Məhkəmə qərarları › İş №2(103)-5857/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5857/2021

24.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5857/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” ASC-yə qarşı “aktların ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh müəssisənin abonenti olduğunu, yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna mövsümü bağlar Albalılıq sahəsi 102 saylı bağda elektrik enerjisindən yalnız işıqlandırma məqsədi ilə istifadə etdiklərini, artıq bir neçə aydır “xxxx” ASC-nin Xəzər rayon şöbəsinin əməkdaşlarının ona qərəzli münasibət göstərdiklərini, dəfələrlə ona məxsus sayğaca daxil olan elektrik xəttini özbaşına, heç bir səbəb olmadan ayırdıqlarını, 03.09.2020-ci il tarixdə evinə baxış keçirərək guya sayğacın alt qapaq möhürünün qırıq olmasını aşkarladıqlarını və buna görə 196127 saylı akt tərtib etdiklərini, 05.09.2020-ci il tarixdə isə evinə baxış keçirərək guya sayğacın üzərindəki dövlət mühürünün üzərində müdaxilə izləri olmasını müəyyən edərək 019834 saylı akt tərtib etdiklərini, aktlara əsasən ona 3625 manat əlavə sərfiyyat hesabladıqlarını, aktda “sayğacın dövlət möhürü və sarı alt qapaq möhürü pozulmuşdur. Saygacın daxilindəki “c” faza xəttinin gərginlik və “o” xəttinin naqilinə qalay məftillə müdaxilə olunub, sayğac istismara yararsızdır” qeyd olunduğunu, bundan sonra cavabdehin işçiləri tərəfindən evinə yeni sayğac quraşdırıldığını, quraşdırılma zamanı tərtib edilmiş protokolda yeni sayğacın göstəriciləri “0” olaraq qeyd edilsə də, əslində yeni sayğacın üzərində ******* rəqəmlərinin olduğunu, yeni sayğac quraşdırıldıqdan sonra evinə elekrtik enerjisi verilməsinin dayandırıldığını, işçilərinin özbaşına və qanunsuz əməlləri ilə əlaqədar “xxxx” ASC-nin Xəzər rayon şöbəsinə gedərək məsələyə aydınlıq gətirmək istədiyini, orada isə həmin qanunsuz tərtib edilmiş akta görə hesablanmış məbləğin ödənilməsinin tələb edildiyini, 03.09.2020-ci il tarixli 196127 saylı və 05.09.2020-ci tarixli 019834 saylı aktların qanunsuz olduğunu, çünkü cavabdehin işçilərinin sonuncu dəfə mübahisəli aktların tərtib edildiyi tarixlərdə, yəni 04.09.2020-ci il tarixdə sayğaca baxaraq 373 kvt. elektrik enerjisi sərf etdiklərini, əgər sayğacın möhürü qırıq idisə, yaxud ona müdaxilə edilmişdirsə bunu həmin gün müəyyən etməli olduqlarını, elektrik sayğacının həyətində deyil, küçədə quraşdırıldığını, buna görə sayğacdakı problemə görə məsuliyyət daşımadığını, eyni zamnada aktların hal şahidlərinin və onun iştirakı olmadan tərtib edildiyini bildirmiş, xxxx” ASC-nin elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 03.09.2020-ci il tarixli 196127 saylı və 05.09.2020-ci tarixli 019834 saylı aktlarının ləğv edilməsini, aktlara əsasən hesablanmış 3625 manat sərfiyyatın silinməsini və vurulmuş mənəvi zərər görə 3000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, 3592,49 (üç min beş yüz doxsan iki manat qırx doqquz qəpik) manat borcun İddiaçı **********20000 nömrəli abunə hesabından silinməsi, iddianın digər hissələrdə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin olunması ilə bağlı hissədə - ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, işə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh isə qətnamənin yalnız qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. İş materiallarını və apellyasiya şikayətinin dəlillərini bu kontekstdə araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunan hallarına əsasən iddiaçı cavabdeh müəssisənin abonentidir və NDM 019834 nömrəli akta əsasən ona 3592,49 manat borc hesablanmışdır. İş materiallarına surəti əlavə edilmiş həmin aktda göstərilmişdir ki, 05.09.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu- **********20000) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, baxış keçirilən zaman fərdi yaşayış evinə məxsus elektrik sayğacının dövlət möhüründə müdaxilə olduğu və alt örtük qapağının siminin kəsilərək vintin içərisində gizlədildiyi müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya həmin akt əsasında hesablanmış borcun əsassız olduğu qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Başqa sözlə, elektrik enerjisi üçün tələb olunan borcun real, həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğu sübuta yetirilməlidir. Bu halda sübutetmə yükü enerji təchizatçısının, yəni borcu hesablamış təşkilat olan “xxxx” ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Kollegiya hesab edir ki, iddiaçıya hesablanmış 3592,49 manat borc baxımından cavabdeh bunu sübut edə bilməmişdir; çünkü cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçının yaşadığı evin elektrik enerjisi ilə təchizatı üzrə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan hansısa problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilmiş olduğu və onun təqsirliliyi sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə cavabdeh “xxxx” ASC iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də, aktın tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-723/2021 saylı iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar