Məhkəmə qərarları › İş №2(103)-5833/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5833/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5833/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2866/2024 nömrəli 30 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 29 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 29 oktyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərara əsasən Cavabdeh1 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə sosial şəbəkədə 240 baş xırdabuynuzlu heyvanın satıldığı elanla rastlaşmışdır. O, həmin elanda olan telefon nömrəsi ilə əlaqə saxlamışdır. Ona məlum olmuşdur ki, X2 onun 20 ildir tanıdığı şəxsdir. X5 qəsəbəsində görüşmüşlər, 240 baş qoyunu Yulədlə 40000 manata razılaşıb və pulunu 2 ay müddətinə verəcəyini bildirmişdir. Bundan sonra o, heyvanları maşınla yaşadığı Zığ qəsəbəsində yerləşən fermasına aparmışdır. Heyvanlar zəif olduğu üçün onları biraz kökəldib satmağa başlamışdır. Bir neçə aydan sonra o, Yulədə 10000 manat pul vermiş, sonradan heyvanları sata bilmədiyi üçün Yulədə bildirmişdir ki, pulu verə bilmir, heyvanları qaytarır. Bundan sonra Yuləd gəlib onun fermasından 16500 manat dəyərində qoyunları aparmışdır. Qalan heyvanları X3 vermiş sonuncu vədinə əməl etməyərək onun verdiyi heyvanları satmış və borclanmışdır. O bu barədə Nəsimi rayon məhkəməsinə müraciət etmiş hakim Günay Abidovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində uğur qazanmış, Ramin Manafovdan 90000 manat pulun tutulması barədə qəbul edilmiş qərar icraya yönəlmişdir. Həmçinin o, heyvanları satıb xeyir götürmək məqsədi ilə alsa da ziyana getmişdir.

2. Eyni zamanda iş üzrə izahatı alınmış Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunda izahat vermişdir.

3. Cavabdeh2 Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-yə təqdim etdiyi izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə sosial şəbəkədə 240 baş xırdabuynuzlu heyvanın satıldığı elanla atası rastlaşmışdır. O, həmin elanda olan telefon nömrəsi ilə əlaqə saxlamışdır. Ona məlum olmuşdur ki, X2 onun uzun illərdir tanıdığı şəxsdir. Bundan sonra heyvanları maşınla yaşadığı Zığ qəsəbəsində yerləşən fermasına aparmışdır. Lakin həmin vaxtdan sonra Ramin Manafov onları aldatmış, 90000 manatlıq qoyunu alaraq aparmışdır. Amma buna baxmayaraq 10000 manat pul, 16500 manatlıq qoyun qaytarmışdırlar. Hazırda qalan 13500 manat borcu qaytaracaqlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 13500 manat məbləğində pulun və ödənilmiş 131 manat məbləğində dövlət rüsumunun, 300 manat məbləğində hüquqi yardım pulunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, o, Bakı şəhəri Sabunçu Kürdəxanı qəsəbəsində yaşayır. Heyvan saxlayıb satmaqla ailəni dolandırır. 2022-ci il iyun ayında özünə məxsus 240 baş xırdabuynuzlu (qoyun, quzu) heyvanı satmaq üçün sosial şəbəkədə elan yerləşdirmiş, bir gün sonra Cavabdeh1 ona zəng edərək elanda göstərdiyi qoyunları almaq istədiyini bildirmişdir. 240 baş xırdabuynuzlu heyvanın qiyməti 40000 manat dəyərində olmuşdur. Təxminən bir neçə saat sonra cavabdehlər onun yaşadığı ünvana gələrək bildirdilər ki, 240 baş xırdabuynuzlu heyvanı alırlar. Lakin pulu 2 aydan sonra ödəyəcəklər. O isə razılaşmışdır. Sövdələşmənin ertəsi günü cavabdehlər Qazel markalı yük avtomobili ilə həyətinə gəlib bir neçə dəfə olmaqla heyvanları aparmışlar. Təxminən beş aydan sonra cavabdehlər sövdələşdiyi 40000 manat pulun 10000 manatını ona verdilər. Lakin qalan məbləği verə bilmədikləri üçün 16500 manat dəyərində qoyun qaytardılar. Lakin cavabdehlər heyvanların dəyərini təşkil edən 13500 manat pulu qaytarmadılar. O, dəfələrlə cavabdehlərin yaşadığı ünvana gedib onlardan pulunu tələb etsə də, onlar müxtəlif bəhanələrlə bundan yayınmışlar. Bundan sonra, onun etibarından suiistifadə edərək aldadıb qoyunlarını alan və dəyərini ödəməyən şəxslər barəsində polisə şikayət etmişdir. Sabunçu RPİ-nin 15-ci PB-də izahat verən Cavabdeh1 xx.xx.2023-cü il tarixli izahatında, həqiqətən də, ondan 240 baş xırdabuynuzlu heyvanı aldıqlarını, dəyərinin 40000 manata razılaşdıqlarını, razılaşdıqları məbləğdən ona 10000 manat pul və 16500 manat dəyərində qoyun verdiyini, ona 13500 manat borclarının qaldığını bildimişdir. Sabunçu RPİ-nin İŞ-də izahat verən Cavabdeh2 izahatında ondan 240 baş xırdabuynuzlu heyvanları aldıqlarını, dəyərinin 40000 manata razılaşdıqlarını, razılaşdıqları məbləğdən ona 10000 manat pul və 16500 manat dəyərində qoyun verdiyini, ona 13500 manat borclarının qaldığını bildimişdir. Şikayətinin araşdırılması nəticəsində Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cavid Əhmədov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 aprel 2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda şikayət etdiyi şəxslərin əməlində cinayət tərkibinin olmadığı qeyd edilmişdir. Həmin qərardan məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin 6(008)-75/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cavid Əhmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 aprel 2023-cü il tarixli qərarı ləğv edilmiş, əlavə araşdırmaların aparılması göstərişi verilmişdir. Daha sonra, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cavid Əhmədov tərəfindən heç bir araşdırma aparılmayaraq, cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 oktyabr 2023cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda yenidən şikayət etdiyi şəxslərin əməlində cinayət tərkibinin olmadığı qeyd edilmişdir.

6. Cavabdehlər ərizə ünvanlayaraq, iddia qaldırmaq üçün iddia müddətinin keçdiyini göstərərək, iddia müddətinin tətbiq edilməsini xahiş etmişlər.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 iyul 2024-cü il tarixli 2(010)-2866/2024 nömrəli qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 13500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 131 manat məbləğində dövlət rüsumu və hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarının araşdırılması və iddiaçı tərəfin izahatı nəticəsində müəyyən edildi ki, tərəflər arasında şifahi formada razılaşmaqla işgüzar münasibət yaranmışdır. Belə ki, iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”dan aydın olur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tanışları – hazırki iş üzrə İddiaçı aralarındakı razılaşma əsasında 40000 (qırx min) manat dəyərində 240 baş xırdabuynuzlu heyvan almış və razılaşmaya əsasən həmin heyvanların pulunu 2 ay müddətində ödəməklə bağlı öhdəlik götürmüşlər. İşin hallarından o da müəyyən edilir ki, Yulətə 10000 manat pul verilmiş və eyni zamanda 16500 manat dəyərində heyvan ona geri qaytarılmışdır. Cavabdehlər eyni zamanda istintaq orqanına təqdim etdikləri izahatlarda qalıq 13500 manat pul vəsaitinin iddiaçıya geri qaytaracaqlarını da bildirmişlər. Göründüyü kimi cavabdehlərin iddiaçıya aralarında olan razılaşmaya əsasən ödənilməmiş 13500 (on üç min beş yüz) manat borc pul vəsaitinin qalması işin halları ilə öz təsdiqini tapır.

9. Cavabdehlərin hazırkı tələbə iddia müddətinin tətbiq edilməsi barədə ərizələrinə hüquqi qiymət verərək, məhkəmə hesab etmişdir ki, hazırkı tələbə iddia müddətinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Ona görə ki, tərəflər arasında müqavilə münasibətləri 2022-ci ilin iyun ayında yaranmış, hazırki iddia ərizəsi isə xx.xx.2024cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Mülki qanunvericilikdə müqavilələrlə bağlı iddia müddətinin 3 il olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir.

10. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi cavabdehlərdən tələb edilən ödənilmiş 131 manat məbləğində dövlət rüsumunun və 300 manat məbləğində hüquqi yardım pulunun tutulması hissəsində də əsaslıdır.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 329.2, 329.3, 372.1, 372.2, 373.1, 385.1, 398.1, 427.3, 422, 425.1, 430.1, 567, 600.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 115 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçının qeyd etdiyi kimi atası iddiaçıya zəng edərək elanda göstərdiyi qoyunları almaq istədiyini bildirib, həmin 240 baş xırdabuynuzlu heyvanın qiyməti 40000 manata, pulu da 2 aydan sonra ödəyəcəklərinə razılaşmışlar. Lakin sonradan iddiaçıya bildirmişlər ki, heyvanları ölür, bir-iki qoyun olsa, problem deyil, lakin heyvanlar qırılıb gedir, gəlsin heyvanlarını aparsın. Lakin iddiaçı razılaşmamış, 40000 manat pulun 10000 manatını ona verdilər. İddiaçı salamat qalan heyvanlardan isə 16500 manat dəyərində qoyunu apardı. Yerdə qalan qoyunları isə götürmədi, heyvanların dəyərini təşkil edən 13500 manat pulu qaytarmaqlarını tələb etdi. Onlar isə heyvanlarının xəstə olmasını, pulu qaytara bilməyəcəklərini, heyvanlarını aparmasını bildirdilər. O isə pulunu alacağını bildirdi. Bir müddət sonra isə iddiaçının heyvanları öldü. İddiaçı isə xəstə, sonradan ölən heyvanlarının pulunu tələb edir. Onlar baş verənləri polisdə də bildirmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

16. Cavabdeh2 teleqram ünvanlayaraq, məhkəmə iclasında işi ilə əlaqədar iştirak edə bilməyəcəyini göstərərək, nəzərə alınmasını xahiş etmişdir. İşə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

17. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

18. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

19. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

23. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Mülki Prosessual Məcəllə

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki tələb bölünməz olduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

33. Göründüyü kimi tərəflər arasında olan şifahi razılaşmaya əsasən cavabdehlər dəyəri 40000 olan 240 baş xırdabuynuzlu heyvanı iddiaçıdan almışlar və pulunu 2 ay müddətinə ödəməyi öhdələrinə götürmüşlər. Həmin məbləğdən 10000 manat iddiaçıya verilmiş, həmçinin 16500 manat dəyərində heyvan geri qaytarılmışdır.

34. İddiaçı hazırda qalan 13500 manatı tələb edir.

35. İddiaçının şikayəti əsasında aparılmış təhqiqat zamanı cavabdehlər həqiqətən iddiaçıdan 40000 manat dəyərində 240 baş qoyun aldıqlarını, 10000 manat pul ödədiklərini, 16500 manat dəyərində isə qoyun qaytardıqlarını, borclu qaldıqları 13500 manatı da qaytaracaqları barədə izahat vermişlər.

36. Göründüyü kimi cavabdehlərin iddiaçıya 13500 manat borcunun qalması təsdiqini tapmışdır.

37. Apellyasiya şikayətində cavabdeh göstərmişdir ki, iddiaçı salamat qalan heyvanlardan isə 16500 manat dəyərində qoyunu apardı, yerdə qalan qoyunları isə götürmədi, heyvanların dəyərini təşkil edən 13500 manat pulu ödəmələrini tələb etdi. Onlar isə heyvanlarının xəstə olmasını, pulu qaytara bilməyəcəklərini, heyvanlarını aparmasını bildirmişlər. O isə pulunu alacağını bildirmişdir. Bir müddət sonra isə iddiaçının heyvanları öldü. İddiaçı isə xəstə, sonradan ölən heyvanlarının pulunu tələb edir. Onlar baş verənləri polisdə də bildirmişlər.

38. Lakin iş materiallarına əsasən istintaq zamanı cavabdehlərin belə bir izahat verməsi müəyyən edilmir.

39. Həmçinin cavabdehlər istinad olunan hallara dair nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışında heç bir sübut təqdim etməmişlər.

40. İşin mübahisəsiz halı olaraq cavabdehlər tərəfindən aralarında olan razılaşmaya əsasən iddiaçıya ödənilməmiş 13500 manat borc qalması müəyyən edilmişdir. Məhkəmə də iddiaçının haqlı tələbini təmin etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır.

41. İddia müddəti ilə bağlı məhkəmə əsaslı olaraq göstərmişdir ki, tərəflər arasında müqavilə münasibətləri 2022-ci ilin iyun ayında yaranmış, hazırki iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur, odur ki, iddia müddəti ötürülməmişdir.

42. Beləliklə Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2866/2024 nömrəli iş üzrə 30 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar