Məhkəmə qərarları › İş №2(103)-583/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-583/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-583/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(005)-3440/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən borclu olduğu məbləği uzun illər ödəməyərək gecikdirdiyinə görə illik 5 faiz hesablanmaqla ümumilikdə 16200 ABŞ dolları və dəymiş maddi zərərə görə 55000 ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 24.12.2015-ci il tarixli borc müqaviləsinə əsasən, cavabdehə 24.03.2016-cı il tarixədək ödəmək şərti ilə 54000 ABŞ dolları məbləğində borc vermişdir. Cavabdeh uuzn müddət borcu ödəməkdən yayındığına görə “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Nərimanov Rayon Məhkəməsinin 18.09.2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən 54000 ABŞ dolları tutularaq ona ödənilməsi qət edilmiş, 25.10.2017-ci il tarixli icra vərəqəsi ilə qətnamə icraya yönəldilmişdir. 10.03.2021-ci il tarixli bank hesabından çıxarışdan da göründüyü kimi, cavabdeh ona yalnız 10850 manat məbləğində (6373 ABŞ dolları) pul ödəmiş, hazırda 47627 ABŞ dolları borcu qalmışdır. Cavabdeh ona məxsus olan pul vəsaitini 6 il müddətində qanunsuz olaraq özündə saxlamışdır. Belə ki, borc müqaviləsinə əsasən, cavabdeh 24.03.2016-cı il tarixinə qədər ona olan borcunu tam ödəməli idi. Buna baxmayaraq, hətta cavabdehdən pulun tutulmasına dair məhkəmənin qanuni hüquqi qüvvəyə minmiş qətnaməsi olsa belə, o buna məhəl qoymamışdır. Açıq-aşkar görünür ki, cavabdeh qanunsuz olaraq ona məxsus olan pul məbləğini uzun müddət özündə saxlamış və bundan faydalanmışdır. Bu səbəbdən də, cavabdeh ona borcu gecikdirdiyi hər ilə görə 5% məbləğində - hər il üçün 2700 ABŞ dolları olmaqla, ümumilikdə 16200 ABŞ dolları ödəməlidir. Bundan başqa, iddiaçı həmin pula özünə daşınmaz əmlak almaq fikrində olmuşdur. Lakin, cavabdeh ona cəmi 10850 manat (6373 ABŞ dolları) ödəniş etdiyi üçün, bu istəyinin həyata keçirilməsi qeyri-mümkündür. Məlumdur ki, hazırda daşınmaz əmlak bazarında mənzillərin qiyməti iki dəfədən də çox yüksəlmişdir. 2016-cı ildə bir kvadrat metri 1000 manat olan mənzili hal-hazırda yalnız 1 kvadrat metrinə görə 2000 manat ödəniş etməklə almaq olar. 2016-cı ildə almalı olduğu mənzil üçün hazırda ikiqat ödəniş etməli olacaq. Bu isə onun əlavə vəsait xərcləməyi ilə nəticələnir. Göründüyü kimi, cavabdehin ödəniş etməməsi ona maddi zərərin dəyməsi ilə nəticələnmiş, hesab edir ki, ona 55000 ABŞ dolları məbləğində maddi zərər dəymişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(005)- 3440/2021 saylı qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin olunmamışdır. İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunda əsaslandırmışdır. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi maddi zərərlə bağlı sübut təqdim olunmamasını əsas göstərsə də, iddia tələbini digər hissədə yəni, illik 5 faiz hesablanmaqla 16200 ABŞ dolları pulun tutulması hissədə nəyə görə rədd etməsini əsaslandıra bilməmişdir. Halbuki, həmin hissədə tələb hüququ qanunvericiliyin tələblərindən irəli gəlir. Cavabdeh uzun müddətdir ki, borc aldığı 54000 ABŞ dolları pulu qaytarmır və belə olan halda gecikdirilmiş vaxt üçün ən azından illik beş faiz ödəməyə borcludur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, iddia həmin hissədə təmin olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehə 24 mart 2016-cı il tarixədək qaytarmaq şərti ilə 54000 ABŞ dolları məbləğində pul vəsaitinin borc verilməsi, öhdəliyin sonuncu tərəfindən yerinə yetirilməməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən 54000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pulun tutularaq iddiaçıya verilməsinin qət olunması, qətnamənin qanuni qüvvəsini alaraq icraya yönəldilməsi işin mübahisə olunmayan hallarıdır. İddiaçı hazırki tələbində – cavabdeh tərəfindən müvafiq pul vəsaitinin hələ də ödənilməməsini (icra vaxtı qismən, yəni 10850 manat pul ödənilmişdir ki, həmin məbləğ məzənnə üzrə 6373 ABŞ dolları təşkil etmişdir), bu səbəbdən də ona 55000 ABŞ dolları məbləğində maddi ziyan dəyməsini, eyni zamanda cavabdehin borcun ödənilməsini gecikdirdiyi hər ilə görə 5% məbləğində (hər il üçün 2700 ABŞ dolları), ümumilikdə isə 16200 ABŞ dolları pul ödəməli olmasını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar aşağıdakılardır: 1) iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub-olmaması, cavabdehin hüquqazidd (müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, pul vəsaitini tam qaytarmaması) hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının pozulması; 2) əgər yuxarıda göstərilən hallar mövcuddursa, iddianın əsaslı olması, iddiaçıya ziyanın vurulub-vurulmaması, onların arasında olan səbəbli əlaqə, həmçinin iddiaçıya məhz iddia tələbində göstərilən məbləğdə ziyan vurulmasının sübuta yetirib-yetirilməməsi və s. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edir. Məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi qanunla ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından göründüyü kimi cavabdeh tərəfindən müvafiq borc (kredit) müqaviləsi üzrə öhdəliklər pozulmuş, bu hal qanuni qüvvədə olan məhkəmə qərarı ilə də müəyyən olunmuşdur. Eyni zamanda, işdə olan digər sənədlərdən (icra məmurunun məlumatları və s.) görünür ki, qətnamə cavabdeh tərəfindən hazırki vaxtadək də tam icra olunmamış, pul vəsaiti iddiaçıya qaytarılmamışdır. Bütün bu hallar isə iddiaçıya hazırki tələblərlə məhkəməyə müraciət etməyə subyektiv hüquqlar yaradır. Belə olan halda isə yoxlanılmalı olan növbəti məsələlər iddia tələblərinin sübutetmə yükü baxımından əsaslı olub-olmamasıdır. Birinci instansiya məhkəməsi iddia tələblərini rədd edərkən göstərmişdir ki, hazırki mübahisədə ona zərərin (əldən çıxmış fayda və ya real zərərin) dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan əldən çıxmış faydanın və real zərərin nədən ibarət olmasını, daha əvvəllər də adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlərinin olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, yəni 16200 ABŞ dolları məbləğində əldən çıxmış fayda və 55000 ABŞ dolları məbləğində real zərərə məruz qaldığını qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir hala dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə kollegiyası iddianın - 55000 ABŞ dolları məbləğində maddi ziyanın tutulması hissədə rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, iddiaçı ona maddi zərər dəyməsini sübut etmək yükünü daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İddiaçı qeyd edilən hissədə tələbini onunla əsaslandırmışdır ki, o, borc verdiyi həmin pula özünə daşınmaz əmlak almaq fikrində olmuşdur. Lakin, cavabdeh pulu tam qaytarmadığından bu istəyinin həyata keçirə bilməmişdir. Hazırda daşınmaz əmlak bazarında mənzillərin qiyməti iki dəfədən də çox yüksəlmişdir. 2016-cı ildə bir kvadrat metri 1000 manat olan mənzili hal-hazırda 2000 manat ödəniş etməklə almaq olar. 2016-cı ildə almalı olduğu mənzil üçün hazırda ikiqat ödəniş etməli olacaqdır. Hesab edir ki, cavabdehin ödəniş etməməsi nəticəsində ona 55000 ABŞ dolları məbləğində maddi zərər dəymişdir. Göründüyü kimi, iddiaçı 55000 ABŞ dolları maddi zərərin əsası kimi özünə ev almaq niyyətinin olmasını, cavabdeh tərəfindən pulun qaytarılmasının gecikdirilməsi nəticəsində bu istəyini vaxtında həyata keçirə bilməməsini, daşınmaz əmlakın dəyərinin artmasını, nəticədə ona maddi ziyan dəyməsini göstərmişdir. Halbuki, qeyd edilən halların mövcudluğu ilə bağlı iddiaçı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, şəxsi mülahizələrdən çıxış etmişdir. Maddi ziyanla bağlı tələb isə ehtimallara və mülahizələrə əsaslanmaqla təmin oluna bilməz. Maddi ziyan tələb edən şəxs bununla bağlı məhkəməyə mötəbər sübutlar (əsaslı şübhədən kənar) təqdim etmək vəzifəsini daşıyır. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır, əks halda iddia özü-özlüyündə əsassızdır. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Eyni zamanda iddiaçının izahatı da iddianın qeyd edilən hissədə əsaslı olmasını ehtiva edə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı digər hissədə rədd etməkdə haqlı olmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, qətnaməni həmin hissədə əsaslandırmamışdır. Məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, eyni zamanda iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. Lakin konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. Buna görə də formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, işini faktiki halları və qanunvericiliyin qeyd edilən tələblərindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqeyindən göründüyü kimi, cavabdeh tərəfindən kredit (borc) müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəliyini icra etmədiyindən iddiaçı MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçının qeyd edilən tələb hüququ bilavasitə qanundan irəli gəldiyindən, kredit müqaviləsində belə bir şərtin nəzərdə tutulması imperativ xarakter daşımır. Eyni zamanda, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini pozmaqla, bunun qanundan (MM-nin 445.7-ci maddəsi) irəli gələn nəticəsi ilə də razılaşmış olur. İşdə olan Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 26 noyabr 2021-ci il tarixli məktubundan (həmçinin ona əlavə olunmuş icra icraatı ilə bağlı sənədlərdən) görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən, Cavabdeh 54000 ABŞ dolları pul tutularaq İddiaçı verilməlidir. İcra sənədi üzrə 30 oktyabr 2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Borclu icra sənədini könüllü qaydada icra etmədiyi üçün məcburi icra hərəkətlərinə başlanılmış, borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmış, məhkəmə qərarına əsasən İXM-nin 528.1-ci maddəsinə əsasən bir neçə dəfə inzibati qaydada həbs olunmuş, cərimə edilmiş, həmçinin Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2019-cu il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən 1 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ali Məhkəmənin 25 sentyabr 2019-cu il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının müddəti 1 il 03 aya endirilmişdir. Borclu müxtəlif tarixlərlə (hesabdan çıxarışda ödəniş tarixləri dəqiq göstərilmişdir) 12050 manat və 27 may 2021-ci il tarixdə isə nağd şəkildə 500 manat, ümumilikdə 12550 manat pul ödəmişdir. İşdə olan ekspertiza rəyindən (Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2022-ci il tarixli, 9/9542 saylı rəyi) görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, həmçinin işdə olan hesabdan çıxarış məlumatlarına əsasən, 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi 24 mart 2016-cı il tarixdən 21 iyun 2021-ci il tarixədək, ödənişlər nəzərə alınmaqla illik 5 faiz dərəcəsi ilə hesablanmaqla cavabdehin iddiaçıya olan borcu 13687,47 ABŞ dolları müəyyən olunur. Eksperti həmçinin qeyd etmişdir ki, 30 iyun 2021-ci il tarixdən 27 avqust 2021-ci il tarixədək ümumilikdə 558,24 ABŞ dolları (1000 manat) məbləğində ödəniş aparılmışdır. Lakin, iddiaçıya olan borc məbləği 21 iyun 2021-ci il tarixə (iddia verilən tarixə) hesablandığından həmin tarixdən sonrakı ödəniş nəzərə alınmadı. Göründüyü kimi iddia qeyd edilən hissədə qismən əsaslıdır, bu səbəbdən də 13687,47 ABŞ dolları hissədə təmin olunmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsi isə qeyd edilən hissədə əsassız olmaqla, işin həqiqi hallarına uyğun əsaslandırılmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu səbəbdən də, qətnamə MPM-nin 3851.1-ci maddəsinə əsasən həmin hissədə qanuni və əsaslı sayıla bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdehdən 16200 ABŞ dolları pulun tutulmasının təmin olunmaması hissəsində ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi 24 mart 2016-cı il tarixdən 21 iyun 2021-ci il tarixədək (iddia verilən tarixədək) illik 5 faiz dərəcəsi ilə hesablanmaqla 13687,47 ABŞ dolları pul vəsaiti tutulmalı, qətnamə qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 50 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(005)-3440/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(005)-3440/2021 saylı qətnaməsi qismən, yəni cavabdehdən 16200 ABŞ dolları pulun tutulmasının təmin olunmaması hissəsində ləğv olunsun, iddia həmin hissədə qismən təmin olunsun. Cavabdeh Cavabdeh İddiaçı xeyrinə 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi 24 mart 2016-cı il tarixdən 21 iyun 2021-ci il tarixədək (iddia verilən tarixədək) gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz təşkil edən 13687,47 (on üç min altı yüz səksən yeddi ABŞ dolları, qırx yeddi sent) ABŞ dolları pul vəsaiti (ödənildiyi anda Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) tutulsun. Qətnamə apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci Cavabdeh aid edilsin. Cavabdehdən 50 (əlli) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar