Məhkəmə qərarları › İş №2(103)-587/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-587/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-587/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı “xxxx” X10 Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi Cabbarov Mirhəsən Miri oğlunun, Cavabdeh2 vəkili X1 iştirakları, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)4037/2018 saylı, 23 noyabr 2018ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” X10 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” KB ASC (bundan sonra iddiaçı və ya bank) və Cavabdeh1 arasında 15 avqust 2014-cü il tarixdə Əsas kredit müqaviləsi bağlanılaraq, bank cavabdehə 60 ay müddətinə ******* manat məbləğində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlamaqla kredit verilməsinə dair öhdəlik götürmüşdür. Tərəflər arasında bağlanmış 17 may 2017-ci il tarixli 54B8/14-2 saylı Əlavə kredit müqaviləsinə əsasən bank Cavabdeh1 24 ay müddətinə 22% ödəmək şərti ilə 53.675 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşlər. İpoteka saxlayan bank və ipoteka qoyan digər Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış 15 avqust 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində 137 saylı evdə yerləşən 32 nömrəli mənzili (bundan sonara mənzil) ipoteka ilə yüklü etmiş və həmin müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 bankın xeyrinə 15 avqust 2014-cü il tarixli 54B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 17 may 2017-ci il tarixli 54B8/14-2 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 45.105,11 manat, faiz borcu üzrə 1.940,49 manat, cərimə borcu üzrə 56,01 manat, cəmi 50.101,61 manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan mənzilə yönəldilməsi, əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 17 may 2017-ci il tarixli 54B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə 50101,61 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq banka ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 62.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin mənzildən Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X3 çıxarılması və qeyd olunan mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Abbas Rzayev) 2(001)-4037/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin 16 oktyabr 2018-ci il tarixli, 15063 saylı rəyində göstərilmişdir ki, iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 avqust 2014-cü il tarixli, 54B8/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 kredit məbləğinin verilməsi müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi ekspertin həmin rəyinə istinad edərək hesab etmişdir ki, iddia tələbi sübuta yetirilmədiyindən təmin olunmamalıdır. Həmin qətnamədən narazı qalan iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)4037/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə maddi və prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən 23 noyabr 2018-ci il tarixdə işə baxılan zaman iddiaçı tərəfindən verilmiş şifahi vəsatətdə məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulan sualın kreditin verildiyi 17 may 2018-ci il tarixli 54B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə deyil, 15 avqust 2014-cü il tarixli 54B8/14 saylı əsas kredit müqaviləsi üzrə hesablanmasının səhv olması səbəbi ilə yenidən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi xahiş olunmuş və lakin məhkəmə vəsatət təmin olunmamışdır. “xxxx” KB ASC tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, 15 avqust 2014-cü il tarixli 54B8/14 saylı əsas kredit müqaviləsi üzrə hər hansı bir məbləğdə pul verilməyib, kreditin verilməsi 17 may 2018-ci il tarixli 54B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə rəsmiləşdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən iddia tələbi rədd edilərkən istinad edilən ekspert rəyi iş materiallarında olan sübutlar ilə qarşılıqlı şəkildə baxılmadığından, iş hərtərəfli, tam və obyektiv araşdırılmadığından iddia tələbi rədd edilmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)4037/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi və ödənilmiş 15 manat dövlət rüsumunun tutulması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kolegiyasının 12 mart 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” KB ASC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4037/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Apelyasiya icraatında iddiaçının apelyasiya şikayətinin dəlillərini araşdırmaq məqsədi ilə iddiaçının vəsatəti təmin edilərək iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin 03 fevral 2020-ci il tarixli, 17491 saylı rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2017-ci il tarixli, 54B8/14-2 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə təqdim edilmiş sənədlərə əsasən Cavabdeh1 kredit məbləğinin verilməsi müəyyən olunmadı. Ekpsert rəyi onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sənədlərdə kassa məxaric və mədaxil orderləri, ödəniş tapşırıqları, ssuda, cərimə, faiz hesabından çıxarışlar təqdim edilməmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarında hesablar öz əksini tapmadığına görə müxabirləşmələr təyinatlara əsasən nəzərə alınır. Təqdim edilmiş Azərbaycan manatı valyutasında cari hesabdan çıxarış məlumatlarına əsasən “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2017-ci il tarixli, 54B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 əlavə kredit müqaviləsində nəzərdə tutulmuş kredit məbləği verilməmişdir. Kredit məbləğinin verilməsinə dair kassa məxaric orderi təqdim edilməyib. Həmin Azərbaycan manatı valyutası üzrə çıxarışda Cavabdeh1 müqavilə üzrə verilməli kredit məbləğinə xarici valyuta alınmış və Cavabdeh1 xarici valyutanın alınıb satılması üçün sifarişi təqdim edilmişdir. Təqdim edilmiş ABŞ dolları valyutası üzrə hesabdan çıxarışda xarici valyutanın alınıb satılması üçün sifarişə əsasən 31.532,72 ABŞ dollarının konvertasiyası göstərilmişdir. Lakin ABŞ dolları valyutası üzrə hesabdan çıxarışa əsasən də, 17 may 20174-ci il tarixli, 54B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə Azərbaycan valyutasında verilməli kredit məbləği ABŞ dolları valyutasına konvertasiya olunaraq Cavabdeh1 verilməmişdir. Bundan başqa, iş materiallarında olan tranş ərizədə Cavabdeh1 17 may 2017-ci il tarixli, 54B8/142 saylı əlavə kredit müqaviləsi üzrə 53.675,00 manat məxaric edilməsini xahiş etmişdir. Bundan başqa, bank ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2017-ci il tarixli, 54B8/142 saylı əlavə kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında Cavabdeh1 hesabına 11.900,00 manat mədaxil edilmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının 17 may 2017-ci il tarixli, 54B8/14-2 saylı əlavə kredit müqaviləsində göstərilən pul vəsaitinin Cavabdeh1 verildiyini təsdiq edən mötəbər sənədi məhkəməyə təqdim etmədiyini nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 88, 101.7 və 103.2-ci maddələrinə əsasən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəylərini mötəbər sübut qismində qiymətləndirmiş və hesab etmişdir ki, iddiaçı “xxxx” KB ASC tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərini icra edərək, borcalana müqavilədə müəyyən olunmuş pul vəsaiti verməyi təsdiq olunmadığından, həmin pul vəsaitinin və hesablanmış faizlərin tutulmasına dair iddia tələbi əsassızdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, prosessual hüquq normalarının pozulmasına yol verdiyindən, mübahisələndirilən qətnamə ləğv edilməlidir. Məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən müəyyən olunur ki, Cavabdeh1 17 noyabr 2018-ci il tarixdə, yəni hazırki iddia birinci instansiya məhkəməsinin icraatında olduğu vaxtda, ölmüşdür. Lakin məhkəmə qanunvericiliklə müəyyən olunmuş qaydada cavabdehin hüquq varisliyini həll etmədən yekun məhkəmə aktı qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 prosessual hüquq varisləri kimi tanınmışlar. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Həmin qətnamədən narazı qalan iddiaçı “xxxx” X10 Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X6 və vəkili Cabbarov Mirhəsən Miri oğlu kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4310/2020 saylı, 06 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər Əhməd Nurməmmədov (sədrlik edən məruzəçi), Abiddin Hüseynov və İsmayıl Xəlilov) iddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki kolegiyasının 2(103)-234/2020 nömrəli iş üzrə 12 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739-cu maddələrinin və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 101.7 və 103.1-ci maddələrinin tələblərinə əsaslanaraq hessab etmişdir ki, iddia tələbini rədd edən birinci instansiya məhkəməsi və məhkəmənin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspert rəylərinə istinad edərək iddiaçı tərəfindən cavabdehin banka borcunun olmaması qənaətinə gəlmiş və bu əsasla iddia tələbini rədd etmişlər. Lakin məhkəmələr bu qənaətə gələrkən Mülki Prosessual Məcəllənin 101.7, 103.1 və 88-ci maddələrinin tələblərini nəzərə almamış, ekspert rəyinin məhkəmə üçün məcbur olmaması və digər sübutlarla yanaşı qiymətləndirilməli olmasına əhəmiyyət verməyərək iş üzrə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Belə ki, baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsinin 13.06.2019-cu il tarixli qərardadı ilə təyin olunmuş əlavə məhkəmə-mühasibatlıq ekspertizası ilə ekspert qarşısında konkret olaraq iş materiallarında olan bank ilə Cavabdeh1 arasında bağlanmış 15.08.2014-cü il tarixli 54B8 14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 17 may 2017-ci il tarixli, 54B8 14-2 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 18.02.2018-ci il tarixə (iddia tələbində borc hesablandığı tarixə) hansı məbləğdə əsas, faiz və cərimə borcunun olması barədə sual qoyulmuş, lakin ekspert rəyində borcun verilməməsi ilə bağlı hüquqi nəticəyə gəlmişdir. Ekspert tədqiqat apararkən 03.02.2020-ci il tarixli rəyində iş materiallarına əlavə olunan Cavabdeh1 17.05.2017-cı il tarixli, 54B8 14-2 saylı əlavə kredit müqaviləsi üzrə 53.675,00 manat məxaric edilməsi barədə xahişinin olduğu tranş ərizəsini, eyni zamanda 17.05.2017-ci il tarixli 54B8 14-2 saylı əlavə kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında 53.675,00 manatın 31.532,72 ABŞ dolları məbləğin 07.03.2017-ci il tarixli qərara əsasən refinans olunan məbləğin konvertasiyası olduğunu və hesabdan çıxarış məlumatlarında Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə hesabına 11.900,00 manat mədaxil edildiyinə əhəmiyyət verməmiş, məhz kredit məbləğinin verilməsinə dair kassa məxaric orderi təqdim edilmədiyinə görə kredit məbləğinin verilmədiyi qənaətinə gəlməklə kifayətlənmiş, məhkəmənin ekspert qarşısında qoyduğu sualı cavablandırmamışdır. Məhkəmənin ekspertiza qarşısında qoyduğu sualda kreditin kassa məxaric orderi imzalanmaqla verilib-verilməməsi deyil, məhz iş materiallarında olan sənədlər əsasında hesablama aparılması sual olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi bu hala diqqət verməmiş, həmçinin 54B8 14-2 saylı əlavə kredit müqaviləsi üzrə kreditin verilməməsi halında Cavabdeh1 tərəfindən ödənişlərin hansı əsasla həyata keçirilməsinə hüquqi qiymət verməmişdir. Qanunvericiliyin tələblərindən də görünür ki, ekspert rəyinin məhkəmə üçün qabaqcadan heç bir hüquqi qüvvəsi yoxdur və rəy məhkəmə iclasında digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmənin ekspert rəyi ilə razılaşmaması və ekspert rəyinin kifayət qədər aydın və ya tam olmaması əlavə ekspertizanın təyin edilməsi üçün əsasdır. Lakin işə baxan məhkəmə iş materiallarına lazımi hüquqi qiymət verməmişdir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı “xxxx” X10 Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi Cabbarov X8 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)4037/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh2 vəkili X4 iddiaçı “xxxx” KB ASC tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)4037/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırki halda iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi Mirhəsən Cabbarovun və Cavabdeh2 vəkili Ramil Məmmədzadənin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı “xxxx” KB ASC-nin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, “xxxx” KB АSC-nin 8 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 54B8/14 saylı, 15 avqust 2014-cü il tarixli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 54B8/14-2 saylı, 17 may 2017-ci il tarixli əlavə kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Bank Cavabdeh1 24 ay müddətinə illik faiz dərəcəsi 22 % olmaqla 53.675,00 manat məbləğində krеdit vеrməyi, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada krеdit və krеdit üzrə hеsablanacaq faizləri borc vеrənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan, “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 15.08.2014-cü il tarixli 54Bİ8 14 saylı ipoteka müqaviləsindən görünür ki, “xxxx” KB АSCnin 8 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 54B8/14 saylı, 15 avqust 2014-cü il tarixli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 17 may 2017-ci il tarixli 54B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı “xxxx” KB ASC qarşısında götürdüyü öhdəliyin təminatı kimi DƏDRX verdiyi RX seriyalı ******* nömrəli, **********7-05101- 093013 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 18.08.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 137 saylı evin 32 saylı mənzilin ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. İş materiallarında olan, “xxxx” KB ASC-nin cavabdehlərə ünvanladığı 26.02.2016-cı il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, cavabdehlərə banka olan borclarını ödəməsi barədə xəbərdar edilmişdir. Əks təqdirdə müvafiq dövlət orqanlarına müraciət olunacağı cavabdehlərə bildirilmişdir. İş materiallarında olan “xxxx” KB ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınmasına dair 12.03.2018-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 137 saylı evin 32 nömrəli mənzilə tutmanın yönəldilməsi haqqında bildirişin AR ƏMDKY DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair müraciət olunmuş və həmin bildiriş AR ƏMDKY DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. İş materiallarında olan, “xxxx” X10 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş BANK/PİKMD/776665 saylı, 19 fevral 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə banka əsas məbləğ üzrə 48.105.11 manat, faiz borcu üzrə 1.940,49 manat, cərimə faizləri 56,01 manat, cəmi 50.101,61 manat (əlli min yüz bir manat altmış bir qəpik) manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 fevral 2018-ci il tarixli, 15063 saylı ekspert rəyindən görünür ki, iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 54B8/14 saylı, 15 avqust 2014cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 kredit məbləğinin verilməsi müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 fevral oktyabr 2020-ci il tarixli, 17491 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2017-ci il tarixli, 54B8/14 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə təqdim edilmiş sənədlərə əsasən Cavabdeh1 kredit məbləğinin verilməsi müəyyən olunmadı. İş materiallarında olan “xxxx” MMC-nin Ç-653 saylı, 20 iyun 2018-ci il tarixli hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 137 saylı evin 32 nömrəli mənzilinin 1 kv.m-nin qiyməti 1.524 manat, ilkin satış qiyməti 70.000 manat təşkil edir. Hazırki apelyasiya icraatı zamanı alınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-mühasibatlıq ekspertizasının 9/4113 saylı, 08 oktyabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 kredit üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 54B8/14-2 saylı, 17 may 2017-ci il tarixli əlavə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kreditin verilməsi nəzərə alınmaqla Cavabdeh1 18.02.2018-ci il tarixə (sualda göstərilən tarix) “xxxx” KB ASC-yə olan borcu əsas borc üzrə 48.046,22 manat, faiz borcu üzrə 2.055,31 manat təşkil edir. Hazırki apelyasiya icraatı zamanı alınmış, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakın qiymətləndirilməsi barədə G-04/21-175 saylı, 07 aprel 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, hazırki dövrə olan orta bazar dəyəri 77.000 (yetmiş yeddi min) manat, Likvid dəyəri 71.000 (yetmiş bir min) manat təşkil edir. Məhkəmə kollegiyası işin qeyd edilən sübutlarını və tərəflərin məhkəmədə verdikləri izahatları təhlil edib, müəyyən edir ki, iddiaçı “xxxx” KB ASC və Cavabdeh1 arasında 15 avqust 2014-cü il tarixdə əsas kredit müqaviləsi bağlanılaraq, bank cavabdehə 60 ay müddətinə 1.000.000 manat məbləğində, bu müqavilə çərçivəsində əlavə kredit müqaviləsi bağlamaqla kredit verilməsinə dair öhdəlik götürmüş və tərəflər arasında bağlanmış 17 may 2017-ci il tarixli, 54B8/14-2 saylı Əlavə kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 22% ödəmək şərti ilə 53675 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin ipoteka saxlayan Bank və ipoteka qoyan digər Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış 15 avqust 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 137 saylı evdə yerləşən 32 nömrəli mənzil ipoteka ilə yüklü edilmiş və həmin müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşin materialları ilə o da müəyyən edilir ki, borcalan Cavabdeh1 17.05.2017-ci il tarixli, 54B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında 53.675,00 manatın 31.532,72 ABŞ dolları məbləğin 07.03.2017-ci il tarixli qərara əsasən referans olunan məbləğin konvertasiya olunduğu və hesabdan çıxarış məlumatlarında Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə hesabına 11.900 manat mədaxil edilmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin 17.05.2017-ci il tarixli, 54B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə hər hansı bir məbləğdə pul verilmədiyi, onlar tərəfindən həmin kredit müqaviləsi üzrə hər hansı bir ödəniş edilməməsi barədə dəlillərini formal mülahizə kimi qiymətləndirir və hesab edir ki, həmin dəlillər işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə təkzib edilir. İşə baxan birinci instansiya məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizasının 16 oktyabr 2018-ci il tarixli, 15063 saylı rəyinə əsaslanaraq hesab etmişdir ki, iddia tələbi sübuta yetirilmir və bu səbəbdən də iddianı rədd etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsaslanaraq iddia tələbini rədd etməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin 02.05.2018-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə ekspert qarşısında konkret olaraq iş materiallarında olan Bank ilə Cavabdeh1 arasında bağlanmış 15 avqust 2014-cü il tarixli 54B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 17 may 2017-ci il tarixli, 54B8/14-2 saylı Əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 18.02.2018-ci il tarixə (iddia tələbində borc hesablandığı tarixə) hansı məbləğdə əsas, faiz və cərimə borcunun olması barədə sual qoyulmuş, lakin ekspert rəyində borcun verilməməsi ilə bağlı hüquqi nəticəyə gəlmişdir. Lakin, birinci instansiya məhkəməsi ekspert tərəfindən qoyulan suala cavab verilməməsinə əhəmiyyət verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən prosessual qanunvericiliyin qeyd edilən tələblərini nəzərə almamış, ekspert rəyinin məhkəmə üçün məcbur olmaması və digər sübutlarla yanaşı qiymətləndirilməli olmasına əhəmiyyət verməyərək, iş üzrə düzgün olmayan qətnamə çıxarılması ilə nəticələnən prosessual hüquq normalırının pozulmasına yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən ekspertiza rəyində ekspert qoyulan suala cavab vermədiyindən, rəy əsaslı hesab edilə bilməz və bu səbəbdən də mötəbər sübut kimi qəbul edilmir. Hazırki apelyasiya icraatı zamanı məhkəmənin 29.09.2020-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və həmin qərardada əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2020-ci il tarixli rəydə Cavabdeh1 17.05.2017-ci il tarixli 54B8/14-2 saylı əlavə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq 18.02.2018-ci il tarixə banka olan əsas və faiz borcunun 50.101,53 (əsas borc üzrə - 48.046,22 manat, faiz borcu üzrə - 2.055,31 manat) manat olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmin ekspert rəyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 101.7 və 103.1-ci maddələrinə əsasən qiymətləndirib, əsaslı hesab edərək, sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə оnun pоzulması və ya lazımınca icra edilməməsi (vaхtında icra edilməməsi, mallarda, işlərdə və хidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin оnun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” bоrclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını və qeyd edilən mülki qanunvericiliyin normalarını nəzərə alıb hesab edir ki, tərəflər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə kredit müqaviləsi bağlanılmış və cavabdehə 24 ay müddətinə 22% ödənilməklə, 17.05.2019-cu il tarixə kimi 53.675 manat borc pul verilmiş, cavabdeh isə öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. İddiaçı iddia tələbində əsas kredit borcu üzrə 48.105,11 manat tələb edir. Lakin ekspert rəyi ilə əsas borc üzrə olan məbləğ 48.046,22 manat müəyyən edildiyindən, kollegiya hesab edir ki, əsas borc üzrə cavabdehin ödəməli olduğu borcun məbləği ekspertiza rəyinə uyğun olaraq, 48.046,22 manat müəyyən edilməlidir. İddiaçı iddia ərizəsində faiz borcu üzrə 1.940,99 manat tələb etmiş, lakin ekspertiza rəyi ilə faiz borcu üzrə məbləğ 2.055,31 manat müəyyən edilmişdir. Kollegiya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, faiz borcu iddia tələbində göstərilən məbləğdə, 1.940,49 AZN müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı tərəfindən hesablanmış və tələb edilən 56,01 manat məbləğində cərimə də ədalətli olduğundan, cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əvvəlki apelyasiya icraatı zamanı iş üzrə cavabdeh olduqlarından, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 prosessual hüquq varisləri kimi tanındıqlarından, kredit müqaviləsi üzrə yaranmış borc da həmin şəxslərdən tutularaq, iddiaçıya ödənilməlidir. İş materialları ilə müəyyən edilir ki, “xxxx” KB АSC-nin 8 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2017-ci il tarixli 54B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə cavabdehin bank qarşısında götürdüyü öhdəliyin təminatı kimi DƏDRX verdiyi RX seriyalı ******* nömrəli, **********7-05101-093013 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 18.08.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 137 saylı evin 32 saylı mənzili ipoteka ilə yüklü edilmişdi. Məhkəmə kоllegiyası qeyd etməyi zəruri hesab edir ki, 54Bİ8/14 saylı, 15.08.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 137 saylı evin 32 nömrəli mənzilin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 62.000 (altmış iki min) manat məbləğində qiymətləndirilmiş. Birinci instansiya məhkəməsi 2(001)-4037/2018 saylı, 02 may 2018-ci il tarixli qərardadı ilə ipoteka predmetinin satış qiymətinin müəyyən edilməsini təmin etmək üçün müstəqil qıymətləndirici dəvət edilərək müvafiq rəy alınmışdır. İş materiallarında olan “xxxx” MMC-nin Ç-653 saylı, 20 iyun 2018-ci il tarixli hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 137 saylı evin 32 nömrəli mənzilinin 1 kv.m-nin qiyməti 1.524 manat, ilkin satış qiyməti 70.000 manat təşkil edir. Məhkəmə kollegiyası ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 137 saylı evin 32 nömrəli mənzilinin hazırki vaxtda satış qiymətinin müəyyən edilməsini təmin etmək üçün məhkəmənin 2(103)-537/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərardadı ilə müstəqil qiymətləndirici dəvət edilərək müvafiq rəy alınmışdır. İş materiallarında olan, “xxxx” MMC-nin əmlakın qiymətləndirilməsi barədə G-04/21- 175 saylı, 07 aprel 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, hazırki dövrə olan orta bazar dəyəri 77.000 (yetmiş yeddi min) manat, Likvid dəyəri 71.000 (yetmiş bir min) manat təşkil edir. Məhkəmə kоllegiyası hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 137 saylı evin 32 nömrəli mənzilinin hazırki dövrə olan likvid dəyərinin 71.000 manat həddində müəyyən edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 310-cu maddəsinə əsasən eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Həmin Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3 və 39.3.2-ci maddələrinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (maddə 59.3.1); və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar (maddə 59.3.2). İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kоllegiyası qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alib hesab edir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olduğundan təmin eddilməlidir. Məhkəmə kоllegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 115 və 119-cu maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 200 (iki yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, müstəqil qiymətləndirici tərəfindən verilmiş mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş 300 (üç yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçı “xxxx” KB ASC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Məhkəmə kоllegiyası qeyd olunan prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, maddi və prosessual qanunvericiliyin tələbləri pozulduğundan qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı “xxxx” X10 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)4037/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qətnaməsi iddiaçı “xxxx” KB ASN-nin nümayəndəsi Seymur Məmmədovun apelyasiya şikayətinə əsasən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “xxxx” X10 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddia tələbi qismən təmin edilsin. Cavabdehlər, eyni zamanda Cavabdeh1 prosessual hüquq varisləri Cavabdeh2 və Cavabdeh3 54B8/14 saylı, 15 avqust 2014-cü il tarixli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 54B8/14-2 saylı, 17 may 2017-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 48.046,22 manat əsas, 1.940,49 manat hesablanmış faiz, 56,01 manat dəbbə pulu olmaqla, cəmi 49.986,71 manat məbləğinda pul, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul iddiaçı “xxxx” KB ASC-nin xeyrinə tutulsun. Borc tələbi ipoteka predmeti olan və öhdəliyin təminatı kimi mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 137 saylı evin 32 nömrəli mənzilə yönəldilsin. İpoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 137 saylı evin 32 nömrəli mənzilinin ilkin satış (likvid dəyəri) qiyməti 71.000 (yetmiş bir min) manat məbləğində müəyyənləşdirilsin. Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 137 saylı evin 32 nömrəli mənzil açıq hərrac yolu ilə satılsın, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcu ödənilsin. Borc ödənildikdən sonra artıq qalan məbləğ cavabdehlərə qaytarılsın. Satışdan əldə ediləcək məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilsin. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 137 saylı evin 32 nömrəli mənzili satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X5 həmin mənzildən çıxarılsınlar və həmin mənzil boşaldılsın. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE********************) hesabına köçürülsün. Mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş 300 (üç yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VOEN:**********, “xxxx” ASC Abşeron filialı, VÖEN: **********, M/h: AZ03NABZ013501**********2944, Kodu: 805539, S.W.İ.F.T. BİC: İBAZAZ2X, H/h: AZ52İBAZ********************) hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar