Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5788/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “cavabdehin azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(004)-1380/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 iki azyaşlı uşağı ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 79 nömrəli evin 29 nömrəli mənzilindən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzil iddiaçıya məxsusdur. İddiaçı, həmin mənzili öz qohumu Yusif Cəfərovdan almışdır. Mənzilin müvafiq çıxarışı olmadığından Y.Cəfərovun 17.07.2018-ci il tarixli ərizəsinə əsasən onun adına olan müqavilə 14.09.2018-ci il tarixli müqavilə ilə iddiaçının adına dəyişdirilmiş, həmin tarixli maliyyə arayışına əsasən mənzilin dəyərini tam ödəmiş və mənzilin bütün kommunal müqavilələri də onun adına keçirilmişdir. Eyni zamanda, iddiaçı 17.07.2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə məxsus həmin binadan 1 ədəd qaraj da satın almışdır. Lakin iddiaçı mənzilə köçmək istədikdə Y.Cəfərov ona bildirmişdir ki, həmin mənzildə gəlini ilə nəvələri müvəqqəti yaşayır və aralarında məhkəmə mübahisələri var, ona görə bir müddət gözləməsi lazımdır. İddiaçı da, aralarında olan qohumluq əlaqələrini, səməmi dostluq münasibətlərini nəzərə alaraq, bir müddət gözləmişdir. Hazırda həmin məhkəmə mübahisəsi başa çatmış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.11.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh1 iki azyaşlı uşağı ilə birlikdə sözügedən mənzilə köçürülməsi və pul tutulması” barədə iddia tələbi rədd edilmişdir. Cavabdeh1 iddiaçının ailə üzvü olmamaqla, ona məxsus mənzilə hər hansı bir hüququ, eyni zamanda, iddiaçının da cavabdeh qarşısında heç bir öhdəliyi yoxdur. Cavabdeh iddiaçıya məxsus mənzildə qanunsuz yaşayır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(004)- 1380/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh, apellyasiya şikayətini mübahisəli mənzilin qaynatası Yusif Cəfərova məxsus olması, gəlin kimi həmin mənzilə köçməsi, sonradan aralarında yaranmış mübahisə nəticəsində mənzili ondan almaq məqsədilə Y.Cəfərovun heç bir ödəniş olmadan formal olaraq qohumu X4 adına keçirməsi, ona görə də iddiaçının mənzil heç bir hüququnun olmaması ilə əsaslandırmışdır. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilsə də, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən ləğv olunmalıdır. Belə ki, işdə olan sübutlara əsasən - X8 17.07.2018-ci il tarixli ərizə ilə "xxxx" MMCyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 79 nömrəli evin ümumi sahəsi 221,0 kv.m. olan 4 otaqlı 29 nömrəli mənzilindən İddiaçı xeyrinə imtina etmişdir (əsas: "xxxx" MMC-nin 05.03.2021-ci il tarixli, 11 nömrəli məktubu). Bundan sonra "xxxx" MMC ilə İddiaçı arasında 14.09.2018-ci il tarixdə 12 nömrəli müqavilə bağlanmış və MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən, İddiaçı mənzilin dəyərini tam ödəmişdir. Cavabdeh1, mənzilin əvvəlki sahibi X1 gəlini olmalqa ona və oğlu Şamil Cəfərova qarşı “iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzilinə köçürülməsi və mənzilin dəyəri kimi ödədiyi pul tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.11.2018-ci il tarixli, 2(004)-7895/2018 saylı qətnaməsi ilə iddiası rədd edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə X8 arasında bağlanmış 04.04.2006-cı il tarixli 12 nömrəli müqaviləyə əsasən, MMC, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 79 nömrəli evin ümumi sahəsi 221 kv.m. olan 4 otaqlı 29 nömrəli mənzili X2, sonuncu isə mənzilin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. X8 mənzilin tam dəyərini şəxsən MMC-yə ödəmişdir. Cavabdeh1 həmin mənzilin alınmasından 7 il sonra 2013-cü ildə X5 oğlu X9 ilə nikaha girmişdir və hazırda da mübahisəli mənzildə yaşayır. Ona görə də, yəni Cavabdeh1 mənzildə yaşadığından mənzilə köçürülmə tələbi təmin edilə bilməz. İşin hallarından göründüyü kimi, X8 tərəfindən mənzil İddiaçı satılarkən Cavabdeh1 azyaşlı uşaqları ilə birlikdə həmin mənzildə yaşamış və İddiaçı bu barədə məlumatlı olmaqla mənzillə bağlı onlar arasında davam edən məhkəmə mübahisəsinin yekunlaşmasını gözləmişdir. Hazırda iddiaçı, cavabdehin ona məxsus mənzilə dair heç bir hüququnun olmadığını bildirərək, azyaşlı uşaqları ilə birlikdə həmin mənzildən çıxarılmasını və özünün köçürülməsini tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, bildirir ki, mübahisəli mənzil qaynatası Yusif Cəfərov tərəfindən qohumu olan iddiaçıya onun mənzildən çıxarılmasına nail olmaq məqsədilə formal olaraq satılmışdır, buna görə də, iddiaçının bu tələbi irəli sürməyə hüququ yoxdur. Birinci instansiya məhkəməsi, iddia tələblərini (cavabdehin uşaqları ilə birlikdə mənzildən çıxarılması və iddiaçının oraya köçürülməsi) tam təmin edərəkən, gəldiyi qənaəti cavabdehin iddiaçının ailə üzvü olmaması, iddiaçıya məxsus mübahisə predmeti olan mənzilə hər hansı hüququnun olmaması və iddiaçının onun qarşısında həmin mənzilə dair heç bir öhdəliyinin olmaması, nəticə etibarilə iddiaçıya məxsus mənzildə qanunsuz yaşaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası, «cavabdehin uşaqları ilə birlikdə mübahisə predmeti olan mənzildən çıxarılması» tələbinin təmin olunması hissəsində rayon məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq, bildirir ki, mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə cavabdehin mübahisə predmeti olan mənzilə hər hansı hüququnun olub-olmadığı müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 178.8-ci maddəsinin 09 fevral 2018-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu maddənin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək ququnu əldə edirlər. İş materiallarından görünür ki, cavabdehin qaynatası Yusif Cəfərov mübahisə predmeti olan mənzili 04.04.2006-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən almış, lakin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bu isə, o deməkdir ki, Yusif Cəfərov mənzil üzərində mülkiyyət hüququ sahibi olmamaqla, həmin mənzilə yalnız sahiblik və istifadə hüququ əldə etmişdir. Cavabdeh isə 2013-cü ildə Y.Cəfərovun oğlu ilə ailə quraraq, sözügedən evə gəlin köçmüş və hal-hazıradək həmin mənzildə yaşayır. Belə olan halda, məhkəmə kollegiyası, mənzilin hüquqi vəziyyətini və tərəflər arasında mənzillə bağlı münasibətlərin yaranma tarixini nəzərə alaraq hesab edir ki, mülki qanunvericilikdə Cavabdeh1 ilə qaynatası Yusif Cəfərov arasına mənzildən istifadə ilə bağlı münasibətləri birbaşa tənzimləyən norma olmasa da, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsi analoji olaraq hazırkı işin hallarına tətbiq edilə bilər (Mülki Məcəllə, maddə 11.1). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Cavabdeh, mübahisəli mənzilin müqavilə əsasında qanuni sahibi olan qaynatası Yusif Cəfərovun ailə üzvü sayılan şəxslərə aid olmasa da, Kollegiya, cavabdehin 2013-cü ildən hal-hazıradək azyaşlı uşaqları ilə birlikdə orada faktiki və daimi yaşamasını, təsərrüfat aparmasını müstəsna hal kimi qəbul edərək, onu ailə üzvü hesab edir. Bu hal isə cavabdehin mənzildən istifadə hüququnun yaranmasına dəlalət edir. Çünki, Mənzil Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə kollegiyası, həmçinin vurğulayır ki, birinci instansiya məhkəməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.11.2018-ci il tarixli, 2(004)-7895/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş halları bu iş üzrə preyudisial hesab etməklə cavabdeh mübahisəli mənzilə heç bir hüququnun olmadığını bildirsə də, qətnamənin işdə olan surətindən görünür ki, həmin iş üzrə Cavabdeh1 “mənzilə köçürülmə” tələbi onun sözügedən mənzilə heç bir hüququnun olmaması ilə deyil, həmin vaxt da mənzildə yaşamağa davam etdiyindən bu hissədə mübahisə olmaması ilə əsaslandırılmışdır. Yəni, qüvvədə olan məhkəmə qətnaməsi ilə cavabdehin mübahisə predmeti olan yaşayış sahəsinə hüququnun olmaması halı müəyyən olunmamışdır. Belə olan halda, iddiaçının iddia tələbinin əsası kimi həmin qətnaməyə istinad etməsi əsaslı sayıla bilməz. Beləliklə, yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisə predmeti olan mənzil Cavabdeh1 istifadə hüququ ilə yüklü olmuşdur. Mülki Məcəllənin yüklü əşyanın alqı-satqısı ilə bağlı münasibətləri tənzimləyən 572.1-ci və 572.2-ci maddələrinə əsasən isə, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi, qanunverici, üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşya satıldıqda, satıcının alıcını bu barədə xəbərdar etmədiyi hallarda alıcının əşyanın qiymətinin azaldılmasını tələb etmək və ya müqavilədən imtina etmək hüququnu, alıcının bu barədə xəbərdar olub, yüklü əşyanı qəbul etdiyi halda isə, yüklülüyə dözmək vəzifəsini müəyyən etmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, normanın məzmunundan da göründüyü kimi, hətta satıcının üçüncü şəxslərin hüquqlarından azad əşya vermək öhdəliyini pozduğu qəbul olunsa belə, bu, yüklü olan əşya üzərində üçüncü şəxslərin hüquqlarına xitam verilməsi üçün deyil, alıcının müqavilədən imtina və ya düşdüyü zərərin əvəzini tələb etməsi üçün əsasdır. Baxılan işin hallarından mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdehin qaynatası Yusif Cəfərov (satıcı) tərəfindən sözügedən mənzil İddiaçı (alıcı) satılarkən, iddiaçı, cavabdehin (istifadə hüququ sahibi) azyaşlı uşaqları ilə birlikdə həmin mənzildə yaşamasından və satıcı ilə aralarında mənzillə bağlı davam edən məhkəmə mübahisəsinin olmasından xəbərdar olmuş, dolayısı ilə də əşyanı yüklü şəkildə qəbul etməyə razılıq vermişdir. Belə olan təqdirdə isə, Kollegiyanın yuxarıda qeyd olunan hüquqi mövqeyinə əsasən, iddiaçı mənzilin üzərində mövcud olan yüklülüyə, yəni cavabdehin mənzildən istifadəsinə dözməlidir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının özünün də mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyul 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Qeyd edilməlidir ki, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması cavabdehin (mülkiyyətçinin) mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən 11 iyul 2014-cü il tarixli qərarında xüsusi olaraq vurğulanmışdır ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olduğundan, belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır (Qeyd: Konstitusiya Məhkəməsində baxılmış həmin işin faktiki hallarına əsasən, iddiaçı X.Məmmədova cavabdehlərin oğlu V.Bəylərovla 2001-ci ildə faktiki ailə qurmuş, qayınatası M.Bəylərovun istifadəsində olan mübahisəli evə gəlin köçmüş, lakin mübahisəli yaşayış evi 2 iyul 2011-ci il tarixində xüsusi mülkiyyət hüququ əsasında cavabdeh M.Bəylərovun adına dövlət qeydiyyatına alınmışdır. Bu səbəbdən də, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məhkəmələr mübahisəli fərdi evin M.Bəylərovun adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişlər). Göründüyü kimi, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu səbəbdən də, məhkəmə kollegiyası, hesab edir ki, gələcəkdə iddiaçının mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınarsa, yaşayış hüququ ilə bağlı məsələ Konstitusiya Məhkəməsinin qeyd edilən hüquqi mövqeyinə və qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən tənzimlənə bilər. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya şikayətinin qeyd edilən dəlilini əsaslı sayaraq, bu qənaətə gəlir ki, qətnamə “cavabdehin uşaqları ilə birlikdə mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsində ləğv edilərək, qeyd olunan tələblər rədd olunmalıdır. Bununla belə, Kollegiya, aşağıdakılara əsasən, birinci instansiya məhkəməsinin iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, işdən görünür ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətiçisi sayılmasa da, mənzilə müqavilədən irəli gələn sahiblik və istifadə hüquqlarına malikdir. Belə olan halda, iddiaçı, MM-in 157.4-cü və 157.8-ci maddələrinin tələblərinə əsasən, mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. MM-in 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MPM-in 14.2-ci və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehin azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsində ləğv olunmalı, iddia həmin hissədə rədd olunmalı, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı “cavabdehin azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılması və iddiaçının həminmənzilə köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(004)-1380/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(004)- 1380/2021 saylı qətnaməsi “Cavabdeh1 iki azyaşlı uşağı ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 79 nömrəli evin 29 nömrəli mənzilindən çıxarılmasıvə mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi” hissəsində ləğv olunsun, iddia həmin hissədə təmin olunmasın. Qətnamə qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5788/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5788/2021
07.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver