Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5835/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 8232/2020 №-li iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərardadından iş üzrə İddiaçı MMC-nin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Qərardaddan verilmiş şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı MMC-nin nümayəndəsi xx.xx.2019-cu il tarixdə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Rayon Məhkəməsi iddiaçı tərəfin bu ərizəsini nəzərə almamış və iddia ərizəsinin baxılmamış saxlanılması barədə əsassız və qanunsuz qərardad qəbul edilmişdir. Halbuki, belə olan vəziyyətdə işdə olan sübutlar əsasında işə mahiyyəti üzrə baxılmalı və iddianı rədd və ya təmin edilməsi barədə qətnamə qəbul edilməli idi. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 259.0.6-cı maddəsinə istinadən iddia ərizəsini baxılmamış saxlamış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı MMC-nin nümayəndəsi xx.xx.2019-cu il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etsə də, məhkəmə iclasında iştirak edilməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə sənədlərinin cavabdehə çatmaması səbəbindən onun məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. Odur ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə, Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, MPM-nin 259.0.6-cı və 259.0.7-ci maddələrinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə və ya işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-nin 173-cü maddəsinə görə, işə, işdə iştirak edən şəxslər mütləq xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. MPM-nin 185.4-cü maddəsinə görə, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Göründüyü kimi, mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaları ərizənin baxılmamış saxlanılması hallarından biri kimi, məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəmə iclasına təkrarən gəlməməsini nəzərdə tutur. İşdə olan sənədlərdən isə müəyyən edilir ki, işə mahiyyəti üzrə baxılması ilə bağlı ilk məhkəmə iclası xx.xx.2019-cu il tarixə, daha sonra isə xx.xx.2019-cu il tarixə təyin edilmişdir. Hər iki məhkəmə iclası keçirilənədək iddiaçı MMC-nin nümayəndəsi ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən “elektron SMS” bildiriş vasitəsi ilə məlumatlandırılmışdır. Lakin Rayon Məhkəməsi iddiaçı MMC-nin nümayəndəsinin yuxarıda qeyd olunan hər iki ərizəsini, habelə cavabdehin məhkəmə iclası barədə məlumatlandırılmasını nəzərə almamış, işə mahiyyəti üzrə baxmaq əvəzinə bunun üçün heç bir prosessual əsas olmadan iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul etmişdir. Bununla da, Rayon Məhkəməsi, mülki prosessual hüquq pozuntusuna yol vermişdir ki, bu da MPM-nin 385.1.1-ci maddəsinin tələbinə görə, qərardadın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş həmin Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə qəbul edilmiş “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” qərardad ləğv edilsin və bu iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir. Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5835/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5835/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver