Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-581/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maneənin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs: "xxxx" MMC) maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-69/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qiyabi qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən 98 saylı mənzil İddiaçı, 97 saylı mənzil isə Cavabdeh mülkiyyətindədir. İddiaçı və cavabdehin mənzilləri binanın eyni mərtəbəsində, eyni pilləkan meydançasında yerləşir.
2. Hazırda iddiaçı cavabdeh tərəfindən onun mənzilinə bitişik layihədənkənar özbaşına tikili olduğunu iddia edərək inşa edilmiş tikilidən istifadəyə yaradılmış maneələrin kilidi açıq saxlamaqla aradan qaldırılması və tikilidən istifadəyə mane törədilməməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvandakı çoxmənzilli yaşayış binasının 98-ci mənzilinə bitişik inşa edilmiş tikilidən istifadəyə yaradılmış maneələrin kilidi açıq saxlamaqla aradan qaldırılması və tikilidən istifadəyə maneə törədilməməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, əvvəllər mənzildə yaşamamışdır. Lakin kommunal ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Mənzilə köçdükdən sonra binanın mərtəbələr üzrə layihəsində dəyişiklik aparılmasının və mənzilə bitişik olan yanğın çıxışının daşla hörülərək bağlandığının şahidi olmuşdur (iddiaçı mənzili alarkən həmin hissələrin layihə üzrə mövcudluğuna xüsusi önəm vermiş və layihədə hər mərtəbədə mənzillər üçün yanğın çıxışının olmasını bəyənmişdir). Bununla əlaqədar "xxxx" MMC-nin rəhbərliyinə müraciət etdikdə, qeyd olunan mübahisə predmeti olan sahənin qonşu mənzilin sahibi, yəni cavabdeh tərəfindən istifadə edildiyini bildirmişlər. Cavabdeh öz mənzilinə bitişik olan eyni sahəni boş saxlasa da iddiaçının mənzilinə bitişik sahəni zəbt edərək yanğın çıxışını mişar daşından hörməklə bağlamışdır.
5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-69/2022 saylı qətnaməsi ilə (hakim G.Əsədova) iddia tələbi rədd edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıya hər hansı bir maneənin yaradılması sübuta yetirilməmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyul 2022-ci il tarixli 10/2102 nömrəli ekspert rəyi ilə də sübuta yetirilmişdir.
7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 158.3, 178.1, 180.1, 180.2, 170.1, 170.2, 170.3, 170.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq hesab edir ki, qeyd edilən tikilinin qapısı iddiaçıya maneə yaratmır. Məhkəmə yanlış olaraq Mülki Məcəllənin 152.1-ci, 170.1-ci, 170.2-ci, 170.3-cü, 178.1-ci, 180.1-ci, 180.2-ci maddələrinə istinad edir. İddia tələbi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan tikilidən maneəsiz istifadə etmək üçün maneə yaradan cavabdehin üzərinə öhdəlik qoyulmasından ibarətdir. Nədənsə məhkəmə iddia tələbinə münasibət bildirmədən, cavabdehi mülkiyyətçi hesab edərək onun mülkiyyət hüquqlarının qorunması kimi qiymət verməyə çalışmışdır. İşdə olan ekspertiza rəyindən aydın olur ki, qeyd edilən tikili layihədə əks olunmamışdır. Cavabdehin həmin tikiliyə dair mülkiyyət hüquqları mövcud deyildir. Həmin tikili çoxmənzilli binanın sahə mülkiyyətçilərinə aiddir. Göründüyü kimi məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verə bilmədiyindən iddia rədd edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, qətnamədə də göstərildiyi kimi, iddiaçı və cavabdeh eyni mərtəbədə yaşamaqla qonşudurlar, eyni zamanda həmin mərtəbədə başqa mənzil və qonşu yoxdur. Mübahisəli sahəyə məhkəmə tərəfindən baxış keçirilərkən müəyyən olundu ki, İddiaçı mənzilinin qapısını təxminən 4-5 metr qabağa çəkməklə ümumi istifadədə olan sahəni zəbt etmişdir. Halbuki həmin zəbt olunan sahə İddiaçı 98 saylı mənzilinə heç bir aidiyyəti olmamaqla ümumi istifadədə olan sahədir. İddiaçı özü də məhkəmədə etiraf etdi ki, "xxxx" MMC-nin rəhbərliyinin razılığı ilə öz mənzilinin giriş qapısını bir neçə metr qabağa çəkmişdir. Beləliklə, iddiaçı özü cavabdehin mənzilinin qapısı ilə üzbəüz olan təxmini 5 kv.metr ümumi sahəni zəbt etməsini “qanuni” hesab etsə də, ona heç bir maneçilik törətməyən, gediş-gəlişə mane olmayan, onun mənzili ilə bitişik olmamaqla heç bir bağlılığı olmayan boş sahəyə "xxxx" MMC-nin rəhbərliyinin razılığı ilə qapı qoyan cavabdehin hərəkətini nədənsə qanunsuz hesab edir. Halbuki, Mənzil Məcəlləsinin 35.1 maddəsinə əsasən mənzillərin yerləşdiyi mərtəbədə olan yardımçı sahələr hər ikisinə məxsusdur. İddiaçının zəbt etdiyi dəhlizin sahəsi onu qapı qoyduğu yardımçı tikilinin sahəsindən çoxdur. İddiaçı hesab edir ki, onun qapı qoyduğu sahə guya özbaşına tikilidir, lahiyədə nəzərdə tutulmamışdır. Halbukı "xxxx" MMC-nin nümayəndəsinin məhkəmədə təqdim etdiyi binanın lahiyəsindən müəyyən edildi ki, həmin tikili və daha iki tikili lahiyədə nəzərdə tutulmaqla, gediş-gəlişin nəzərdə tutulduğu ümumi sahəyə-dəhlizə, meydançaya heç bir aidiyyəti yoxdur, bütün mərtəbələrdə mövcuddur və əksəriyyəti də sakinlər tərəfindən qapı qoyulmaqla istifadə olunmaqdadır. Onun qapı qoyduğu sahə isə iddiada qeyd olunduğunun əksinə olaraq nəinki iddiaçının mənzilinə bitişik deyil, hətta iddiaçının mənzili ilə heç bir əlaqəsi yoxdur, iddiaçının mənzilindən daha çox onun mənzilinə yaxındır və o, həmin sahədən "xxxx" MMC-nin rəhbərliyinin razılığı ilə istifadə edir. Həm də o, həmin sahəni istifadə etməyə başlayanda iddiaçı faktiki olaraq başqa ünvanda yaşamışdır. Hazırda yaşadıqları mərtəbədə boş olan başqa yardımçı sahənin olmasına baxmayaraq, iddiaçı həmin sahədən istifadə etmək istəmir və hər bir vasitə ilə onun istifadə etdiyi sahəni əvvəl özbaşına tikili adlandıraraq sökülməsini istəyirdi, son məhkəmə iclasında isə iddia tələbini dəyişdirərək guya onun mənzilinə bitişik inşa edilmiş tikilidən istifadəyə yaradılmış maneələrin kilidi açıq saxlamaqla aradan qaldırılması və tikilidən istifadəyə mane törədilməməsi öhdəliyinin onun-Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
14. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğv edilərək iddianın təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
21. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun.
22. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
23. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
24. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
25. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
26. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
27. Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin.
28. Maddə 170.4. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
33. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. Hazırkı iş üzrə iddiaçının tələbi cavabdeh tərəfindən onun mənzilinə bitişik inşa edilmiş tikilidən istifadəyə yaradılmış maneələrin kilidi açıq saxlamaqla aradan qaldırılması və tikilidən istifadəyə mane törədilməməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir.
35. İddiaçı tələbini cavabdehin onun mənzilinə bitişik sahəni zəbt edərək yanğın çıxışını mişar daşından hörməklə bağladığı ilə əsaslandırmış və tələbin qanuni əsası kimi Mülki Məcəllənin 180-ci maddəsinə istinad etmişdir.
36. Cavabdeh isə iddianı qəbul etməyərək qapı qoyduğu sahənin iddiaçının mənzilinə bitişik olmadığı, hətta iddiaçının mənzili ilə heç bir əlaqəsinin olmadığı, iddiaçının mənzilindən daha çox onun mənzilinə yaxın olduğu, həmin sahədən "xxxx" MMC-nin rəhbərliyinin razılığı ilə istifadə etdiyini, əksinə iddiaçının özünün mənzilinin qapısını təxminən 4-5 metr qabağa çəkməklə ümumi istifadədə olan sahəni zəbt etdiyini bildirir.
37. Üçüncü şəxs "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi də birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında MMC-nin şifahi razılığı əsasında həmin sahənin uzun müddətdir ki, cavabdehin istifadəsində olduğunu, sahənin özbaşına tikili olmadığını və binanın 2004-cü il tarixli layihəsində öz əksini tapdığını bildirmişdir.
38. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli ünvana yerli baxış keçirilmiş, mübahisə olunan sahənin qapısının pilləkən tərəfdən qoyulduğu və onun iddiaçıya məxsus mənzilə giriş-çıxışa mane olmadığı müəyyən olunmuşdur. Yerli baxış zamanı həmçinin iddiaçının özünə məxsus mənzilin qapısını təxminən 4-5 metr qabağa çəkdiyi müəyyən edilmişdir.
39. Həmçinin, Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyul 2022-ci il tarixli 10/2102 nömrəli rəyi ilə mübahisə edilən sahənin (tikili anbar) tərəflərin ümümi istifadəsində olan pilləkan qəfəsinin ərazisində yerləşdiyi və həmin sahənin 98 saylı mənzilin giriş çıxışına və mənzildən istifadəsinə maneəçilik törətmədiyi müəyyən edilmişdir.
40. Göstərilənlərlə müəyyən edilir ki, cavabdehin istifadə etdiyi sahə iddiaçının bildirdiyi kimi, yanğın çıxışı kimi nəzərdə tutulmamışdır və bina sakinlərinin, o cümlədən iddiaçının öz mənzillərindən sərbəst şəkildə istifadə etmələrinə, pilləkan və lift vasitəsilə mənzillərinə gedib-gəlmələrinə hər hansı şəkildə mane olmur.
41. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı mübahisəli tikilinin ümumi istifadədə olduğunu, lakin cavabdeh tərəfindən kilid qoyularaq iddiaçının istifadəsinə maneə yaratdığını bildirir. Bir sözlə iddiaçı tikilidən hazırkı şəkildə istifadənin onun hüquqlarını pozduğunu, bu səbəbdən də həmin sahənin ümumi istifadəyə qaytarılmasini və bununla bağlı yaradılan maneələrin aradan qaldırılmalı olduğunu iddia edir.
42. Lakin iddiaçı mövcud tikilidən cavabdeh tərəfindən hazırkı şəkildə istifadənin onun hansı hüquq və mənafelərini pozduğunu əsaslandıra bilməmişdir.
43. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
44. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
45. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
46. Bundan başqa, iddiaçının nümayəndəsinin məhkəmə iclası zamanı verdiyi izahatdan görünür ki, hazırkı mübahisənin yaranmasına səbəb eyni mərtəbədə yaşayan iddiaçı və cavabdeh arasında pilləkan qəfəsindəki boşluq sahələrindən istifadə etmələri ilə bağlı ümumi razılıq əldə edə bilməmələri olmuşdur.
47. Belə ki, iddiaçının bildirdiyinə görə, mübahisəli sahə cavabdehin deyil, onların mənzilinə bitişik yerləşir. Həmin blokda olan digər mərtəbələrdə qeyd edilən sahələr məhz onların bitişik yerləşdiyi mənzil sahibləri tərəfindən istifadə edilməkdədir və onlar tərəfindən öz mənzillərinə qatılmışdır. Lakin cavabdeh öz mənzilinə bitişik olmayan bu sahəni istifadə etməklə, digər mərtəbələrdə olduğu kimi, iddiaçının bu sahədən yararlanmasına mane olur. İddiaçı ilə cavabdeh arasında bununla bağlı əvvəlcə razılıq olmuş və cavabdeh həmin sahəni iddiaçıya təhvil verməyə razılaşmış, hətta iddiaçı bunun müqabilində həmin mərtəbədə onun mənzilinə bitişik digər boşluq sahəni cavabdehin istifadə etməsi üçün MTK-ya pul ödəyərək əldə etmiş, lakin sonradan cavabdeh fikrini dəyişərək bundan imtina etmişdir.
48. Göründüyü kimi, iddiaçının mübahisəli sahə ilə bağlı ilkin niyyəti həmin sahədən özünün istifadə etməsi olmuş, hətta bununla bağlı cavabdehlə aralarında raqızılıq da əldə etmişlər. Lakin bu razılıq pozulduqdan və həmin sahəni əldə edə bilmədikdən sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
49. Həmçinin işdə olan ekspert rəyi, yerində müayinə və tərəflərin izahatları əsasında müəyyən olunur ki, iddiaçı özü də dəhlizə doğru mənzilinin qapısını təxminən 4-5 metr qabağa çəkməklə ümumi istifadədə olan pilləkan meydançasının bir hissəsini zəbt etmişdir.
50. Sadalanan halları nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə müraciət edərək cavabdehin faktiki istifadəsində və sahibliyində olan sahədən onun istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılmasını tələb etməsi qanunla ona verilən hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
51. Halbuki, Mülki Məcəllənin əlaqəli normalarına əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar (maddə 5.3). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5). Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir (maddə 152.6). Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1).
52. Yuxarıda göstərilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, işə baxmış birinci instansiya məhkəməsi iddia ərizəsini rədd etməklə düzgün nəticəyə gəlmişdir.
53. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
54. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları əsassız hesab edir.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qətetdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-69/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.