Məhkəmə qərarları › İş №2(103)-5854/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5854/2021

22.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5854/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının vəkili-nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(006)- 193/2021 saylı qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia əriəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 06.04.2018-ci il tarixli Z-102RGTK180960001 saylı zaminlik müqaviləsi etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11.08.2017-ci il tarixdə Cavabdeh ASC-nin X6 İlyas Yusif oğlunun 11800 manat məbləğində, 36 ay müddətinə, illik 29,84 faiz olmaqla bağlanmış kredit müqaviləsinə görə Z-102GTKR172230504 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra X10 Yusif oğlu 17441.51 manat, 60 ay müddətinə illik 22 faiz olmaqla 06.04.2018-ci il tarixli, 102RCTK180960001 nömrəli kredit müqaviləsi bağlanmışdır. X10 Yusif oğlu öhdəliyini icra etməmiş, bununla bağlı 07.05.2018-ci il tarixdən başlayaraq onun əmək haqqından tutlmalar başlamışdır. Cavabdeh ASC-nin Mərkəz filialında bağlanmış 06.04.2018-ci il tarixli Z- 102RGTK18096001 saylı zaminlik müqaviləsi onun razılığı olmadan həmin öhdəlik dəyişdirilərək onun məsuliyyətinin artmasına səbəb olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(006)-193/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 06.04.2018-ci il tarixli Z-102RGTK180960001 saylı zaminlik müqaviləsi etibarsız hesab edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirdiyi zaminlik müqaviləsi 06.04.2018-ci il tarixində bağlanmışdır. Mülki Məcəllənin tələbinə əsasən iddiaçı həmin müqaviləni 07.04.2019-cu il tarixinədək mübahisələndirə bilərdi. Eyni zamanda bildiririk ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 07.05.2018-ci il tarixindən başlayaraq Quliyev İlyas Yusif oğlu kredit borcunun ödənilməsini gecikdirdiyi üçün onun əmək haqqından tutulmalar aparılmışdır. Bu fakt isə ən pis halda iddiaçının mübahisə edilən müqavilə barəsində həmin tarixdən etibarən məlumatının olmasını təsdiq edir. Buna əsasən, hətta, müddətin axımının iddiaçının bilməli olduğu tarixdən (07.05.2018) hesablansa, iddiaçı kəsiçi müddəti ötürmüş hesab olunur. Belə ki, İddiaçı tərəfindən zaminlik müqaviləsi 29.10.2019-cu il tarixli iddia ərizəsi əsasında mübahisələndirilmişdir. Belə olan halda əqd kəsici müddətin bitdiyi tarixdən beş ay sonra mübahisələndirilmişdir. Bundan başqa iddiaçı tərəfindən iddia düzgün qaldırılmamışdır. Nəticə olaraq birinci instansiya məhkəməsi yalnış iddia tələbi daxilində yalnış qətnamə qəbul etmişdir. İddiaçı həqiqətən də müqaviləni imzalamadığı halda mübahisə predtmeti olan müqavilə mübahisə edilən yox, əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqd isə etibarsız ola bilməz. Bu zaman məhkəmə tərəfindən əhəmiyyətsiz əqdin yaratmış olduğu hüquqi nəticələr aradan qaldırıla bilər. Qətnamənin hal-hazırkı iddia üzrə qəbul edilməsi onun gələcəkdə icrasına çətinlik yarada bilər. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh ASC-nin Mərkəz Filialı ilə Quliyev İlyas Yusif oğlu arasında bağlanmış 11.08.2017-ci il tarixli, Z-102GTKR172230504 saylı zaminlik müqaviləsindən görünür ki, 11800 manat məbləğində pul vəsaitini 36 ay müddətinə illik 29,84 faiz olmaqla kredit verilmişdir. Cavabdeh ASC-nin Mərkəz Filialı ilə borclu İddiaçı 06.04.2018-ci il tarixli, 102RCTK180960001 saylı zaminlik müqaviləsindən görünür ki, 17441.51 manat məbləğində pul vəsaiti 60 ay müddətinə illik 22 faiz olmaqla kredit verilmişdir. İddiaçı 06.04.2018-ci il tarixli razılıq ərizəsindən görünür ki, Quliyev İlyas Yusif oğlu ilə bağlanmış 06.04.2018-ci il tarixli 102RGTK180960001 saylı kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləği 30 gündən artıq gecikdirildikdə, ödənilməli olan gecikən əsas borc, hesablanmış faiz və cərimə məbləğlərinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etira etmir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 dekabr 2020-ci il tarixli, 4/1036 saylı ekspert rəyindən göründüyü kimi ekspertizaya təqdim edilmiş, mülki işin 57-ci vərəqində olan 06.04.2018-ci il tarixli Z-102RGTK180960001 saylı “zaminlik müqaviləsi”nin "zamin” qrafalarında olan imzalar - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ona görə də, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 06.04.2018-ci il tarixli, Z-102RGTK180960001 saylı zaminlik müqaviləsi etibarsız olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 57-ci vərəqində olan 06.04.2018-ci il tarixli Z- 102RGTK180960001 saylı “zaminlik müqaviləsi”nin “zamin” qrafalarında olan imzalar - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə əsasən «Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.» Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə olmadan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər. Həmin məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.» Həmin məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.» Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Mülki qanunvericiliyə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Normanın məzmunundan müəyyən olunur ki, hər bir şəxs öz seçdiyi tərəflə məzmununu sərbəst müəyyənləşdirdiyi qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilir. Bir qayda olaraq müqavilə şərtləri tərəflərin razılaşması əsasında müəyyən edilir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən mübahisəli zaminlik müqaviləsin imzalanması müəyyən edilmədiyindən, həmin müqaviləyə dair iddiaçının iradə ifadəsi mövcud olmamış və müqavilə tərtib edilərkən mülki qanunvericiliyin tələbləri pozulmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin emtəklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma ilə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi müəyyən edilməmişdir. Belə ki, cavabdeh iddia müddətinin axımının başlanması tarixini təstiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair dəlillərini göstərsə də, məhkəməyə həmin dəlilləri təstiq edən hər-hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsi idda tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(006)-193/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar