Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5787/2025 30.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin Cavabdeh qarşı iş üzrə (açar sözlər: borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin Cavabdeh qarşı “su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-2955/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən tərtib olunan abonent kartına əsasən abonent kodu: **********230 olan Cavabdeh istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətinə görə xx.xx.2014-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üçün 1.336,79 manat borcu yaranmışdır. "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxs tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, iddiaçı cavabdehə istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə 1.317,79 manat borcunun yaranmasını bildirib 5 iş günü ərzində borcun ödənilməsini tələb etmişdir. X2 tərəfindən verilən 0151 saylı vəsiqənin surətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, yaralanmış, İ qrup əlildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin Cavabdeh qarşı “su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1336,79 manat borcun (abonent kodu: **********230) və 33,37 manat dövlət rüsumu üzrə xərclərin tutularaq "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu: **********230) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri həmin ünvana xx.xx.2012-ci il tarixində quraşdırılmış SSS-15, 805274 nömrəli sayğacın göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2025-ci il tarixinə 1336,79 (bir min üç yüz otuz altı manat yetmiş doqquz qəpik) manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-2955/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 1336,79 (min üç yüz otuz altı manat yetmiş doqquz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,37 (otuz üç manat otuz yeddi qəpik) manat pulun tutularaq iddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən Cavabdeh (abonent kodu: **********230) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Cavabdehin əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2025-ci il tarixinə 1336,79 manat borcu yaranmışdır. "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxs tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Abonentin ödəniş kartına əsasən, xx.xx.2012-ci il tarixli, 10316794 saylı xidməti müqavilə üzrə Cavabdeh ümumilikdə 1336,79 manat məbləğində borcu vardır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1336,79 manat pul tutularaq iddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin hesabına ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1, 386.1, 425, 442, 445.1, 445.2.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-1, 284-5.1, 284-5.2, 284-5.3, 284-6.1-ci maddələrinə, Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanununun 30.1, 61.1, 62-ci maddələrinə, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli Qərarına istinadla əsaslandırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-2955/2025 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)-2955/2025 saylı qətnaməsinə əsasən Cavabdeh 1336,79 (min üç yüz otuz alti manat yetmiş doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,37 (otuz üç manat otuz yeddi qəpik) manat pul tutularaq iddiaçı "İri Şəhərlərin Birləşmiş su təchizatı Xidməti’’ publik hüquqi şəxsinin hesabına ödənilməsi barədə qətnamə qət edilmişdir. Hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)-2955/2025 saylı qeyd olunan qətnaməsi MPM-nin 88-ci maddəsinin tələblərinin pozuntusu səbəbindən əsassız olduğundan ləğv olunmalı və iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməlidir. Məlum olduğu kimi AR Mülki Məcəlləsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İddiaçı tərəfindən sübut qismində elektron kabinetə əlavə edilən abonent kartından da göründüyü kimi borcun yaranması 2014-cü ildən olmasına baxmayaraq, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi istiqamətində iddiaçı tərəfindən heç bir tələb irəli sürülməmişdir. Halbuki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Qanunun 62-ci madəsinə əsasən “Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır”. İddiaçının iddia etdiyinə əsasən sayğac xx.xx.2012-ci ildən quraşdırıldımasına baxmayaraq tərəfindən heç bir ödəniş edilməmiş, lakin sözügedən maddənin tələblərinə əsasən göstərilən xidmətlərə görə borc, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə iddiçı tərəfindən imperativ qaydada müvafiq tədbirlər görülməli idi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)- 2955/2025 saylı qətnaməsindən göründüyü kimi məhkəmə tərəfindən həmin məqama diqqət yetirilməmiş və borcun uzun müddət ərzində yaranmasına baxmayaraq hansı səbəbdən iddiaçı tərəfindən müvafiq tədbirlərin görülməməsinin səbəbi araşdırılmamışdır. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası “Qarabağ Qaziləri” Birliyi tərəfindən verilmiş 0151 nömrəli vəsiqə ilə Cavabdeh Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi və yaranlandığı təsdiq olunur. Göründüyü kimi cavabdeh İ qrup müharibə əlili olduğundan dövlət rüsumunun ödənilməsindən azaddır. Hesab edir ki, iddiaçı tərəfindən irəli sürülən tələb kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldığından bərabərlik prinsipi pozulmuşdur. Məlum olduğu kimi hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məlum olduğu kimi məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Lakin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatının olmadığını nəzərə alaraq, hüquqları məhdudlaşdırılmışdır. Halbuki, məhkəmə iclası şifahi icaat qaydasında keçirilmiş olsa idi tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi mümkün olaradı. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslığı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən abonent kodu **********230 olan Cavabdeh su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmiş, xx.xx.2014-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üçün cavabdehin iddiaçıya bu xidmətlərə görə ödənilməyən 1.336,79 manat borcu yaranmışdır. Araşdırma zamanı daha sonra müəyyən olunur ki, iddiaçı cavabdehə yaranmış borcun ödənilməsi üçün xx.xx.2025-ci il tarixdə xəbərdarlıq göndərmiş, xx.xx.2025-ci il tarixdə isə hazırkı (xx.xx.2014-cü ildən xx.xx.2025-ci ilədək olan dövr) tələbi ilə məhkəməyə müraciət etməklə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün yaranmış vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələbi üzrə iddia müddətini ötürmüşdür. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçının iddia tələbi üzrə iddia müddətinin ötürlməsi bildirilərək iddia müddəti təbiq edilməklə tələbin rədd edilməsi xahiş olunur. Kollegiya iddiaçının tələbinə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibət bildirib qeyd edir ki, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). İstinad olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, tədqiq olunan sübutlarla iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən abonent kodu **********230 olan Cavabdeh su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi nəticəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üçün cavabdehin iddiaçıya bu xidmətlərə görə ödənilməyən 1.336,79 manat borcunun yaranması, xx.xx.2014-cü ildən xx.xx.2022-ci ilədək olan dövr üzrə yaranan tələblə bağlı iddiaçının iddia müddətini ötürməsi öz təsdiqini tapdığından cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün tələb olunan iddia müddəti ötürülmüş borc məbləği – 931,79 manat və dövlət rüsumunu ödəməkdən azad olunan cavabdehdən dövlət rüsumuna görə tutulmuş 33,37 manat hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Kollegiya eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamədə iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-2955/2025 saylı qətnaməsi, qismən Cavabdeh iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin xeyrinə borca görə 931,79 manat, dövlət rüsumuna görə 33,37 manat tutulmasına dair hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5787/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5787/2025
30.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver