Məhkəmə qərarları › İş №2(103)-5871/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5871/2020

31.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5871/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkili Vəkil1 iştirakı ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı (Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun notariusu X3 3-cü şəxs qismində cəlb edilməklə) “borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1961/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri, 13 saylı notariat kontorunda bağlanmış xx xxx 2017-ci il tarixli, 3M-179 Reyestr nömrəli kredit müqaviləsinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh xeyrinə 250000 ABŞ dolları məbləğində əsas borc, həmin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə 33333 ABŞ dolları, cəmi 283333 ABŞ dolları, həmçinin ödənilmiş dövlət rüsumuna görə 30,40 manat və hüquqi yardım xərcinə görə 200 manat məbləğində pul tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı İddiaçı ilə İddiaçı arasında bağlanmış,."Borc verən” İddiaçı "Borc alan” İddiaçı 417.500 manat məbləğində, 250.000 ABŞ dolları ekvivalenti ilə pulu borc verməyi, "Borc alan” isə krediti xx.xx.2017-ci il tarixədək "Borc verənə” qaytarmağı öhdəsinə götürdüyünü.müəyyən edən xx.xx.2017-ci il tarixli kredit müqaviləsi (səh.5) sübut kimi təqdim edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1961/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı (Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun notariusu X3 3-cü şəxs qismində cəlb edilməklə) "borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddianın rədd edilməsi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı "pul” tələbinə dair qarşılıqlı iddiaının qismən təmin edilməsi, əsas borc üzrə 417500 manat, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 55680 manat faiz, göstərilən hüquqi xidmətə görə 200 manat, dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 30,40 manatın 28 manatı, cəmi 473408 manat məbləğində pul ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tutularaq ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsi; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 337.1, 340.2, 385.1, 425.1, 442, 445.7, 739.1, 740; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən "Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarına;Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 119.1, 121.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən borcun ödənilməsini təsdiq edən heç bir sübut olmadığından və qeyd edilən halın sübut edilməsi yükünü onun daşıdığından məhkəmə iddianın əsas borc hissəsində tam təmin edilməsi qənaətinə gəlir. Qarşılıqlı iddia üzrə iddiaçı əsas borc məbləği ilə yanaşı, borclu tərəfindən icranın gecikdirilməsinə görə qanunla müəyyən edilmiş gecikdirilmiş borc məbləğinin illik 5%-ni tələb edir.Borcalan-İddiaçı kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən, kreditor- Cavabdeh isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. tərəflər arasında kreditor-debitor hüquq münasibətləri üzrə hesablaşmalar və ödəmələr ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan, cavabdeh tərəfindən ödənilməli pul vəsaiti manatla ödənilməlidir.BPM**********00 nömrəli, xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi hüquqi xidmət haqqı olaraq 200 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iddiaçının vəkilə göstərdiyi hüquqi yardıma görə ödəmiş olduğu 200 manat məbləğində pulun cavabdehdən tutumasını ağlabatan hesab edir.Beləliklə, "borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia rədd edilməli, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli "pul” tələbinə dair qarşılıqlı iddia qismən təmin edilməli, əsas borc üzrə 417500 manat, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla (417500 x 5=20875:12 ay x 32 ay) 55680 manat faiz, göstərilən hüquqi xidmətə görə 200 manat, dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 30,40 manatın 28 manatı, cəmi 473408 manat məbləğində pul ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tutularaq ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ödənilməlidir. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək Nəsimi rayon məhkəməsinin 2-(006)-1961/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsinə, ilkin iddia tələbimin təmin edilərək onunla Cavabdeh arasında Bakı şəhəri, 13 saylı notariat kontorunda bağlanmış xx xxx 2017-ci il tarixli, 3M- 179 Reyestr N-li kredit müqaviləsinin etibarsız sayılmasına, qarşılıqlı iddia tələbinin bütövlükdə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2, 337.1; Azərbaycan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1.1, 357-ci maddələrinə istinadən qeyd edilir ki, borc pul almamış, onların arasında borc münasibətləri olmayıb. Müqavilənin və borcun qaytarılması tarixlərindən görünür ki, öhdəlik müddəti 2017-ci ilin 05 may tarixindən 26 may tarixinədək cəmi 13 gün təşkil edir, borc məbləği isə 417500 manat təşkil edir. Aydındır ki, heç kəs 13 gün müddətinə 417500 manat borc pul verməz, bu hal inandırıcı deyil, əgər xx xxx 2017-ci il tarixdə bu qədər böyük məbləğdə pula ehtiyacı varsa və belə bir məbləğdə pulum yoxdursa, 13 gün sonra necə ola bilər ki, 417500 manat pul əldə edib və Cavabdeh həmin məbləği qaytarıb. Həmin borc münasibəti uydurulmuş, həqiqi olmayan hallardır. Cavabdehla bağlanmış müqavilə yalan əqddir. Məhkəmənin üzərinə 417500 manat pul öhdəliyi qoyması həqiqi olmayan “hadisə”yə əsaslanır. Odur ki, məhkəmənin R.Sadsıxovun xeyrinə ondan pul tutması əsaslı deyil. Bundan başqa, Məhkəmə qeyd edir ki, borcalan - İddiaçı kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun xəbərdarlıqlarına baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Ona görə də ondan faiz məbləğ tutulmasını qət edir. Qeyd edir ki, iş materiallarında kreditor-Cavabdeh məndən pul tələb etməsinə dair hər hansı bir xəbərdarlıqlarının olmasına dair sənəd yoxdur. Məhkəmənin əlavə olaraq 32 ay üçün 5 faiz gecikdirilmiş vaxt üçün faiz tutması da hüquqi əsaslara söykənmir. Belə ki, həqiqəti əks etdinnəyən əqd üzrə hər hansı bir faizin ödənilməsi barədə biz razılaşmamışlar. Eyni zamanda Mülki Məcəllənin 445.7-ci maddəsinin hazırki sübutlar və mübahisənin halları baxımından tətbiqi qanuni deyil. Qarşlıqlı iddia bütövlükdə əsassız olduğundan Məhkəmənin vəkilə ödənilmiş xərci, dövlət rüsumunu və bank xidmət haqqını ondan tutması da qeyri-hüquqi mövqedir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, tərəflər arasında dostluq münasibətinin olduğunu, hər ikisinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və 3- cü şəxs Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun notariusu X1 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 49-cu bəndi; MM-in 324, 337, 385-388, 739, 740; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, apellyasiya şikayətinin dəlilləri özü-özlüyündə bir-birini istisna edir. Belə ki, şəxs belə bir əqdin olmadığına əsaslanmaqla eyni zamanda borc barədə pretenziya qaydalarına riayyət edilmədiyinə əsaslanaraq əlavə 5 faiz məbləğin tutulmasına etirazını bildirir. (Diqqətə çatdırılmalıdır ki, müqavilə üzrə öhdəliyin icra müddətinin bitməsi pretenziya qaydalarına riayyət edilməsinə məcburi hal deyil və cavabdeh müqavilə üzrə öhdəliyin vaxtında icra edilməməsi üçün müddətin bitdiyi tarixdən mülki məsuliyyətinin başlandığını bilməlidir.) Diqqətə çatdırılmalıdır ki, əqdin uydurma olduğuinu iddia edən şəxs bunun əsl səbəblərini və həqiqətə yönəlik sübutlarını müzakirəyə təqdim etməli olduğu halda əsaslandırılmış dəlillərini bəyan etməmişdir. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1961/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar