Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5795/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(011)-2373/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Abonentin saldosundan görünür ki, iddiaçının qazdan sayğacsız qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməsi əsas gətirilərək ona 2023-cü ilin mart ayında 2.954,88 manat, aprel ayında 371.52 manat, may ayında 336.96 manat, iyun ayında 336.96 manat, iyul ayında 168.48 manat, avqust ayında 168.48 manat, sentyabr ayında 133.92 manat və oktyabr ayında 228.96 manat olmaqla, ümumilikdə 4.700,16 manat cərimə yazılmışdır. İddiaçı hazırda onun abonent koduna hesablanmış 4.700,10 manat cərimənin silinməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfıyyatına görə hesablanmış 4.700,10 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Həsənov küçəsindəki ev iddiaçıya məxsusdur. Həmin evə dair Cavabdeh İB ilə aralarında qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilə nəticəsində qeyd edilən fərdi yaşayış sahəsinə smart kart tipli, “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. Mənzildə quraşdırılan qaz sayğacının kartı vasitəsi ilə müəyyən pul məbləği yükləyərkən iddiaçı kartın blokda olduğunun şahidi olmuşdur. Bakı regional qazın satışı departamentinə şifahi olaraq müraciət etdikdə bildirmişlər ki, kənar xəttdən istifadə etmişdir. Nəticədə abonent koduna itirilmiş qaz sərfıyyatına görə 4.700,16 manat borc yazılıb və bu pulu ödəməlidir. İddiaçı borcun səbəbini soruşduqda bildirmişlər ki, ünvanına baxış zamanı kənar xəttdən istifadə aşkar olunub. İddiaçı kənar xəttdən heç vaxt istifadə etməmişdir. Belə ki, sayğac mənzildən çöldə yerləşir və buna dair məsuliyyəti iddiaçı yox, cavabdeh təşkilat özü daşıyır. Cavabdeh təşkilat tərəfindən sayğaca nəzərət edilməli idi. Cavabdeh İB tərəfindən iddiaçıya akt təqdim edilmişdir. İddiaçı kart vasitəsi ilə həmişə ödəniş etmiş və heç bir çətinlik olmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(011)- 2373/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı **********00107 saylı abunə koduna 2023-cü ildə hesablanmış ümumilikdə 4.700,10 (dörd min yeddi yüz manat on qəpik) manat məbləğində cərimə borcunun silinməsi və Cavabdehndən 67 (altmış yeddi) manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə, iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 65 (altmış beş) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında iddiaçı tərəfindən qazdan sayğacsız istifadə edilməsi halı öz təsdiqini tapmamışdır. Bu səbəbdən iddiaçının abonent koduna 2023-cü ildə hesablanmış ümumilikdə 4.700,10 manat məbləğində borcun silinməsini məhkəmə qanunauyğun hesab etmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin mahiyyətindən görünür ki, abonentin qaz xəttinə qanunsuz qoşulma halı aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Abonentin qazın talanmasında təqsirli olması öz təsdiqini tapdıqdan sonra həmin orqan vurulmuş zərəri istehlakçıdan tələb edə bilər. Hazırkı mülki iş üzrə iddiaçıya məxsus ünvanda qazdan sayğacdan kənar qanunsuz istifadə halı əsas gətirilərək müxtəlif vaxtlarda aktlar tərtib edilsə də və həmin aktlar abonentə təqdim edilsə də, iddiaçı tərəfindən qazın talanması faktı öz təsdiqini tapmadan qaz paylayıcısı yazılmış cəriməni istehlakçıdan tələb etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Cavabdeh tərəfindən təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli, tam baxılmayıb və hakim təqdim edilmiş sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də, ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırılsa abonentin Cavabdeh İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə, qətnaməsində borcun silinməsini təmin etməsə də buna əsas gətirməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. 3.4.1. Özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçıya qadağandır. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” qanun: Maddə 13 (8-ci bənd). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları: 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacına yoxlanış keçirilən zaman abonentin qazdan sayacsız qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməsinin müəyyən edilməsi əsası ilə ona ümumilikdə 4.700,16 manat cərimə yazılmışdır. İddiaçı isə kənar xəttdən heç vaxt istifadə etməməsi, sayğacın mənzildən çöldə yerləşməsini və buna dair məsuliyyətinin onun daşımamasını göstərmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən mülki iş üzrə sayğacdan kənar qazdan qeyri-qanuni istifadə halının olub-olmamasının aydınlaşdırılması məqsədilə ekspertiza təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 20 may 2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, təqdiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticələrinə əsasən iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Bu səbəbdən iddiaçının abonent hesabına hesablanmış 4.700,16 manat məbləğində borcun silinməsi barədə birinci instansiya məhkəməsinin nəticəsini məhkəmə kollegiyası qanunauyğun hesab edir. Belə ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmanın mövcud olması barədə şikayətin dəlilləri öz təsdiqini tapmamasına dair ekspert rəyini şübhə altına alan və ala biləcək hər hansı halla bağlı cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Belə olan halda məhkəmə kollegiyası cavabdeh tərəfindən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktda əks olunan halları həqiqətə uyğun olmayan hallar kimi qiymətləndirir və iddiaçının mübahisələndirdiyi borcun itirilmiş qazın məbləğinə görə yaranmış borc olmasına dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə sübutetmə yükünün Cavabdeh İB-nin üzərində olması nəzərə alınmaqla cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayəti üzrə işə baxılan zaman müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı cavabdeh tərəf bildirmişdir ki, akt tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə kollegiyası istinad edilən fotoşəkillərlə təqdim edilmiş ekspert rəyin araşdıraraq belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə sayğaca müdaxilə edilməklə sayğacdan qeyri-qanuni istifadə edilməsi hallarının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən eləcə də qeyd edilən rəyi şübhə altına alan hər hansı əsas müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi ekspert rəyinə istinad etməklə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilməmişdir. Bundan başqa kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi akt tərtib edilmiş şəxsə təqdim edilsə də, bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olmasının həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi barədə hər hansı sübut olmalıdır. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin - abonentin aktı imza etməkdən imtinasının həmin aktın qanunsuz olduğuna dəlalət etməməsi dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktın abonentə təqdim edilməsi müəyyən edilsə də, iddiaçı tərəfindən qazın talanması faktı öz təsdiqini tapmadan qaz paylayıcısı yazılmış cəriməni istehlakçıdan tələb etməsi də qanunsuz olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(011)- 2373/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Fuad Abdiyev