Məhkəmə qərarları › İş №2(103)-5871/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5871/2024

29.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5871/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehqarşı mülki iş üzrə (Açar sözlər: sərhəd divarının ara məsafə tələblərinə uyğunlaşdırılması və kanalizasiya xətlərinin ayrılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X9 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sərhəd divarının ara məsafə tələblərinə uyğunlaşdırılması və kanalizasiya xətlərinin ayrılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-37/2024 saylı, 1 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsində yerləşən 93 saylı fərdi yaşayış evi İddiaçı tam payda, xüsusi mülkiyyətindədir. 12 avqust 2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, ünvan 1 ünvanda ümumi 68.3 kv.m olan evi və 0.0105 ha torpaq sahəsi “Satıcı” X7 tərəfindən Cavabdeh satılmışdır. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh məxsusdur.

2. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1984 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsində yerləşən 93 saylı evə yaxın inşa edilmiş tikili (ünvan 1 ünvanda inşa edilmiş fərdi yaşayış evi) iddiaçıya məxsus mənzilə münasibətdə mənzilin havalandırılması, işıqlandırılması, rütubətin tənzimlənməsinə qismən mənfi təsir göstərdiyi müəyyən edilir. ünvan 1 ünvanda inşa edilmiş fərdi yaşayış evinin qapısı bağlı olduğundan həmin evə baxış keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsində inşa edilmiş 160N saylı fərdi evinin dövlət şəhərsalma norma və qaydalarının (müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihə-plan və s. uyğun) tələblərinə uyğun tikilibtikilmədiyini müəyyən etmək mümkün olmamışdır.

3. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli əlavə ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda inşa edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki vəziyyətinin, tikililərinin planlı yerləşməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Texniki Pasporta uyğun olduğunun nəzərə alaraq, həmin evin dövlət şəhərsalma norma və qaydalarının tələblərinə uyğun inşa edildiyi müəyyən edilmişdir. ünvan 1 ünvanda inşa edilmiş fərdi yaşayış evi dövlət və şəhərsalma norma və qaydalarına uyğun inşa edildiyindən bu sual üzrə tədqiqat aparılmır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh X4 qarşı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 tərəfindən ünvan 3 ünvanda inşa edilmiş özbaşına tikintinin cavabdehin hesabına sökülməsi və özbaşına tikintinin kanalizasiya xəttinin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 93 saylı evin kanalizasiya xəttindən ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 93 saylı evdə 1988-ci il tarixdən ailə üzvüləri birlikdə yaşayır və qeydiyyatdadır. Həmin ev üzərində mülkiyyət hüququ AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarışla rəsmiləşdirilmişdir. ünvan 4 ünvanda yaşayan hazırki iş üzrə cavabdeh Məmməd Arif küçəsi 160 saylı evin sahibi, qonşusu Məmmədəli adlı şəxsdən torpaq sahəsi alaraq orada ev tikmək qərarına gəlir. Həmin torpaq sahəsi evin divarları ilə sərhəddə yerləşdiyindən onlar əvvəlcədən cavabdehə ona məxsus həyətin, xüsusilə otaqların günəş şüasından, havalanmadan məhrum olmaması üçün evi tikərkən ara məsafəsi saxlamağı xahiş etdilər. Eyni zamanda, uzun illərdi istifadə etdikləri, onların evinə məxsus su xətti sözügedən torpaq sahəsinin sərhədində yerləşən otaqlarının divarı ilə gəlir, bu və yuxarıda qeyd etdiyi digər səbəblərdən dolayı ara məsafəsinin saxlanılması son dərəcə vacibdir. O da razılaşdı və tikinti işlərinə başladı. Və başladığı vaxtdan da tikintini razılaşmalarını, daha doğrusu şəhərsalma və tikinti normalarının tələblərini pozmaqla apardığını gördü, irad bildirəndə söküb yenidən tikəcəyini və ara məsafəsi məsələsinə xüsusilə diqqət yetirəcəyini dedi. Xoş niyyətli davranaraq yenidən xeyir-dua verib və gələcəkdə qonşuları olacağını nəzərə alıb ona inanmışlar, lakin, razılaşmalarına qarşılıq verməyən cavabdeh onların evdə olmadıqları qısa müddətdə evin divarlarını tez-tələsik, əvvəldən başladığı şəkildə, yəni ara məsafəsi saxlamadan tikmiş və evin damını da tikərək üstünü bağlamışdır. Bununla da cavabdeh şəhərsalma və tikinti normalarını ciddi şəkildə pozmaqla və eyni zamanda qonşuluq münasibətlərinə qeyri-adekvat davranış nümayiş etdirərək onun mülkiyyət hüququnu pozmuşdur. Onun qaçılmaz maddi məsrəflərə nədən olan və xüsusilə sağlamlığını təhdid edən belə qanunsuz hərəkətləri evdə gərgin əsəbi mühit yaratmaqla ailələrinin rahatlığını əlindən almışdır. Belə ki, cavabdehin apardığı qanunsuz tikinti işlərindən sonra nəinki həyətlərinin, hətta həmin qanunsuz tikili ilə sərhəddə yerləşən otaqlarındakı pəncərələrin qarşısı kəsilmiş, günəş şüasından və havalanmadan məhrum olunmuşdur. Bundan əlavə, qanunsuz tikinti işlərindən sonra divarlarda çatlar yaranmış, sərhəd otaqlarda (birinci mərtəbə) rütubətin və havasızlığın nəticəsində divarlar korlanmış, otaqlarda aradan qaldırılması mümkün olmayan kəskin qoxu yaranmış və bununla da həmin otaqlar istifadəyə tamamilə yararsız vəziyyətə düşmüşdür. Yuxarı mərtəbənin pəncərəsinin qarşısı kəsilməsə də ara məsafəsinin saxlanılmaması səbəbindən daha təhlükəli vəziyyət yaranmışdır. Belə ki, qanunsuz tikilinin damı evin divarına birləşdirildiyindən yuxarı mərtəbənin pəncərəsi ilə qanunsuz tikilinin damı arasında təxminən bir metr məsafə qalmışdır. Bu hal həmin otağa kənardan qanunsuz daxil olmaya əlverişli şərait yaratdığından, deməli otaqdakı əşyalar və eyni zamanda həmin otaqdan istifadə edən ailə üzvünün həyatı, sağlamlığı daim təhlükə altında olacaqdır. Tikinti normalarına əməl edilməməsi yalnız bu hallara görə deyil, eyni zamanda yanğın təhlükəsizliyi baxımından da arzuolunmaz hadisələri qaçılmaz edə bilər, bu da mülkiyyətçi olaraq onu və bu evdə yaşayan ailə üzvlərini narahat etməyə bilməz. Tikinti normalarının kobud şəkildə pozulmasının yaratdığı mənzərəyə diqqət yetirin: 25-30 ildir onun evə evinin divarı ilə gələn su xətti bu gün həmin qanunsuz tikilinin içində qalıb. Komik və absurd olduğu qədər də acınacaqlı olan bu vəziyyət nəinki tikinti normalarına və qonşuluq münasibətlərinə uyğun deyil, ümumiyyətlə izahı olmayan və normal düşüncəyə, məntiqə sığmayan bir haldır. Ancaq bu da son deyil, daha betəri odur ki, su borusunu divardan açaraq yerə atan cavabdeh qanunsuz tikilmiş 160 E saylı evin sahibi kimi Nərimanov RPl-nin 18-ci Polis Bölməsinə ondan şikayət edərək bildirmişdir ki, onun evin su xətti cavabdehin evinin içindən keçir və bu vəziyyət onu narahat edir, hüquqlarını pozur. Bütün bunlar azmış kimi, qanunsuz tikilinin küçəyə çıxış qapısının 2-3 metrliyindən kanalizasiya xəttinin keçməsinə və həmin xəttə qoşulmanın daha əlverişli olmasına baxmayaraq cavabdeh qanunsuz tikilinin kanalizasiya xəttini 17-18 metr məsafədə boru xətti ilə çəkərək 25-30 ildir yalnız onun evinə aid olan kanalizasiya xəttinə qoşmuşdur. Cavabdehdən dəfələrlə apardığı tikintinin şəhərsalma və tikinti normalarına uyğunlaşdırılmasını və kanalizasiya xəttinə icazəsiz qoşulmanın aradan qaldırılmasını tələb etsə də heç bir nəticəsi olmamış, eyni zamanda müvafiq orqanlara müraciətləri də nəticəsiz qalmışdır, buna görə də pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək qərarına gəldi. Odur ki, göstərilənlərdən və aşağıda istinad etdiyi qanunvericilik normalarından çıxış edərək hesab edir ki, cavabdeh X8 tərəfindən şəhərsalma və tikinti normalarına zidd şəkildə inşa edilmiş qanunsuz tikili sökülməli, mülkiyyətində olan evə aid kanalizasiya xəttinə qanunsuz müdaxilə aradan qaldırılmalıdır.

6. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə müraciət edərək, İddiaçı cavabdeh X4 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə cavabdeh X5 əsil Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir.

7. Məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasında iclasında əsl olmayan tərəfin əsl cavabdehlə əvəz edilməsi qərara alınmışdır.

8. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixində iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında inşa edilmiş fərdi yaşayış evinin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 93 saylı evlə sərhəd divarının cavabdehin hesabına dövlət şəhərsalma norma və qaydalarının ara məsafəsinə dair tələblərinə uyğunlaşdırılması və həmin evin kanalizasiya xəttinin onun evinin kanalizasiya xəttindən ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə sorğusu əsasında səlahiyyətli dövlət orqanı tərəfindən təqdim edilmiş sənədlərlə məlum olmuşdur ki, mübahisəli tikilinin mülkiyyətçisi X3r. Eyni zamanda o da məlum olmuşdur ki, X6 həmin evi Cavabdeh satmışdır. Sözügedən fərdi yaşayış evinin sonuncu mülkiyyətçisi Cavabdeh hazırkı mülki işə cavabdeh qismində cəlb edilmişdir. Bununla da məlum olmuşdur ki, dövlət şəhərsalma norma və qaydalarının tələbləri nöqteyinəzərindən mübahisə predmeti olan ünvan 1 ünvanına inşa edilmiş fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədləri mövcuddur. Mübahisəli fərdi yaşayış evinin statusundakı dəyişiklik, yəni hüquqmüəyyənedici sənədlərin mövcudluğu tikilinin bütünlüklə sökülməsi tələbinin tikilinin dövlət şəhərsalma norma və qaydalarının tələblərinə uyğunlaşdırılması şəklində dəyişdirilməsini, bu səbəbdən də iddia ərizəsinin nəticə hissəsində eyni məzmunlu dəqiqləşmənin edilməsi zərurətini yaratmışdır. Bildirmək istəyir ki, tikinti işləri aparılarkən baş vermiş qanunsuzluqlarla bağlı tərəfindən dövlət orqanlarına müraciətlər ünvanlanmışdır. Həmin müraciətlərdən birinə cavab olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən tikintiyə baxış keçirilmişdir. Həmin baxışın nəticəsi olaraq Baş İdarə tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı cənab Elgin Həbibullayevə və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi cənab ünvan 6 ünvanlanaraq (məlumat üçün iddiaçıya da göndərilmişdir) tikinti işləri görülərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli və 11 mart 2014-cü il tarixli 72 nömrəli Qərarlarının, şəhərsalma və tikinti normalarının, habelə yanğın təhlükəsizlik, sanitar gigiyena, insolyasiya və işıqlandırma normalarının tələblərinin pozulması göstərilmiş, bununla bağlı müvafiq tədbirlər görərək Komitəyə və vətəndaş İddiaçı məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikintidə baş vermiş qanunsuzluqlara qarşı tədbirlər görülməsi məqsədilə həmin dövlət orqanlarına təkrarən 16 iyun 2022-ci il tarixli məktub ünvanlanmışdır. Məktublar məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmişdir. Bundan əlavə, məhkəmə qərardadı əsasında təyin edilərək keçirilmiş xx.xx.2023-cü il tarixli, 10/1984 nömrəli ekspert rəyində qeyd edilir: “Baxış zamanı, fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki pasportda göstərilən 1 saylı tikilinin pəncərəsinin qarşısında mişar daşından hasar tikintisinin, eyni zamanda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sərhəddinə inşa edilmiş hasar tikintisinin üzərində əlavə tikili inşa edildiyi müəyyən edilmişdir”. Qeyd edir ki, rəydə göstərilən 1 saylı tikili mülkiyyətində olan 93 saylı fərdi yaşayış evinin bir hissəsidir. Uzun illər əvvəl evinin bir hissəsi olan həmin hissənin çöl divarına bitişik hasar inşa edilmişdir. Ekspert rəyi ilə müəyyən edilən “hasar tikilisinin üzərində inşa edilmiş əlavə tikili” məhz dövlət şəhərsalma norma və qaydalarının tələblərinin pozulması ilə tikilmiş 160N saylı fərdi yaşayış evinin divarıdır. Yəni mübahisəli fərdi yaşayış evi tikilərkən şəhərsalma və tikinti normalarının ara məsafəsi ilə bağlı tələblərinə əməl edilmədiyindən, bu səbəbdən də ayrıca divar götürülmədiyindən evin divarına tamamilə bitişik (heç bir ara məsafəsi olmayan) olan hasar cavabdehin evinin divarı olmuş, həmin hasarın üstündən divar hörülərək qaldırılmışdır. Və bu qanunsuzluğun nəticəsində evinin divarına bitişik hasarın divarı ilə iddiaçının evə gələn su boruları cavabdehin evinin içində qalmışdır.

10. Cavabdeh yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsi qanunsuz tikilinin sökülməsi əsası ilə qurulmuşdur. Lakin adı çəkilən tikili tam qanunidir və buna dair DƏDRX-dən çıxarış əldə edilmişdir. Tikinti inşa edilərkən məlumatlandırma icraatı qaydasına və razılaşdırılmış eskiz layihəyə uyğun tikilmişdir. Əgər qanunvericiliyin tikinti norma qaydalarının pozulması ilə əlaqədar tikinti aparılmış olsaydı eskiz layihə təsdiq olunmaz və DƏDRX-dən çıxarış verilməzdi. Əmlak üzrə tikinti aparan şəxs olmayıb. Lakin, əmlakı xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə edib. Alqı-satqı müqaviləsi notariat ofisinin xüsusi notariusu Hacı Orucov tərəfindən təsdiq edilmişdir. Alqısatqı müqaviləsinə uyğun olaraq razılaşdıqları məbləği satıcıya ödəyib. Müqavilə təsdiq edildikdən sonra hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarış əldə edib. Hətta əmlakı əldə etdikdən sonra da xeyli miqdarda vəsait qoyaraq təmir işləri aparıb, qaz, su, işıq çəkdirib və evə köçüb. Alqısatqı etdiyi vaxt əgər bir mübahisə var idisə, əmlakın üzərinə həbs olardı və nəticədə alqısatqı müqaviləsi təsdiqlənməzdi. Məhkəmə gedişatında cavabdeh olaraq cəlb edilib, halbuki bu tikilinin aparılmasında, çıxarışın əldə edilməsinə iştirakı olmamışdır. Tikinti aparan şəxslər artıq əmlakı ona satıblar.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-37/2024 saylı 01 avqust 2024cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı əvvəlcə qanunsuz tikilinin sökülməsi, daha sonra həmin tikilinin rəsmi reyestrdə qeydiyyata alınmasını müəyyən etdikdən sonra cavabdehin evinin mülkiyyətində olan evlə sərhəd divarının dövlət şəhərsalma norma və qaydalarının ara məsafəsinə dair tələblərinə uyğunlaşdırılmasını mübahisələndirməklə iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlillərinin araşdırılması məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin olunmuş, ekspert ünvan 1 ünvanda inşa edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki vəziyyətinin, tikililərinin planlı yerləşməsinin müvafiq texniki pasporta uyğun olduğunu nəzərə alaraq, həmin evin dövlət şəhərsalma norma və qaydalarının tələblərinə uyğun inşa edilməsi nəticəsinə gəlmişdir.

13. Məhkəmə həmçnin qeyd etmişdir ki, hazırda iddiaçının mübahisələndirdiyi cavabdehə məxsus fərdi yaşayış evi müvafiq dövlət orqanı tərəfindən rəsmi reyestrdə qeydiyyata alınmaqla, həmin evin dövlət şəhərsalma norma və qaydalarının tələblərinə cavab verməsi halı təsdiqlənmişdir. Lakin bütün bunlara baxmayaraq, iddiaçı hesab edirsə ki, cavabdehə məxsus daşınmaz əmlak onun mülkiyyətində olan daşınmaz əmlaka ziyan vurur, yaxud da həmin hallara görə əmlakından təyinatına uyğun istifadə etməsi çətinləşir və s. bu zaman iddiaçı iddia tələbini hazırki iş üzrə cavabdehə qarşı deyil, mübahisəli daşınmaz əmlakın tikintisində iddiaçının iddia etdiyi kimi yol verilmiş qanun pozuntularına baxmayaraq, buna razılıq vermiş dövlət orqanına qarşı müvafiq iddia tələbi irəli sürməlidir. Bu mənada, cavabdehin mülkiyyətində olan daşınmaz əmlak iddiaçının bildirdiyi kimi, yəni cavabdehə məxsus ev dövlət şəhərsalma norma və qaydalarının tələblərinin pozulması ilə tikilməmişdir. Ona görə də həmin evin iddiaçıya məxsus evlə sərhəd divarının dövlət şəhərsalma norma və qaydalarının ara məsafəsinə dair tələblərinə uyğunlaşdırılması (yəni divar hündürlüyünün 0,3 hissəsi ölçüsündə geri çəkilməsi) cavabdehin hüquqlarının pozulması ilə nəticələnər ki, bu da yolverilməzdir.

14. Nə qədər ki, iddiaçının mülkiyyətinə birbaşa müdaxilə yaxud da iddiaçıya məxsus daşınmaz əmlakın bir hissəsində tikilinin inşa olunaraq ərazinin zəbt olunması faktı müəyyən edilmir, iddiaçı mübahisəli tikilinin inşasına icazə verən inzibati orqanın qərarlarını mübahisələndirməlidir, həmin qərarlar mübahisələndirilərkən tikililər arasındakı ara məsafəsinin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmalı və müvafiq qiymət verilməlidir

15. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı öz şəxsi vəsaitləri hesabına 25-30 il müddətidir ki, tullantı sularının axıdılması üçün istifadə olunan fərdi qurğunu, yəni kanalizasiya borusunu çəkdiyini iddia edir. Lakin buna dair işin faktiki hallarından həmin hal aşkar olunmur. Belə ki, iddiaçı mülkiyyətində olan əmlaka dair ayrıca kanalizasiya sistemini çəkdiyini bildirməklə, cavabdehin ona məxsus kanalizasiya sisteminə qoşulmasında heç bir razılığının olmamasını, bu səbəbdən də cavabdehin kanalizasiya xətlərinin ayrılmasını tələb edir. Tullantı sularının axıdılması üçün istifadə olunan fərdi qurğunun olması, o cümlədən kanalizasiya borusunun ona məxsus olmasına dair mötəbər sübutlar mövcud olmadığından, iddiaçının cavabdehə məxsus evin kanalizasiya xəttinin iddiaçının evinin kanalizasiya xəttindən ayrılması barədə tələbini irəli sürməsinə subyektiv hüququnun olması da müəyyən edilmir.

16. Məhkəmə öv mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 139.1, 139.3, 139-1.1.1, 152.1, 152.5, 157.4, 170.1, 170.2, 171.1, 180.1, 180.4 və 238.1-ci maddələri; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.4, 69.5.2-1, 71.1, 72.1, 73.1, 73.2 və 73.4-cü maddələrinə; Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanununa; “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

17. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-37/2024 saylı 01 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, binaların xarici divarlarının önündə ara məsafəsi sahələrinin nəzərdə tutulması qanunvericiliyin imperativ tələbidir. Belə məsafələrin saxlanılmaması qanunun tələblərinin pozulması deməkdir. Hazırkı iş üzrə cavabdehə məxsus ünvan 5ünvanda inşa edilmiş fərdi yaşayış evi barəsində məlumatlandırma icraatı tətbiq edilən evlər kateqoriyasına aid olduğundan qanunvericiliyin tələbinə görə evin tikintisi zamanı divar hündürlüyünün 0,3 hissəsində ara məsafəsi saxlanılmalı idi. Mübahisəli ev qanunun həmin tələbi nəzərə alınmadan inşa edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən bu qanun pozuntusuna nəinki düzgün qiymət verilməmiş, hətta pozuntunun aradan qaldırılmaqla sərhəd divarının qanunvericiliyin ara məsafəsinə dair tələblərinə uyğunlaşdırılması barədə tələbini rədd edərkən bu uğunlaşdırmanın cavabdehin hüquqlarını pozacağı qənaətinə gələrək bunu yolverilməz hesab etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olmayan belə bir yanaşma ilə razılaşmaq olmaz. Hesab edir ki, məhkəmənin bu mövqeyi məhkəmə araşdırmalarının birtərəfli qaydada aparılmaqla qeyri-obyektivliyinə dəlalət edən faktordur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.7.1-ci maddəsinin tələbi cavabdehə məxsus ünvan 5 saylı fərdi yaşayış evinin layihə-plan sənədlərinin dövlət şəhərsalma norma və qaydalarının tələblərinə uyğun olub-olmamasının araşdırılmasını çox vacib zərurətə çevirsə də birinci instansiya məhkəməsi bu araşdırmadan imtina etmişdir. Bununla bağlı tərəfindən müvafiq ekspertizanın təyin edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edilsə də vəsatət təmin edilməmişdir. Hesab edir ki, iş üzrə ədalətli nəticənin əldə edilməsi üçün cavabdehə məxsus mübahisəli tikintinin layihə-plan sənədlərinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.7.1-ci maddəsinin tələblərinə uyğun olub-olmamasının məhkəmə qaydasında ekspertiza yolu ilə müəyyən edilməsi olduqca vacibdir. Nə qədər ki, bu müəyyənlik yoxdur, yuxarıda qeyd etdiyi kimi texniki sənədə uyğunluq tikintinin dövlət şəhərsalma norma və 2. 3. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157.4, 170-ci maddələrinin qaydalarına uyğunluğu kimi qiymətləndirilə bilməz. Qanunsuz tikinti işləri aparılmaqla onun qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması davam edir və bununla da cavabdeh israrla öz qanunsuz mövqeyini müdafiə edərək qarşılıqlı hörmətə əsaslanan normal qonşuluq münasibətlərindən yayınır. Birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd edilən normaya istinad etsə də yanlış yanaşma səbəbindən düzgün nəticəyə gələ bilməmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1-ci maddəsinə əsasən, ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Birinci instansiya məhkəməsinin qətnamədə bu normaya istinad etməsini mübahisəli tikilinin onların evinə birləşdirilmiş divarını ortaq divar kimi təqdimetmə cəhdi kimi qiymətləndirir. Digər tərəfdən də fikrincə, bu yanaşma əslində mübahisəli evin tikintisi aparılarkən dövlət şəhərsalma norma və qaydalarının ara məsafəsi ilə bağlı tələblərinin ciddi şəkildə pozulmasının təsdiqidir. Bir daha bildirir ki, cavabdehə məxsus mübahisəli fərdi yaşayış evi tikilərkən dövlət şəhərsalma norma və qaydalarının ara məsafəsi ilə bağlı tələbləri pozulmuşdur və bunun başqa bir izahı, başqa bir yozumu yoxdur. Onun evimə aid divarda, yaxud onun müəyyən hissəsində qonşu tərəfindən hər hansı əlavə tikili yalnız notariat qaydasında təsdiq olunmuş razılığı əsasında inşa edilə bilər. Bu əsasdan da, yəni tərəfindən belə bir razılıq verilmədiyinə görə aparılmış tikinti işləri qanunsuzdur, bununla ortaq divar anlayışı da aradan qalxmış olur. Bu xususatla bağlı məhkəmə qətnaməsində müvafiq normaya istinad olunsa da iddia tələbi təmin edilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin olunmasını xahiş edərək bildirmişdir ki, birinci instansiya məhkəməsində araşdırmanın tamlığı pozulmuşdur. Birinci instansiya məhkəməsinin ekspert rəyini əsas götürməyi deyildi, ümumiyyətlə burada ekspertiza təyin olunmasına zərurət yox idi, çünki hər şey göz qabağında idi. Birinci instansiya məhkəməsi orada yerli baxış da keçirdi. Hüquqmüəyyənedici sənədlər mövcud olduğu üçün ekspertiza keçirilməsi zərurətə çevrildi. Ekspert evin içərisində daxili quruluşu ölçdü və hüquqmüəyyənecidi sənədlərə uyğun olduğunu müəyyən etdi. Qanunvericiliyin tələblərinə görə ara məsafə nəzərə alınmalı idi. Mübahisəli sahə tikilən zaman razılıq əldə olunmuşdur ki, məsafə saxlanılmalı idi. İddiaçı tikinti gedən zaman bir müddət rayonda olmuşdur, həmin müddətdə ev qısa zamanda tikilmiş və çıxarış əldə olunmuşdur. Hazırda hər həyət evində hamının kanalizasiya xətti vardır, eyni zamanda yaxınlıqda kanalizasiyanın ana xətti vardır, xətti ora aparıb birləşdirmək olar. Bu mülkiyyətçinin hüquqlarını pozur. 7 daş götürülsə ola bilər ki, mübahisə aradan qalxar, bununla bağlı müzakirə aparılmamışdır. xx.xx.2022-ci il tarixindən Rəsulova Solmazın kanalizasiya xəttinin çəkilməsi ilə bağlı məsuliyyəti yoxdur, lakin hazırda mülkiyyətçi odur. Ailə böyükdür, qarşı tərəfin kanalizasiya xəttinin hüquqlarını müdafiə etdiyi şəxsin evinin xəttinə qoşulması kanalizasiya xəttini yükləyir. Qarşı tərəfin kanalizasiya xəttinin ana xəttə qoşulmasını istəyirlər. Hüquqlarını müdafiə etdiyi şəxsə məxsus olan kanalizasiya xəttinin ona məxsus olduğunu təsdiq edən rəsmi sənəd yoxdur, lakin 30 ildir ki, faktiki olaraq onlara məxsusdur.

21. Məhkəmə kollegiyasınn iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsində iş kifayət qədər araşdırılmışdır. İddia tələbi iki hissədən ibarətdir, kanalizasiya xətti ilə bağlı heç bir sübut təqdim edilmədi. Cavabdeh xx.xx.2022-ci il tarixindən mübahisəli yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh həmin yaşayış sahəsini mövcud vəziyyətdə əldə etmişdir. Cavabdeh həmin yaşayış sahəsinin mübahisəli olduğunu bilməmişdir, belə olduğunu bilsə idi başqa ev alardı. “Montin” adlanan ərazidə bütün evlər hazırki evlə eyni vəziyyətdədir, ekspertiza aparılan zaman onlar da iştirak etdilər. Ekspert kifayət qədər araşdırdı və iş üzrə yekun rəy vardır. Hazırda heç bir barışığa razı deyillər.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, o, həmin evi 3 ildir ki, almışdır. O, həmin evi mövcud vəziyyətdə almışdır.

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunması xahiş olunur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqelərə görə 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulan “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahibliklə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. (Latridis Yunanıstana qarşı iş, §54). Məhkəmə, həmçinin qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyət”lə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı də əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı iş, § 103).

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

28.139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 29.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 30.152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 31.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 32.170.1-ci maddəsinə görə, iki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və yadigər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 33.170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakınmülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 34.171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi,əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 35.171.2-ci maddəsinə əsasən, təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 36.238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 37.560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 38.560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin

39.3.0.33-cü maddəsinə əsasən, tikinti ərazisi ilə həmsərhəd olan və ya tikinti ərazisindən 20 metrədək məsafədə yerləşən torpaq sahələrinin mülkiyyətçiləri və ya istifadəçiləri yaxın qonşular sayılırlar. 40.69.1-ci maddəsinə əsasən, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdətutulmalıdır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. 41.69.4-cü maddəsinə əsasən, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. 42.69.5-ci maddəsində göstərilir ki, ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi. 43.69.8-ci maddəsində göstərilir ki, ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 44.71.1-ci maddəsinə görə, ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. 45.71.2-ci maddəsinə görə, tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. 46.72.1-ci maddəsinə görə, qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda vəya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır; 47.73.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 48.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 49.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər qonşudurlar. İddiaçı, əvvəlcə qanunsuz tikilinin sökülməsi, mübahisəli tikilinin rəsmi reyestrdə qeydiyyata alındığı müəyyən edildikdən sonra isə cavabdehin evi ilə mülkiyyətində olan ev arasında mövcud sərhəd divarının dövlət şəhərsalma norma və qaydalarının ara məsafəsinə dair tələblərinə uyğunlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi tikilərkən şəhərsalma və tikinti normalarının ara məsafəsi ilə bağlı tələblərinə əməl edilməmiş, evinin divarına tamamilə bitişik (heç bir ara məsafəsi olmayan) olan hasarın üstündən divar hörülərək qaldırılmışdır. Həmçinin bu qanunsuzluğun nəticəsində evinin divarına bitişik hasarın divarı ilə iddiaçının evə gələn su boruları cavabdehin evinin içində qalmışdır.

52. Cavabdeh isə yaşadığı evi 2 il bundan əvvəl əvəzi ödənilməklə mövcud vəziyyətdə 12 avqust 2022-ci il tarixli AN-İ ******* №-li alqı-satqı müqaviləsinə əsasən X1 aldığını, evdə hər hansı əlavə tikinti işləri aparmadığını, divar boyu inşa edilmiş tikililərin isə iddiaçının hər hansı hüququnu pozmadığını göstərərək, iddiaya etiraz etmişdir. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68,3 kv.m olan fərdi yaşayış evi və altındakı 0.0105 ha torpaq sahəsi Cavabdeh məxsusdur.

53. İş materiallarından həmçinin cavabdehin evi satın-alarkən mübahisəli tikilinin artıq mövcud olduğu, həmin tikilinin qonşu evin sərhədi-hasarı rolunda çıxış etdiyi, sonradan cavabdeh tərəfindən həmin tikilinin üzərində hər hansı tikintinin aparılmadığı, mübahisəsi gedən tikilinin Çıxarışa əsasən cavabdehin mülkiyyətində olduğu, fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki vəziyyətinin, tikililərinin planlı yerləşməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən tərtib edilmiş Texniki Pasporta uyğun olduğu, tikilinin qonşu kimi iddiaçının qanınla qorunan hüququnu pozmadığı müəyyən edilmişdir.

54. Mülki qanunvericiliyə görə, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin və sair (Mülki Məcəllənin 170-ci maddəsi).

55. Maddənin mənasına görə, öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidir. Sözügedən normada hədsiz təsir anlayışı açıqlanır və təsirlərin mümkün dərəcəsi müəyyənləşdirilir. Belə konkretləşmənin hüquqi əhəmiyyəti ondan ibarətdir ki, mümkünlük həddində olan təsirlərə qonşu dözməlidir.

56. Digər tərəfdən, qeyd olunan normada qonşuya gedən qazın, qoxunun, səs-küyün, titrəyişlərin və digər oxşar amillərin yaratdığı təsirlər aşağıdakı hallarda yolverilən (dözümlü) hesab edilir: birincisi, qonşuya öz sahəsindən istifadə etməyə maneçilik törətmədikdə; ikincisi qonşunun hüququnu əhəmiyyətsiz dərəcədə pozduqda.

57. Göründüyü kimi, bu iki halda qonşunun hüququnun əhəmiyyətsiz dərəcədə pozulmasına yol verilir. Lakin, belə təsirin adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədləri aşarsa, təsirə məruz qalan qonşu digər qonşudan pul şəklində müvafiq kompensasiya tələb edə bilər. Bu halda dözümlülüyün meyarı təsirin adi istifadədən əmələ gəlməsi, yolverilənlik dərəcəsi və qarşısının alına bilinməməsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, işin araşdırılması zamanı qonşuluq hüququ və onun təsir həddi, habelə bu müstəvidə maneələrin nədən ibarət olması müəyyən edilmişdir.

58. Belə olan halda sözügedən təsirlər adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədləri aşmadığından, təsirə məruz qalan iddiaçı bilavasitə öz torpaq sahəsindən istifadə etməyə maneçilik törədən və onun hüququnu əhəmiyyətsiz dərəcədə pozan tikililərin dövlət şəhərsalma norma və qaydalarının ara məsafəsinə dair tələblərinə uyğunlaşdırılmasını cavabdehdən tələb etməkdə haqlı olmayıb. Bununla belə izah edilməlidir ki, mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.

59. Göründüyü kimi, apellyatorun dəlilləri əsassızdır. O, həmçinin ekspert rəyi ilə razı olmadığını bildirərək təkrar ekspertiza təyin edilməsi barədə vəsatətinin təmin edilməməsini prosessual pozuntu kimi apellyasiya şikayətinin dəlillərində göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edilən vəsatəti təmin etməmişdir. Belə ki, təkrar ekspertizanın keçirilməsinə dair vəsatətdə iddiaçı Mülki Prosessual Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulmuş ekspertiza rəyinin əsassızlığına dair dəlilləri sübuta yetirə bilməmiş, habelə rəyin ziddiyyətli olmasına dair əsaslı sübutlar təqdim etməmişdir.

60. Məhkəmə kollegiyası tullantı sularının axıdılması üçün istifadə olunan qurğudan cavabdehə məxsus xəttinin ayrılması barədə tələb ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, tullantı sularının axıdılması üçün istifadə olunan qurğunun məhz iddiaçının fərdi istifadəsi üçün nəzərdə tutulan qurğu olması, o cümlədən kanalizasiya borusunun ona məxsus olması, birgə istifadə nəticəsində ona hər-hansı formada zərər dəyməsinə və s. dair mötəbər sübutlar mövcud olmadığından, iddia bu hissədə də əsassızdır.

61. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

62. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-37/2024 saylı 1 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar