Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5848/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: su sayğacının quraşdırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “qeyri-yaşayış sahəsi ilə bağlı əvvəlki mülkiyyətçiyə hesablanmış borcun ondan tutulmaması, qeyri-yaşayış sahəsinin su və kanalizasiya xidmətinə qoşulması haqda müqavilənin bağlanması və su sayğacının quraşdırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2478/2022 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayətinə 04 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 56,1 kv.m təşkil edən qeyri-yaşayış sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
2. İddiaçı Cavabdeh ASC-yə 2 saylı ASAN Kommunal Xidmətinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, mülkiyyətində olan həmin əmlakın su və kanalizasiya xidmətlərinə qoşulması üçün yeni müqavilənin bağlanmasını xahiş etmişdir.
3. Cavabdeh ASC Nəsimi Rayon Sukanal İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda göstərmişdir ki, qeyd edilən obyektdə X1 adına 054991 nömrəli abonent kodunun olduğu aşkarlanmışdır. Həmin kodda yaranmış 6506,9 manat borcun ödənişini təmin etməsi və smart sayğac quraşdırılması üçün şərait yaratması xahiş edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə aid 054991 nömrəli abonent kodu üzrə keçmiş abonent X2 hesablanmış 6506,90 manat borcun ondan tələb edilməməsi, cavabdehlə aralarında qeyri-yaşayış sahəsinin su və kanalizasiya xidmətinə qoşulması haqda müqavilənin bağlanması və su sayğacının quraşdırılması barədə qətnamə çıxarmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 56,1 kv.m təşkil edən qeyri-yaşayış sahəsini 2021-ci ilin sentyabr ayında alqı-satqı yolu ilə əldə etmişdir. Mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq çıxarış verilmişdir. Qeyri-yaşayış sahəsini aldığı vaxtdan istifadə etməmişdir. Belə ki, qeyriyaşayış sahəsi təmirsiz vəziyyətdə olduğu üçün əsaslı təmir edilməsi zəruri idi və alqısatqıdan sonra maddi vəsaiti qalmadığı üçün bir müddət sonra təmirə başlamağı düşünürdü. Bu ilin əvvəlində təmirə başlamaq qəararına gəlmiş və mütəxəssislərlə yerində baxdıqda qeyri-yaşayış sahəsinə su xəttinin gəldiyi, lakin sayğacın olmadığı məlum olmuşdur. Cavabdeh ASC-yə müraciət edərək, su və kanalizasiya xidmətlərinə qoşulma üçün yeni müqavilənin bağlanmasını xahiş etmiş, lakin bundan imtina edilərək qeyd edilən obyektdə X1 adına 054991 nömrəli abonent kodunun olduğu aşkarlandığı bildirilmiş, həmin kodda yaranmış 6506,90 manat borcun ödənişini təmin etməsi və smart sayğac quraşdırılması üçün şərait yaratması xahiş edilmişdir. Bu cavab onun hüquqlarının kobud şəkildə pozulmasıdır. Belə ki, bəhs edilən borc məbləği onun deyildir. Qeyri-yaşayış sahəsini yenilikdə almış və həmin borcun tərəfindən ödənilməsini tələb etmək, eləcə də su təchizatını başqa şəxsin borcunun ödənilməsindən asılı etmək əsassızdır. Digər tərəfdən, qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi Rzayeva Vəfa adlı şəxs olmuşdur. Alqısatqıya satıcı tərəfindən təqdim edilən çıxarışın verilmə tarixi 2014-cü ilə aid idi. Yəni belə məlum olur ki, bəhs edilən borc heç ona daşınmaz əmlakı satan şəxsə də aid deyildir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(004)- 2478/2022 nömrəli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh ASC ünvan 3 ünvanda yerləşən qeyriyaşayış sahəsində X1 adına 054991 nömrəli abonent kodunun olduğuna əsaslanmaqla, həmin kodda yaranmış 6506,9 manat borcun ödənişini obyektin yeni mülkiyyətçisi olan hazırki iş üzrə İddiaçı tələb etmişdir. Lakin, qanunvericiliklə obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə sudan istifadəyə görə olan borcu ödəmək vəzifəsi əvvəlki mülkiyyətçinin üzərinə qoyulmuşdur. Belə olduğu halda məhkəmə hesab edir ki, cavabdeh təşkilat əsassız olaraq, sudan istifadəyə görə olan borcun ödənişini iddiaçıdan tələb etmişdir.
8. Məhkəmə iş üzrə gəldiyi nəticəni “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarına, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və s. normalara istinad etməklə əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sudan istifadəyə görə hesablanmış qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir və onunla cavabdeh arasında sudan istifadə ilə bağlı müqavilə yoxdur. Borc məbləği əvvəlki istifadəçi ilə bağlanmış müqavilə əsasında və ona hesablanmışdır. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətləri və onunla əlaqədar yaranan digər məsələlər Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262№-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalar” tənzimləyir. Qaydaların tələbindən göründüyü kimi obyektin mülkiyyətçisi dəyişdirildikdə sudan istifadəyə görə olan borcu ödəmək vəzifəsini əvvəlki mülkiyyətçinin üzərinə qoymuşdur. Lakın hazırki iş üzrə əvvəlki mülkiyyətçi sudan istifadəyə görə olan borcu ödəməmiş, iddiaçı isə borcu olan obyekti satın almış, həmçinin yeni müəssisəsinə 10 iş günü müddətində yazılı müraciət etməmişdir. Mülkiyyəçinin dəyişməsi borcu silinməsi üçün əsas deyildir. Həmçinin alqı-satqı edərkən obyektə dair problemli məsələlərin həmin obyektə dair borcun olub-olmaması, obyek üzərində həbsin olub-olmamasına, obyektin ipoteka predmeti olub-olmamasına alıcının risk dairəsinə aiddir. İddiaçının sudan istifadəyə görə əvvəlki mülkiyyətçidən tələb etməməsi həmin borcun silinməsinə əsas verə bilməz.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh apellyasiya şikayətində həmçinin su sayğacının istehlakçının vəsaiti hesabına quraşdırılmalı olmasını qeyd etmişdir ki, onlar buna etiraz etmirlər. Yəni, cavabdeh iddiaçıya məxsus qeyriyaşayış sahəsinə su sayğacı quraşdıracağı təqdirdə iddiaçı onun dəyərini ödəyəcəkdir. Qətnamədə su sayğacının məhz cavabdehin hesabına quraşdırılmalı olması qeyd edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi, məhkəmə iclasına gəlməmişdir.
14. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. . Tətbiq edilən hüquq
15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
16. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
17. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
18. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 6.5-ci bəndinə əsasən, istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir.
20. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən, su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə su və kanalizasiya xidmətlərinə görə müqavilənin bağlanması və su sayğacının quraşdırılması üçün ondan əvvəlki abonentə məxsus borcun tələb olunması əsassız olmaqla, qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
31. Çünki, obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə sudan istifadəyə görə olan borcu ödəmək vəzifəsini əvvəlki mülkiyyətçinin üzərinə qoymuşdur. Yeni mülkiyyətçinin (istifadəçinin) yeni müqavilənin bağlanılması üçün müraciətinə əsasən isə müraciətin daxil olduğu gündən 3 iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır (bax: 20-ci bənd).
32. Cavabdeh apellyasiya şikayətində birinci instansiya instansiya məhkəməsi tərəfindən əvvəlki borcun silinməsini göstərsə də, işdən görünür ki, məhkəmə əvvəlki borcun silinməsini deyil, iddiaçıdan tələb olunmasını qanunsuz saymışdır. Belə olan halda, cavabdeh həmin borcla bağlı tələb hüququnu özündə saxlayır.
33. Məhkəmə kollegiyası iddiaçının daşınmaz əmlakı əldə edən zamanı borcun olmaması barədə arayış almaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı bildirir ki, bu hal özü-özlüyündə iddiaçının istehlakçı kimi hüquqlarını və hazırki tələbini aradan qaldırmır.
34. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin “su sayğacının iddiaçının hesabına quraşdırılmalı olması” barədə dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi - ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin su və kanalizasiya xidmətinə qoşulması haqda müqavilənin bağlanması və su sayğacının quraşdırılmasını qət etmişdir. İddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı yazılı ərizə də təqdim etməklə su sayğacının dəyərini ödəməyə hazır olduqlarını qeyd etmişdir. Belə olan halda bu məsələ, qanunvericiliyin tələblərinə uyğun olaraq, tərəflər arasında müvafiq müqavilə bağlanan zamanı öz həllini tapa bilər.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvinə əsas ola bilməz.
36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2478/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.