Məhkəmə qərarları › İş №2(103)-5829/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5829/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5829/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-235/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat baxaraq müəyyən etdi : İddiaçı cavabdeh "Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı "sığorta ödənişinin ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2023-cü il tarixli **********68-10301 saylı daşınmaz əmlakın icbari sığortası müqaviləsi əsasında sığortalanmış Xızı rayonu Yarımça kəndində yerləşən ümumi sahəsi 97.5 kv.m olan fərdi yaşayış evin təmir-tikinti üçün 15 000 (on beş min) manat, xx.xx.2023-cü il tarixli **********58-10301 saylı daşınmaz əmlakın icbari sığortası müqaviləsi əsasında sığortalanmış Xızı rayonu Yarımça kəndində yerləşən ümumi sahəsi 43,4 kv.m olan fərdi yaşayış evin bərpası üçün 36.000 (otuz altı min) manat məbləğində maddi ziyanın alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-235/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "sığorta ödənişinin həyata keçirilməsi tələbinə dair" iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-235/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə şikayətin verilmə müddətinin bərpasına dair ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-235/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-235/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının səbəbləri üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(006)-235/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-235/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 235/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-235/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının səbəblərinin üzrlü hesab edilərək buraxılmış müddətin bərpa edilməsi qərara alınmışdır. Aşağıdakılara əsasən qərardadı əsassız hesab edirlər, xx.xx.2025-ci il tarixli 2(006)-235/2025 saylı qətnamə xx.xx.2025-ci il tarixində elektron kabinetə yüklənmişdir. İddiaçı bu qətnamədən apellyasiya şikayətini xx.xx.2025-ci il tarixində təqdim etmişdir. Bununla apellyasiya şikayətinin verilməsi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360cı maddəsi ilə nəzərdə tutulmuş 1 ay müddətini tam tükətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-4049/2025 saylı qərardadına əsasən qanunvericiliklə müəyyən olunmuş miqdarda dövlət rüsumu ödənilməmiş, bu səbəbdən apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Məlumdur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsində apellyasiya şikayətinə dair tələblər sadalanmışdır və dövlət rüsumunun tam ödənilməsi həmin tələblərdən biridir. Yəni dövlət rüsumu ödənilmədikdə və ya natamam ödənildikdə apellyasiya şikayəti verilməmiş hesab olunur. Nəticə etibarı ilə İddiaçı apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 ay müddətini ötürmüşdür. Bununla kifayətlənməyərək İddiaçı dövlət rüsumunu apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bitməsindən də 1 aydan çox müddətin keçməsindən sonra tamamlamışdır. Göründüyü kimi müddətin buraxılması hər hansı bir üzrlü səbəb ilə əlaqəli deyildir. Gostərilənləri nəzərə alaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 235/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-235/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-235/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya şikayətin dəlilinə münasibətdə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-235/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə İddiaçı elektron kabinetinə yüklənmiş, həmin qətnamədən ilk dəfə verilmiş apellyasiya şikayəti isə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Həmçinin qeyd olunur ki, qətnamədən şikayət üçün nəzərdə tutulmuş 1 ay müddət 08 iyun tarixi bazar gününə təsadüf etmiş, sonrakı 09 iyun tarixində isə Qurban bayramı ilə əlaqədar iş günü hesab edilməmişdir. İddiaçı isə növbəti iş günü olan xx.xx.2025-ci il tarixində apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Mübahisələndirilən qətnamədən şikayət növbəti dəfə dövlət rüsumu ödənilməklə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-235/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəni təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-235/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-235/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanısın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar