Məhkəmə qərarları › İş №2(103)-5851/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5851/2020

26.08.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5851/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “tikililərin sökülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apelyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və vəkili X1, habelə cavabdehlərin iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onun mülkiyyətində olan və ünvan 1 “a” ünvanda cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi və həmin ərazinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan həmin evin yaxınlığında, yəni bir hasar daxilində həm də uzun illər bundan əvvəl inşa olunmuş və cavabdehlərin hazırda istifadə etdikləri tikililər mövcuddur. İddiaçının evinə aid hamam, ayaqyolu və mətbəx həyətdə yerləşir. Eyni zamanda həyətin bir tərəfində yerləşən su quyusu uzun illərdən bəri suya olan tələbatı ödəyir. Bu yaxınlarda cavabdehlər, istifadələrində olan özbaşına tikililərdən əlavə, yeni qanunsuz tikili və hasar inşa etmişlər. Yeni inşa edilmiş həmin qanunsuz tikililər iddiaçını həyətdə olan hamam, ayaqyolu və mətbəxdən istifadəsinə mane olur, yeni hasar isə su quyusundan istifadə etmək üçün gediş-gəliş yolunu bağlamışdır. Ona görə də iddiaçı hesab edir ki, cavabdehlərin özbaşına apardıqları tikinti işləri dayandırılmalı və həmin tikililər sökülərək həyət əvvəlki vəziyyətə gətirilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə, iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbnin əsasları ilə eynilik təşkil edən apelyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız nəticəyə gəlmişdir. Apelyasiya baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili apelyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Apelyasiya baxışı iclasında iştirak edən cavabdehlər isə apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdilər. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ÖM seriyalı, 242955 №-li, xx.xx.2017-ci il tarixli “Çıxarışdan” görünür ki, yuxarıda qeyd edilən 98 “a” №-li ev iddiaçının mülkiyyətindədir. İşə birinci instansiya məhkəməsində baxılması zamanı Rayon Məhkəməsi tərəfindən iddiaçıya məxsus evin yerləşdiyi həyətə baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: dörd tərəfdən hasarlanmış torpaq sahəsində bir-birinə açıq üçbucaq formasında bitişik iki ev mövcuddur - biri iddiaçıya məxsus, digəri isə cavabdehlərin yaşadıqları ev. Cavabdehlərin yaşadıqları ev dövlət qeydiyyatına alınmamış əmlakdır. Hər iki evin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququ və ya digər qanuni əsaslarla hər hansı şəxsə məxsus olması barədə sənəd yoxdur. Cavabdehlərin qeydiyyatda olduqları evin solunda su quyusu mövcuddur. Cavabdehlər həmin su quyusunun üzərində təxminən 2 metrdən aşağıya qədər hündürlüyündə qanuni əsaslar olmadan mətbəx və sanitar qovşağı inşa etmişlər. İddiaçı su quyusundan evinə su boruları çəkdirib, həmin sudan istifadə edir. Qanunsuz inşa edilmiş tikililərin altından su quyusunun yanına giriş bağlanmamışdır. Həmin su quyusundan iddiaçı alternativ variant kimi istifadə etmişdir. Belə ki, həmin evlərdən təxminən 150 metr aralıda “xxxxxx” ASC tərəfindən hər iki ev üçün su sayğacı quraşdırılmış, cavabdehlər özlərinə aid sayğaca qoşulmuş, lakin iddiaçı özünə aid sayğaca qoşulmamış, “xxxxxx” ASC tərəfindən çəkilmiş sudan deyil, su quyusundan istifadə etmişdir. Eyni zamanda cavabdehlər tərəfindən hasara alınmış həyətin sağ tərəfində iddiaçı ilə özlərinə məxsus evin sərhəddində bir hasar inşa etmişlər. Apellyasiya baxışı iclasında iştirak edən iş üzrə tərəflər “yerli baxış protokolunda” qeyd edilənləri təsdiq etdilər. Cavabdehlər əlavə olaraq bildirdilər ki, mübahisəli hasarın və tikililərin inşası onlar tərəfindən həyata keçirilib və bunun üçün onların icazələri olmamışdır. “xxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ASC-nin elektron bazasında iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə **********011 nömrəli abonent kodunun verilməsi barədə məlumat aşkar edilmişdir. Həmin ünvanda su təchizatından istifadəyə dair xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış, ünvanda 19138227 nömrəli su sayğacı quraşdırılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün sudan istifadəyə görə ödəniş etməmişdir. Qeyd edilənləri, habelə iş üzrə tərəflərin verdikləri məlumatları nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 111-ci maddəsinin görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Məcəllənin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçıya məxsus evin yerləşdiyi həyətdə cavabdehlər tərəfindən hasar inşa edilmişdir. Həmin hasar özbaşına tikili olmaqla yanaşı iddiaçının əvvəllər də istifadə etdiyi su quyusundan sərbəst istifadə etməsinə maneə törədir. Başqa sözlə iddia qismən, yəni su quyusundan istifadəyə maneə törədən hasarın sökülməsi hissəsində əsaslıdır. Rayon Məhkəməsi iddianı həmin hissədə rədd etməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlər tərəfindən inşa edilmiş digər özbaşına tikililərin iddiaçının maraqlarına toxunması iş materialları ilə təsdiq edilmir, iddiaçı tərəf bununla bağlı sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə səhvdir – işin hallarına uyğun gəlmir; qətnaməyə dair iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Odur ki, Məhkəmə, apellyasiya baxışının nəticəsini, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq, habelə MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli, iddia qismən təmin edilməli, mübahisəli hasar iddiaçıya məxsus olan evə bitişik olan yerdən başlayaraq evin həmin divarına paralel olan hasarla bitişən yerə kimi sökülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “tikililərin sökülməsi tələbi barədə” iddiası qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, A.A.Əbdülkərim küçəsində yerləşən və İddiaçı mülkiyyətində olan 98 “a” №-li evə aid həyətdə, qeyd edilən evə bitişik inşa edilmiş hasar həmin yerdən başlayaraq evin həmin divarına paralel olan hasarla birləşən yerə kimi sökülsün. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar