Məhkəmə qərarları › İş №2(103)-5817/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5817/2025

03.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5817/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı SOCAR-ın İddiaçı (Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5817/2025 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, iddiaya cavab verməli olmayan şəxs) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı (Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)- 81/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 03 dekabr 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistiral neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-yerüstü neft kəmərinin 2,5-ci kmdə, kəmərdən təxminən 15 metr aralı məsafədə mühafizə zonaları daxilində ünvan 1 ünvanında, Cavabdeh məxsus fərdi yaşayış evinin mülkiyyətçinin hüquqlarını pozulmaqla inşa edildiyindən, sonuncunun hesabına sökülərək ərazidən çıxarılması tələb olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyükşor Dş-500 mm-lik yerüstü magistiral neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-yerüstü neft kəmərinin 2,5-ci km-də, kəmərdən təxminən 15 metr aralı məsafədə mühafizə zonaları daxilində ünvan 1 ünvanında, Cavabdeh məxsus fərdi yaşayış evi və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H Z37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistiral neft kəmərinə birləşən Bibiheybət Dş- 300 mm-yerüstü neft kəmərinin 2,5-cü km-də, kəmərdən təxminən 15 metr aralı məsafədə mühafizə zonaları daxilində ünvan 1 ünvanında, Cavabdeh məxsusfərdi yaşayış evi və hasar tikilisi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-81/2025 saylı qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 217.2, 217.3, 217.4, 218.1, 218.3-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir.

9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

10. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

11. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

12. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

13. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

16. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

19. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

20. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin yenidən təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

25. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş, iddianın təmin edilməmə əsasını düzgün müəyyənləşdirməmişdir və buna görə də, onun gəldiyi nəticəni qanuni və əsaslı hesab edilmir.

26. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

27. Belə ki, iş materiallarına əlavə edilmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanda yerləşən 355 nömrəli fərdi yaşayış evi xx.xx.2005-ci il tarixdən Cavabdeh və X4 adına qeydiyyatdan keçmişdir.

28. Göründüyü kimi hazırda iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi işə cəlb edilən X7 ilə Cavabdeh, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanda yerləşən 355 nömrəli fərdi yaşayış evinin birgə paylı mülkiyyətçiləridirlər.

29. Lakin iddiaçı mühafizə zolağında tikilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanda yerləşən 355 nömrəli fərdi yaşayış evinin sökülməsi ilə bağlı tələbini birbaşa olaraq yalnız Cavabdeh yönəltmişdir. Halbuki sözügedən tikili təkcə cavabdehin deyil, eləcə də üçüncü şəxs kimi işə cəlb olunmuş X4 mülkiyyətində olduğu işin mübahisə olunmayan halıdır. Nəzərə aldıqda ki, mübahisəli fərdi yaşayış evi üzərində X7 və Cavabdeh bərabər hüquq və mənafelərə malikdir və evin sökülüb-sökülməməsi məsələsi ilə bağlı qərarın nəticəsi nə olurolsun yalnız bir mülkiyyətçiyə münasibətdə işə baxılması mümkün olmadığından iddia tələbi hər iki şəxsə qarşı irəli sürülməli idi.

30. İşə birinci instansiya məhkəməsində baxılarkən isə iddiaçı tərəfindən başqa cavabdehin cəlb olunması və ya üçüncü şəxsin cavabdehlə əvəz olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır.

31. Buna görə də mübahisəli əmlakın mülkiyyətçilərindən biri iddiaçı tərəfindən cavabdeh kimi cəlb olunmadığından, mühafizə zolağında yerləşən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanda yerləşən 355 nömrəli fərdi yaşayış evinin mülkiyyətçinin hesabına sökülməsi barədə tələbinə dair iddianın əsaslı olub-olmaması baxımından mahiyyəti üzrə qiymət verilə bilməz.

32. Buna baxmayaraq birinci instansiya məhkəməsi tələbə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə malik olan şəxsin cəlb edilmədiyi iddia tələbinə iddianın mahiyyəti üzrə əsaslılığı baxımından qiymət verərək iddianı rədd etmişdir. Halbuki nəzərə alınmalıdır ki, MPM-in 50.3-cü maddəsinə müvafiq olaraq, iş üzrə cavabdehlər məhz iddia tələbinin yönəldiyi şəxslər hesab olunduğundan tələbə cavab verilməli olan şəxsin üçüncü şəxs kimi cəlb olunması da müvafiq tələbə iddianın mahiyyəti üzrə əsaslılığı baxımından qiymətləndirilməsinə imkan vermir.

33. O cümlədən kollegiya qeyd edir ki, iddianın dairəsi düzgün müəyyənləşdirilməyən cavabdehə qarşı verilməsi əsası ilə rədd olunması həmin iddiaçının əsl cavabdehlərə qarşı eyni tələblə məhkəmədə iddia qaldırmaq hüququnu aradan qaldırmır və verilmiş tələbin mahiyyəti üzrə əsaslı olub-olmadığı barədə məsələyə məhz həmin iddia tələbi çərçivəsində hüquqi qiymət verilə bilər.

34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi iddia ona cavab verməli olan şəxs cavabdeh kimi cəlb edilmədən verildiyi üçün rədd edilməlidir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

36. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

38. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

39. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 387, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-81/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı SOCAR-ın İddiaçı (Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun məbləğləri onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar