Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-58/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Alıcanlı-X1 ilə, İddiaçı “X21 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin qəbul etdiyi 2(011)-3589/2018 saylı 12 sentyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı “X21 Azərbaycan” QSC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə 28 aprel 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X21 Azərbaycan” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qismində tanınması və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05.10.2015-ci il tarixli qətnaməsi üzrə tutulmalı olan 1.307.215,22 manat kredit borcunun, 16,50 manat poçt xərclərinin və 30 manat dövlət rüsumunun Cavabdeh aid olunmaqla, müştərək qaydada ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3589/2018 saylı 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05.10.2015-ci il tarixli qətnaməsinə əsasən “xxxx” MMC-dən, X3 və X9 müştərək qaydada tutulmalı olan 1.185.104,49 manat əsas borc, 121.110,73 manat faiz borcu, 1000 manat cərimə borcu, cəmi 1.307.215,22 manat və 16,50 manat poçt xərcləri və 30 manat dövlət rüsumu, Cavabdeh “xxxx” MMC-dən aldığı miras payına mütənasib surətdə, yəni 23,328 pay sayına (1 ədədin nominal dəyəri 100 manat, cəmi 2332,80 manat) uyğun olaraq tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı “X21 Azərbaycan” QSC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X21 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Borisoviç ilə Bank arasında 23 aprel 2020-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış və həmin zaminlik müqaviləsinə əsasən Cavabdeh üzərinə qanunvericilikdə nəzərdə tutulmuş öhdəlikləri götürmüşdür. 01.03.2015-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 28.02.2015-ci il tarixdə vəfat etmişdir. Bu səbədən də iddiaçının cavabdehlər “xxxx” MMC-yə, X10, X8 və X12 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Cavabdeh Borisoviçə aid hissədə xitam verilmişdir. Belə ki, vəfat etmiş şəxsin vərəsəsinin qanunvericiliklə müəyyən edilib məhkəməyə cavabdeh qismində cəlb edilməsi ilə bağlı 18.08.2017-ci il tarixdə Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsinə məktub ünvanlanmış və müəyyən edilmişdir ki, mərhum X5 vərəsəsi “xxxx” MMC-də 23,328 paya sahib olan Cavabdehdir. Vasilko Vladimirin hüquqi varisi olan Cavabdeh iş üzrə cavabdeh şəxs kimi tanınmalı və Xətai rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05.10.2015-ci il tarixli qətnaməsinə əsasən ümumilikdə 1.307.215,22 manat məbləğində kredit borcu olmaqla, 16,50 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair cavabdehlərə bildirişlərin göndərilməsi üzrə poçt xərcləri və 30 manat dövlət rüsumu Cavabdeh aid edilərək, təmin edilmiş ümümi məbləğin digər cavabdehlərə (zaminlərə) aid olduğu kimi Cavabdeh də müştərək qaydada tutulmalıdır. Mübahisələndirilən qətnamədə hər payın nominal dəyəri 100 AZN, payın ümumi sayı 23,328 kimi qeyd edilsə də, nəticə etibarı ilə cəmi 2332.80 AZN kimi müəyyən edilmişdir. Məhkəmə əgər Cavabdeh “xxxx” MMC-də payını müəyyən etmək istəyirdisə, o zaman “xxxx” MMC-nin balans dəyərini müəyyən etməli və həmin balans dəyərinin nizamnamə kapitalına olan mütənasibliyi nisbətində Cavabdeh düşən düzgün payı müəyyən etməli idi. Qətnamə həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki baxımından qanusuz və əsassızdır. İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 32 saylı 23.04.2010-cu il tarixli kredit müqaviləsinə və 4 saylı əlavə razılaşmaya əsasən 29.08.2015-ci il tarixədək bank borclana illik 12 faiz olmaqla 1.269.390 manat məbləğində kredit vermişdir. Bank müqavilə üzrə öhdəliklərini tam icra etsə də, cavabdehlər kredit müqaviləsinin şərtlərini pozaraq ödənişləri mütəmadi olaraq gecikdirmişlər. Cavabdehlərə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, hətta kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliklər icra edilməmiş və bu günə kimi banka olan borc ödənilməmişdir. Qətnamə ilə 23,328 payın, yəni 2332,80 manat vəsaitin müəyyən edilərək Cavabdeh yalnız bu məbləğin tutulması ilə razı deyildir. İşə baxmış məhkəmə obyektiv həqiqəti müəyyən etmək üçün qeyd edilmiş hallara qiymət verməmiş, səbəblərini öyrənməmiş və aradan qaldırılması istiqamətində hər hansı tədbir görməmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qeyri- qanunidir. Qətnaməyə əsasən ondan 23,328 pay sayına borcun tutulması qət olunsa da, miras payın real bazar dəyəri müəyyənləşdirilməmiş, qətnamə qəbul edilərkən səhmlərin nominal dəyəri nəzərə alınmamış, bununla da məhkəmə tərəfindən işə birtərəfli yanaşılaraq qeyriqanuni qətnamə qəbul edilmişdir. Apellyasiya baxışı zamanı sonuncu dəfə 28 aprel 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında bu barədə lazımi qaydada məlumatlandırılmış tərəflər iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə prosesində iştirak etmiş iddiaçının nümayəndəsi X7 öz apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdi. Həmçinin cavabdehin nümayəndəsi və vəkili X13 öz apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, iddiaçının apellyasiya şikayətini isə qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı “X21 Azərbaycan” QSC-nin cavabdehlər “xxxx” MMC-yə, X8, X10 və X12 qarşı borc tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05.10.2015-ci il tarixli qərardadı ilə iş üzrə icraata X8 aid hissədə xitam verilməsi qərara alınmışdır. Eyni zamanda həmin tarixdə qəbul edilmiş qətnaməyə əsasən iddia qismən təmin edilərək, 1.185.104,49 manat məbləğində əsas borc, 121.110,73 manat faiz borcu, 1000 manat məbləğində cərimənin, cəmi 1.307.215,22 manat məbləğində kredit borcunun, 16,50 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına görə cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərclərinin və 30 manat dövlət rüsumunun “xxxx” MMC-dən, X4 və X9 müştərək qaydada tutularaq “X21 Azərbaycan” QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırki işdə iddiaçı “X21 Azərbaycan” QSC Cavabdeh qismində tanınmasını və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05.10.2015-ci il tarixli qətnaməsi üzrə tutulmalı olan 1.307.215,22 manat kredit borcunun, 16,50 manat poçt xərclərinin və 30 manat dövlət rüsumunun Cavabdeh aid olunmaqla, müştərək qaydada ondan da tutulmasını tələb edir. İş üzrə birinci instansiya məhkəməsi qanun üzrə vərəsəlik hüququ əsasında Cavabdeh 28.02.2015-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi olmasına, şəhadətnamə üzrə verilən mirasin “xxxx” MMC-də 1 ədədinin nominal dəyəri 100 manat olmaqla, cəmi 23,328 sayda paya sahib olmasına və buna görə də Cavabdeh aldığı payına mütənasib surətdə öhdəlik daşımasına istinad edərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05.10.2015-ci il tarixli qətnaməsinə əsasən “xxxx” MMC-dən, X4 və X9 müştərək qaydada tutulmalı olan 1.307.215,22 manat, 16,50 manat poçt xərcinin və 30 manat dövlət rüsumunun Cavabdeh “xxxx” MMC-dən aldığı miras payına mütənasib surətdə, yəni 23,328 pay sayına uyğun olaraq tutulması, iddianın qalan hissədə təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Əvvəla qeyd olunması zəruridir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinə uyğun qətnamə qəbul edərkən həmin tələbdə göstərilən məhkəmə aktının qanuni qüvvəyə minməsini gözləməmiş və həmin qətnamə ilə tutulmalı olan borc məbləğini, poçt xərcləri və dövlət rüsumunu hazırki iş üzrə cavabdeh kimi tanıdığı şəxsə- Cavabdeh onun aldığı miras payına mütənasib surətdə aid etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya baxışı zamanı iddiaçı “X21 Azərbaycan” QSC-nin cavabdehlər “xxxx” MMC-yə, X8, X10 və X12 qarşı borc tələbinə dair iddiası üzrə olan mülki işin nəticəsinin hazırki mülki işin həllinə birbaşa təsiri nəzərə alınaraq 2(103)-1232/2019 saylı 23 yanvar 2019-cu il tarixli qərardadla həmin mülki işə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iş üzrə icraat dayandırılmışdır. Sonradan müəyyən olunmuşdu ki, sözügedən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05.10.2015-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-137/2020 saylı 29 yanvar 2020ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Xətai rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05.10.2015-ci il tarixli qətnaməsinin faiz borcunun tutulması hissəsində dəyişdirilərək, faiz borcunun 76646.39 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Lakin həmin qətnamədən narazı qalan iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3864/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, cavabdehin kassasiya şikayətinin isə təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-137/2020 saylı 29 yanvar 2020-ci il tarixli qətnaməsinin dəyişdirilərək, faiz borcu məbləğinin 101.717,82 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. Qeyd olunan məhkəmə aktlarından müəyyən olunur ki, X11 “X21 Azərbaycan” QSC ilə “xxxx” MMC arasında bağlanmış 032 saylı 23.04.2010-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti 23.04.2010-cu il tarixli zaminlik müqaviləsinə əsasən üzərinə götürmüş və borcalanla birlikdə bank qarşısında birgə məsuliyyət daşımışdır. Lakin X11 28.02.2015-ci il tarixdə vəfat etmişdir. İşdə olan 31.08.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 28.02.2015-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi ünvan 1 ünvanında yaşayan oğlu Cavabdehdir. Şəhadətnamə verilən miras “xxxx” MMC-də 23,328 pay sayından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranı gecikdirməsi sayılır: Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04.06.2018-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab etmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Hazırki işdə tələb kredit münasibətlərində zamin durmuş şəxsin- X5 ölümü ilə bağlı onun vərəsəsi Cavabdeh yönəldiyi üçün məhkəmə kollegiyası yuxarıda göstərilən maddi hüquq normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04.06.2018-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyi baxımından hesab edir ki, zaminin ölümü ilə zaminliyə xitam verilməsi baş vermədiyindən və bu sübsidiar məsuliyyət mərhum zaminin vərəsəsinə keçdiyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 28.02.2015-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi oğlu Cavabdeh olmaqla, onun şəhadətnamə verilən mirası “xxxx” MMC-də 23,328 pay sayından ibarətdir. Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş vərəsəlik işinə aid olan sənədlərdən, o cümlədən “xxxx” MMC-nin nizamnaməsinin (ona edilmiş dəyişikliklərin) surətindən görünür ki, müəssisənin nizamnamə kapitalı 10000 manatdır və bu məbləğ hər biri 100 manat dəyərində olan 100 paya bölünmüşdür, 23,328 sayda pay Vasilko Vladimirə məxsus olmaqla, onun dəyəri 2332,80 manat göstərilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05.10.2015-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini almış hissələri, o cümlədən həmin qətnamənin faiz borcu ilə bağlı olan hissəsinin kassasiya qaydasında dəyişdirildiyi nəzərə alınaraq, yekun məhkəmə aktına əsasən “xxxx” MMC-dən, X4 və X9 müştərək qaydada tutulmalı olan 1.185.104,49 manat əsas borc, 101.717,82 manat faiz borcu, 1000 manat cərimə olmaqla, cəmi 1.287.822,31 manat pulun Cavabdeh aid olan hissəsi onun “xxxx” MMC-dən aldığı miras payına mütənasib surətdə, yəni 23,328 pay sayına uyğun olaraq 2332,80 manat (1 ədədin nominal dəyəri 100 manat olmaqla, cəmi 2332,80 manat) qismində müəyyən edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi “iddia tələbinin tam təmin edilməli olması, cavabdehdən 2332,80 manat pulun tutulması ilə razılaşmaması” barədə dəlillərini Mülki Məcəllənin 1306.1-ci maddəsinin tələbinə uyğun olaraq vərəsənin mirasdakı aktivdə olan payına mütənasib surətdə məsuliyyət daşıması səbəbindən əsassız sayır. Həmçinin qeyd olunanlarla bağlı məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi “miras payın real bazar dəyərinin müəyyənləşdirilməməsi, səhmlərin nominal dəyərinin nəzərə alınmaması” barədə dəlillərini də qəbul etmir və hesab edir ki, bu dəlillər iddia tələbinin tamamilə rədd olunması üçün əsas yaratmır. O ki qaldı birinci instansiya məhkəməsi tərəfindən sözügedən məhkəmə aktı ilə tutulmalı olan 16,50 manat poçt xərcləri və 30 manat dövlət rüsumunun da hazırki iş üzrə Cavabdeh aid edilməsinə, məhkəmə kollegiyası hesab edir ki, bu barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Bu baxımdan Kollegiya sözügedən mülki iş üzrə mərhum zamindən müştərək qaydada tutulmalı olan poçt xərci və dövlət rüsumunun həmin mülki işlə bağlı zaminin qanunla müəyyən olunan (MM-nin 472.2-ci maddəsinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin, kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır) və yalnız onun sağlığında qüvvədə olan, ölümü ilə də xitam verilən vəzifəsinə aid olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi istinad olunan məhkəmə aktı ilə tutulmalı olan poçt xərclərinin və dövlət rüsumunun hazırki iş üzrə cavabdeh olan şəxsdən- zaminin vərəsəsindən tutulması hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, iddia qismən təmin edilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05.10.2015-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini almış hissələri, o cümlədən həmin qətnamənin faiz borcu ilə bağlı olan hissəsinin kassasiya qaydasında dəyişdirildiyi nəzərə alınaraq, yekun məhkəmə aktına əsasən “xxxx” MMC-dən, X4 və X9 müştərək qaydada tutulmalı olan 1.185.104,49 manat əsas borc, 101.717,82 manat faiz borcu, 1000 manat cərimə olmaqla, cəmi 1.287.822,31 manat pulun Cavabdeh aid olan hissəsi onun “xxxx” MMC-dən aldığı miras payına mütənasib surətdə, yəni 23,328 pay sayına uyğun olaraq 2332,80 manat (1 ədədin nominal dəyəri 100 manat olmaqla, cəmi 2332,80 manat) qismində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli və hər iki apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumlarının məbləğləri apelyantlara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Hər iki apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3589/2018 saylı 12 sentyabr 2018ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05.10.2015-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini almış hissələri nəzərə alınaraq, yekun məhkəmə aktına əsasən “xxxx” MMC-dən, X4 və X9 müştərək qaydada tutulmalı olan 1.287.822,31 manat pul 2332,80 manat həddində müştərək qaydada Cavabdeh tutulsun. İddia qalan hissədə təmin edilməsin. Hər iki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyantların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-58/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-58/2021
28.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver