Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5832/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (“X4” və Binəqədi rayonu X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (“X4” və Binəqədi rayonu X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qanunsuz tikilinin sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 2(001)- 121/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 31 avqust 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 kv.metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alğı-satqı yolu ilə mülkiyyətinə ayrılması barədə X3 sədrinin xx.xx.2007-ci il tarixli, 1121 saylı sərəncamı verilmişdir. İddiaçı tərəfindən xx.xx.2007-ci il tarixli kassa mədaxil orderi ilə bələdiyyəyə 528 manat ödəniş edilmişdir. İddiaçıya ayrılmış torpaq sahəsinin eskizi tərtib olunaraq, bələdiyyə sədri tərəfindən təsdiq edilmişdir.
2. X3 sədrinin xx.xx.2005-ci il tarixli, 161911 saylı sərəncamı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 300 kv.metr boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh alğı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Bələdiyyə ilə Cavabdeh arasında torpaqların alğı-satqısına dair akt tərtib olunmuş və bələdiyyənin mütəxəssisi tərəfindən torpaq sahəsinin planı tərtib edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsində özbaşına və qanunsuz tikililərin sökülməsi, orada təmir və tamamlama işlərinin dayandırılması və özbaşına zəbt edilmiş torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, X3ndən 13 iyul 2007-ci il tarixdə alğı-satqı yolu ilə Binəqədi qəsəbəsi ərazisindən 300 kv.metr torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi X3 sədrinin 13 iyul 2007-ci il tarixli 1121 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin onun mülkiyyətinə verilməsi Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, "Bələdiyyələrin statusu haqqında" Qanunun 16-cı maddəsinin 3-cü, 4-cü bəndlərinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun, bir sözlə bütün hüquqi prosedur qaydalarına əməl edilməklə Binəqədi rayon İcra Hakimiyyətinin razılığına, X1 Nizamnaməsinə uyğun olaraq sənədləşdirilmişdir. Sərəncamda göstərilmişdir ki, ayrılmış ərazidə kommunikasiya xətlərini gözləmək şərti ilə binanın eskizi rayon memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra fərdi yaşayış evi tikmək olar. Torpaq sahəsinin qanuni mülkiyyətçisi və sahibidir. 2019-cu ilin sentyabr ayının əvvəlində cavabdeh tərəfindən onun mülkiyyətində olan həmin torpaq sahəsi, əlavə olaraq bələdiyyə torpağından da təxminən 100 kv.metr torpaq sahəsi özbaşına zəbt edilərək yüksək gərginlikli elektrik xətti altında eyni vaxtda 3 evin tikintisinə başlanmışdır. Qonşuların torpaq sahəsinin ona məxsus olmasını demələrinə baxmayaraq, cavabdeh tikintini davam etdirmişdir. Qonşular bu barədə telefonla ona məlumat verdikdən sonra oraya gedib torpağa aid sənədləri göstərməklə həmin torpaq sahəsinin qanuni sənədlərlə ona məxsus olduğunu deməsinə baxmayaraq, cavabdeh tikintini davam etdirmişdir. Onun mülkiyyətində olan torpaq sahəsində özbaşına qanunsuz fərdi yaşayış evləri tikilərkən cavabdeh heç bir inşaat norma və qaydalarına əməl etməmiş, qanunları kobud şəkildə pozmuşdur.
5. Tərəflərin təqdim etdiyi sənədlərdə göstərilən torpaq sahələrinin üst-üstə düşməsini, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsində tikinti işləri aparmasını və mübahisəli torpağın hansı kateqoriya torpaq sahəsinə aid olmasının müəyyən etmək üçün birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunmuşdur.
6. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı və Cavabdeh ayrılmış torpaq sahələrinin sxemlərində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, İddiaçı ayrılmış torpaq sahəsi ilə Cavabdeh ayrılmış torpaq sahəsinin hal-hazırda üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı və Cavabdeh ayrılmış torpaq sahələrinin sxemlərində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, Bakı şəhəri Binəqədi rayonu X1 13 iyul 2007-ci il tarixli, 1121 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m. torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Ölçülən mübahisəli ərazi dövlət mülkiyyəti olub, sənaye təyinatlı torpaq kateqoriyasına aiddir.
7. Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyində göstərilir ki, mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman iş materiallarında olan X3 tərəfindən tərtib edilmiş “Vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin eskizi” və “Vətəndaş Cavabdeh təklif olunan torpaq sahəsinin planı” (səh.38; səh.66) sənədlərində göstərilən yollar, yaşayış evlərinin yerləşdiyi ərazilər, elektrik xətləri, Elektrostansiya, Beton zavodu, avtopark və s. mübahisəli torpaq sahəsi ilə naturada müqayisə olunarkən müəyyən olunmuşdur ki, iş materiallarında olan (səh.38) sxemdə göstərilən İddiaçı ayrılmış torpaq sahəsi mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi ilə uyğun gəlir. Mübahisəli torpaq sahəsi faktiki olaraq Cavabdeh istifadəsindədir, lakin həmin torpaq sahəsi mülki iş materiallarında olan “Vətəndaş Cavabdeh təklif olunan torpaq sahəsinin planı” sənədində göstərilən ərazi ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən ölçülən mübahisəli ərazi Dövlət mülkiyyətində olub, sənaye təyinatlı torpaq kateqoriyasına aiddir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-121/2021 saylı iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova) iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi və iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərcinin İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki iş üzrə onun mübahisəli yaşayış sahəsinin, yaxud onun yerləşdiyi torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsini təsdiq edən heç bir sübut mövcud deyil.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.3, 139.1, 157.2, 158.1, 158.2, 158.4, 164.1, 164.2, 166.3-cü, Mülki Prossesual Məcəllənin 4.1, 14.2, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apelyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apelyasiya şikayətində göstərilmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəyində göstərilmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyə tərəfindən onun mülkiyyətinə verilmiş torpaq sahəsidir. Cavabdehin təqdim etdiyi sxemdə göstərilən torpaq sahəsinə uyğun gəlmir. Əmlak məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin verdiyi mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçı ilə cavabdehə ayrılmış torpaq sahələrinin üst-üstə düşməsini müəyyən etmək olmur. Məhkəmə konkret olaraq torpaq sahəsinin kimə məxsus olması sualını qoyub cavab almaq əvəzinə heç bir əhəmiyyəti olmayan mütəxəssis rəyi almışdır. Torpaq sahəsinin üstüstə düşməməsi onun iddiaçıya məxsus olmasını inkar etmir. Amma Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəydən görünür ki, mübahisəli torpaq sahəsi cavabdehin təqdim etdiyi sxemdə göstərilən torpaq sahəsi deyil. Yəni o, onun mülkiyyətində olan torpaq sahəsini özbaşına tutmuşdur. Məhkəmə mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətinə məxsus olması qərarına gəlmiş, qanunsuz verilmiş sərəncamların ləğvi, özbaşına tutulmuş torpaq sahəsindən cavabdehin çıxarılması, özbaşına tikilinin sökülməsi barədə qətnaməsində bir kəlmə də yazmayaraq özbaşına tutulmuş torpaq sahəsinin, özbaşına tikilinin cavabdehdə qalmasını təmin etmişdir. İki il sürən məhkəmə başa çatana qədər cavabdeh onun mülkiyyətinə verilmiş torpaq sahəsindən əlavə 60 kv.m torpaq sahəsini də özbaşına tutaraq, eyni zamanda mübahisəli torpaq sahəsində üç ev tikərək satmışdır. Məhkəmə qətnaməsində göstərilmişdir ki, onun iddia vermək üçün subyektiv hüququ yoxdur. “Daşınmaz əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bələdiyyə qərarı daşınmaz əmlakın qeydə alınması üçün əsasdır. Məhkəmə bələdiyyənin sərəncamları ləğv edilmədən onun iddiasını təmin etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən iddia müddəti on ildir. Torpaq sahəsi isə 14 ildir ki, onun mülkiyyətinə verilib. Odur ki, həmin torpaq sahəsi ondan geri tələb edilə bilməz. Məhkəmə mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən kimə verilməsinə qiymət verməmişdir. Həmçinin onun məhkəmədə qanuni şəkildə verdiyi vəsatətlərin heç biri araşdırılmamışdır. Belə ki, vəsatət versə də, məhkəmə bələdiyyənin əməkdaşlarını dəvət edib sonradan həmin ərazinin bələdiyyə mülkiyyətinə verilib-verilməməsini, ümumiyyətlə həmin torpaq sahəsinin cavabdehə aid olub-olmamasını, cavabdehin təqdim etdiyi sənəddə göstərilən torpaq sahəsinin harada yerləşməsini də aydınlaşdırmamışdır. Hətta ekspert qarşısında da bu barədə sual qoymamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
v)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-710/2022 nömrəli 09 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul edilmiş, iddianın təmin edilməsi, xx.xx.2007-ci il tarixli Binəqədi rayonu X1 sərəncamına əsasən İddiaçı ayrılmış Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 kv.metr torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi, təmir və tamamlama işlərinin dayandırılması və Cavabdeh həmin torpaq sahəsindən çıxarılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi, birinci instansiya məhkəməsinin baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pulun Cavabdeh alınıb dövlət büdcəsinin hesabına köçürülməsi qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Məmmədov X2 Zakir Nuru oğluna Binəqədi qəsəbəsi ərazisindən istifadəsində olan 300 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsindən istifadə etməklə tikili inşa etmişdir ki, bununla da iddiaçının ona xx.xx.2007-ci il tarixli Binəqədi rayonu X1 sərəncamı ilə ayrılmış torpaq sahəsindən istifadə etməsinə maneəçilik yaratmışdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı aparılmasa da həmin torpaq sahəsi məhz xx.xx.2007-ci il tarixli Binəqədi rayonu X1 sərəncamı ilə iddiaçıya alğı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır ki, həmin akt Mülki Məcəllənin 139- 1.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi baxışı zamanı Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş ekspert rəyindən həmçinin mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olub, sənaye təyinatlı torpaq kateqoriyasına aid olması göstərilsə də, hazırki vəziyyətdə həmin hal mübahisə edilmir, belə ki, iddiaçı ona qüvvədə olan sərəncamla ayrılmış torpaq sahəsinə dair mübahisə qaldırmışdır və həmin mübahisə fiziki şəxslər arasında olmuşdur ki, həmin halın mövcudluğu hazırki vəziyyətdə iddia tələbinin təmin edilməməsi üçün əsas olmamışdır.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139- 1.1.1, 158.1, 158.2, 158.4-cü, Mülki Prossesual Məcəllənin 49.3, 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
c)Kassasiya instansiya məhkəməsindəki icraat
19. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-3371/2022 saylı 14 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər İ.Ə.Şəfiyev (məruzəçi), V.T.Həsənov və Ə.A.Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-710/2022 nömrəli 09 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
21. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının subyektiv hüquqları ilə bağlı qeyd etmişdir ki, «mübahisəli torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı aparılmasa da həmin torpaq sahəsi məhz xx.xx.2007-ci il tarixli Binəqədi rayonu X1 sərəncamı ilə iddiaçıya alğı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır ki, həmin akt Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.» Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur. Burada bəhs olunan bələdiyyə aktı, “Bələdiyyələrin statusu haqqında” qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyətə verilməsi barədə bələdiyyə qərarıdır. Bələdiyyənin bu qərarı ümumi yığıncağın qərarıdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia etdiyi torpaq sahəsinin yerinin müəyyən edilməsi zamanı iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə istinad etmişdır. Həmin rəydə mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman iş materiallarında olan X3 tərəfindən tərtib edilmiş “Vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin eskizi” və “Vətəndaş Cavabdeh təklif olunan torpaq sahəsinin planı”na istinad olunmuşdur.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin ekspert rəyinə əsasən gəldiyi bu nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. İddiaçıya verilmiş torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün mötəbər sənəd rayon (şəhər) icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri tərəfindən tərtib olunmuş yerin planı və ölçüsü sənədi ola bilərdi. Lakin iş materiallarında bu cür sənəd yoxdur və ekspert yalnız bələdiyyə sədri tərəfindən təsdiq edilmiş torpaq sahəsinin eskizi əsasında araşdırma aparmışdır.
23. Həmçinin göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyi əsasında birmənalı olaraq iddia olunan torpaq sahəsinin dövlət mülkiyyətində olub, sənaye təyinatlı torpaq kateqoriyasına aid olduğunu müəyyən etməsinə baxmayaraq, iddianı təmin etmişdir. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində hüququn yaranması üçün bu torpaq sahəsinin verilməsi barədə bələdiyyənin qərarı, habelə tərəflər arasında müqavilənin bağlanması zəruridir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.2-ci maddəsi). Lakin işdə iddiaçıya münasibətdə bu cür əsaslar yoxdur.
Proses iştirakçılarının izahatı
24. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
25. Məhkəmə iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
26. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
28. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun
31. Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.
32. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
33. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyə qədər olan redaksiyada).
"Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə
34. . 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
35. 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir.
36. 15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.
37. 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət verilə bilər.
38. 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir.
39. 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (22 və 23-cü bəndlər 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişiklikdən sonra yeni redaksiyada verilmişdir).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
46. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
49. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.
50. Yalnız müvafiq subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.
52. İddiaçının mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin hər hansı hüquqla ona məxsus olduğu müəyyən edilməmişdir. Onun mübahisəli yaşayış sahəsinin, yaxud onun yerləşdiyi torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsini təsdiq edən heç bir sübut mövcud deyil.
53. İddiaçıya verilmiş torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün mötəbər sənəd rayon (şəhər) icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri tərəfindən tərtib olunmuş yerin planı və ölçüsü sənədi ola bilərdi. Lakin iş materiallarında bu cür sənəd yoxdur.
54. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində hüququn yaranması üçün bu torpaq sahəsinin verilməsi barədə bələdiyyənin qərarı, habelə tərəflər arasında müqavilənin bağlanması zəruridir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.2-ci maddəsi). Lakin işdə iddiaçıya münasibətdə bu cür əsaslar yoxdur. Torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyənin qərar verməsi və bələdiyyə ilə iddiaçı arasında alğı-satqı müqaviləsinin bağlanması müəyyən olunmur (bu sənədlər iddiaçı tərəfindən təqdim olunmamışdır).
55. Nəhayət, aparılmış ekspertiza tədqiqatı nətcəsində müəyyən olunmuşdur ki, mübahisəli ərazi dövlət mülkiyyətində olmaqla, sənaye təyinatlı torpaqlara aiddir və bələdiyyənin həmin torpaq sahəsi barədə sərancam vermək səlahiyyəti olmamışdır.
56. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-121/2021 saylı iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.