Məhkəmə qərarları › İş №2(103)-5794/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5794/2021

18.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5794/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Qəhrəmanova Səadət Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı «borcun ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən əsassız hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Əhmədova, iş № 2(002)-516/21) iddia təmin olunmuşdur. Cavabdeh İB apellyasiya şikayəti verərək Qaradağ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları ilə bağlanmış müqavilə əsasında onun yaşadığı ünvana qaz sayğacı qoyulmuşdur və həmin vaxtdan o qaz sayğacından istifadə etmişdir. Təxminən 2020-ci ilin iyul-avqust aylarında qaz idarəsindən bildirdilər ki, onlara məxsus qaz sayğacı mexaniki qaz sayğacı ilə əvəz edilməlidir. 11.08.2020-ci il tarixdə akt tərtib edilmiş, aktda qeyd edilmişdir ki, sayğacın ekranı sönmüş, menyular oxunmur, yeni sayğacla əvəz edildi. Sonradan ona 216 manat borcu olması barədə bildiriş gəlmişdir. O sayğaca heç bir müdaxilə etməmiş, sayğac evin çöl hissəsində yerləşdirilmiş, sayğac dəyişdirilərkən plombu üzərində, olmuş, plomba hər hansı bir müdaxilə olmamışdır. Sonradan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-02679-1 saylı aktında qeyd edilmişdir ki, sayğaca ümumi baxış keçirildi, sayğaçın klapanı işlək deyil, Yivli birləşmələrdə korroziya izi mövcuddur. Sayğacın elementi bitib müvəqqəti element quraşdırıldı, informasiya oxunmur. Göründüyü kimi əvvəlki sayğac uzun müddət istifadə edilməklə, istismar müddəti 5 il olan sayğac artıq işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları’nın 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örütklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları’nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıları qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 4.9-cu maddəsində nəzərdə tutulur ki, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi onun yaşadığı ünvanda yerləşən qaz sayğacının dəyişdirilməsi zamanı plombunda heç bir zədə olmamış, klapanın işlək olub-olmamasına o məsuliyyət daşımır. Buna nəzarətçi nəzarət etməli idi. Heç bir əsas olmadan ona 216 manat borcun hesablanması tam əsassızdır. Bu səbəbdən, o, Cavabdeh ASC tərəfindən heablanmış 216,00 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hakimlər qaz sayğacına müdaxilə olunmasında istehlakçının təqsiri sübuta yetirilmədiyi üçün qaz paylayıcılarının iddialarını təmin etmirlər. Lakin məlumdur ki, təqsirli tərəfin müəyyən edilməsi ilə əlaqədar tədqiqatın aparılması Cavabdeh İB-nin funksiyalarına aid deyil. Əsasən qaldırılmış iddiaların mahiyyəti sayğaca müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi deyil, təsbitlənmiş müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş külli miqdarda ziyanın ödənilməsidir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. Qaz sayğacının ekranı sönüb, menyular oxunmur. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 216 manat borc tələb edilmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və qənaətini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus mənzil üzrə qaz sayğacına dair 2012-2020-ci ilin avqust ayları üzrə qalıq borcu 0 manat olmuş, 216 manat məbləğində borc 2020-ci ilin oktyabr ayı üzrə yazılmışdır. Eyni zamanda iş materialalrında olan 30 oktyabr 2020-ci il tarixli aktın məzmununda həmin mənzil üzrə qaz sayğacında hər hansı nöqsan aşkar olunmadığı qeyd edilmişdir. Həmçinin, iş materialalrında olan 29 oktyabr 2020-ci il tarixli aktın məzmununda müvafiq mənzil üzrə qaz sayğacına baxış keçirildiyi, “sayğacın klapanı işlək vəziyyətdə deyil, yivli birləşmələrində korriziya izi mövcuddur, sayğacın elementi bitib, müvəqqəti element quraşdırılıb, informasiya oxunmadı, qaz itkisi, araşdırılsın” qeyd olunmudşur. Müvafiq qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18-ci maddələrinə və s. istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə düzgün hesablanmamış borcla bağlı cavabdeh qarşısında məsuliyyət daşımır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar