Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5843/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızının və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X5, cavabdeh “xxxx” MMC-nin nümayəndələri X3 və X2 iştirakları ilə İddiaçı “xxxx” MMC-nə qarşı “ödənilmiş təhsil haqqının bir hissəsinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-nə (məktəb) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı Abbas Şahbazovun məktəbəqədər hazırlıq üzrə təhsil alması üçün məktəblə “Məktəbəqədər təhsil xidmətlərinin göstərilməsi” barədə 20 may 2019-cu il tarixdə 446 saylı müqavilə bağladığını, müqavilənin 2.4-cü bəndində nəzərdə tutulmuş qaydada məktəbə 2019-2020-ci il tədris ili üçün 9500 (doqquz min beş yüz) manat təhsil haqqı ödədiyini, övladının 03 mart 2020-cı il tarixinədək məktəbdə məktəbəqədər hazırlıq üzrə təhsil aldığını, lakin ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədris prosesinin dayandırıldığını və nəticədə 2020-ci ilin mart-iyun ayları ərzində 72 (yetmiş iki) gün tədris prosesinin həyata keçirilmədiyini, müqavilənin 1-ci bəndinə əsasən məktəbin məktəbəqədər təhsil xidmətlərini göstərməyi, uşağa müasir təhsil metodikalarından istifadə etməklə iki dilli Azərbaycan-İngilis və Rus-İngilis bölməsində tərbiyə-təlim verməyi, uşağı gündə 4 dəfə uyğun qida ilə təmin etməyi, müxtəlif idman növləri ilə məşğul olmasına şərait yaratmağı, incəsənətin müxtəlif növlərinə cəlb etməyi, həmçinin müqavilənin 4-cü bəndi ilə müəyyən edilmiş vəzifələri və öhdəlikləri yerinə yetirməyi üzərinə götürdüyünü, 2020-cı ilin mart-iyun ayları ərzində müqavilə üzrə öhdəliklərin məktəb tərəfindən icra edilmədiyini, müqavilənin 2.1-ci bəndi ilə müəyyən olunan xidmət haqqının müqavilənin 1-ci bəndində göstərilən xidmətlər və onunla bağlı kompleks xidmətlər üçün nəzərdə tutulduğunu, həmin xidmətlər və onunla bağlı kompleks xidmətlər 72 gün müddətində icra olunmadığına görə tərəfindən ödənilmiş 9500 (doqquz min beş yüz) manatın 3800 (üç min səkkiz yüz) manat təşkil edən hissəsinin məktəb tərəfindən geri qaytarılmalı olduğunu, məktəbin elektron poçt vasitəsilə göndərdiyi məktubda tədris prosesinin onlayn (distant təhsil) formada həyata keçirildiyi və 2020-ci ilin mart-iyun ayları ərzində 72 tədris günü üçün ödənilmiş təhsil haqqı məbləğinin 25% həcminin güzəşt ediləcəyinin bildirildiyini, məktəbə ümumi təhsil haqqının 72 tədris günü üzrə olan hissəsini, yəni 3800 (üç min səkkiz yüz) manatı geri ödəməsi ilə bağlı 01 sentyabr 2020-ci il tarixində ərizə ilə müraciət etdiyini, lakin məktəbin tələb olunan məbləğin geri qaytarılması üçün heç bir təşəbbüs göstərmədiyini bildirmiş, buna görə də məktəbdən 3800 (üç min səkkiz yüz) manat təhsil haqqının və məhkəmə üçün ödədiyi 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” MMC-dən 1900 (min doqquz yüz) manat təhsil haqqının və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini irəli sürmüşdür. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 şikayətin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, koronavirus infeksiyası səbəbilə Nazirlər Kabinetinin sərəncamına əsasən ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmış, lakin “Təhsil haqqında” Qanunun 13.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında təhsilalma formalarından birinin distant (məsafədən) olduğu və bu formada təhsilalmada heç bir məhdudiyyətin qoyulmaması nəzərə alınaraq, məktəb həm məktəbəqədər, həm təhsil xidmətlərinin distant (məsafədən) təşkil olunması üçün “Microsoft” və “SeeSaw” proqram təminatı platformalar üzərindən həyata keçirilməsini təşkil etmiş, Novruz bayramından sonrakı ilk iş günü şagirdlərin valideynlərinə, iddiaçı daxil olmaqla, elektron poçt və telefon zəngi vasitəsilə məlumat verilməklə valideynlərdən bu xidmətin göstərilməsi sahəsində dəstək olmaları xahiş edilmişdir. Müqavilə üzrə öhdəliklərin qeyd olunan tərzdə icra edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsində öz əksini tapmışdır, yəni öhdəlikləri icra edərkən tərəflər yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məktəb xüsusi karantin dövründə müqavilənin əsas predmeti hesab edilən məktəbəqədar təhsil xidmətinin göstərilməsi üçün bütün mümkün olan tədbirləri keçirmiş, distant (məsafədən) təhsil üzrə proqramının və dərs cədvəlinin hazırlanması, müvafiq proqram təminatı platformaları ilə qoşulmaq üçün hər bir valideyni şəxsi hesab və kodla təmin edilməsi, hər gün dərslərin təşkil olunması və ev tapşırıqlarının göndərilməsini təmin etmişdir. 2020-ci ilin mart, aprel, may, iyun aylarında təhsilin distant (məsafədən) keçirilməsi ilə əlaqədar olaraq müqavilənin 1ci bəndində sadalanan bəzi xidmətlər - yeməkxana, klub xidməti, dəftərxana ləvazimatı ilə təminat və təhlükəsizlik xidmətinin göstərilməməsi məktəbin diqqətindən yayınmamış, həmin aylara görə məktəb rəhbərliyi tərəfindən xidmət haqqına 25% güzəşt tətbiq olunaraq bu barədə hər valideynə, o cümlədən iddiaçıya 05.07.2020-ci il tarixində elektron poçt və digər vasitələrlə rəsmi məlumat verilmişdi. Ümumilikdə, xidmət haqqının güzəşt məbləği, yəni iddiaçıya qaytarılmalı hissəsi ümumi ödənilmiş 9500 (doqquz min beş yüz) manatın 4 aya görə hesablanan 3800 (üç min səkkiz yüz) manat üzrə 950 (doqquz yüz əlli) manat təşkil etmişdir. İddiaçı, Nazirlər Kabinetinin 08 yanvar 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Məktəbə hazırlığın təşkili Qaydaları”nın 2-ci və 3-cü bəndlərinə istinad edir, lakin aydın və əsaslı heç bir səbəb və sübut göstərmədən məktəbə hazırlıq dərslərinin onlayn (distant) formasında yerinə yetirməsinin qeyri-mümkün olduğunu iddia edir. Belə ki, həmin Qaydaların 2-ci bəndinə görə məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etmək, məktəbə hazırlığın vəzifələri isə uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır. Məktəbdə qeyd olunan Qaydaların 4.2-ci və 4.3-cü bəndlərinə əsasən iddiaçının övladı təhsil alan məktəbə hazırlıq qrupunda karantin dövründə həftə ərzində 15 məşğələ (Ətraf aləmlə tanışlıq, Savad təliminə hazırlıq və nitq inkişafı, Bədii təfəkkürün inkişafı, Məntiqi və riyazi təfəkkürün inkişafı, Təsviri fəaliyyət, Musiqi, Fiziki mədəniyyət və sosial-psixoloji hazırlıq üzrə) hər bir məşğələ müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilməklə məktəbəqədər təhsil xidmətləri təşkil olunmuş və həyata keçirilmiş, göstərilən xidmət məktəbə hazırlığın təşkili üçün qoyulan tələblərin heç biri ilə ziddiyyət yaratmamış, əksinə həmin tələblərin yerinə yetirilməsinə yönəlmişdir. Qaydaların heç bir müddəasında məktəbə hazırlığın distant (məsafədən) təşkilinin qeyri-mümkün olduğu haqqında qeyd öz əksini tapmamışdı. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçıya əlavə güzəşt də təklif olunmuş, ona 1900 manat qaytarılması barədə qərar verilmiş, lakin iddiaçı bununla da razılaşmamışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməyən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh ümumiyyətlə mübahisələndirməmiş, iddiaçı isə qətnamənin tam ləğvini xahiş etsə də, əslində məhz qeyd edilən hissədən narazı qalmışdır. Başqa sözlə, iddia tələbinin təmin edildiyi hissə hazırkı apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə apellyasiya baxışının predmeti olan hissədə (iddianın təmin edilmədiyi hissədə) dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına görə, İddiaçı ilə “xxxx” MMC arasında 20.05.2019-cu il tarixdə “Məktəbəqədər təhsil xidmətlərini göstərilməsi barədə” müqavilə bağlanmış, müqavilənin 1-ci bəndinə əsasən məktəb, iddiaçının övladına məktəbəqədər təhsil xidmətlərini göstərməyi, uşağa müasir təhsil metodikalarından istifadə etməklə iki dilli olan Azərbaycan-ingilis, rus-ingilis bölməsində tərbiyə-təlim verməyi, onu gigiyenik tələblərə uyğun qida ilə təmin etməyi, onun istirahətini təşkil etməyi, müxtəlif idman növləri ilə məşğul olmasına şərait yaratmağı, incəsənətin müxtəlif növlərinə cəlb etməyi və məktəbdə olduğu müddətdə təhlükəsizliyini təmin etməyi, valideyn (iddiaçı) isə məktəbin göstərdiyi məktəbəqədər təhsil xidmətlərinin haqqını vaxtlı-vaxtında ödəməyi və müqavilədə nəzərdə tutulan digər vəzifələri yerinə yetirməyi öhdələrinə götürmüş, müqavilənin 2.1-ci bəndində təhsil və onunla bağlı kompleks xidmətlərinin qiymətinin tədris ili üçün 10 000 manat təşkil etdiyi müəyyənləşdirilmiş, müqavilənin 2.4-cü bəndində 2.1-ci bəndd göstərilən xidmət haqqının 20 avqust 2019-cu il tarixinədək tam şəkildə ödənilməsi halında ödənişin 5%-i miqdarında endirim tətbiq olunacağı razılaşdırılmış, iddiaçı tərəfindən məktəbə 9500 manat ödənilmişdir. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin 8-ci bəndinə əsasən, tərəflərdən heç biri müqavilə üzrə öz öhdəliklərini onların iradəsindən asılı olmayan müharibə, iğtişaş, epidemiya, epizootiya, mühasirə, embarqo, zəlzələ, daşqın, yanğın və digər təbii fəlakətlər, qəzalar, dövlət hakimiyyəti orqanlarının qərarı kimi qarşısıalınmaz qüvvələr nəticəsində meydana çıxan səbəblərdən yerinə yetirə bilmədikdə həmin müddətdə məsuliyyət daşımırlar; 8.2-ci bəndinə görə isə, əgər dəfedilməz qüvvələr şəraiti ardıcıl olaraq 3 ay davam edirsə və onun bitməsi əlamətləri görünmürsə, müqaviləyə bir tərəfin digər tərəfə bildiriş göndərilməsi yolu ilə xitam verilə bilər. İş materiallarından aydın olur ki, “xxxx” Təhsil Kompleksi MMC tərəfindən valideynlərə elektron məktub göndərilmiş, məktubda, ölkə ərazisində koronovirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar MTK-da tədris prosesinin onlayn (distant təhsil) formada həyata keçirildiyi, 2019-2020-ci akademik il üzrə şagirdlərə sentyabr-iyun ayları ərzində 180 gün dərs keçirilməsinin planlaşdırıldığı, mart-iyun ayları üzrə bunun 72 gün təşkil etdiyi, yaranmış vəziyyətlə bağlı olaraq mart ayından etibarən şagirdlərə yeməkxana, klub xidməti və dəftərxana ləvazimatları ilə təminatın tam dayandırıldığı və bunun kompleksin diqqətindən yayınmadığı, buna görə də rəhbərliyin hər bir valideynin marağını qoruyaraq təhsil haqqı üzrə endirim tətbiq edilməsi qərarını qəbul etdiyi, endirim məbləğinin mart-iyun ayları ərzində 72 dərs günü üzrə valideynin ödədiyi təhsil haqqı məbləğinin 25% həcmində nəzərdə tutulduğu bildirilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məktəbə 01.09.2020-ci il tarixdə aşağıdakı məzmunda ərizə ünvanlanmışdır: “20 may 2019-cu il tarixli 446 saylı müqaviləyə əsasən oğlum X1 Təhsil Kompleksində məktəbəqədər hazırlıq üzrə təhsil almışdır. Bildiyiniz kimi 2019-2020-ci il tədris ilinin müddəti 180 gün nəzərdə tutulsa da, ölkə ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar tədris prosesi dayandırılmış, nəticədə 2020-ci il mart-iyun ayları (72 gün) ərzində tədris prosesi həyata keçirilməmişdir. Qeyd edilən müqavilənin 2.4-cü bəndinə uyğun olaraq 2019-2020-ci il tədris ili üçün 9500 manat məbləğində təhsil haqqı tərəfimdən qabaqcadan tam olaraq ödənmişdir. Lakin məlum səbəblərdən dolayı MTK müqavilənin 3.1-ci bəndi üzrə tərbiyə-təlim prosesini tam olaraq icra edə bilməmişdir. Belə ki, şagirdlər həm təhsil, həm də yeməkxana, klub xidməti, dəftərxana ləvazimatları ilə tam olaraq təmin edilməmişdir. Tərəfinizdən elektron qaydada valideynlərə ünvanlanmış məktubda mart-iyun ayları ərzində 72 tədris günü üzrə ödənilmiş təhsil haqqı məbləğinin 25 % həcmində endirimin tətbiq olunacağı bildirilmişdir. Tətbiq etdiyiniz endirim bir valideyn kimi mənim maraqlarımı təmin etmir. Tərəfimdən ödənilmiş məbləğ Müqavilənin 1-ci bəndində qeyd edilən təhsil və onunla bağlı kompleks tədbirlərin qiymətini təşkil edir. Müqavilə üzrə uşağa Azərbaycan-İngilis, Rus-ingilis bölməsində tərbiyə-təlim vermək, onu gündə 4 dəfə gigiyenik tələblərə uyğun qıda ilə təmin etmək, onun istirahətini təmin etmək, idman və icəsənət növləri ilə məşğul olmasına şərait yaratmaq, dərnəklərdə iştirak, ekskursiyaların təşkili, psixoloji xidmətlərin göstərilməsi və s. xidmətlər MTK tərəfindən 72 gun müddətində yerinə yetirilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, tərəfimdən ödənilmiş ümumi təhsil haqqının 72 tədris günü olan hissəsinin, yəni 3800 (üç min səkkiz yüz) manat pul məbləğini geri ödəməyinizi Sizdən xahiş edirəm”. İş materiallarından görünür ki, iddiaçının həmin müraciətinə məktəb tərəfindən 25.09.2020-ci il tarixdə cavab məktubu göndərilmiş, məktubda “...ərizəyə rəhbərlik tərəfindən yenidən baxıldığı və əlavə endirimin verilməsi ilə bağlı heç bir güzəştin nəzərdə tutulmadığı, ...Covid-19 endiriminin 950 manat təşkil etdiyi” bildirilmişdir. Beləliklə, ölkə ərazisində koronovirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar məktəbdə tədris prosesinin onlayn (distant təhsil) formada həyata keçirildiyi, 2019-2020-ci ilin mart-iyun ayları üzrə 72 gün müddətində tədeisin həmin formada təşkil edildiyi, yaranmış vəziyyətlə bağlı mart ayından etibarən şagirdlərə yeməkxana, klub xidməti və dəftərxana ləvazimatları ilə təminatın tam dayandırıldığı işin mübahisələndirilməyən halıdır. Bununla yanaşı işin müəyyən olunan halı həm də ondan ibarətdir ki, qeyd olunan dövrdə iddiaçının övladına onlayn (distant) təhsil xidməti göstərilmiş və iddiaçı müqavilədən imtina etməmişdir. Kollegiya qeyd edir ki, əslində iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin müqavilənin dəyişdirilməsi imkanını nəzərdə tutan müddəaları nəzərdən keçirilə bilər – hansı ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə görə, “tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur”; 422.1-ci maddəsinə görə isə, “tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur”. Mülki qanunvericiliyin sadalanan müddəalarına görə, müqavilənin dəyişdirilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin hallarından görünür ki, bu əsas da mövcud deyildir – çünkü, Mülki Məcəllənin 448.4-cü maddəsinə görə, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi halıdır ki, kollegiyanın qənaətinə görə, hazırkı mübahisə baxımından həmin hal da mövcud deyildir; belə ki, tərəflər bağladıqları müqavilədə epidemiyanı öhdəliklərin icra olunmamasının üzrlü səbəbi kimi müəyyənləşdirmişlər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh məktəbin öz öhdəliklərini onun özündən asılı olmayan səbəblərdən tam icra edə bilmədiyini və buna görə iddiaçıya müəyyən məbləğdə pul vəsaitini qaytarmağa etiraz etmədiyini nəzərə almaqla müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə yanaşma hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərinə də uyğundur. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 458.1-ci maddəsinə görə, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır; 458.2-ci maddəsinə görə isə, bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-847/2021 saylı iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5843/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5843/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver