Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5810/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1451/2024 nömrəli 20 avqust 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında bir mərtəbəli evin 2-ci mərtəbəsində qanunsuz tikintinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 20 avqust 2024-cü il tarixdə cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsi və cavabdeh İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1451/2024 nömrəli 20 avqust 2024cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin 02 sentyabr 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 156-cı maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsini məhkəməyə gec təqdim etməklə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə ki, hazırkı mülki iş məhkəməyə 08 dekabr 2023-cü il tarixdə daxil olmuş, cavabdehə iddia ərizəsinin surəti göndərilmişdir. Cavabdehin iddiadan məlumatlı olması işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh 29 dekabr 2023-cü il tarixdə məhkəməyə yazılı etiraz ünvanlamış, 09 yanvar 2024-cü il tarixli məhkəmə iclasında da iştirak etmişdir. Hazırkı qarşılıqlı iddia ərizəsi isə 20 avqust 2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. İşdən görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, icraata qəbul edilmiş, xx.xx.2023-cü il tarixli bildirişlə cavabdehə göndərilmişdir, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edilmişdir. Həmin tarixdən etibarən məhkəmə araşdırması davam edir, müvafiq prosessual hərəkətlər edilmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş, həmin tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir, buna baxmayaraq qarşılıqlı iddia ərizəsi ilə xeyli sonra müraciət edilmişdir, qarşılıqlı iddianın verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1451/2024 nömrəli 20 avqust 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5810/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5810/2024
07.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver