Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-584/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Süsən Məmmədqasım qızının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin qanunsuz hesab edilməsi, həmin tikilinin cavabdehin hesabına sökülməsi və əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-190/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “tikilinin qanunsuz hesab edilməsi, həmin tikilinin cavabdehin hesabına sökülməsi və əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, 6E ünvanında yerləşən zirzəmiyə giriş-çıxış qapısının, o cümlədən həmin zirzəmi üzərində aparılmış tikintinin özbaşına hesab edilməsi, həmin özbaşına tikililərin cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətdə bərpa edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən yeni ünvana əsasən hazırkı ünvan ünvan 2yğun olaraq istifadəsində olan zirzəmi tipli qeyri-yaşayış sahəsinə qanunsuz olaraq giriş açmışdır. Həmin giriş iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsinin qabaq meydançasına düşür. Bununla da kifayətlənməyən cavabdeh istifadəsində olan zirzəminin üzərində iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə bitişik olan özbaşına tikinti aparmışdır. Bununla da cavabdeh həm tikinti normalarına zidd tikinti aparmış, eyni zamanda mülkiyyətçi kimi iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Qeyd edir ki, cavabdeh tərəfində zirzəmiyə açılmış qanunsuz giriş qapısı piyadalar üçün nəzərdə tutulmuş yolun səki hissəsinə düşür. Dəfələrlə iddiaçı tərəfindən cavabdehə qanunsuz hərəkətlərinə son qoyulması xahiş edilsə də, o, bütün bunlara əhəmiyyət verməmişdir. Cavabdeh ümumuyyətlə, binanın layihəsində kənara çıxaraq öz mənafeyinə uyğun olaraq özbaşına tikinti həyata keçirmiş, bununla da, şəhərsalma norma və qaydaları pozulmuş, o cümlədən müvafiq dövlət orqanları tərəfindən təsdiqlənmiş binanın layihəsində nəzərdə tutulmayan qanunsuz tikinti həyata keçirilmişdir. Cavabdeh tərəfindən həyata keçirilən qanunsuz tikinti iddiaçının mülkiyyətçi kimi mənafelərinə toxunur və aparılmış qanunsuz tikili onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə bitişik tikilmişdir. Bir məqamı diqqətə çatdırmaq istərdi ki, cavabdehin istifadəsində olan zirzəmiyə qanuni giriş-çıxış mövcuddur və binanın layihəsində nəzərdə tutulmuşdur. Özbaşına zirzəmi keçidi və binanın əsas divarında layihədən kənar küçəyə giriş-çıxış qoyulması konstruktiv dəyişiklik olmaqla həm binanın təhlükəsizliyinə, həm də iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə bitişik olmaqla onun hüquqlarını pozur. Qanunsuz tikintinin sökülməsi ilə bağlı aidiyyatı orqanlara müraciət olunsa da, heç bir addım atılmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya qarşı etiraz edərək göstərmişdir ki, iddiaçı ilk öncə hansı hüquqlarının pozulduğunu əsaslandırmalı, tələb etmək hüququnun olub-olmadığını sübuta yetirməlidir. Cavabdeh ünvan 3 ünvanında inşa edilmiş çoxmənzilli binanın zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini 2014-cü ildə almış, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 2014-cü ildə həmin daşınmaz əmlakı alarkən hazırki mövcud vəziyyətdə giriş qapısı, pilləkənləri və onun üzərində örtük olmuşdur. Ötən illər ərzində iddiaçı qeyri-yaşayış sahəsi ilə bağlı hər-hansı pretenziya irəli sürməmişdir. Bu yaxınlarda icarəçi tərəfindən pilləkən qəfəsinin üzərində mövcud olan örtük sökülüb yenisi ilə əvəzlənərkən iddiaçı əvvəlcə heç bir etiraz etməsə də, işin sonuna yaxın hücüm çəkərək yüngül konstruksiyalı tikilini dağıtmış, ona maddi ziyan vurmuş, qərəzli hərəkətlərə yol verərək səs-küy salmış, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirmişdir. İddiaçıya tələbinin mümkünsüz, həm də qanunsuz olduğunu izah etdikdən sonra o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilməlidir ki, ünvan 3 ünvanındakı binanın zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin girişi tamamilə qanunidir və heç kəsin o cümlədən iddiaçının hüquqlarını pozmur. Çoxmənzilli binanın neçənci ildə inşa edildiyini bilməsə də, düşünür ki, mübahisəli giriş o dövrdən mövcud olmuşdur. Cavabdeh sözügedən sahəni 2014-cü ildə alarkən indiki görkəmdə olmuşdur. Bundan başqa, giriş üçün pilləkən qəfəsi iddiaçının qeyri-yaşayış sahəsinin qabaq meydançasına düşmür. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, onun qeyri-yaşayış sahələri 237,7 və 233,3 kv.metrlik sahə ilə məhdudlaşır və bu sahələr çoxmənzilli binanın çöl tərəfini deyil, iç tərəfini əhatə edir. Başqa sözlə mübahisəli pilləkən qəfəsi yerləşdiyi yerlə iddiaçının mülkiyyətində olan 237,7 və 233,3 kv.metr sahəli qeyri-yaşayış sahələrinin hüdudları üst-üstə düşmür. İddiaçının “onun qeyri-yaşayış sahəsinin qabaq meydançasına düşür” dediyi yer isə piyadalar və avtomobillər üçün nəzərdə tutulmuş Yasamal rayon Zivərbəy Əhmədbəyov küçəsidir ... İddiaçı özü mülkiyyətində olan qeyri-yaşayış sahəsinin Zivərbəy Əhmədbəyov küçəsinə baxan hissəsinə 5 qapı və 5 pilləkən quraşdıraraq insanların gediş-gəlişi üçün nəzərdə tutulmuş piyada yolunu qismən bağlamış, tikinti norma və qaydaları ilə inşaat işləri aparmamışdır... İddiaçının təqdim etdiyi xüsusi mülkiyyətində olan obyeklərin çıxarışlarından görünür ki, qeyri-yaşayış sahələri Əlibəy Hüseynzadə küçəsi 64 ünvanındadır... Bundan başqa, pilləkən qəfəsinin qeyri-yaşayış sahəsinə bitişik olmasına gəldikdə bildirir ki, binanın sol tərəfində də demək olar ki, eyni tikinti aparılmışdır. Lakin iddiaçının yalnız ona qarşı tələblər irəli sürməsi anlaşılmazdır. Həm də nəzərə almaq lazımdır ki, çoxmənzilli binanın sol hissəsi ona aid deyildir. Beləliklə, iddiaçının iddia etdiyi kimi mülkiyyət hüquqları pozulmamışdır. Bununla belə cavabdeh tərəfindən mübahisəyə dair mütəxəssisə müraciət edilmiş və X4 və Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən, mübahisələndirilən tikintilər inşa edilərkən tikinti norma və qaydalarına riayət edilmiş, qeyri-yaşayış sahəsinin pilləkən qəfəsi iddiaçının mülkiyyət hüquqlarını pozmur. İddia tələbinin özbaşına tikinti aparılması ilə bağlı hissəsinə gəldikdə qeyd edilməlidir ki, mübahisəli sahədə tikinti işləri aparılmamışdır. Yalnız qeyriyaşayış sahəsinin girişi üzərində əvvəllər mövcud olmuş örtük sökülərək yenisi ilə əvəzlənmişdir. Bu isə tamamilə qanunidir. Belə ki, Azərbаycаn Respublikаsı Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin) tikintisinə icazə tələb olunmur. Göründüyü kimi iddiaçının bu dəlili də əsassızdır. Vurğulamalıdır ki, ümumiyyətlə ərizəçinin məhkəmədə bu cür iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-190/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia təmin olunmamış, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilmiş, iş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət olunmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, qanunsuz tikili ilə bağlı qanunvericliyin tələblərininin nəzərə alınmaması, tikilinin iddiaçının maraqlarını pozması məsələsinə səthi yanaşılması, bunun nəzərə alınmaması, mübahisəli ünvanda yerləşən tikilinin birinci mərtəbəsinin iddiaçıya, zirzəmi hissəsinin isə cavabdehə məxsus olması, cavabdehin qanunsuz olaraq zirzəmiyə giriş açması, əlavə olaraq həmin girişdə qanunsuz tikinti işləri aparması, bununla da tikinti normalarının tələblərini pozması, qeyd olunan tikiliyə görə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yan qapı və pəncərələrinin qarşısının tam örtülməsi, nəticədə iddiaçının hüquqlarının pozulması, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin rəyinin nəzərə alınmaması, cavabdehin təqdim etdiyi rəyə əsaslanılması, lazımi araşdırma aparılmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini şikayətini müdafiə edərək iddia ərizəsində və şikayətdə göstərilən dəlillərə, habelə birinci instansiya məhkəməsndə verilmiş izahatlara uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin hazırki mövcud giriş hissəsi uzun müddət bu vəziyyətdə olmuş, cavabdeh həmin vəziyyətdə oranı əldə etmişdir. Lakin binanın layihəsində zirzəmi qatına giriş əks tərəfdə nəzərdə tutumuş, həmin giriş indi də mövcuddur. Əvvəllər cavabdehə məxsus zirzəmiyə (qeyri yaşayış sahəsinə) enən pilləkənin üstündə balaca örtük və reklam lövhəsi olmuşdur. İddiaçı keçən müddət ərzində bu vəziyyətə etiraz etməmişdir. Lakin cavabdeh bu yaxınlarda həmin örtüyü sökərək pilləkənin üstünü yüngül konstruksiya ilə tamamilə örtmüş, konstruksiya eyni zamanda piyada yoluna da çıxmışdır. Nəticədə iddiaçının mülkiyyətində olan qeyri yaşayış sahəsinin görüntüsü həmin hissədə məhdudlaşmış, bununla da iddiaçının hüquqlarına müdaxilə baş vermişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddiaya qarşı etirazda göstərilənlərə, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı tərəfin tələbi açıq-aşkar əsassızdır. Belə ki, iddiaçı tərəfin qeyri-yaşayış sahəsi 20 ildən, onların qeyriyaşayış sahəsi isə 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Cavabdeh 2014-cü ildə binanın zirzəmi qatında yerləşən qeyri-yaşayış sahəsini mövcud vəziyyətdə almış, giriş hissəsi bu vəziyyətdə olmuşdur. Düzdür, binanın zirzəmi qatına əks tərəfdən də pilləkən mövcuddur, lakin həmin pilləkən başqa şəxslərin obeyktinə aiddir, oradan cavabdehə məxsus qeyriyaşayış sahəsinə giriş bağlıdır. Bu hal yerində müayinə zamanı da müəyyən olunmuşdur. Obyektin bütün sənədləri qaydasındadır, texniki pasportda obyektin girişi aydın görsənir. Həmçinin həmin dövrə aid fotolardan da bu hal açıq-aşkar görünür. Fotolardan göründüyü kimi, uzun illər ərzində zirzəmiyə enən pilləkənin üzərində örtük və reklam lövhəsi olmuşdur. Keçən müddət ərzində, yəni cavabdeh tərəfindən həmin daşınmaz əmlakın əldə olunduğu 2014-cü ildən etibarən iddiaçı bu vəziyyətə hər hansı etiraz etməmişdir. Cavabdeh bu yaxınlarda pilləkənin üzərində olan örtüyü yenisi ilə dəyişmək istəmiş, bu məqsədlə pilləkənin üzərində yüngül konstruksiya işlərinə başlamışdır. Məqsəd isə həm təhlükəsizlik, həm də yağış sularının zirzəmiyə axmasının qarşısını almaqdan ibarət olmuşdur. İşləri yekunlaşdıran zamanı iddiaçı səs-küy salmış, örtüyün guya onun obyektinin görüntüsünü kəsməsini iddia etmişdir. Halbuki, örtük iddiaçının obyektərinə heç bir mane yaratmamaqla, onun görüntüsü üçün də xələl gətirmir. Bu hal yerində baxış zamanı da müşahidə olunmuşdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, işdə olan sübutlara (müqavilələr, çıxarışlar və s.) əsasən - ünvan 4 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində yerləşən 233,3 kv metr və 237,7 kv. metr sahəsi olan qeyri-yaşayış sahələri iddiaçının, həmin binanın zirzəmi qatında yerləşən 155,60 kv. metr qeyri yaşayış sahəsi (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi giriş 122D) isə cavabdehin mülkiyyətindədir, onların sərhədləri kəsişmir. Həmçinin, izahatlardan və fotoşəkillərdən göründüyü kimi, həmin qeyri yaşayış sahəsi cavabdeh tərəfindən 2014-cü il tarixdə əldə edilən zamanı onun giriş hissəsi (pilləkən) mövcud vəziyyətdə olmuş, uzun illər ərzində pilləkənin üzərində müvafiq örtük, reklam lövhəsi olmuşdur (iddiaçı tərəf qeyd edilən halları təsdiq edərək, mübahisələndirmir). Cavabdeh özünə məxsus olan qeyri-yaşayış sahəsinin girişi (enən pilləkən) üzərində mövcud olan örtüyü yüngül konstruksiya ilə yenisi ilə əvəz etmiş, iddiaçı isə buna etiraz etmişdir. İşin hallarından və izahatdardan açıq-aşkar müəyyən edilir ki, iddiaçının əsas etirazı (maraqlarına toxunma halı) həmin örtüyün ona məxsus qeyri-yaşayış sahəsinin görüntüsünü bağlaması təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarına əsasən, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi qeyd edilən halda alınmış, başqa giriş-çıxışı yoxdur. Həmin sahə cavabdehə satılan zamand da həmin pilləkənlərin üzərində yüngül konstruksiyalı örtük olmuşdur. Hazırda isə cavabdeh tərəfindən həmin örtük dəyişdirilərək yenidən yüngül konstruksiya ilə qapı qoyulub bağlanmışdır. Buna səbəb kimi isə cavabdeh küləkli və yağışlı havalarda yağış sularının qeyd edilən pilləkən qəfəsinə dolması ilə əlaqələndirir. Hazırda iddiaçı həmin pilləkən və konstruksiyaların quraşdırılmasınını onun mənafelərinə toxunduğunu bildirir və qeyd edir ki, özbaşına zirzəmi keçidi və binanın əsas divarında layihədən kənar küçəyə giriş-çıxış qoyulması konstruktiv dəyişiklik olmaqla həm binanın təhlükəsizliyinə, həm də iddiaçının mülkiyyətində olan qeyri- yaşayış sahəsinə bitişik olmaqla onun hüquqlarını pozur. Lakin, iddiaçının sökülməsini tələb etdiyi əlavə konsturksiyalar iddiaçıya heç bir maneə törətmir, onun giriş-çıxışını, görüntüsünü məhdudlaşdırmır, eyni zamanda iddiaçı tərəfindən onun mülkiyyət hüquqlarının pozulmasına dair sübutlar da təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi pilləkən qəfəsi binanın künc hissəsində olmaqla, onun üzərində tikilmiş yüngül konstruksiya ilə bağlanmış hissə də, binanın divar hissəsini əhatə edir. Beləliklə hər hansl bir şəkildə iddiaçının pəncərəsinin (vitrininin) önünü bağlamır. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsində olan vitraj pəncərələri isə binanın ön hissəsinə düşür, eyni zamanda həmin sahənin əsas girişi də binanın ön hissəsində olmaqla üzərində də reklam yazıları yerləşdirilmişdir. İddiaçı pilləkən qəfəsinin bir qədər irəli çıxmaqla onun reklamının önünü kəsdiyini bildirsə də, işin hallarından (iş materiallarında olan fotoşəkillərlə) görünür ki, giriş hissə aralıdır, reklam da hündürdə yerləşdirilmişdir. Bundan başqa konstruksiyanın bir hissəsi binadan bir qədər (təxminən 30 sm) irəli çıxsa da işin hallarıından görünür ki, zirzəmiyə düşən pilləkənin pilləsi də binanın tinindən təxminən eyni ölçüdə irəli çıxır. Həmçinin, iddiaçının mülkiyyət hüququ binanın içərisində olan 233,3 kv metr və 237,7 kv metr sahələrlə məhdudlaşır. Binanın çöl hissəsi isə ümumi istifadədə olan sahədir. Cavabdehə məxsus zirzəmi də mülkiyyət hüququ ilə ona məxsusdur. Zirzəmiyə giriş çıxış da qeyd edilən sahədəndir. Binanın çöl fasadında hər hansı bir qurğuların quraşdırılması məhkəmənin qənaətinə əsasən müvafiq icra qurumu ilə vətəndaş arasında yarana biləcək mübahisə predmeti ola bilər. Məhkəmə həmçinin qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydə ünvan 5 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin çıxışında, yəni pilləkən qəfəsində layihədən kənar inşa edilmiş tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1, 4.2. və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4-cü və 69.5.2- 1-ci bəndlərinin tələblərinə uyğun olmadığı göstərilsə də, məhkəmə bununla razılaşmayaraq qeyd edir ki, ekspertin istinad etdiyi normalar binalar inşa edilərkən aralarındakı məsafəyə riayət edilməsi ilə bağlıdır. Hazırda isə işin hallarından görünür ki, mübahisə bir binaya münasibətdə tikiniti aparılması (əlavə konstruksiya quraşdırılması) ilə bağlıdır. Həmçinin qeyd edilən tikili daş və ya beton deyil, yüngül konstruksiya, yəni sadəcə örtükdən ibarətdir. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehə məxsus qeyri yaşayış sahəsinə giriş əvvəldən də mövcud vəziyyətdə olmuş, cavabdeh həmin vəziyyətdə daşınmaz əmlakı əldə etmiş, iddiaçı isə uzun müddət bu vəziyyətə etiraz etməmişdir. Bununla yanaşı, işin mübahisə olunmayan hallarına görə yaşayış binasının zirzəmi hissəsi (iddiaçıya məxsus daşınmaz əmlakların altında yerləşən qat) əsasən ayrı-ayrı şəxslərə məxsus qeyri-yaşayış sahələrindən ibarət olmaqla, onlara giriş binanın müxtəlif hissələrində yerləşən pilləkənlər vasitəsilə həyata keçirilir (bu hal yerində müayinə zamanı da müşahidə olunmuşdur). Eləcə də, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə giriş uzun müddətdir ki, analoji qaydada həyata keçrilir. İşdə olan ekspertiza rəyi ilə həmin girişin binanın layihə sənədlərində nəzərdə tutulmamasının (girişin başqa yerdən olması) müəyyən olunması vəziyyəti dəyişdirmir. Yəni, həmin girişin bağlanması barədə iddiaçının tələbi o halda əsaslı sayıla bilər ki, bu iddiaçının maraqlarına toxunmuş olsun və iddiaçı bu halı sübut etmiş olsun. Yuxarıda da qeyd edildiyi kimi, həmin giriş uzun müddət (10 ildən yuxarı) mövcud vəziyyətdə olmuş və iddiaçı buna etiraz etməmişdir. Bununla yanaşı, iddiaçı həmin girişin onun əmlak mülkiyyətçisi kimi qanunla qorunan hüquq və maraqlarına toxunmasını da əsaslandıra və sübut edə bilməmişdir. Əksinə, işin hallarından və izahatlardan açıq-aşkar müəyyən edilir ki, iddiaçının hazırki tələbi irəli sürməkdə məqsədi cavabdeh tərəfindən həmin pilləkənin üzərində əvvəllər mövcud olmuş müvafiq örtüyün dəyişdirilərək, əvəzində yüngül konstruksiya ilə pilləkənin üzərinin bağlanması işlərinin aparılması olmuşdur. İddiaçı həmin konstruksiyanın quraşdırılmasının onun mülkiyyətində olan qeyriyaşayış sahəsinin görüntüsünü məhdudlaşdırması ilə əlaqələndirərək, maraqlarına toxunmasını iddia etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmasının təmin olunması istiqamətində tərəflərin iştirakı ilə yerində müayinə həyata keçirmiş, müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən 233,3 kv metr və 237,7 kv metr sahəsi olan qeyriyaşayış sahələri iddiaçıya məxsus olmaqla, icarə əsasında başqa şəxsin istifadəsindədir. Cavabdehin mülkiyyətində olan sahə isə elektronika məhsulları satılan mağaza kimi fəaliyyət göstərir, həmin zirzəmiyə giriş mübahisəli pilləkən vasitəsilə həyata keirilməklə, başqa giriş-çıxış mövcud deyildir. Həmin pilləkənin əks tərəfində də zirzəmi qatına edən digər giriş mövcuddur, lakin oradan cavabdehə məxsus sahəyə giriş mümkün deyildir. Mübahisəli pilləkənlərin üst hissəsində yüngül konstruksiyadan örtük quraşdırılmış, konstruksiya zirzəmiyə düşən pilləkənlərin ilk pilləsindən başlamaqla, pilləkənin üzərini bağlamışdır. Təqdim olunmuş fotoşəkillərdən aydın görünür ki, pilləkənin üzərində əvvəllər də yüngül konstruksiyalı örtük və reklam lövhəsi mövcud olmuşdur. Həmçinin, qeyd olunan ünvanda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində “TAC” mağazası fəaliyyət göstərir, mağazanın ayrı-ayrılıqda birbaşa küçəyə baxan 4 (dörd) böyük pəncərəsi və 1 (bir) giriş qapısı vardır. Sökülməsi tələb olunan müvafiq konstruksiya iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələrinə hər hansı maneə törətmir, görüntünü və istismarı məhdudlaşdırmır (müvafiq fotoşəkillər və video çəkiliş əlavə olunur). İşdə olan X4 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində də qeyd edilən bu və digər hallar ətraflı şərh olunmuşdur. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 180.1-ci maddəsində isə təsbit edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə dəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmçinin, Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.1-ci maddəsinə əsasən tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi sökülür. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Mülki Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Göründüyü kimi, qanunvericliyin yuxarıda qeyd olunan tələblərinə əsasən, tikililərin sökülməsi bununla maraqlarına toxunulan şəxslərin iddiaları üzrə və ya müvafiq səlahiyyətli inzibati orqanın qərarı ilə həyata keçirilə bilər. Hər hansı maraqlı şəxs tikilinin sökülməsi üçün məhkəməyə müraciət etdikdə isə, tikilinin qanunvericiliyin tələblərinin pozulması ilə aparılması və bu halın həmin şəxsin maraqlarına (qanunla qorunan mənafeyinə) toxunması müəyyən olunmalıdır. İddianın əsaslı olması üçün məhz ikinci halın mövcudluğu zəruridir. Dolayısı ilə, iddiaçının yalnız müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilir. Lakin, yuxarıda da qeyd edildiy kimi, iddiaçı müvafiq yüngül konstruksiyadan olan örtüyün onun maraqlarına toxunmasını (iddiaçıya məxsus obyektin qarşısını örtməsi, reklamına mane olması və s.) əsaslandıra və sübut edə bilməmiş, məhkəmə araşdırması zamanı isə belə bir hal müəyyən olunmamışdır. Belə olan halda isə birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Çünki, iddiaçının mülkiyyət hüquqlarına (qanunla qorunan hər hansı maraqlarına) bilavasitə müdaxilə halının mövcudluğu müəyyən olunmur. Göründüyü kimi, iddiaçının yalnız ekspertiza rəyinə əsaslanmaqla tikilinin sökülməli olması barədə dəlilləri işin hallarına və qanunvericilyin tələblərinə uyğun olmamaqla, yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra, Konstitusiya) 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənjam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyət maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə də razılaşmır. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçı tərəfin izahatı da özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Konstitusiya Məhkəməsi Plenumu “X.Mirzəliyevin şikayəti üzrə” 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassız olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq məhkəmə xərclərini iddiaçıya aid etmişdir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “tikilinin qanunsuz hesab edilməsi, həmin tikilinin cavabdehin hesabına sökülməsi və əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-190/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-190/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-584/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-584/2025
06.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver