Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5799/2020 21.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "hesabdan silinmiş vəsaitin geri qaytarılması" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2033/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, hesabdan silinmiş vəsaitin geri qaytarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Laçın rayonu işğal olunduqdan sonra ailəsi ilə birlikdə Bakı şəhərində məşkunlaşmışdır. Bir müddət ailəsi ilə birlikdə müxtəlif ünvanlarda kirayə yaşadıqdan sonra xx.xx.2011-ci il tarixindən Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 2/A, mənzil 41 iddiaçının mülkiyyətindədir və iki övladı ilə birlikdə həmin ünvanda ünvan 3əcburi köçkün kimi qeydiyyatdadır. İddiaçı məcburi köçkün statusuna malik olduğu üçün bütün kommunal xərclərini 2017-ci il yanvar ayının birinə kimi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən ödənilirdi. Bütün kommunal xidmətlərin xərci 2017-ci il yanvar ayının 1-ə kimi bu formada ödənilib. Eyni zamanda, iddiaçı dövlət tərəfindən ona ayrılan istər su, qaz və ya işıq üçün kvotadan qənaətlə istifadə etmiş və hər dəfə ona ayrılmış kvotanın bir hissəsini ehtiyat saxlamağa çalışmışdır. Elektrik enerjisindən də qənaətlə istifadə etdiyinə görə 2016-cı il dekabr ayının sonunda “xxxxxxxx” ASC-nin təqdim etdiyi hesabda iddiaçının elektrik enerjisinə görə 740,21 manat vəsaiti var idi. 2017-ci ilin yanvar ayından məcburi köçkünlər üçün imtiyazlar ləğv edildikdən sonra “xxxxxx" ASC və “Azəriqaz” İB iddiaçının qənaət etdiyi hesablarından heç bir silinmə etmədilər. Lakin “xxxxxxxx” ASC dövlətin iddiaçıya ayırdığı və Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən elektrik enerjisinə görə iddiaçının hesabına köçürülmüş 740,21 manat pul vəsaitini qanunsuz olaraq hesabdan silmişdir. İddiaçı bununla əlaqədar bu illər ərzində “xxxxxxxx” ASC-yə və ondan sonra “Asan xidmət” mərkəzində fəaliyyət göstərən nümayəndələrinə bir neçə dəfə şifahi müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də problemi həll etmək üçün 18.12. 2019-cu il tarixli, M-749 saylı məktubla həmin vəsaitin geri qaytarılması xahişi ilə rəsmi qaydada “xxxxxxxx” ASC-yə müraciət etmişdir. Onlar tərəfindən cavablanmış xx.xx.2019-cu il tarixli, 1101/11 /M- 566/1/3604 saylı cavab məktubunda bildirdilər ki, təqdim edilmiş arayışlar əsasında adının Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin adlı siyahısında daxil edildiyi tarixdən etibarən yaşadığı mənzilin koduna (**********A0041) 1477.00 manat müavinət daxil edilmişdir. Cəmiyyətin kompyuter məlumat bazasında hər ay elektrik enerji sərfiyyatına görə ona dövlət tərəfindən ayrılmış məbləğ avtomat ödəniş sistemi ilə xx.xx.2016-cı ilə qədər həyata keçirilmişdir. Göstərilən 789,45 manat dəyərində kredit borcu elektrik enerjisindən istifadəyə görə məcburi köçkünlərə ayrılmış aylıq güzəştlə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 və 80 saylı qərarlarının icrasını dayandırılaraq “Dövlətqaçqınkom”la yekun hesablaşmanın aparılması məqsədi ilə informasiya bazasında sıfırlanmışdır. Göründüyü kimi iddiaçının qaldırdığı iddianın əsaslı olmasını təsdiq etmək üçün məhkəmənin sorğu göndərməsinə ehtiyacı qalmır. Onlar həqiqətən iddiaçının vəsaitinin sıfırladığını təsdiq edirlər. Göstərilənlərə əsasən cavabdeh “xxxxxxxx" ASC tərəfindən 2017-ci ilin əvvəlində iddiaçıya məxsus olmuş Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 2/A, mən. 41 saylı mənzilə aid hesabından silinmiş 740,21 manat vəsaitin geri qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2033/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2033/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində nəzərdə tutulmuş məbləği Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ödənilmişdir. Yəni tələb yeni güzəşt tələbi olmamış, iddiaçının abunə hesabından silinmiş məbləğin geri qaytarılmasıdır. İdidaçı tərəfindən cavabdehə ünvanlamış məktubda bildirilmişdir ki, “göstərilən 789.45 manat dəyərində kredit borcunuz elektrik enerjisindən istifadəyə görə məcburi köçkünlərə ayrılmış aylıq güzəştlə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 və 80 saylı qərarlarının icrası dayandırılaraq “qaçqınkom”la yekun hesablaşmanın aparılması məqsədilə informasiya bazasında sıfırlanmışdır”. Cavab məktubunda cavabdeh tərəfindən həqiqətən də məbləğin sıfırlanması qeyd edilmişdir. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və MPM 385, 217-Cİ maddələrinə istinad etmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmişlər VƏ iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının bərpa olunmasını istədiyi 740,21 manat enerji sərfiyyatı xx.xx.2016-cı ilədək məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəşt məbləğidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edilmişdir. Kollegiya işin hallarına və qeyd olunan maddələrin tələblərinə müvafiq olaraq qeyd edir ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün kommunal xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər xx.xx.2016-cı il tarixədək nəzərdə tutulmuşdur. İddia ərizəsinin və apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi, həmin tarixədək cavabdeh tərəfindən həmin güzəşt məbləğləri iddiaçının abunə hesabına daxil edilmişdir. Həmin kateqoriya şəxslər üçün dövlət büdcəsindən ödənişlər 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinətlə əvəz edildiyi üçün artıq iddiaçının abunə hesabına güzəşt məbləğləri daxil edilməli deyil və istifadə olunmuş elektrik enerjisinin haqqı ödənilməlidir. Belə olan halda, cavabdehin üzərinə silinən məbləğin geri qaytarılması öhdəliyinin qoyulması istisna edilir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2033/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5799/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5799/2020
21.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver