Məhkəmə qərarları › İş №2(103)-5801/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5801/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5801/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMCCavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.09.2018-ci il tarixli müqavilə üzrə 1536 manat ödənilməmiş hissə, 460 manat dəbbə pulu, 28.09.2018-ci il tarixli müqavilə üzrə 936 manat ödənilməmiş hissə, 214 manat dəbbə pulu, 25.08.2018-ci il tarixli müqavilə üzrə 827 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 4226 və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 4256 manat məbləğində pulun Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova, iş № 2(004)-3323/20) iddia qismən təmin olunaraq 28.09.2018-ci il tarixli müqavilə üzrə 1536 manat ödənilməmiş hissə və 80 manat dəbbə pulu, 28.09.2018ci il tarixli müqavilə üzrə 936 manat ödənilməmiş hissə və 40 manat dəbbə pulu, 25.08.2018-ci il tarixli müqavilə üzrə 827 manat ödənilməmiş hissə və 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 3439 (üç min dörd yüz otuz doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehin 28.09.2018-ci il, 28.09.2018-ci il və 25.08.2018-ci il tarixli müqavilələr üzrə 4226 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və borcunu ödəməmişdir. Cavabdehin ümumilikdə ödədiyi məbləğ 948 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, Adona Mobilya-Nado markalı künc divanı mebeli, Midea markalı soyuducu və telefon yararsız olduğundan “ABC Telecom MMC-nin əməkdaşları tərəfindən geri götürülmüşdür, lakin məhkəməyə müraciət olunarkən onlar qeyd olunmamışdır. Bununla bağlı 20.05.2020-ci il tarixdə məktub göndərilmişdir. Hesab edir ki, hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, təxminən 2019-cu ilin sonu, ya 2020-ci ilin əvvəllərində Adona Mobilya-Nado markalı künc divanı mebelini, Midea markalı soyuducunu və telefonu yararsız olduğundan “ABC Telecom MMC-yə qaytarmışdır. Lakin MMC telefonu onun özünə qaytarmış, digər əmlaklar isə MMC-də qalmışdır. Komputer və ikinci telefonu isə o, ümumiyyətlə götürməmişdir. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Əalvə olaraq bildirdi ki, həqiqətən də cavabdeh 2020-ci ilin fevral ayında Adona Mobilya-Nado markalı künc divanı mebelini, Midea markalı soyuducunu uzun müddət istifadə etdikdən sonra MMC-yə qaytarmışdır. Cavabdeh tərəfindən cüzi aylıq ödənişlər edilmiş, qalan məbləğ ödənilməmişdir. Borc hesablanarkən qaytarılan əmlakların dəyəri nəzərə alınmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirilmiş, iddiaçı iddianın təmin edilməyən hissəsini mübahisələndirməmişdir. Bu səbəbdən də qətnamə yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə, yəni iddianın təmin edilən hissəsində yoxlanılmışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.09.2020-ci il tarixli, 00313523 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən Samsung Galaxy J2 markalı telefon, 28.09.2018-ci il tarixli, 00313562 nömrəli nisyə alqısatqı müqaviləsinə əsasən “Adona Mobilya-Nado” markalı künc divan mebeli və 25.08.2018-ci il tarixli, 00265980 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kod **********49326 Samsung J2 markalı telefon və Midea markalı soyuducu Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 05.06.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 28.09.2020-ci il tarixli, 00313523 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1536 manat ödənilməmiş hissə, 460 manat cərimə borcu olmaqla, ümumilikdə 1996 manat, 28.09.2018-ci il tarixli, 00313562 nömrəli nisyə alqısatqı müqaviləsi üzrə 936 manat ödənilməmiş hissə, 214 manat cərimə borcu olmaqla, ümumilikdə 1150 manat, 25.08.2018-ci il tarixli, 00265980 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 827 manat ödənilməmiş hissə, 253 manat cərimə borcu olmaqla, ümumilikdə 1080 manat olmaqla cəmi 4226 manat məbləğində borcu vardır. İddiaçı həmin maliyyə arayışında göstərilən məbləğlərin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. İddianın təmin edilən hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1, 601.1 və s. maddələri ilə əsaslandırmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, o, ikinci telefon və kompüteri ümumiyyətlə götürməmiş, künc divanı və soyuducunu isə iddiaçıya qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh ikinci telefon və kompüteri ümumiyyətlə götürmədiyini bildirsə də, bu halı əsaslandıra bilməmişdir. Əksinə, iş materiallarında olan təhvil-təslim aktından məlum olur ki, cavabdeh həmin əşyaları müvafiq sənədlərə imza etməklə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası bununla yanaşı qeyd edir ki, həm iş materialları ilə, həm də iddiaçının nümayəndəsinin etirafı və təqdim etdiyi rəsmi sənədlərlə künc divanının və soyuducunun cavabdeh tərəfindən qaytarıldığı həqiqətən də təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, belə olan vəziyyətdə cavabdehdən tutulacaq məbləğ hesablanarkən künc divanının və soyuducunun cavabdeh tərəfindən 2020-ci ilin fevral ayında qaytarıldığı nəzərə alınmalı və müqavilə müddətinin sonuna qədər deyil, yalnız həmin vaxtadək ödənilməmiş aylıq ödənişlər tutulmalıdır. Həmçinin, qaytarılmış əmlakların qalıq dəyəri də tələb olunan məbləğdən çıxılmalıdır. İş materiallarından müəyyən olunur ki, cavabdeh iddiaçı ilə 3 müxtəlif müqavilə bağlamış, həmin müqavilələr əsasında iki ədəd telefon, bir ədəd kompüter, bir ədəd künc divanı və bir ədəd soyuducu almış, ödənişin müddəti və qaydaları müqavilələrlə tənzimlənmişdir. Cavabdeh tərəfindən nəzərdə tutulmuş qaydada ödənişlər aparılmamış və 28.02.2020-ci il tarixdə cavabdeh aldığı künc divanı və soyuducunu iddiaçıya qaytarmışdır. Bu barədə müvafiq akt tərtib edilmişdir. Soyuducu qaytarılan zaman 145 manat, künc divanına isə 624 manat dəyər müəyyən edilərək borc məbləğindən silinmişdir. İddiaçı tərəf tutulacaq məbləği bütün dövr üzrə hesablamışdır. Lakin, məhkəmə kollegiyası yuxarıdakı göstərilənlərə əsasən hesab edir ki, borc məbləği 28.02.2020-ci il tarixə qədər olan dövr üzrə hesablanmalıdır. Beləliklə, müəyyən edilmişdir ki, cavabdehin 00313523 saylı, 28.09.2018-ci il tarixli müqavilə üzrə 1536 manat, 00313562 saylı, 28.09.2018-ci il tarixli müqavilə üzrə 416 manat, 00265980 saylı, 25.08.2018-ci il tarixli müqavilə üzrə isə 682 manat əsas borcu mövcuddur. Məhkəmə Kollegiyası yuxarıda göstərilən birinci müqavilə üzrə 80 manat, ikinci müqavilə üzrə 40 manat, üçüncü müqavilə üzrə 20 manat dəbbə pulunun hedsablanmasını və tutulmasını ağlabatan hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərini əsassız sayır və qeyd edir ki, göstərilən hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə -“ 28.09.2018-ci il tarixli müqavilə üzrə 1536 manat əsas borc, 80 manat dəbbə pulu, 28.09.2018-ci il tarixli müqavilə üzrə 936 manat əsas borc, 40 manat dəbbə pulu, 25.08.2018-ci il tarixli müqavilə üzrə 827 manat əsas borc, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 3439 (üç min dörd yüz otuz doqquz) manat pulun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödəniləcək pul vəsaitinin məbləği 00313523 saylı, 28.09.2018-ci il tarixli müqavilə üzrə 1536 manat əsas, 80 manat dəbbə pulu, 00313562 saylı, 28.09.2018-ci il tarixli müqavilə üzrə 416 manat əsas, 40 manat dəbbə pulu, 00265980 saylı, 25.08.2018-ci il tarixli müqavilə üzrə 682 manat əsas, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 2774 (iki min yeddi yüz yetmiş dörd) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar