Məcəllənin 77.1, 78.1, 80-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

25. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

28. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

29. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

31. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

32. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

33. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

34. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.

42. Beləliklə müəyyən edilmişdir ki, ünvan 3 iddiaçının atası X18 fərdi ev tikmək üçün ayrılmış, xx.xx.2016-cı ildə onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. X32 xx.xx.2005-ci il tarixdə ölmüşdür. X71 xx.xx.2004-cü il tarixdə ünvan 3 ünvanını İddiaçı vəsiyyət etmişdir. Miras qoyanın 11 övladı olmuşdur. Həmin övladlardan Şirzad, Xanımzadə, Xanımgül, Tamila, Zahirə və Zöhrə notariat ofisinə ərizə verməklə mübahisəli əmlakdan vərəsəlik payını qəbul etmədiklərini bildirmişlər.

43. İdidaçı İddiaçı atasından miras qalmış əmlaka dair X40 şəhadətnamənin verilməsi üçün xx.xx.2013-cü ildə Bakı şəhəri 31 saylı Notariat Ofisinə müraciət etmiş, ona xx.xx.2016-cı il tarixdə miras əmlakın 1/5 hissəsinə dair qanun üzrə X40 şəhadətnamə verilmişdir.

44. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli əmlakla bağlı vəsiyyətnamənin olmasını bilsə də, qanun üzrə X40 şəhadətnaməsinin alınması üçün notariat orqanına müraciət etdiyindən onun vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin alınmasında dolayı yolla imtina etməsi barədə gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur.

45. Göründüyü kimi mübahisəli əmlak olan ünvan 3 iddiaçının atası mərhum X3 miras qalmış, sonuncu da həmin evi iddiaçıya vəsiyyət etmişdir.

46. Notariat işindən görünür ki, iddiaçı X40 şəhadətnamə alınması üçün notariusa müraciət etdikdə vəsiyyətnaməni də təqdim etmişdir, vəsiyyətnamənin surəti notariat işində mövcuddur.

47. Qanunvericiliyin tələbinə əsasən miras evə vəsiyyətnamə olduğundan qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) yaranmamışdır, yəni həmin əmlaka dair qanun üzrə X40 şəhadətnamə verilə bilməzdi, digər şəxslərin qanun üzrə vərəsəlik hüququ yaranmamışdır, onlar qanun üzrə vərəsəlik qaydasında pay hüququna malik olan şəxslər olmamışlar.

48. Notarius iddiaçıya miras əmlaka dair vəsiyyatnamə üzrə X40 şəhadətnamə verməli idi, digər şəxslərə münasibətdə isə miras əmlakdan məcburi pay almaq məsələsi həll edilə bilərdi.

49. Mübahisəli əmlak vəsiyyətnamə ilə iddiaçıya vəsiyyət edildiyi üçün digər şəxslər miras əmlakdan məcburi pay almaq hüququna malik olmuşlar.

50. Beləliklə notarius miras əmlaka dair iddiaçıya verilmiş vəsiyyətnamənin olduğu halda vəsiyyətnaməni nəzərə almadan qanun üzrə X40 şəhadətnamə vermişdir. Bununla da iddiaçının hüquqları pozulmuşdur.

51. Bununla belə Kollegiya qeyd edir ki, iddiaçının tələbi haqlı olsa da, iddiaçı hazırki iddianı qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş iki aylıq kəsici müddəti ötürmüşdür.

52. Mülki Məcəllənin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu X40 şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir... Lakin məhkəmələr tərəfindən N.Nadirovun qanun üzrə X40 şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinə baxılan zaman Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə lazımi hüquqi qiymət verilməmişdir.

54. Göründüyü kimi, tərəflərə qanun üzrə X40 şəhadətnamə 2016-2017-ci illərdə verilmiş, iddiaçı isə hazırki iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

55. İddiaçının latın qrafikasına bilməməsi, ona qanun üzrə X40 şəhadətnamə verilməsindən məlumatlı olmaması, miras payının ona vəsiyyət üzrə verilməsini zənn etməsi barədə bildirdikləri isə inandırıcı və ağlabatan hesab edilmir. xx.xx.2016-cı il tarixdə miras əmlakın 1/5 hissəsinə dair qanun üzrə X40 şəhadətnamə verilmiş, 1/5 hissədə paylı mülkiyyəti qeydiyyata alınmaqla çıxarış verilmişdir. Buradan da aydın görünür ki, vəsiyyətnaməyə əsasən iddiaçıya 1/5 hissədə pay müəyyən edilməsi mümkün deyildir.

56. İddiaçıya məlum olmuşdur ki, qanun üzrə vərəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı hazırki tələblə müraciət etmək üçün nəzərdə tutulmuş iki aylıq kəsici müddəti ötürmüşdür və buna görə də iddia tələbi rədd edilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1753/2023 nömrəli iş üzrə 05 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoruna qarşı (Maraqlı şəxs1 və Maraqlı şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “miras əmlakın qanuni vərəsələr arasında bölünməsinin ləğv edilməsi, vəsiyyətnaməyə görə mirasın bölüşdürülməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar