Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5813/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı LPO Cavabdeh1 ASC-nə və Cavabdeh2 qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qərardadından LPO Cavabdeh1 ASC-nin nümayəndəsi tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO Cavabdeh1 ASC-nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Sonata” markalı avtomobil üçün LA/01 saylı 07 iyun 2018-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi əsasında 31 ay ödədiyi ümumilkdə 18 349 manatın Cavabdeh1 ASC-dən, 10 200 manat pul vəsaitinin isə Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, LA/01 saylı 07.06.2018-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi əsasında əldə olunmuş “Hyundai Sonata” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin işə mahiyyəti üzrə baxılanadək cavabdehə və üçüncü şəxsə özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmənin 08 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur. Həmin qərardaddan LPO Cavabdeh1 ASC-nin nümayəndəsi şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini məhkəmənin əsassız olaraq mübahisə predmeti olmayan avtomobilin üzərinə həbs qoyması arqumenti ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin 04 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Bu mənada nəzərə almaq lazımdır ki, hazırki iddianın predmeti kifayət qədər böyük məbləğ təşkil edən pul tələbindən ibarətdir, yəni, iddianın mümkün təmin edilməsi halında cavabdehlər iddiaçıya pul ödəməli olacaqdır. İddianın predmeti bilavasitə sözügedən əmlak olmasa da, iddiaçı cavabdehlərdən tələb etdiyi pulu məhz həmin avtomobilə görə ödədiyini iddia etməkdədir. Buna görə də kollegiya hesab edir ki, mübahisələndirilən qərardad qətnamənin icrasının təmin edilməsinə yönəlmişdir, bu isə iddianı təmin etmə tədbirlərinin məqsədi ilə həmin tədbirlərin tətbiqinin zəruriliyi meyarlarına uyğun hesab edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3273/2021 saylı iş üzrə 08 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5813/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5813/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver