Məhkəmə qərarları › İş №2(103)-5792/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5792/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5792/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 nümayəndəsi X8, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İKB ASC-nin (hazırki "xxxx" ASC) nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-266/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X9 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X9 iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" İKB ASC-nin 12.01.2017-ci il tarixli 24-G1-1-0-38-15 saylı kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə əsassız olaraq hesablanmış 3544.13 azn əsas məbləğ və 1289.31 azn faiz borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 13.03.2015-ci il tarixdə "xxxx" İKB ASC ilə iddiaçı X9 arasında bağlanmış 24-G-1-0-28-15 saylı Kredit müqaviləsi və İpoteka müqaviləsi əsasında A.Cavadovaya 36 ay müddətinə, 26% illik faiz dərəcəsi olmaqla, 12.600 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. 24-G-1-0-28-15 saylı Kredit müqaviləsinin təminatı olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun yaşayış sahəsi, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 80.6 m² olan 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Müqavilənin şərtlərinə əsasən X9 36 ay müddətinə aylıq 507.66 ABŞ dolları ödəməli idi. Kredit götürülən vaxt Milli bankın məzənnəsi ilə 1 ABŞ dolları 1.05 manat olmuşdur. Həmin vaxtlar X9 tərəfdən hər ay vaxtı vaxtında "xxxx" İKB ASC-yə 507.66 ABŞ dolları olmaqla aylıq kredit ödənişləri olunub. Sonradan ölkədə ikinci devalvasiya olanda dolların məzənnəsi 1.50 və ya 1.70 manat arası təşkil etdi. Həmin vaxt X9 banka müraciət edərək dolların məzənnəsinin qalxması ilə bağlı aylıq ödənişin 507.66 ABŞ dolları ilə odənilməsinin X9 üçün çox çətin olacağını bildirdi. X1 bildirilmişdir ki, devalvasiyaya görə hamı çətinlik içindədir və bank olaraq çalışırlar hamıya köməklik etsinlər. Bununla bağlı bank tərəfindən X6 təklif olundu ki, götürülən kreditin qrafik üzrə vaxtı uzadılsın. X6 bildirildi ki, kreditin müddəti uzadılsa aylıq ödənişlərinin məbləği qrafik üzrə azaldılacaq. Həmin vaxt ölkədə ABŞ dollarının bir daha devalvasiyaya uğramasına görə X9 üçün kreditin aylıq ödənişlərini ödəmək çətin olduğu üçün bankın təklifi ilə razılaşıb 24-G1- 1-0-38-15 saylı əlavə kredit müqaviləsi bağlanıldı və kreditin müddəti 60 ay müddətinə aylıq 384.64 ABŞ dolları ödəmək şərti ilə uzadıldı. İddiaçı X9 cavabdeh "xxxx" İKB ASC-yə kredit borcu üzrə ödənişlərini vaxtı vaxtında edərək ödəmiş və hesab edir ki, hətta cavabdeh "xxxx" İKB ASC X5 onlara olan etibarından sui istifadə edərək X3 artıq ödənişlər qəbul ediblər. Kredit müqaviləsi üzrə borcu bitdikdən sonra cavabdeh "xxxx" İKB ASC-yə yaxınlaşaraq kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun yaşayış sahəsi, ünvan 1 ünvanda yerləşən mənzilindən ipoteka yüklülüyünün götürülməsi üçün arayış tələb etdi. Lakin cavabdeh "xxxx" İKB ASC X6 bildirdi ki, guya X5 3544.13 azn əsas məbləğ və 1289.31 azn faiz borcu var. X9 "xxxx" İKB ASC-yə bütün borcunu ödəmiş və heç bir borcu qalmamışdır, bu səbəbdən də, X9 "xxxx" İKB ASC-yə yaxınlaşıb öz iradını bildirdi və onlar bildirdi ki, borcu həqiqətən də olmadığını müəyyənləşdirmək üçün məhkəməyə müraciət edə bilər. 13.03.2015-ci il tarixli "xxxx" İKB ASC ilə iddiaçı olaraq X9 arasında bağlanmış 24-G-1-0-28-15 saylı Kredit müqaviləsi hesablanmış faiz və dəbbə borcu hər tərəfli, tam və obyektiv hesablanmadığı üçün cavabdeh tərəfindən X3 tələb olunan 3544.13 azn əsas məbləğ və 1289.31 azn faiz silinməlidir. Çünki, iddiaçı olaraq X9 "xxxx" İKB ASC-yə bütün borcunu ödəmiş və heç bir borcu qalmamışdır. Bu səbəbdən də, "xxxx" İKB ASC-nin qanunsuz olaraq hesabladığı faiz və dəbbə borcu hər tərəfli, tam və obyektiv olmadığı üçün silinməlidir. Eləcə də "xxxx" ASC tərəfindən qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilərək, Cavadova (Hüseynzadə) Aytən Yusif qızından "xxxx" ASC-nin xeyrinə 3544.13 AZN əsas borc, 1501.84 AZN faiz borcu olmaqla, ümumilikdə cəmi 5045.97 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. "xxxx" ASC tərəfindən qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edilərək, Cavadova (Hüseynzadə) Aytən Yusif qızından "xxxx" ASC-nin xeyrinə 12.01.2017-ci il tarixli kredit müqaviləsi üzrə 3544.13 manat əsas borc və 2212.63 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 5756.76 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, "xxxx" ASC ilə cavabdeh Cavadova (Hüseynzadə) Aytən Yusif qızı arasında bağlanmış 12.01.2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavadova (Hüseynzadə) Aytən Yusif qızı 13.03.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 24 faizlə 36 ay müddətinə 12600 ABŞ dolları kredit götürmüşdür. 12.01.2017-ci il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 13670.76 ABŞ dolları Mərkəzi Bankın 12.01.2017-ci il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 24254.66 AZN təşkil edir, kreditin müddəti 12.01.2017-ci il tarixədək təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-266/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 Cavabdeh İKB ASC-yə qarşı “əsassız olaraq hesablanmış faiz borclarının silinməsi tələbi barədə” ilkin iddia ərizəsinin təmin edilməməsi, Cavabdeh İKB ASC-nin ("xxxx" ASC) X6 qarşı “borcun tutulması tələbi barədə” qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, iddiaçı Cavabdeh İKB ASC ("xxxx" ASC) ilə cavabdeh Cavadova (Hüseynzadə) Aytən Yusif qızı arasında bağlanmış 12.01.2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Cavadova (Hüseynzadə) Aytən Yusif qızından 3522,72 (üç min beş yüz iyirmi iki manat yetmiş iki qəpik) manat əsas borc, 1465,15 (min dörd yüz altmış beş manat on beş qəpik) faiz borcunun tutularaq, Cavabdeh İKB ASC-nin ("xxxx" ASC) xeyrinə ödənilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun cavabdeh Cavadova (Hüseynzadə) Aytən Yusif qızından alınaraq Cavabdeh İKB ASC-yə ("xxxx" ASC) verilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavadova (Hüseynzadə) Aytən Yusif qızından tutularaq Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X9 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini iddia ərizəsində göstərilənlərlə əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, məhkəmə işə qeyri-obyektiv və birtərəfli baxmış, maddi və prosessual hüquq normalarını pozmuş, işin nəticəsinə təsir edən faktiki halları müəyyən etməmiş, yalnız cavabdehin təqdim etdiyi sənədlərə istinad edərək əsassız, qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-266/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 nümayəndəsi X12 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-266/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İKB ASC-nin (hazırki "xxxx" ASC) nümayəndəsi X7 apelyasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-266/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X9 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Cavabdeh İKB ASC-nin 12 saylı filialı ilə X5 arasında bağlanmış 13 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank A.Cavadovaya 12600 ABŞ dolları məbləğində 36 ay müddətində, illik 26 faiz dərəcəsi ilə kredit ayırmasını öhdəsinə götürmüşdür İş materiallarında olan, "xxxx" ASC tərəfindən verilmiş 22 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, X5 12.01.2017-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə qalıq məbləğ 3544.13 manat, faiz borcu üzrə qalıq məbləğ 2212.63 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kollegiya eləcə də qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş “Məhkəmə mühasibatlıq ekspertizası” üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 10 dekabr 2020-ci il tarixli 9/5361 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, “Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, X9 ilə "xxxx" İKB ASC arasında bağlanmış 12.01.2017-ci il tarixli, 24-G1-1-0-38-15 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu 20.04.2020-ci il tarixə aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 3522.72 manat, faiz bor üzrə 1465.15 manat”. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apelyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X9 apelyasiya şikayətində istinad etdiyi hallar barədə məhkəmə kollegiyasına hər-hansı bir mötəbər sübutlar təqdim edə bilməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, X9 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını və düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-266/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, cavabdeh X4 Albertovnanın apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-266/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar