Məhkəmə qərarları › İş №2(103)-5818/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5818/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5818/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3286/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbi barədə iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ilə cavabdeh "Meqa-Siti Holdinq” MMC arasında bağlanmış 189 saylı 04 mart 2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən 1 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 91.4 kv. metr olan, 2 (iki) otaqdan ibarət 92 №-li mənzili mənzilin iddiaçıya təhvil verilməsinə, onun mülkiyyətində olan həmin mənzilin istifadəsinə cavabdeh tərəfindən olunan əsassız maneələrə son qoyulmasını və idddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3286/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan iddiaçı şikayət verərək, onun ləğv edilməsini, işin məhkəmə icraatına qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh "X5" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan STQ, Mərdəkan qəsəbəsi, ev 3/623-dür. İddiaçı ilə cavabdeh "Meqa-Siti Holdinq” MMC arasında bağlanmış 189 saylı 04 mart 2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən 1 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 91.4 kv. metr olan, 2 (iki) otaqdan ibarət 92 №-li mənzili mənzilin iddiaçıya təhvil verilməsinə, onun mülkiyyətində olan həmin mənzilin istifadəsinə cavabdeh tərəfindən olunan əsassız maneələrə son qoyulmasını xahiş etmişdir. Cavabdehin hüuqi ünvanı Xəzər rayonu olduğundan hesab edir ki, məhkəmə aidiyyəti düzgün müəyyən olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3286/2024 saylı, xx.xx.2024-cü il tarixlisaylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək qərardad ləğv edilməli və iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən öz mövqeyini mülki prosessual qanunvericiliyin müstəsna aidiyyatla bağlı normaları ilə əsaslandıraraq sözügedən mənzilin Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşməsi səbəbindən aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə müraciət edilməli olduğunu qeyd etmişdir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə isə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən normalarını hazırki iddia tələbinin mahiyyətinə uyğun tətbiq etməmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi cavabdehlə aralarında bağlanmış 189 saylı 04 mart 2016-cı il tarixli müqavilədən irəli gələn öhdəliklərin icra edilməməsi ilə bağlıdır və bu zaman həmin müqavilənin predmetinin daşınmaz əmlak olması işə həmin əmlakın olduğu yerdə baxılmalı olması anlamına gəlməməlidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarında göstərilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən mövqeyindən də göründüyü kimi, iddia tələbinin hər hansı bir ünsürünün daşınmaz əmlakla bağlı olması onun müstəsna aidiyyat normalarına uyğun baxılması ilə nəticələnməməlidir. Beləliklə, yuxarıda da qeyd edildiyi kimi hazırda tərəflər arasındakı mübahisə də müqavilə üzrə öhdəliklərin icra edilməməsindən qaynaqlandığından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır və işə cavabdeh hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3286/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həllinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar