Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5785/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, Cavabdeh “xxxx” KB ASC-nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı qalıq borc məbləğinə dair faizsiz qrafik tərtib edilməsi və həmin qrafikin ona təqdim edilməsi tələbi barədə iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2008/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı qalıq borc məbləğinə dair faizsiz qrafik tərtib edilməsi və həmin qrafikin ona təqdim edilməsi tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh «xxxx» KB ASC-yə qarşı «qalıq borc məbləğinə dair faizsiz qrafik tərtib edilməsi və həmin qrafikin ona təqdim edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun «xxxx» KB ASC-yə cəmi 2.204 manat qalıq borcu barəsində faizsiz qrafik tərtib edilməsi və ona 2.204 manat ödəniş etməsi üçün həmin qrafikin təqdim edilməsi öhdəliyinin cavabdeh «xxxx» KB ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, «xxxx» KB ASC-dən xx.xx.2018ci il tarixdə 3.489 manat kredit götürmüşdür və götürdüyü krediti qısa müddət vaxtlıvaxtında ödəmişdir. Lakin 4 nəfər ailə üzvünün olması və ailədə tək özü işlədiyi üçün 3 aya yaxındır ki, krediti ödəyə bilmir. Bu barədə banka yazılı və şifahi müraciət etmişdir ki, faizi dayandırsınlar, qalan məbləği də o, az-az ödəsin, lakin cavabdeh onun müraciətini nəzərə almamışdır. Bu barədə xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsində məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi X5 məhkəməyə izahatında bildirmişdir ki, iddiaçı bankdan 3.489 manat kredit götürmüşdür, Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanı iddiaçıya da şamil edildiyindən, müvafiq məbləğ kreditdən çıxılmışdır və iddiaçının ödənilməmiş 2.204 manat borcu qalmışdır. Bu səbəbdən, məhkəmə iddia tələbini təmin etməmişdir. Lakin o, bu barədə banka müraciət edib, 2.204 manat borc barədə qrafik tutub ona təqdim edilməsini xahiş etməklə, həmin 2.204 manat məbləği qrafikə uyğun ödəyəcəyini bildirdikdə, bankın səlahiyyətli nümayəndəsinin məhkəməyə verdiyi izahatı nəzərə alınmamış, ona əlavə yük kimi 2.204 manatdan əlavə kredit məbləği əlavə edilərək, ödəməli olmasını bildirmişlər. O, bu haqsızlıqla razı deyil. Yuxarıda qeyd etdiyi kimi, onun ailə vəziyyəti çətindir, buna baxmayaraq hələ də bank onu yükləməklə məşğuldur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsində məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi X2 məhkəməyə izahatında qeyd etdiklərini nəzərə alaraq, 2.204 manat banka borcu olması barədə faizlər tətbiq olunmadan bank tərəfindən qrafik tutulub ona təqdim edilməsində çətinlik yaratdıqları üçün, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh tərəfindən ona 2.204 manat kredit borcundan əlavə faiz kimi yazılmış məbləğ silinməlidir, cavabdehin nümayəndəsinin məhkəməyə verdiy izahatda qeyd olunanlar nəzərə alınmaqla 2.204 manat borcun faizsiz ödənilməsinə dair qrafik tutulub ona təqdim edilməlidir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri təmin edilməmişdir. İddiaçı Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişlər. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən cavabdehin səlahiyyətli nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında xx xxxxxx 2018-ci il tarixli 41nkAHM/18 saylı kredit müqaviləsi üzrə müqavilə münasibətləri mövcuddur. Qeyd olunan müqavilə üzrə iddiaçı cavabdehdən 60 ay müddətinə, illik 18 % dərəcəsi ilə, aylıq annuitet 89 manat olmaqla, 3.489 manat kredit götürmüşdür. Kredit müqaviləsinə ödəniş qrafiki əlavə edilmişdir. Həmin kredit müqaviləsi üzrə verilmiş kredit məbləği Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli məlum Fərmanının təsiri altına düşdüyündən, müvafiq kompensasiya məbləği hesablanmışdır. Kompensasiya məbləği X3 Palatası tərəfindən hesablanmış kompensasiya məbləği xx.xx.2019-cu il tarixdə yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə borca yönəldilmişdir. İddiaçının müraciəti ilə bağlı cavabdehin Palataya ünvanladığı məktubda iddiaçıya hər hansı əlavə güzəşt edilməsinin məqsədəuyğun hesab edilməməsi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı mahiyyət etibarı ilə tərəflər arasında bağlanmış müqavilə şərtlərinin dəyişdirilməsini (faizlərin hesablanmamasını) xahiş etmişdir ki, bu da qanunvericiliyin tələbinə (müqavilə azadlığı prinsipinə) ziddir. Heç kim əqd (müqavilə) bağlanılmasına, əqdin şərtlərinin dəyişdirilməsinə məcbur edilə bilməz. Tərəflər müqavilə şərtlərini qarşılıqlı şəkildə razılaşdırmaqla dəyişə bilərlər ki, hazırkı mübahisə üzrə işin faktiki hallarından bankın müqavilə şərtlərinin dəyişdirilməsinə razı olmadığı görünür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5785/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5785/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver