Məhkəmə qərarları › İş №2(103)-5818/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5818/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5818/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh1 MMC-nə və “xxxxxxxx (Azərbaycan)” ASC-nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və mülkiyyət hüququnun bərpası” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-nə və “xxxxxxxx” ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2019-cu il tarixdə ona Yasamal rayon icra və probasiya şöbəsindən “Cavabdeh1" MMC nin xx xxxxxx 2018-ci il tarixli protokolunun daxil olduğunu, icra şöbəsi ilə əlaqə yaradaraq bunun nə məsələ olduğunu soruşduğu zaman ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi 671 saylı evin 1 saylı mənzilinin hərrac vasitəsilə satıldığının və oranı boşaltmalı olduğunun bildirildiyini, həmin hərrac prosessləri barədə heç bir məlumat almadığını, bu səbəblə Cavabdeh1 MMC-yə xx.xx.2019 cu il tarixdə rəsmi qaydada müraciət edərək mənzilinin hərracdan satılması ilə əlaqədar sənədləri əldə etdiyini, sənədlərlə tanış olduğu zaman hüquq və qanuni mənafeləri kobud sürətdə pozulduğunu müəyyən etdiyini bildirmiş, buna görə də Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi 67 D saylı evin 1 saylı mənzilinin hərrac vasitsəilə satışı ilə əlaqədar keçirilmiş hərracın, o cümlədən xx xxxxxx 2018-ci il tarixli “Hərracın yekunları barədə protokol”un etibarsız sayılması, “xxxxxxxx” ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi, həmin əmlak üzərində mülkiyyət hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğvini və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edən iddiaçı şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi hüquq normalarını pozduğunu və sübutlara düzgün qiymət vermədiyini irəli sürmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəməyə gəlməmiş, cavabdeh təşkilat və iddiaçının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərdiyi Yasamal rayon icra və probasiya şöbəsi, habelə Əmlak Məsələri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi isə nümayəndəsini göndərməmişdir. İşin halları və şikayətə toplanmış materiallar əsasında baxılmasının mümkünlüyü də nəzərə alınmaqla işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı, hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürmüş, iddiasının faktiki əsası kimi hərracın ona məlumat verilmədən keçirildiyinə istinad etmişdir. İşin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə “xxxxxxxx (Azərbaycan)” ASC-nin İddiaçı qarşı iddia tələbləri qismən təmin edilərək bankla İddiaçı arasında bağlanmış 136121-CNS-11956 saylı xx.xx.2014-cü il tarixli “Girovlu istehlak krediti müqaviləsi”nin ləğv edilməsi, 62 659,27 ABŞ dolları əsas, 10 138,25 ABŞ dolları faiz və 903,25 ABŞ dolları məbləğində cərimə borcunun, yəni cəmi 73 700,77 ABŞ dollarının və məhkəmə xərcinə görə 60 manatın İddiaçı tutularaq banka ödənilməsi, xarici valyuta ilə ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması, tutmanın İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsi ev 67D, 1 saylı mənzilə yönəldilərək həmin mənzilin açıq hərracdan satılması və onun dəyərindən cəmi 73 700,77 ABŞ dollarının və məhkəmə xərcinə görə 60 manatın banka ödənilməsi, mənzilin ilkin satış qiymətinin 150 000 manat müəyyən edilməsi, iddia tələbinin İddiaçı və onun ailə üzvlərinin mənzildən çıxarılması və həmin mənzilin məcburi qaydada boşaldılması hissəsində rədd edilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə bankın apellyasiya şikayəti təmin edilərək qətnamə qismən - bankın iddiasının təmin edilməmiş hissəsində ləğv olunmaqla həmin hissədə yeni qətnamə qəbul edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsi ev 67D, mənzil 1-ə tutma yönəldildikdən və satıldıqdan sonra İddiaçı və onun ailə üzvü X1 mənzili könüllü surətdə tərk etmədikdə 1 ay ərzində həmin mənzildən çıxarılmaları, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmış, apellyasiya instansiyasının aktı Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından göründüyü və birinci instansiya məhkəməsinin də müəyyən etdiyi kimi, Cavabdeh1 MMC,Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin sifarişi əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin icrası istiqamətində hərrac proseduruna başlamış və ilkin satış qiyməti 150 000 manat müəyyənləşdirilmiş mənzil xx xxxxxx 2018-ci il tarixdə 95 625 manata tələbkara (“xxxxxxxx (Azərbaycan)” ASC) satılmışdır. İş materiallarından görünür ki, Cavabdeh1 MMC tərəfindən əmlakın ilkin satış qiyməti və hərracın keçirilmə vaxtı və yeri göstərilməklə xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixli bildirişlər iddiaçıya göndərilməklə onun tərəfindən qəbul edilmiş, “Kaspi” qəzetinin xx.xx.2018-ci il tarixli buraxılışında mənzilin ilkin satış qiyməti 150 000 manat olmaqla xx.xx.2019-cu il tarixdə hərraca çıxarılacağı barədə hərracın keçiriləcəyi yer göstərilərək məlumat dərc edilmiş, 14-xx xxxx 2018-ci il tarixli buraxılışında isə ilkin hərracda satılmadığı göstərilməklə mənzilin 127 500 manat qiymətlə xx.xx.2018-ci il tarixdə təkrar hərraca çıxarılacağı barədə elan verilmiş, əmlak təkrar hərracda da satılmadığından təkrar hərracdakı satış qiymətindn 25% aşağı qiymətlə tələbkara (banka) verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, mənzilinin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-290/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar