Məhkəmə qərarları › İş №2(103)-579/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-579/2023

05.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-579/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi ilə, X2 və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5323/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə 6863,50 manat məbləğində borcun silinməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən 5B saylı evdə yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən 5B saylı evə dair Cavabdeh İB ilə aralarında qazın alqısatqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilə nəticəsində mənzilə Smart tipli “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. İddiaçının evində quraşdırılan qaz sayğacının kartı vasitəsi ilə müəyyən pul məbləği yüklənərkən iddiaçı kartın bloklandığının fərqinə varmışdır. İddiaçı bu barədə Bakı regional qazın satışı departamentinə şifahi olaraq müraciət etmiş və ona sayğacın işlək vəziyyətdə olmadığını söyləmişlər. Nəticədə abonent koduna itirilmiş qaz sərfiyyatına görə cavabdeh tərəfindən 1180,80 manat borc yazıldığını öyrəndikdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-540/2022 saylı qətnaməsi ilə abonent hesabına əsassız olaraq hesablanmış 1180,80 manat borc silinmişdir və qətnamə hazırda qüvvədədir. Daha sonra sayğacdan yenidən tutulmaların şahidi olan iddiaçı Cavabdeh İBnə müraciət etdikdə ona 8044,30 manat borcunun yeni hesabdan çıxarışı təqdim edilmiş və ona bildirilmişdir ki, onun borcu 1180,80 manat yox 8044,3 manat olmuşdur.İddiaçı qeyd edir ki, evində quraşdırılan qaz sayğacına heç bir müdaxilə edilməyib. Belə ki, sayğac mənzildən çöldə yerlələşir və buna dair məsuliyyəti cavabdeh daşıyır.Cavabdeh tərəfindən iddiaçıya akt təqdim edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5323/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 2 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********20000 olan) hesablanmış 6863,50 (altı min səkkiz yüz altmış üç manat əlli qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 88,63 (səksən səkkiz manat altmış üç qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5323/2022 saylı, xx.xx.2022-ci il qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1-ci instansiya məhkəməsi tərəfindən qeyd edilən maddihüquq normasının səhv tətbiq edilməsi (səhv nəticəyə gəlməsi) ilə bağlı bildiririk ki, iş materiallarında yer alan dəymiş ziyan haqqında akt iddiaçının qanunazidd hərəkətləri nəticəsində və əsasında tərtib edilmişdir. Daha sonra həmin Akt əsasında Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçmi ölçülmüş və bu əsaslada dəymiş ziyanın məbləği 6863.50 manat təşkil etmişdir.Lakin, 1-ci instansiya məhkəməsi dəymiş ziyan məbləğinə “CƏRİMƏ” borcu kimi hüquqi qiymət verərək səhv nəticəyə gəlmişdir.Qətnamənin ləğv olunması üçün əsaslar aşağıdakılardır: 1, İş materiallarında mövcud olan fotoşəkillər təhlil edilməyib,

2. Ekspertiza keçirilməyib

3. İş materiallarında eyni predmetlə 2(011)-540/2022 saylı qanuni qüvvəyə minmiş qətnamə olduğu halda eyni predmet olan mülki işə təkrar baxılıb qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri baxımından iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və işin icraatı rəy alınana kimi dayandırılmışdır.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2023-cü il tarixli 3/280 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edilməmişdir.Təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.Həmçinin, şifahi vəsatət verərək təkrar ekspertiza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5323/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Belə ki, Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə Kollegiyası işin halları ilə bağlı qeyd edir ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir. xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 8856 m3 dəymiş ziyan hesablanmışdır. Abonent Saldosundan görünür ki, İddiaçı 2021-ci ildə 1180,80 manat məbləğində borc hesablanmışdır. Gasrep saldosundan görünür ki, İddiaçı 2022-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun aylarına 8044,30 manat məbləğində qalıq borcu hesablanmışdır. xx.xx.2022-ci il tarixli, 2(011)-540/2022 saylı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı “Azəriqaz İB tərəfindən hesablanmış 1180,80 manat məbləğində borc silinmişdir. 06 oktyabr 2022-ci il tarixli 2(011)-540/2022 saylı məktubdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-540/2022 nömrəli qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2022-ci il tarixində icra edilməsi üçün Bakı şəhər Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin Qətnaməsinin ləğv olunması üçün aşağıdakı əsasları göstərmişdir:

1. İş materiallarında mövcud olan fotoşəkillər təhlil edilməyib. Məhkəmə Kollegiyası şikayətin göstərilən dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh baxmayaraq ki, birinci instansiya məhkəməsində işə baxılması zamanı məhkəmə iclasında iştirak etmişdir, lakin istinad etdiyi hər hansı fotoşəkilləri nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ilə bağlı, yəni 2-ci dəlil olaraq Ekspertiza keçirilməyib dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri baxımından iş üzrə məhkəmə-trosoloji ekspertizası təyin edilmiş və işin icraatı rəy alınana kimi dayandırılmışdır.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2023-cü il tarixli 3/280 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edilməmişdir.Təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir. Göründüyü kimi, ekspert rəyində fotoşəkilləri əks olunmuş və təqdim edilmiş borunun birbirinə birləşmə sahələrində qaynaq izləri kənar xətt olması hesab olunmur. Həmçinin, təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir. Beləliklə, məhkəmənin, rəylə razılaşmamasına, odur ki, təkrar ekspertiza təyin olunması barədə cavabdehin nümayəndəsinin şifahi vəsatətinin, həmçinin ekspertin dindirilməsinə dair yazılı vəsatətin təmin olunmasına da əsaslar müəyyən olunmadığından vəsatət təmin olunmamışdır. Azərbaycan Respublikası MPM-ə əsasən: Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Nəhayət, cavabdehin apellyasiya şikayətinin digər dəlili ilə bağlı, yəni-3-cü dəlil olaraq iş materiallarında eyni predmetlə 2(011)-540/2022 saylı qanuni qüvvəyə minmiş qətnamə olduğu halda eyni predmet olan mülki işə təkrar baxılıb qərar qəbul edilmişdir- dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır .Belə ki, Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 2(011)-540/2022 saylı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə ünvan 2 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********20000 olan) hesablanmış 1180,80 manat məbləğində borc silinmiş və qətnamə qanuni güvvəyə minmişdir. Təqdim olunmuş Gasrep saldosundan görünür ki, xx.xx.2022-ci il tarixə İddiaçı borcu 8044,30 manatdır. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-540/2022 saylı qətnaməsi ilə iddiaçıya hesablanmış 1180,80 manat məbləğində borc silindiyindən İddiaçı qalıq borcu 6863,50 manat qalmışdır. Bu borcun yaranmasına əsas olan və iddiaçının təqsiri üzundən baş verən halların mövcüdluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının təqsiri sübut olunmadığından, cavabdeh düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, təqsiri sübut olunmadığından,iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcun tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 6863,50 manat məbləğində borc silinməlidir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5323/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, həmçinin, məhkəmə Kollegiyası hesab edir ki, 65 (altmış beş ) manat ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5323/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-trosoloji ekspertizanın xərci olaraq 65 (altmış beş ) manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE******************** ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar