Məhkəmə qərarları › İş №2(103)-5853/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5853/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5853/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Sığorta şirkəti ASC-nin nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-743/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı – Cavabdeh Sığorta şirkəti ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASCdən 6654 (altı min altı yüz əlli dörd) manat əsas məbləğ, 2380 (iki min üç yüz səksən) manat dəbbə pulu, ödənilmiş 87 (səksən yeddi) manat dövlət rüsumu, hüquqi xidmət üçün ödənilmiş 150 (yüz əlli) manat xidmət haqqı və etibarnəmə üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat vəsaitin İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir).

2. Səbail Rayon Məhkəməsinin 2(009)-743/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Qafarova) iddia tələbi təmin edilməmişdir.

3. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

4. Məhkəmə kollegiyasının iclasında tərəflər barışıq sazişi verərək, mübahisəni barışıq yolu ilə həll etdiklərini və barışıq sazişindən irəli gələn hüquqi nəticələrin onlara aydın olduğunu, buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər.

5. Barışıq sazişinin məzmununa görə;

1. Cavabdeh sığorta ödənişi olaraq 7 iş günü ərzində iddiaçıya 4.000 (dörd min) manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür.

2. iddiaçı 7 iş günü ərzində sığorta ödənişinin əvəzi olaraq 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin ona ödənilməsinə öz razılığını bildirir və 2(103)-5853/2022 saylı mülki iş üzrə ümumi iddia tələbinin qalan 5288,25 manat hissəsindən imtina edir.

3. iddiaçı və Cavabdeh onlar arasında yaranmış mübahisənin həll olunduğunu, barışıq sazişinin şərtləri ilə razı olduğunu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi müəyyən edilmiş müvafiq normaların onlara tam aydın olduğunu və bir- birlərinə qarşı heç bir iddialarının olmadığını təsdiq edirlər.

4. Bu Saziş Azərbaycan dilində, 1 (bir) vərəqdə, 3 (üç) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzaladığı və məhkəmənin qərardadla təsdiq etdiyi andan qüvvəyə minir, nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, biri isə Bakı Apellyasiya Məhkəməsinin iş materiallarında saxlanılır.

6. Qeyd olunan şərtlərlə, kənardan heç bir təsir və təyiq olmadan, sərbəst iradəmizin ifadəsi kimi hazırkı müqaviləni imzalayırıq.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər.

8. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

9. Hazırkı halda, Məhkəmə kollegiyası barışıq sazişini müzakirə edərək hesab edir ki, barışıq sazişi tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, qanuna zidd deyildir, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

10. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

11. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

12. Qeyd olunan Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.

14. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, barışıq sazişinin təsdiq olunması barədə ərizə qəbul olunmalı, barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

16. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, tərəflərin barışıq sazişi bağlaması əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

İddiaçı Cavabdeh Sığorta şirkəti ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair tələbinə dair iddia ərizəsi ilə bağlı tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin məzmununa görə;

1. Cavabdeh sığorta ödənişi olaraq 7 iş günü ərzində iddiaçıya 4.000 (dörd min) manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür.

2. iddiaçı 7 iş günü ərzində sığorta ödənişinin əvəzi olaraq 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin ona ödənilməsinə öz razılığını bildirir və 2(103)-5853/2022 saylı mülki iş üzrə ümumi iddia tələbinin qalan 5288,25 manat hissəsindən imtina edir.

3. iddiaçı və Cavabdeh onlar arasında yaranmış mübahisənin həll olunduğunu, barışıq sazişinin şərtləri ilə razı olduğunu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi müəyyən edilmiş müvafiq normaların onlara tam aydın olduğunu və bir- birlərinə qarşı heç bir iddialarının olmadığını təsdiq edirlər.

4. Bu Saziş Azərbaycan dilində, 1 (bir) vərəqdə, 3 (üç) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzaladığı və məhkəmənin qərardadla təsdiq etdiyi andan qüvvəyə minir, nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, biri isə Bakı Apellyasiya Məhkəməsinin iş materiallarında saxlanılır. Səbail Rayon Məhkəməsinin 2(009)-743/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar