Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5791/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4468/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana sahəsində yerləşən 12 saylı binanın, 5 saylı mənzili hazırda İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. Onunla Cavabdeh (bundan sonra cavabdeh) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********01979 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsi (PQ-4) istifadə edilir. Bundan əvvəl ev X7 (bundan sonra üçüncü şəxs) istifadə və sahibliyində olmuşdur. Həmin vaxt, yəni xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan qeyri-qanuni olaraq, sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş və qeyd edilən əsasla həmin tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Bununla bağlı 4 gözlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, QSSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3/saat, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti isə 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 15.120 m3 həcmində ziyanın vurulması və bu həcmdə qazın dəyərini təşkil edən 1.814,40 manat məbləğində pulun X4 tutulması barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir. Qeyd edilən akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış, aktda X7 aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2 İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, istifiadəsində olan fərdi yaşayış evi ilə bağlı cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1.814,40 manat borcun onun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yuxarıda qeyd edilən ünvanda yerləşən yaşayış evinə abonent kodu **********01979 olan qaz sayğacı quraşdırılmışdır. Ev satışda olmuşdur, həmin evə baxmış və almaq qərarına gəlmişdir. O, evə baxan zaman həmin evdə kommunal sayğaclardan işıq sayğacı və su sayğacı yeni quraşdırılsa da, qaz sayğacı quraşdırılmamışdır. O, satıcıya evin pulundan bir hissəsini verərək həmin ünvanda yerləşən evə qaz sayğacının çəkilməsini istəmişdir. X1 qoyulması üçün cavabdehə müraciət etmişdir. Bir neçə gün sonra cavabdehin əməkdaşları evə yaxın yerdən ana xəttə yeni xətt quraşdırdılar və həmin xəttin üstünə vintil bağladılar. Səhəri gün cavabdehin əməkdaşları həmin yerə gələrək evə gedən xətti çəkdilər və kənar şəxslər qazı açıb havaya buraxmasın deyə ana xətdən çıxan borunu evə gedən boruya müvəqqəti olaraq birləşdirdilər. Bir gün sonra cavabdehin əməkdaşları gələrək həmin xəttin üstünə qaz sayğacı quraşdırdılar. Sayğac quraşdırılan günə kimi evdə qazdan istifadə olunmayıb. Evdə bugünə kimi təmir işləri getdiyi üçün evdə qaz avadanlıqları da quraşdırılmamışdır. Əvvəl sayğac evin satıcısı Əsgərov Zülfıqarın adına qoyulmuşdur. Daha sonra ərizə yazaraq sayğacın adına keçirilməsini xahiş etmişdir. Lakin savadı olmadığı üçün və gözü zəif gördüyü üçün həmin ərizənin şablon formasına ona imza atdıraraq, guya ki, yazılmış borcun ödənilməsinə razılıq verdiyi göstərilmişdir. Bu yaxınlarda təzəlikcə smart karta ödəniş edərək, evdə müvəqqəti quraşdırdığı 2 gözlü qaz plitəsindən istifadə etmək istəmişdir. Lakin ödəniş edən zaman etdiyi ödənişin yarısının borca çıxıldığını görmüşdür. Bu səbəbdən də borcun haradan yazıldığını öyrənmək üçün cavabdehə müraciət etmişdir. Cavabdehin əməkdaşı ona bildirmişdir ki, guya ki, sayğac qoyulana kimi, sayğacdan kənar qazdan istifadə olunub. Bu səbəbdən də xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib olunub. O, buna etirazını bildirmişdir. Çünki həmin xətti cavabdehin əməkdaşları evə gedən boruya birləşdirmişdi. Evə gedən boru isə qaz avadanlıqlarına qoşulu deyildi. Bu səbəbdən də o, qazdan istifadə etmədiyini və ona yazılan borcun silinməsini tələb etmişdir. Lakin bundan sonra ona yazılmış cərimə məbləği silinməmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4468/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim X8)
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İşin əvvəldə göstərilən mübahisəsiz hallarından da, müəyyən edilir ki, hazırda iddiaçının silinməsini tələb etdiyi borc fərdi yaşayış evinin əvvəlki sahibi Zülfüqar Əsgərovun təbii qazdan istifadə qaydalarını pozması ilə bağlı tərtib edilmiş akt əsasında hesablanmışdır. Buna görə də, iddiaçı Zülfüqar Əsgərovun təbii qazdan isifadəyə yaranmış borcun silinməsini tələb etmək hüququna, yəni bu mübahisəni irəli sürmək üçün subyektiv hüquqa malik deyil.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 26-cı, 60-cı, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4cü, maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 15.120 m3 olması müəyyən edilmişdir. Həm sayğacın dəyişdirilməsi, həm təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda istehlakçı kimi əvvəlki abonent Zülfüqar Əsgərovun adı qeyd edilmişdir. Həmçinin, abonent saldosunun “qalıq və aktlar” bölməsində 2022-cü ilin fevral ayı üzrə 1.814,40 manat məbləğində borcun olması əks olunmuşdur. Lakin həmin qaz sayğacı xx.xx.2023-cü il tarixdə dəyişdirilmiş və bu barədə ******* saylı akt tərtib edilmişdir. Həmin borc məbləği isə əsassız şəkildə ondan tutulmaqdadır. Belə ki, smart kartla ödəniş edilən zaman hər dəfə edilən ödənişin bir qismi Zülfüqar Əsgərova aid olan borca görə çıxılır. İddia ərizəsinin məzmunundan da anlaşılır ki, onun iddiası fərdi yaşayış evinin əvvəlki sahibinin borcunun onun tərəfindən ödənilməməsi, yəni onun üzərindən silinməsi olmuşdur. Borc məbləği qaz sayğacına deyil, abonentə hesablanmalıdır və əvvəlki abonentin borcunun ondan tələb edilməsi qanunsuzdur. Hüquqi savadsızlığından irəli gələrək ərizənin xahiş hissəsində tələbini yanlış formada ifadə etsə də, iddia ərizəsinin məzmunu və tələbi əslində məhkəmə üçün kifayət qədər anlaşılandır. Buna baxmayaraq, məhkəmə iddia tələbinin dəqiqləşdirilməsinə cəhd göstərməmiş və qanunvericiliyin müvafiq normasının pozulmasına baxmayaraq iddia tələbini əsassız bir şəkildə rədd etmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 6.4-cü maddəsi açıq şəkildə qeyd edir ki, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Lakin əvvəlki abonentin borcun ödənilməsi barədə arayış ona təqdim edilmədən onunla qazın alqı-satqısına dair müqavilə bağlanılmış və onun borcu onun hesabına əlavə edilərək ondan tələb edilməyə başlanılmışdır.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən iddiaçı və məhkəmə kollegiyası tərəfindən işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş üçüncü şəxs X10 məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 159-cu maddəyə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
14. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 8.6-cı maddəsinə əsasən Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.4-cü maddəsinə əsasən qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir; 6.5-ci bəndinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, hüquq normalarını düzgün tətbiq etməmiş və iddianı iddiaçının subyektiv hüquqa malik olmaması əsası ilə rədd etməkdə səhvə yol vermişdir. Bu səbəbdən, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia qismən təmin edilməlidir.
20. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericilyin yuxarıda göstərilən və digər aidiyyəti müddəalarına istinadən qeyd edir ki, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Belə bir müqavilənin şərtlərinə zidd olaraq, istehlakçı, habelə qaz paylayıcısı ilə müqavilə münasibətlərində olmayan hər hansı bir şəxs təbii qazdan sayğacdan kənar, şəbəkəyə qanunsuz xətt vasitəsi ilə qoşulmaqla istifadə etdikdə, bu halları aşkar edən qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bununla belə, hər bir halda, vurulmuş zərərin əvəzinin ödənilməsi vəzifəsini məhz onun yaranmasına əsas olmuş hərəkətlərə yol vermiş şəxs daşıyır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.
22. Hüquqi nəticə etibarı ilə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, hazırda iddiaçının istifadə və sahibliyində olan fərdi yaşayış evi hüquqi vəziyyətinə görə özbaşına tikintidir. Həmin ev üzrə təbii qazdan qanunsuz xətt vasitəsi ilə istifadə edilməsi cavabdehin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar edilmiş və bununla bağlı müvafiq akt tərtib edilərək, həmin akt əsasında qəbul edilmiş qərar üzrə vurulmuş zərər məbləği hesablanmışdır. Lakin xx.xx.2022-ci il tarixli akt iddiaçı barəsində deyil, X10 adlı şəxs barəsində tərtib edilmişdir. Belə ki, həmin vaxt ev məhz bu şəxsin sahibliyində olmuşdur. İddiaçının bu tikintiyə sahiblənməsi bunsan sonrakı dövrə aiddir. Bu hal cavabdehlə onun arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin xx.xx.2023-cü il tarixdə bağlanması və yeni qaz sayğacının da həmin tarixdə quraşdırılması ilə öz təsdiqini tapır.
24. Bununla belə, həmin ev üzrə abonent koduna cərimə hesablanarkən bu əmlak iddiaçının istifadə və sahibliyində olmamış və bu baxımdan onun həmin vaxt cavabdehə qarşı hər hansı təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) ola bilməzdi. Başqa sözlə, həmin vaxt qeyd edilən ev üzrə təbii qazdan istifadə edilməsi ilə bağlı hər hansı hüquqa zidd davranışa yol verilmişdirsə də, bu davranış iddiaçıya aid deyil və onun həmin hadisənin baş verməsində nəinki təqsiri, ümumiyyətlə iştirakı olmamışdır. Bu səbəbdən iddiaçı həmin ev üzrə təbii qazın qanunsuz istifadəsi nəticəsində cavabdehə qarşı hüquq pozuntusuna yol vermiş və nəticədə cavabdehə maddi zərər vurmuş şəxs kimi qəbul edilə bilməz və ondan qeyd edilən akt, habelə onun əsasında qəbul edilmiş qərar üzrə hesablanmış 1.814,40 manat məbləğində cərimənin tutulması yol verilməzdir.
25. Belə ki, hazırki iddianı qaldırmaqla da iddiaçı hüquqi nəticə etibarı ilə bu məbləğin ondan tutulmamasını istəyir, məhz bu nəticəni əldə etmək üçün silinməsini tələb edir. İddiaçı apellyasiya şikayəti üzrə də bu barədə dəlillər irəli sürərək, həmin borcun ondan tələb olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, bu məbləğin iddiaçıdan tutulması qadağa edilməlidir.
26. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 1.814,40 manat məbləğində pulun ödənilməsi barədə üzərinə öhdəlik götürməsi də bu məbləğin ondan tutulması üçün əsas ola bilməz. Belə ki, xx.xx.2024-cü il tarixdə ərizənin yazılması ilə yanaşı, həmçinin tərəflər arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə də bağlanmışdır. Həmin müqavilədə də belə bir müddəa nəzərdə tutulmamışdır. Qeyd edilən ərizə həmin müqavilənin tərkib hissəsi kimi də qəbul edilə bilməz.
27. İddiaçının məqsədi və iradəsi müqavilə bağlayıb, əldə edilmiş abonent kodu üzrə qanuni əsaslarla təbii qazdan istifadə etməyə yönəlmişdir. Belə olan halda, qeyd edilən məzmunda ərizənin onun tərəfindən imzalanması və bununla da hüquqi nəticə etibarı ilə onun barəsində tərtib edilməyən və ona hər hansı aidiyyəti olmayan akt və qərar üzrə hesablanmış zərər məbləğinin 1 il 8 aydan sonra etiraf etməsi yalnız vacib əhəmiyyətli yanılmanın təsirinin nəticəsi ola bilər ki, bu da həmin ərizənin əhəmiyyətsiz olmasını (ərizənin məzmunu barədə səhv etmişdir) və hər hansı hüquqi nəticə yaratmadığını təsdiq edir. Bu ərizənin məhz həmin vaxt iddiaçıya imzalatdırmaqla cavabdeh özünün əlverişli vəziyyətindən və hüquqdan sui-istifadə etmişdir. Qeyd edilənlər öz növbəsində bu ərizədə göstərilən məbləğin iddiaçıdan tələb edilməsini istisna edir.
28. Lakin məhkəmə kollegiyasının hazırki mövqeyi xx.xx.2022-ci il tarixli aktın və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsi, habelə bu sənədlər üzrə hesablanmış 1.814,40 manat məbləğində cərimənin silinməsi üçün əsas ola bilməz və bu məbləğin məhz üçüncü şəxs X4 tələb edilməsini istisna etmir. Bu səbəbdən məhkəmə kollegiyası aktın ləğv edilməli olması və qeyd edilən cərimə məbləğinin silinməli olması barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “borcun silinməsinin rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə qismən təmin edilməli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt və onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana sahəsində yerləşən 12 saylı binanın, 5 saylı mənzili üzrə **********01979 saylı abonent hesabına daxil edilmiş 1.814,40 manat məbləğində pulun İddiaçı tutulması Cavabdeh ASC-yə qadağan edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Eyni zamanda, məhkəmə kollegiyası iddianın qiymətini nəzərə alıb hesab edir ki, hazırki iş üzrə verilmiş iddiaya görə ödənilməli olan dövlət rüsumu 38,14 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə 19,07 manat məbləğində müəyyən edilməli və iddiaçı istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğlərdə dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
31. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4468/2024 nömrəli qətnaməsi qismən, yəni “borcun silinməsinin rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə qismən təmin edilsin. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt və onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana sahəsində yerləşən 12 saylı binanın, 5 saylı mənzili üzrə İddiaçı abonent hesabına (abonent kodu **********01979) daxil edilmiş 1.814,40 (bir min səkkiz yüz on dörd manat, qırx qəpik) manat məbləğində pulun İddiaçı tutulması Cavabdeh ASC-yə qadağan edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödəməkdən azad edildiyi müvafiq olaraq 38,14 (otuz səkkiz manat, on dörd qəpik) manat və 19,07 (on doqquz manat, yeddi qəpik) manat, cəmi 57,21 (əlli yeddi manat, iyirmi bir qəpik) manat məbləğində pul Cavabdehndən tutularaq dövlət mədaxilinə alınsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.