Məhkəmə qərarları › İş №2(103)-5835/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5835/2024

30.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5835/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh 4 saylı Bakı Cavabdeh Notariat Ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(008)-2829/2024 nömrəli qətnaməsindən iddiaçı (digər iddiaçıların nümayəndəsi) İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan 02 dekabr 1974-cü il tarixli, İ-ЖГ 298468 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X24 01 dekabr 1974-cü il tarixdə 77 yaşında vəfat etmişdir.

2. İş materiallarında olan Suraxanı rayon VVADQ şöbəsi tərəfindən verilmiş 12 dekabr 2006-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X21 06 dekabr 2006-cı il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 dekabr 2006-cı il tarixdə 1111 nömrəli akt qeydi tərtib olunmuşdur.

3. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 iyun 2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 12 iyun 2009-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 16 iyun 2009-cu il tarixdə 577 nömrəli akt qeydi tərtib olunmuşdur.

4. İş materiallarında olan 4 saylı Bakı Cavabdeh Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 iyul 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 19 iyul 2019-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 iyul 2019-cu il tarixdə 1493 nömrəli akt qeydi tərtib olunmuşdur.

5. İş materiallarında olan Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 noyabr 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 19 oktyabr 2019-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 noyabr 2019-cu il tarixdə 224 nömrəli akt qeydi tərtib olunmuşdur.

6. İş materiallarında olan Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 iyun 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X18 07 may 2022-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 iyun 2022-ci il tarixdə 932 nömrəli akt qeydi tərtib olunmuşdur.

7. İş materiallarında olan 4 saylı Bakı Cavabdehndə yerləşən notariat ofisinin 2538, 2539, 2540 nömrəli, 24 oktyabr 2023-cü il tarixli cavab məktublarında bildirilmişdir ki, X11 iddiası üzrə məhkəmə işi aparılmış və AR Ali Məhkəməsinin 2(102)- 2843/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(103)-9524/2021 nömrəli qətnaməsi tamamilə ləğv olunaraq “xx.xx.2019-cu il tarixdə vəfat etmiş X9 və xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 üzrə vərəsəsi olması barədə qətnamə qəbul edilməsi” tələbi üzrə məhkəmə icraatına xitam verilmişdir. Həçinin qeyd edilmişdir ki, sözü gedən miras əmlakı X1 Sergey Vladimiroviç tərəfindən “mirasın qəbulu” ərizəsi verilərək qəbul olunmuşdur. İşin hallarından isə aydın olur ki, mərhum Lidiya Gerasimenko, X11 anasının əmisi qızı idi. Lakin L.Gerasimenkonun vəfatından sonra, onun mərhum oğlu S.Gerasimenko anasından qalmış miras əmlakı qanuna müvafiq qaydada qəbul etmişdir. Belə olduğu halda artıq L.Gerasimenkonun vərəsələri yox, məhz S.Gerasimenkonun AR Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyənləşdirilmiş qanun üzrə vərəsələrin növbəlik hüququnun olub-olmaması yoxlanılmalıdır. Mərhum V.Tixonovun isə həmin maddi-hüquq norması ilə hesab oluna bilən növbəlik üzrə vərəsəlik hüququnun olması müəyyən olunmur.

8. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 073822 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şuşinski küçəsi, 2 nömrəli evin, 13 nömrəli mənzili X10 adına xx.xx.2001-ci il tarixdə qeyda alınmışdır.

9. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında 12 noyabr 2022-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu X20 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş – X13 vərəsələri: Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan oğlu İddiaçı1 və Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan qızı İddiaçı2 hesab edilərək, onların hər biri miras əmlakdan ½ irs alması müəyyən edilmişdir. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X16 verilmiş **********1-05101- 093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 35.8 kv/m olan mənzildən ibarətdir.

10. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2843/2022 nömrəli, xx.xx.2022-ci il tarixli iddiaçı X14 cavabdeh Bakı şəhəri 4 saylı “Asan Xidmət Mərkəzi” Notariat Ofisinə qarşı iş üzrə qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(103)-9524/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata, işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh 4 saylı Bakı Cavabdeh Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsi 2 nömrəli evin 13 nömrəli mənzilə dair X11, ardınca hər birinin ayrılıqda müvafiq payda (1\3 hissədə) və hər birinin adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin verilməsi öhdəliyi cavabdeh 4 saylı Bakı Cavabdeh Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X17 iddiaçılar İddiaçı1 və İddiaçı2 doğma atası, İddiaçı3 isə əri olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsindəki 2 nömrəli evin 13 nömrəli mənzili 19 iyul 2019-cu il tarixdə vəfat etmiş mülkiyyətçi X15 mərhum X11 xalası olmuşdur. X15 19 iyul 2019-cu il tarixdə, onun yeganə övladı və qanun üzrə vərəsəsi olan X8 isə mirası qəbul etmədən 19 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. X7 vəfatından sonra Azərbaycan Respublikası MM-nin 1159.5-ci maddəsinə əsasən, beşinci növbədə vərəsə olan X17 Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsi 2 nömrəli evin 13 nömrəli mənzili faktiki qəbul etmiş və mənzil onun sahibliyində və istifadəsində olmuşdur. Bununla bağlı Valeriy Tixonov vərəsəlik hüququna dair müvafiq şəhadətnaməsinin alınması üçün 4 saylı Bakı Cavabdehnə müraciət etsə də, Mərkəzin notariusu tərəfindən bundan imtina edilmişdir. Sonradan X17 Sabunçu Rayon Məhkəməsinə «vərəsəlik hüququnun müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1876/2020 nömrəli 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8568/2020 nömrəli 27 noyabr 2020- ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, X17 19 iyul 2019-cu il tarixdə vəfat etmiş X3 üzrə vərəsəsi hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2843/2022 nömrəli 31 may 2022-ci il tarixli qərarı ilə 4 saylı Bakı Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Apellyasiya Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata işə məhz məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Belə ki, Ali Məhkəməsinin 31 may 2022-ci il tarixli qərarın 9-cu vərəqində olan 45-ci bəndində qeyd olunur ki, « Hazırkı işdə iddiaçının miras qoyanla qohumluq münasibətlərinin təsdiq edən vətəndaşlıq vəziyyəti aktları və akt qeydlərindən çıxarışlar vardır və vərəsə hesab edilməsinin məhkəmə təsdiqinə zərurət yoxdur. Belə olduğu təqdirdə iddia tələbi məhkəmədə baxılan tələblərə aid deyildir.». Yəni qanuni qüvvəyə minmiş aktı ilə müəyyən olunmuşdur ki, iddiaçı Valeriy Tixonovun miras qoyan Lidiya Gerasimenko ilə qohumluq münasibətlərinin təsdiq edən vətəndaşlıq vəziyyəti aktları və akt qeydlərindən çıxarışlar artıq mövcuddur, bu münasibətlərinin müəyyən edilməsinə zərurət yoxdur, sadəcə olaraq bu məsələyə məhkəmədə baxılmalı deyil və müvafiq notarius tərəfindən həll edilməlidir. X17 07 may 2022-ci il tarixdə vəfat etmiş, onun qanun üzrə vərəsə olmaqlarına dair onlara müvafiq şəhadətnamələr verilmişdir. İddiaçılar, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2843/2022 nömrəli 31 may 2022-ci il tarixli qərarının yuxarıda qeyd olunan müddəalarına əsaslanaraq, cavabdeh 4 saylı Bakı Cavabdeh Notariat Ofisinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsindəki 2 nömrəli evin 13 nömrəli mənzilə dair Valeriy Tixonovun, ardınca isə hər birinin ayrılıqda müvafiq payda (1\3 hissədə) və hər birinin adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin verilməsini xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir.

13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(008)- 2829/2024 nömrəli qətnaməsi ilə (hakim Mirzəliyev Ruslan) iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2,1243.2, 1243.3, 1252, 1255-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən iddiaçı (digər iddiaçıların nümayəndəsi) İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. İddiaçı1 məhkəmə kollegiyasına elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq vəkillə müqavilə bağlamaq üçün məhkəmə iclasının növbəti aya təxirə salımasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. Maddə 1133.1 ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir..

20. Maddə 1133.2 qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

21. Maddə 1159 Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1) Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 2) İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 3) Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 4) Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 5) Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

22. Maddə 1160 Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

23. Maddə 1243.2 vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

24. Maddə 1243.1 mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

25. Maddə 1243.2 vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

26. Maddə 1252 Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

27. Maddə 1255 qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(008)-2829/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, iş materiallarından müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə X9 ölümündən sonra oğlu X8 miras əmlakda yaşamaqla həm faktiki əmlakı idarə etməklə həm də notariat kontoruna ərizə verməklə mirası qəbul etmişdir.

37. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir.

38. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

39. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» 20 oktyabr 2011-ci il tarixli və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair» 13 dekabr 2011-ci il tarixli qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar qeyd etmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də 5 müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirası qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur.

42. Hazırki iş üzrə Gerasimenko Sergey xx.xx.2019-cu il tarixdə ölümüş X12 miras qalmış əmlakı faktiki idarə etməklə və bu barədə notariat kontoruna ərizə verməklə mirası qəbul etmiş lakin, şəhadətnamə alana kimi yəni xx.xx.2019-cu il tarixdə ölsə də, artıq o Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq mirası qəbul etmiş sayılır və miras onun mülkiyyəti hesab edilir.

43. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mərhum Gerasimenko Lidiya öldükdən sonra onun birinci növbəli vərəsəsi kimi oğlu Gerasimenko Sergeyin anasından qalan mirası qəbul etmək üçün müraciət etməsi, buna əsasən vərəsəlik işinin açılması, lakin onun mirası qəbul edənədək vəfat etməsi, qeyd olunan mirasdan pay almaq hüququnun irsi transmissiya üzrə artıq Gerasimenko Sergeyin vərəsələrinə keçməsi anlamına gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

44. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək haqlı olaraq hesab etmişdir ki, X9 ölümündən sonra oğlu Gerasimenko Sergey mirası qəbul etdiyindən və miras əmlak artıq onun mülkiyyəti hesab olunduğundan, iddiaçılar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilmiş qanun üzrə vərəsəlik zamanı vərəsə ola biləcək şəxslərin siyahısı üzrə Gerasimenko Sergeyə münasibətdə vərəsə sayıla bilməz. İddiaçılar xx.xx.2019-cu il tarixdə vəfat etmiş Gerasimenko Sergeyin irsi transmissiya üzrə vərəsələrinin mirası qəbul etməməsi həmin mirası almaq hüququnun yenidən ondan əvvəl ölən anası Gerasimenko Lidiyanın vərəsələrinə keçməsi demək olduğuna istinad etsə də, qanunvericinin belə bir müddəasının olmaması iddianın bu dəlilinin əsassız olduğunu göstərir. Həmçinin Mülki Məcəllənin 1165.1-ci maddəsində iddiaçının göstərdiyi dəlilin tam əksi müəyyən olunaraq əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir.

45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı (digər iddiaçıların nümayəndəsi) İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(008)- 2829/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar