Məhkəmə qərarları › İş №2(103)-5855/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5855/2024

21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5855/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 3721/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış R0080424 nömrəli, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC “İphone 13” markalı telefonu Cavabdeh 2.159 manata satmış, cavabdeh alınmış əşyanın əvəzində qeyd olunan müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Alıcı tərəfindən 600 manat məbləğində ilkin ödəniş edilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə, satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3% həcmində cərimə hesablanır.

2. 25.05.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı MMC-yə R0080424 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borcu 951 manat, cərimə borcu 95 manat təşkil edir.

3. 31.05.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh öhdəliklərinin icrası təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında (kiçik iddia) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış R0080424 nömrəli, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə, 2.159 manat dəyərində olan əşya almışdır. Cavabdeh aldığı əşyaya görə 600 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 1.559 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 608 manat ödəniş etmişdir.Cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq müsbət nəticə əldə edilməmişdir.

6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 3721/2024 nömrəli qətnaməsi ilə (hakim F.A.Əlizadə) iddia təmin edilmiş, Cavabdeh R0080424 nömrəli, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 951 manat məbləğində əsas borc, 95 manat məbləğində cərimə borcu, 30,46 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1.076,46 manatın tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, alıcı satıcı ilə bağladığı nisyə alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış R0080424 nömrəli, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin şərtləri və MM-in 462 (cərimə öhdəliyinə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir.

8. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi barədə sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462, 462.1, 600.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 284-5.3, 284-6.1ci maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında çəkişmə və bərabərlik hüququ pozulmuşdur. İşə baxan məhkəmə yalnız Bankın təqdim etdiyi maliyyə arayışını əsas götürərək iddia tələbini təmin etmişdir. Əgər məhkəmə iclasında iştirak etsə idi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verərdi. İş üzrə bildirir ki, Banka olan borcundan ödədiyi məbləğlər nəzərə alınmamışdır. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmədən borc məbləğini dəqiq müəyyən etmədən ondan yuxarı həddə pul tutulması qanunsuzdur. Bildirdiklərinin doğru olmasını müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamə tam yoxlanılır.

17. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlardan görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan “İphone 13” markalı telefonu 2.159 manata almış, 600 manat məbləğində ilkin ödəniş etmiş, qalan məbləği razılaşdırılmış müddətdə ödəməyi öhdəliyinə götürmüş, lakin öhdəliyini tam icra etməmişdir.

20. Mülki qanunvericiliyin tələblərinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

21. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçının verilmiş əşyanın ödənilməsini tələb etmək hüququ vardır.

22. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddiaçıya olan borcundan ödədiyi məbləğlər nəzərə alınmamış və borc məbləğini dəqiq müəyyən etmədən tələb olunan həddə cavabdehdən pul tutulması qanunsuz olmuşdur.

23. Göründüyü kimi, cavabdeh borcunun olmasını təsdiq etmiş, yalnız borcun məbləğini mübahisələndirmişdir.

24. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənildiyi barədə hər hansı sənəd təqdim edilmədiyindən, məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi məqsədəmüvafiq hesab edilməmişdir.

25. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə məlumatı əks etdirən bildirişin cavabdehin qeydiyyatda olduğu ünvana göndərilməsi barədə reyestr iş materiallarına əlavə edilmiş, məhkəmənin qətnaməsinin göndərilməsinə dair zərf isə “ünvan düzgün deyil” qeydi ilə geri qayıtmışdır. Bununla belə, cavabdeh apellyasiya şikayətində də ünvan olaraq həmin ünvanı göstərmişdir.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

27. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

28. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 3721/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar