Məhkəmə qərarları › İş №2(103)-5797/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5797/2021

16.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5797/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Rusanov Ruslan Vladimiroviçin, onun həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Rusanov Aleksandr Vladimiroviçin nümayəndəsi və vəkili Mərəndskiy Rövşən Vidadi oğlunun, cavabdeh Rusanova Viktoriya Vladimirovnanın iştirakları ilə, İddiaçı Rusanov Ruslan Vladimiroviçin cavabdehlər Rusanova Viktoriya Vladimirovnaya və Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisinə qarşı "qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras əmlaka payın müəyyən edilməsi tələbi"nə dair iddia ərizəsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Rusanov Aleksandr Vladimiroviçin cavabdehlər Rusanova Viktoriya Vladimirovnaya və Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisinə qarşı "qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1194/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Rövşən Mərəndskiy tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Rusanov Ruslan Vladimiroviç cavabdehlər Rusanova Viktoriya Vladimirovnaya və Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisinə qarşı "qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras əmlaka payın müəyyən edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ruslan Rusanovla cavabdeh Viktoriya Rusanova qardaş-bacıdırlar. Ataları Rusanov Vladimir Aleksandroviç 14 avqust 2014-cü il tarixdə vəfat etmişdir. Ataları vəfat edərkən mülkiyyətində Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsində yerləşən, 105 saylı evin 3 otaqlı 40,0 kv metr yaşayış, 55 kv m ümumi sahədən ibarət 16 saylı mənzili miras qalmışdır. Bu qardaş-bacıdan başqa, hazırda Rusiya Federasiyasında yaşayan digər qardaşları - Rusanov Aleksandr Vladimiroviç də var. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı Rusanov Ruslan Vladimiroviçin atası vəfat edən ərəfədə nə şəxsiyyət vəsiqəsi, nə doğum haqqında şəhadətnaməsi, nə də digər hər hansı bir sənədi olmamışdır. Heç hərbi xidmətdə də olmamışdır. Doğulduğu gündən atası ilə birlikdə yuxarıda qeyd olunan mənzildə yaşamışdır. Azərbaycan dilini bilməməsi, hüquqi savadsız olması, anasının atası ilə boşanması və daha sonra valideynlərinin ölümü ilə bağlı olaraq sənədləşmə işlərində özü iştirak edə bilməmişdir. Atası öləndən sonra bacısı Viktoriya (cavabdeh) vərəsəlik işləri ilə məşğul olacağını bildirmişdir, ara-sıra da gözə toz üfürmək məqsədi ilə iddiaçıya bir iki əhəmiyyətsiz sənədə imza atdırmışdır. Lakin bu yerdə qeyd olunmalıdır ki, iddiaçı Ruslan Rusanov miras əmlakı faktiki qəbul etmişdir, belə ki, doğulduğu gündən etibarən həmin mənzildə yaşamışdır. Daha sonra 2015-ci ilin avqust ayında bacısı iddiaçıya bildirmişdir ki, ona şəxsiyyət vəsiqəsi almışdır. Bundan dərhal sonra Hərbi Komissarlığa müraciət edilib və 1982- ci il təvəllüdlü, orta təhsilli iddiaçı 02.10.2015-ci il tarixdə (yəni 33 yaşında) həqiqi hərbi xidmətə aparılmışdır. Hərbi xidmətdən 30.03.2017-ci il tarixdə təxris olunmuşdur və öz doğma evinə qayıtmışdır. Daha sonra bacısından evin aqibəti ilə maraqlandıqda o, hər şeyin qaydasında olduğunu bildirmişdir. Bundan sonra, 2019-cu ildə Viktoriya qardaşına evi satmaq niyyətində olduğunu bildirmişdir. Belə ki, o izah etmişdir ki, evlənmək və özünə başqa ev almaq niyyətindədir və satışdan əldə olunacaq pul aralarında bölünəcək. İddiaçı Ruslan bacısına əngəl olmaq istəməmişdir və pulun digər qardaş da nəzərə alınaraq 3 yerə bölünməsini təklif etmişdir. Cavabdeh bununla razılaşıb, iddiaçıya "təzə ev alana qədər bir müddət xalası gildə yaşamağı” təklif etmişdir. Cavabdehin sözlərinə görə o, 30.04.2019-cu il tarixdə atalarının mənzilini satır və 05.05.2019-cu ildə özünə yeni mənzil alır. İddiaçı öz payını istəyərkən isə, o bildirmişdir ki, heç bir pay yoxdur, heç kimə bir qəpik pul verəsi deyildir. Sonradan işlə tanış olarkən iddiaçı tərəfindən müxtəlif instansiyalara sorğular göndərildi. Məlum oldu ki, Bakı şəhəri 13 saylı Notarial Kontoru Rusanova Viktoriya ilə qanunsuz sövdələşməyə girərək, cavabdehi tək vərəsə kimi qeydə almışdır. Sorğuya cavab verərkən isə işə ailə tərkibi haqqında arayış tikilib və Viktoriyadan başqa daha 2 vərəsənin - Ruslan və Aleksandrın olduqları da müəyyən olunub. Halbuki, həmin elektron arayışın üzərində çap edilmə tarixi var -14.09.2020-ci il. Görünən budur ki, Notariat kontoru öz səhvinin və ya cinayətinin üstünü ört-basdır etmək üçün 6 il sonra qanunun tələb etdiyi sənədləri yığmağa başlamışdır. Hələ notarius İ.Hüseynova "qabaqdan-gəlmişlik" edərək, iddiaçının sorğusuna cavab verərək bildirir ki, Rusanov Ruslan mirasın qəbulu müddətini buraxmışdır. Doğulduğu gündən miras qoyanın ölümünə qədər və ölümündən sonra daha 5 il həmin mənzildə yaşayan şəxs müddəti buraxıbmış. Yəni qısası, cavabdeh Viktoriya Rusanova özündən başqa 2 qardaşının olmasını gizlətmiş, qanunsuz yolla 70 saylı MKİS-dən yalnız özünün yaşaması barədə arayış almış, daha sonra Notariat Kontorun notariusu ilə əlbir olaraq digər vərəsələrin çağırılmamasına nail olmuş və tək vərəsə kimi bütün miras əmlakı qəbul etmiş daha sonra isə özgəninkiləşdirmişdir. Viktoriya Rusanovanın adına verilmiş 21.02.2015-ci il tarixli, 2V- 43 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi ləğv edilməli, iddiaçı Ruslan Rusanovun vərəsəlik hüququ tanınmalı və ona da qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Daha sonra payına mütənasib olaraq mənzilin alqı-satqısından əldə olunan pul bölünməlidir. Göstərilənlərə əsasən cavabdeh Rusanova Viktoriya Vladimirovnaya verilmiş 21.02.2015-ci il tarixli, 2V- 43 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, iddiaçı Rusanov Ruslan Vladimiroviçin 14.08.2014-cü il tarixdə vəfat etmiş atası Rusanov Vladimir Aleksandroviçin vərəsəsi kimi tanımaqla miras əmlaka iddiaçının 1/3 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində, müstəqil tələb irəli sürən üçüncü şəxs Rusanov Aleksandr Vladimiroviç cavabdehlər Rusanova Viktoriya Vladimirovnaya və Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisinə qarşı "qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras əmlaka payın müəyyən edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Aleksandr Rusanovla cavabdeh Viktoriya Rusanova qardaş-bacıdırlar. Ataları Rusanov Vladimir Aleksandroviç 14 avqust 2014-cü il tarixdə vəfat etmişdir. Ataları vəfat edərkən mülkiyyətində Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsində yerləşən, 105 saylı evin 3 otaqlı 40,0 kv metr yaşayış, 55 kv m ümumi sahədən ibarət 16 saylı mənzili miras qalmışdır. Atası öləndən sonra bacısı Viktoriya (cavabdeh) vərəsəlik işləri ilə məşğul olacağını qardaşlarına bildirmişdir. Qardaşlar bu işin cavabdeh tərəfindən aparılmasına etiraz etməmişdirlər. Lakin bu yaxınlarda həm iddiaçıya, həm üçüncü şəxsə məlum olmuşdur ki, Viktoriya özünü tək vərəsə kimi qələmə verərək şəhadətnaməni öz adına almış, daha sonra isə həmin mənzili satmışdır. Göstərilənlərə əsasən cavabdeh Rusanova Viktoriya Vladimirovnaya verilmiş 21.02.2015-ci il tarixli 2V- 43 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, iddiaçı Rusanov Aleksandr Vladimiroviçin 14.08.2014-cü il tarixdə vəfat etmiş atası Rusanov Vladimir Aleksandroviçin vərəsəsi kimi tanımaqla miras əmlaka mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin 1/3 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1194/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən apellyasiya verən iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Rövşən Mərəndskiy onun ləğv, iddia tələblərinin isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini iddia ərizələrinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədiyini, iddia müddətini ötürmüş olmaları ilə bağlı yanlış nəticəyə gəldiyini irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun, həmçinin üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Viktoriya Rusanova apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq üçüncü şəxs və 13 saylı notariat kontorunun nümayəndəsi məhkəməyə gəlməsə də, apellyasiya şikayətinin dəlilərinə qiymət verilməsi üçün işdə kifayət qədər materialların toplanmış olduğu, habelə MPM-in 376.2-ci maddəsinin tələbləri nəzərə alınaraq, gəlməyən proses iştirakçılarının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Abbasov Yusif Qurban oğlu ifadəsində bildirmişdir ki, o, iddiaçının keçmiş qonşusudur. İddiaçı Ruslan Rusanov 8 il bundan qabaq, atasının ölümündən sonra hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra nənəsinin yanına gəlmişdir. Atasına məxsus olmuş evi bacısı Rusanova Viktoriya başqa bir şəxsə satmışdır. İddiaçı özü işləmir, savadsız bir adamdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən 13.08.1981-ci il tarixdə verilmiş AZ-İİİ № 573553 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Rusanov Aleksandr Vladimiroviç 13 avqust 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Rusanov Vladimir Aleksandroviç, anası isə Rusanova Lyudmila Nikolayevnadır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 02.10.2020-ci il tarixdə verilmiş AZ-T № 104205 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Rusanov Ruslan Vladimiroviç 10 dekabr 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Rusanov Vladimir Aleksandroviç, anası isə Nikulina Qusanova Lyudmila Nikolayevnadır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 11.04.2011-ci il tarixdə verilmiş AZ-İİ № 649000 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Rusanova Viktoriya Vladimirovna 04 iyun 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Rusanov Vladimir Aleksandroviç, anası isə Rusanova Lyudmila Nikolayevnadır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 13 saylı Notariat Kontoru tərəfindən verilmiş 21 fevral 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 14.08.2014-cü il tarixdə vəfat etmiş Rusanov Vladimir Aleksandroviçin Rusanova Viktoriya Vladimirovnadır. O, bu miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 40 kv.m, ümumi sahəsi 55 kv.m olan 3 otaqlı 16 saylı mənzildən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 14.03.2015-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, H.Aslanov küçəsi, ev 105, mənzil 16 Rusanova Viktoriya Vladimirovnanın adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 2295 saylı reyestr kitabının 213665 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarındakı notariat qaydasında təsdiq olunmuş 01 may 2019-cu il tarixdə Bakı şəhəri 46 saylı Notariat kontorunun xüsusi notariusu T.H.Kərimova tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, H.Aslanov küçəsi, ev 105, mənzil 16 Rusanova Viktoriya Vladimirovna tərəfindən Allahverdizadə Yaqut Rza qızına 84800 manata satılmışdır. İş materiallarında olan Rusanov Aleksandr Vladimiroviçin razılıq ərizəsindən görünür ki, o, Rusanova Viktoriya Vladimirovnaya məxsus Bakı şəhəri, H.Aslanov küçəsi, ev 105, mənzil 16-nın satılmasına etiraz etmir, gələcəkdə həmin mənzillə bağlı pretenziyası olmayacaqdır. İş materiallarında olan Rusanov Ruslan Vladimiroviçin razılıq ərizəsindən görünür ki, o, Rusanova Viktoriya Vladimirovnaya məxsus Bakı şəhəri, H.Aslanov küçəsi, ev 105, mənzil 16- nın satılmasına etiraz etməmişdir. Beləliklə, hazırkı mübahisə 14 avqust 2014-cü il tarixdə Bakı şəhərində vəfat etmiş Rusanov Vladimir Aleksandroviçdən qalmış miras əmlak – Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsində yerləşən, 105 saylı evin 3 otaqlı 40,0 kv metr yaşayış, 55 kv m ümumi sahədən ibarət 16 saylı mənzillə əlaqədar onun övladlarının vərəsəlik münasibətləri ilə bağlıdır və kollegiyanın qənaətinə görə mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün ilk növbədə vərəsələr tərəfindən mirasın qəbul edilib-edilmədiyi məsələsi aydınlaşdırılmalıdır. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Yuxarıda qeyd olunduğu kimi, Vladimir Rusanovun mirasının açıldığı tarixdə ondan miras qalan Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsində yerləşən, 105 saylı evin 3 otaqlı 40,0 kv metr yaşayış, 55 kv m ümumi sahədən ibarət 16 saylı mənzil onun qızı Viktoriya Rusanova tərəfindən rəsmi qəbul olunmuşdur. İşin hallarından mirasqoyanın digər qanun üzrə vərəsələrinin - Rusanov Aleksandr Vladimiroviçin və Rusanov Ruslan Vladimiroviçin - mirası qəbul etdikləri (nə rəsmi, nə də faktiki) qənaətinə də gəlmək mümkün deyildir və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır. Qeyd olunduğu kimi, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə müəyyən edilir; Aleksandr və Ruslan Rusanovların mirasqoyanın ölümündən sonra mirası qəbul etmək məqsədilə hər hansı hərəkət göstərdikləri, yaxud ona sahiblənmək və ya imtina etmək arzusu barədə iradə ifadələrini bəyan etdikləri ümumiyyətlə müəyyən olunmamışdır. Nəzərə alınmalıdır ki, mirası faktiki qəbul etmiş olduğunu sübutetmə yükü bunu iddia edən vərəsənin (yaxud bunda mənafeyi olan digər şəxslərin) üzərinə düşür və mirası qəbul etmiş digər vərəsələrin üzərinə vərəsələrdən birinin mirası qəbul etmədiyini sübut etmə vəzifəsinin qoyulması qanunvericiliyin mənasına uyğun deyildir. Bundan başqa Məhkəmə kollegiyası, ona da xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyə əsasən müddət – subyektiv hüquqların reallaşdırılması və nəticə etibarı ilə müəyyən hüquqi nəticələrin yaranması üçün müəyyənləşdirilmiş vaxt kəsiyidir. Yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində qanunverici vərəsə tərəfindən mirası qəbul etmək və beləliklə də müvafiq hüquqi nəticələr yaratmaq üçün müddət müəyyən etmişdir. Qeyd olunan qanunun normasına əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilən norma imperativ xarakter daşıyır. Buna görə də mirasın qəb qəbul olunması məqsədilə göstərilən Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq müddətin bərpası üçün ehtimal olunan vərəsənin müəyyən olunmuş müddət ərzində mirası qəbul etməsini mümkün etməyən üzrlü səbəblərin müəyyən olunması vacibdir. Hazırki işə baxılarkən bu cür üzrlü səbəblər müəyyən olunmamışdır. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs miras əmlakı qəbul etmək üçün müddətin ötürülməsinin üzrlü səbəbləri kimi vərəsəlik hüququnun rəsmiləşdirilməsi zamanı gedən proseslərdən xəbərlərinin olmamasını göstərmişlər. Lakin bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı özü 2015-ci ildə vərəsəliyin rəsmiləşdirilməsi ilə bağlı bacısı (cavabdeh) ilə notariat kontoruna getdiyini təsdiqləmişdir. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi həmin mənzil 2019-cu ildə bacıları (iş üzrə cavabdeh olan V.Rusanova) tərəfindən satılanda notariat kontoruna sonuncuya məxsus mənzilin özgəninkiləşdirilməsinə razı olmaları ilə bağlı ərizələrini təqdim etmişdilər. Bu faktın özü də iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin vərəsəlik işi barədə məlumatlı olmasını sübut edir. Bu hallar, həmçinin də onu göstərir ki, onlar həmin mənzilin bacıları Viktoriya Rusanova tərəfindən vərəsə kimi qəbul olunmasına (və daha sonra satılmasına) etirazları olmamış və onlar hərəkətsizlik edərək öz vərəsəlik paylarından bacılarının xeyrinə faktiki olaraq imtina etmişdilər. Mənzilin satılmasından əldə olunacaq pul vəsaitinin onların üçünün arasında bərabər bölünməsi barədə onların arasında hər-hansı bir razılaşmanın olmasını təsdiq edə biləcək sübutlar isə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən məhkəməyə təqdim olunmamış və bu hal öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi vərəsəlik şəhadətnaməsinin ləğv olunması üçün əsaslar yoxdur. Mülki Məcəllənin 1273-1-ci maddəsində qanunverici təsbit etmişdir ki, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir; həmin Məcəllənin 1262-ci və 1263-cü maddələrinə görə isə, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Göründüyü kimi qanunverici, mirasdan imtina edən, habelə mirası qəbul və ya ondan imtina barədə iradəsini bəyan etməyən (susan) vərəsənin bu hərəkətinin hüquqi nəticəsini konkret tənzimləmişdir – belə vərəsənin payı digər vərəsələrin (mirası qəbul etmiş qanun və ya vəsiyyət üzrə vərəsələrin) payına əlavə edilir. Bu isə o deməkdir ki, iddiaçı və üçüncü şəxs atalarının mirasını qəbul edən vərəsələr kimi qiymətləndirilə bilməzlər və onların payı həmin mirası rəsmi qəbul etdiyi təsbit edilən digər qanun üzrə vərəsənin – Viktoriya Rusanova - payına əlavə olunmaqla əmlak vərəsəlik qaydasında tam şəkildə sonuncuya məxsus olmuşdur. Beləliklə, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbləri ilə bağlı irəli sürdükləri faktiki hallar, onların tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1194/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçılara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar