Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5798/2025 24.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə daxil olmağa yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-5423/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mərhum atasından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə daxil olmağına yaradılmış maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 5423/2025 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və fərqli əsaslar üzrə mübahisəyə dair məhkəmənin qətnaməsi mövcud olduğundan, iddiaçının iddia tələbini əsaslandırdığı hallara həmin məhkəmə qətnaməsində qiymət verildiyindən, iddiaçının hazırki tələbi maneənin aradan qaldırılması adlandırılmasına baxmayaraq, ərizəsində əsaslandığı kimi fərdi yaşayış evinə köçürülmə ilə mahiyyətcə eynilik təşkil etdiyindən məhkəmə mülki iş üzrə icraata xitam vermişdir. Halbuki, məhkəmə yanlış nəticəyə gəlmişdir. Belə ki, “evə köçürmə” və “maneələrin aradan qaldırılması” mahiyyətcə müxtəli mənalar ifadə edir. Belə ki, Azərbaycan dilinin izahlı lüğətində: !) mane [ma:ne] isim ərəb? Mane olmaq – əngəl olmaq, qarşısını almaq, bir işin icra olunmamasına səbəb olmaq. 2) köçürmək [köçürməx'] feil Birinin yaşayış yerini dəyişdirmək, bir yerdən başqa yerə daşındırmaq. Bir yerdən başqa yerə gətirmək, olduğu yeri dəyişmək, yerini dəyişmək. Göründüyü kimi, mane olmaq və köçürmək feilləri başqa başqa mənalar ifadə edir. Qeyd ediləlnlərə əsasən aydın olunur ki, məhkəmə normanı düzgün tətbiq etməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-5423/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 1-də yerləşən 5 saylı fərdi yaşayış evinə köçürülməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-2654/25 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı həmin evə daxil olmağına yaradılmış maneələrin aradan qaldırılmasını tələb edir. Həm əvvəlki (artıq mahiyyəti üzrə baxılmış və nəticələrinə dair qətnamə çıxarılmış), həm də hazırki iddia üzrə tərəflər və mübahisə predmeti eynidir. Hazırda iddiaçı mübahisəli evin atasından miras qaldığını, atası ilə anası boşandığı üçün kirayədə qalmağa məcbur olduğunu, atası rəhmətə gedəndən sonra yoldaşı və anası ilə birlikdə həmin evə qayıtmaq istədikdə, cavabdeh olan bacısının buna maneəçilik yaratdığını iddia edir və yaradılan maneələrin aradan qaldırılmasını tələb edir. Bu da öz növbəsində iddiaçının həmçinin, hazırki iddia üzrə də eyni əsaslardan çıxış etdiyini təsdiq edir. Hər bir halda, iddiaçı evə sadəcə olaraq daxil olmaq istəmir, həmin evdən istifadə etmək niyyətindədir. Məhz bu məsələdə maneə ilə üzləşdiyini iddia edərək, ilk iddiası üzrə evə köçürülməsini tələb etmişdir. Hazırda da həmin maneəyə istinad edir. Azərbaycan dilinin izahlı lüğətində verilmiş izah baxımından da iddiaçı hər iki halda evdən maneəsiz istifadə etmək, orada yaşamaq niyyətindədir. Onun evə köçürülməsi tələbinin rədd edilməsi də hazırki tələbinə baxılmasını istisna edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını nəzərə alıb, haqlı olaraq hazırki iş üzrə icraata xitam vermişdir. Bu səbəbdən İddiaçı şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-5423/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 5423/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5798/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5798/2025
24.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver