Məhkəmə qərarları › İş №2(103)-5872/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5872/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5872/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçı (digər iddia üzrə cavabdeh) İddiaçı, Cavabdeh (digər iddia üzrə iddiaçı) Cavabdeh, onun vəkili Vəkil2, Üçüncü şəxs (digər iddia üzrə cavabdeh) "xxxx" Kompani MMC-nin nümayəndəsi Nümayəndə oğlunun, vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ("xxxx" Kompani MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “əqdin etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, 02 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə; Həmçinin, iddiaçı Cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7242/2019 saylı, 09 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh qarşı ("xxxx" MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “əqdin etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək (sonradan iddia tələbini dəqiqləşdirməklə), Cavabdeh ilə "xxxx" MMC arasında 19.05.2009-cu il tarixində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, cavabdehin və ailəsinin mənzildən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla "Sahil-D Company” MMC arasında bağlanmış 02.05.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, sonuncu ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.metrdən ibarət olan 4 otaqlı mənzili onun mülkiyyətinə verməyi, o, isə həmin mənzilin dəyərini müqavilədə müəyyən edilmiş müddətdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Alıcı kimi öhdəliyini vaxtında və tam icra etməsinə baxmayaraq, MMC öhdəliklərini yerinə yetirməmiş, buna görə də ona qarşı “pul tələbinə dair” iddia qaldırmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli qətnaməsi ilə MMCyə ödədiyi 191400 ABŞ dolları pulun sonuncudan alınaraq ona ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23.10.2015-ci il tarixli qərardadı ilə rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməklə işin icraatına xitam verilmişdir. Barışıq sazişinə görə, MMC qeyd olunan mənzili 2014-cü ilin fevralında onun istifadəsinə verməyi və həmin mənzildə təmir aparılan vaxtı elektrik, santexnik işlərinin görülməsində köməklik etməyi öhdəsinə götürmüşdür. Qərardadın icrası zamanı məlum olmuşdur ki, mənzildə faktiki olaraq Cavabdeh yaşayır və mənzilin onun qanuni sahibliyində olduğunu iddia edir. İşdən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.metrdən ibarət olan 4 otaqlı mənzilin verilməsi ilə bağlı alqı-satqı müqaviləsi 19.05.2009-cu il tarixdə, iddiaçı ilə anoloji alqı-satqı müqaviləsi isə 02.05.2008-ci il tarixində bağlanmışdır. Göründüyü kimi, MMC tərəfindən mənzil, ilk növbədə qanuni əsaslarla ona satılmasına baxmayaraq, sonradan heç bir hüquqi əsas olmadan Cavabdeh satılmışdır. Bu səbəbdən həmin müqavilə etbarsız sayılmalıdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdeh, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs də, qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunmasını xahiş etmişdir. Bununla yanaşı, iddiaçı Cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanda 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m. olan 4 otaqlı mənzilə dair İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 02.05.2008-ci il tarixli, 115 saylı müqavilənin və verilmiş maliyyə arayışının tərtib edildiyi andan etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda 2 saylı yaşavış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m. olan 4 otaqlı 14 saylı mənzil 17.03.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Dilavər Əliyevin sahibliyində və istifadəsində olmuşdur. D.Əliyev "xxxx" MMC-yə ərizə ilə müraciət edərək, mənzilin alqı-satqısı barədə aralarında bağlanmış 17.03.2007-ci il tarixli müqaviləni ləğv edib, adından çıxarılmasını xahiş etmiş və mənzilin iddiaçının adına keçməsinə etiraz etmədiyini bildirmişdir. 19.05.2009-cu il tarixdə mənzillə bağlı onunla "xxxx" MMC arasında müqavilə bağlanmış və maliyyə arayışı verilmişdir. 2009-cu il tarixdən etibarən həmin mənzil onun sahibliyində və istifadəsindədir. Mənzilin bütün təmir işləri onun tərəfindən aparılmışdır, hal-hazırda da ailə üzvləri ilə birlikdə illərdir ki, həmin mənzildə yaşayır. İddiaçılə MMC arasında 02.05.2008-ci il tarixdə bağlanmış müqavilədə isə satılan mənzilin konkret olaraq hansı saylı mənzil olması bəlli deyil. Bundan başqa, İddiaçılə bağlanmış həmin müqaviləyə və verilmiş maliyyə arayışına baxılarkən açıq-aydın görmək mümkündür ki, həmin sənədlər başqa tikinti şirkətinə aiddir. Belə ki, müqavilənin 3.1 bəndində “STS” şirkətinin adı qeyd olunması və maliyyə arayışının mətinlə imza edənlər arasında kifayət qədər məsafənin olması ona əsas verir ki, müqavilə ilə maliyyə arayış başqa şirkətə məxsus olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7242/2019 saylı 09 dekabr 2019cu il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçı, qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC də, apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 16 iyun 2020-ci il tarixli, 2(103)- 609/2020 saylı qərardadı ilə qeyd olunana mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və üçüncü şəxs "xxxx" Kompani MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək, qətnamə ləğv olunmuş, iddia rədd olunmuş, eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı Cavabdeh və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi mülki kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(102)-1979/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Ali Məhkəməsi mülki kollegiyasının 06 aprel 2021-ci il tarixli xüsusi qərardadı ilə "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191.4 kv.metrdən ibarət 4 otaqlı mənzilə şirkət tərəfindən iki müqavilə bağlanması, o cümlədən "xxxx" MMC ilə X3 arasında 17 mart 2007-ci il tarixdə bağlanmış müqavilənin, Cavabdeh ilə "xxxx" MMC arasında 19 may 2009-cu il tarixdə bağlanmış müqavilənin arxa tarixə tərtib edilməsi hallarına, o cümlədən bu hərəkətlərdə şirkətin rəhbər işçilərinin iştirakı məsələsinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş prokuroruna məlumat verilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Birinci iddia üzrə Cavabdeh apellyasiya şikayətini və ona əlavəni belə əsaslandırmışdır ki, işə onun iştirakı təmin edilmədən baxılmış və qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, 2007-ci il tarixdən qeyd olunan mənzil 17.03.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Dilavər Əliyevin sahibliyində və istifadəsində olmuşdur. Sonradan D.Əliyev mənzildən onun xeyrinə imtina etmiş və 19.05.2009-cu il tarixdə "xxxx" MMC ilə arasında mənzilə dair alqı-satqı müqaviləsi və maliyyə arayışı imzalanmışdır. Həmi vaxtdan mənzil onun sahibliyində və istifadəsindədir. İddiaçı ilə "xxxx" MMC arasında alğı-satqı müqaviləsi isə 02.05.2008-ci il tarixdə bağlanmışdır. Lakin bu müqavilə onun mənzili ilə bağlı deyil, əgər belə olsaydı, İddiaçı iddia ərizəsində konkret olaraq hansı mənzildən çıxarılmanı və boşaldılmanı qeyd etmiş olardı. İddiaçı ilə MMC arasında bağlanmış müqavilə, barışıq sazişi və onun mənzilə köçürülməsi ilə bağlı məhkəmə qətnaməsi məhz sözügedən yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m. olan 4 otaqlı mənzillə bağlıdır. Lakin ona məxsus müqavilə yasayıs binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m. olan 4 otaqlı 14 saylı mənzillə bağlıdır. İddiaçı müqaviləsindən isə onun konkret hansı saylı mənzillə bağlı olması bəlli deyil. Bu da onu göstərir ki, həmin müqavilə saxtadır. Üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclası onların iştirakı olmadan keçirilmişdir. Bundan başqa, məhkəmənin MM-in 178.8-ci maddəsinə istinad etməsi əsassız olmuşdur. Belə ki, həmin normanın tərəflər arasındakı mübahisəyə hər hansı bir aidiyyatı yoxdur. Bu norma yalnız kooperativ təşkilatlar və onun üzvləri arasındakı hüquq münasibətlərinə şamil edilir. "xxxx" MMC-nin müqavilə bağladığı şəxslərlə münasibəti isə podrat müqaviləsidir. Göründüyü kimi, məhkəmə tərəflər arasındakı münasibətlərə hüquqi qiymət verərkən tətbiq edilməməli maddi hüquq normasını tətbiq etmişdir. Çünki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində gəldiyi nəticə və göstərdikləri yalnız İddiaçı aid olmaqla, Cavabdeh bağlanmış müqavilənin nəyə görə etibarsız olması əsaslndırılmamışdır. Mübahisəli mənzilə dair ilk müqavilə 17.03.2007-ci il tarixdə Dilavər Əliyev ilə bağlanılmış, sonra həmin şəxsin ərizəsi əsasında ləğv olunaraq, Cavabdehla yeni müqavilə bağlanılmışdır. Bu hal isə onu sübut edir ki, İddiaçılə bağlanan müqavilə sonradan bağlanan müqavilə olmaqla saxta və etibarsızdır. İkinci iddia üzrə isə, iddiaçı Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinin və birinci iddia üzrə qəbul edilmiş qətnamədən verdiyi apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırmışdır. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətini, MMC ilə İddiaçı arasında tərəflərin iradəsini ifadə edən hər hansı bir müqavilə bağlanılmadığı, İddiaçı istinad etdiyi müqavilənin isə saxta olması, qohumluq əlaqəsində olduğu M.Cəfərov və T.Abdullayev tərəfindən tərtib edilməsi, həmin vaxt səlahiyyəti olmayan T.Abdullayev tərəfindən imzalanması və müqavilədə mənzilin nömrəsinin göstərilməməsi və s. kimi əsalandırmışdır. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı, apellyasiya şikayətlərini qəbul etməyərək, iddia ərizəsinə uyğun eyni məzmunlu izahat vermiş və məhkəmə kollegiyasından şikayətlərin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili, tərəflərindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, iddia ərizəsinin və şikayətlərin dəlillərinə uyğun izahat vermiş və məhkəmə kollegiyasından şikayətlərinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən "xxxx" Kompani MMC-nin nümayəndəsi və vəkili özlərinin apellyasiya şikayətlərini müdafiə edərək, şikayətlərin dəlillərinə uyğun izahat vermiş və məhkəmə kollegiyasından şikayətlərinin təmin olunmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, İddiaçı iddiası üzrə apellyasiya şikayətləri təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmalı, Cavabdeh iddiası üzrə isə apellyasiya şikayətləri qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq, iddia yeni əsaslarla rədd olunmalıdır. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, həm İddiaçı, həm də Cavabdeh adına "xxxx" MMC-nin inşa etdiyi eyni mərtəbə, eyni sayda otaqlara və eyni yaşayış sahəsinə malik mənzilə (5-ci mərtəbədə 191.4 kv.m. olan 4 otaqlı mənzil) dair müqavilə mövcuddur. İddiaçılə müqavilə 02.05.2008-ci il tarixdə, Cavabdehla isə 19.05.2009-cu il tarixdə bağlanmışdır. Cavabdeh mənzili Dilavər Əliyevdən alması barədə sənədləşmələr həyata keçirilmişdir. Dilavər Əliyevlə mənzilə dair müqavilə 17.03.2007-ci il tarixdə bağlanmış və onun 2009-cu ildə vermiş olduğu ərizəsi əsasında mənzil Cavabdeh adına rəsmiləşmişdir. Cavabdeh həmin vaxtdan hal-hazıradək ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. İddiaçı 2011-ci ildə "xxxx" MMC-yə qarşı iddia qaldıraraq, mənzili təhvil vermədiyi üçün ödədiyi pulun geri qaytarılmasını tələb etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.11.2011-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuşdur. Sonradan tərəflər barışığa gəlmiş və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 23.10.2015ci il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilməklə işin icraatına xitam vermişdir. Sazişə əsasən, "xxxx" MMC apelyasiya şikayətindən imtina etmiş və iddiaçıya müqavilədə nəzərdə tutulan 5-ci mərtəbədəki 4 otaqlı mənzili 2014-cü ilin fevral ayınadək təhvil verməyi, eyni zamanda elektrik, santexnika işlərində köməklik göstərməyi öhdəsinə götürmüşdür. Bir neçə il sonra Cavabdeh həmin qərardaddan maraqlarına toxunulan şəxs kimi təqdimat verilməsi barədə ərizə ilə Ali Məhkəmənin sədrinə müraciət etmiş və Ali Məhkəmənin 08.12.2017-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. "xxxx" MMC, məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişi üzərinə götürdüyü öhdəliyini icra etmədiyi, yəni mənzili təhvil vermədiyi üçün İddiaçı 2017-ci ildə yenidən ona qarşı iddia qaldıraraq, mənzilə köçürülməsini və vurulmuş zərəri tələb etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.06.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, sözügedən mənzilə köçürülməsi və dəymiş 1000 manat mənəvi zərərin ödənilməsi qət edilmiş və qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir (əsas: "xxxx" MMC və hüquq və vəzifələrinə toxunulan şəxs Cavabdeh apellyasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 30.10.2017-ci il tarixli qətnaməsi və Cavabdeh kassasiya şikayətinə əsasən Ali Məhkəmənin 09.04.2018-ci il tarixli qərarı). İcra mərhələsində icra məmuru müqavilədə qeyd edilən 5-ci mərtəbənin qeyriyaşayış sahələrinin mərtəbələrinin sayları nəzərə alınmaqla və yaxud alınmamaqla müəyyən edilməsi ilə bağlı qətnaməyə izah verilməsinə dair məsələ qaldırmış və sonda məhkəmələrin mövqeyi belə olmuşdur ki, tələb olunan mənzil elə müqavilədə nəzərdə tutulan 5-ci mərtəbədəki, yəni eyni zamanda Cavabdeh adına bağlanmış müqavilədəki mənzildir (əsas: Bakı Apellyasiya Məhkəməsinin 28.03.2019-cu il tarixli qərardadı). Ali Məhkəmə, əvvəlki apellyasiya icraatında mübahisəli mənzillərin eyni mənzil olmaması əsası ilə Xətai Rayon Məhkəməsinin qətnaməsinin ləğv, Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılması barədə qəbul edilmiş qətnaməni ləğv edərkən, 06.04.2021-ci il tarixli qərarında göstərmişdir ki, ...işə baxan apelyasiya məhkəməsi öz qətnaməsini həmin mənzillə bağlı mövcud olmuş mübahisələrlə bağlı məhkəmə qərarları ilə müəyyən edilən yuxarıda sadalanan hallarla əsaslandırmamış, əksinə MPM-in 82.3-cü maddəsini həmin normanın mahiyyətinə zidd olan hallara tətbiq etmişdir. Belə ki, Cavabdeh barışıq sazişindən maraqlı şəxs kimi Ali Məhkəmənin sədrinə etdiyi müraciətlə bağlı çıxarılan qərardakı fikirləri preyudisial əhəmiyytli hal kimi qiymətləndirmişdir. Həmin qərarda qeyd olunan fikirlərin preyudisial əhəmiyyət kəsb edən hal kimi dəyərləndirilməsi və MPM-in 82.3-cü maddəsinin tətbiq olunması absurddur və bununla bağlı əlavə dəyərləndirmə aparılmasına kollegiya zərurət görmür. ...tərəflərin adına rəsmiləşdirildmiş mənzilin eyni mənzil olması məhkəmənin müəyyən edilmiş hallar kimi qəbul etdiyi faktiki hallarla təsdiq olunur. Cavabdeh barışıq sazişindən şikayət etmişdir ona görə ki, bağlanmış müqavilə onun adına rəsmiləşmiş mənzillə bağlı idi. Eyni zamanda, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.06.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" MMC-yə qarşı mənzilə köçürülmə, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ünvan 4 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m. olan 4 otaqlı mənzilə köçürülməsi və cavabdehdən 1000 manat mənəvi ziyan tutulması qət edilmişdir. Həmin qətnamədən yenə şirkət və hüquq və vəzifələrinə toxunulan şəxs Cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 30.10.2017-ci il tarixli qətnaməsi ilə şikayətlər təmin edilməmiş, həmin qətnamədən yenə hüquq və vəzifələrinə toxunulan şəxs Cavabdeh kassasiya şikayəti Ali Məhkəmənin 09.04.2018-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Məhkəmələr və Cavabdeh özü (həmin qərarlardan şikayət verməklə) təsdiq etmişlər ki, mübahisəli mənzil eyni mənzildir. Məhkəmələr iddiaçı ilə bağlanmış müqaviləni etibarlı müqavilə hesab edərək iddianı təmin etmişlər. Həmin qərarlarla Cavabdeh apelyasiya və kassasiya şikayətləri rədd edilərkən, mənzilin başqa mənzil olması halına istinad edilməmişdir. Həmin binanın 5-ci mərtəbəsində eyni göstəricilərə aid başqa mənzil mövcud deyildir. Məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, həmin mənzil başqa oxşar ünvanda axtarmaq əsassızdır (icra məmurunun izahla bağlı məhkəmə qərarlarına bax). ... Ali Məhkəmənin 08.12.2017-ci il tarixli qərardadında tərəflərə məxsus olan mənzillərin eyni olub-olmaması barədə mübahisəyə baxılmamışdır. Həmin qərardadla Cavabdeh barışıq sazişindən maraqlarına toxunan şəxs kimi şikayəti təmin edilməmiş və digər əsaslardan başqa ərizəçiyə məxsus olan mənzilin barəsində mübahisə aparılan mənzillə eyni olmasına dair işdə sübut olmaması bildirilmişdir. Hansı ki, həmin müraciətdən sonra yuxarıda sadalanan məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, mübahisəsi aparılan mənzillər eyni mənzillərdir. Ona görə qeyd olunan qərarda yazılan fikirləri MPM-in 82.3-cü maddəsinin tələbləri baxımından dəyərləndirərək mübahisəni həll etmək qanunsuz və əsassız olmuşdur. Əksinə, işə baxan apelyasiya məhkəməsi hazırda qüvvədə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.06.2017-ci il tarixli qətnaməsinin göstərişlərini preyudisial əhəmiyyətə malik sübut kimi dəyərləndirməli idi. Çünki həmin qətnamə eyni tərəflər arasında (həmin işə baxılarkən həm şirkət və həm də Cavabdeh cəlb edilmiş və onların şikayətləri təmin olunmamışdır) və eyni predmet üzrə çıxarılmış məhkəmə qərarı idi. Özü də Cavabdeh həmin qətnamədən verdiyi şikayətlər ona görə təmin olunmamışdır ki, iddiaçının mübahisəli mənzilə dair bağladığı əqd etibarlı əqd hesab olunmuşdur (həmin mənzilə hüququ olması təsdiq edilmişdir). Ona görə hazırkı işdə həmin əqdin etibarsızlığı tələbi ilə bağlı qiymətləndirmə aparılarkən qeyd olunan preyudisial əhəmiyyətli sübutlar (məhkəmə qərarları) istifadə olunaraq müvafiq qərar qəbul edilə bilərdi. Deməli, İddiaçı mübahisəli mənzilə köçürülməsi barədə qanuni qüvvəsini almış bir məhkəmə qətnaməsi mövcuddur. Tələbkar həmin mənzildə yaşayanların oradan çıxarılmasını və onun adına aparılmış sənədləşmələrin etibarsızlığını tələb edir. Nə qədər ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur və dövlətin adından çıxarılmış həmin qətnamə icra olunmalıdır, ona görə işə baxan məhkəmənin mübahisəyə bu kontekstdən qiymət verməsindən başqa digər seçim olmamışdır. Mübahisə ilə bağlı bütün hüquqi dəyərləndirmələr bu istiqamətdə aparıla bilərdi və aparılmalıdır. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya, kassasiya instansiya məhkəməsinin mövqeyini də nəzərə alaraq, ilk növbədə bildirir ki, tərəflər arasında mübahisənin eyni mənzillə bağlı olması və həmin mənzilə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 02.05.2008-ci il tarixli müqavilənin hüquqi müstəvidə keçərli (etibarlı) əqd olması yuxarıda istinad olunan qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş və həmin müqavilə əsas götürülməklə İddiaçı mənzilə köçürülməsi qət edilmişdir. Odur ki, həmin hallar tərəflər üçün preyidusial olduğuna görə Kollegiya eyni xüsusatlar üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Çünki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Belə olan halda, hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin Cavabdeh İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə iddiasını mübahisəli mənzillərin eyni olmamasına istinad etməklə Cavabdeh bu tələbi irəli sürmək üçün subyektiv hüququnun olmaması əsası ilə rədd etməsi qanuni və əsaslı hesab oluna bilməz. Belə ki, məhkəmə nəzərə almamışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarları). Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin əqdin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 354.1-ci maddəsinin tələbləri baxımından bir illik kəsici müddətin ötürülməsinə istinad etməsi də qanuni olmamışdır. Belə ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarı). Göründüyü kimi, MM-in 354.1-ci maddəsində nəzərdə tutulan 1 illik müddət əhəmiyyətsiz əqdin etibarsızlığı ilə bağlı iddia qaldırmaq müddəti olmayıb, əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək üçün nəzərdə tutulmaqla kəsici yox, iddia müddətidir. İddia müddətinin ötürülmüş olmasını isə məhkəmələr öz-özlüyündə nəzərə ala bilməzlər. Beləliklə, məhkəmə kollegiya, bu qənaətə gəlir ki, Binəqədi Rayon Məhkəməsinin 09.12.2019-cu il tarixli qətnaməsi ləğv olunmaqla Cavabdeh İddiaçı və "xxxx" MMC-yə qarşı “cavabdehlər arasında arasında bağlanmış 02.05.2008-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə iddiası yuxarıda, həmçinin aşağıda qeyd olunan əsaslarla rədd olunmalıdır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı ("xxxx" Kompani MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “Cavabdehla "xxxx" Kompani MMC arasında bağlanmış 19.05.2009-cu il tarixli müqavilənin etibarsız hesab olunması, mənzildən çıxarılma və mənzilin boşaldılması” barədə iddiasının təmin olunması barədə Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qətnaməsi isə başdan bəri sadalanan hüquqi mövqelərə və aşağıdakılara əsasən dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz bu qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. Baxılan işdən görünür ki, "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış 02.05.2008-ci il tarixli müqaviləyə əsasən, MMC mübahisə predmeti olan mənzili İddiaçı təhvil verməyi, sonuncu isə mənzilin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Alıcının öhdəliyini icra etməsinə baxmayaraq, satıcı şirkət hələ də mənzili təhvil vermək öhdəliyini icra etməmiş, əksinə həmin müqavilənin bağlanmasından bir il sonra, yəni 19.05.2009-cu il tarixdə həmin mənzilə dair Ülfət Şahmımmədovla da müqavilə bağlanmışdır. Göründüyü kimi, 02.05.2008-ci il tarixli müqaviləyə əsasən mübahisə predmeti olan mənzil üzərində İddiaçı əmlak hüquqları yaranmış, buna baxmayaraq sonradan həmin mənzilə dair "xxxx" MMC tərəfindən əsassız olaraq üçüncü şəxslə müqavilə bağlamışdır. Eyni mənzilə dair sonradan müvafiq müqavilənin bağlanması halı isə iddiaçı ilə daha əvvəl bağlanmış müqavilənin hüquqi qüvvəsini və etibarlılığını aradan qaldırmır. Həmçinin, yuxarıda da qeyd edildiyi kimi, qanuni qüvvədə olan məhkəmə qərarları ilə də İddiaçı mübahisəli mənzil üzərində hüquqlarının mövcudluğu, onunla "xxxx" MMC arasında bağlınmış müqavilənin etibarlılığı müəyyən olunmuşdur. Bundan başqa, kassasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarında, onu da vurğulamışdır ki, ...2011-ci ildə İddiaçı mənzilə görə ödənilmiş vəsaitin qaytarılması barədə iddiasına baxılmışdır. Həmin iş üzrə şirkət 2013-cü ildə barışıq sazişi bağlamış və həmin mənzildə öz hesabına əlavə işlər görməklə mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Bütün bu mübahisələrin davam etdiyi dövrdə şirkət həmin mənzilin iddiaçı ilə müqavilə bağlanmamışdan əvvəl və yaxud sonra başqa şəxsə satılması ilə bağlı heç bir fikir bildirməmiş, əksinə 2014-cü ilin fevral ayınadək mənzilin tikintisini başa çatdıraraq iddiaçıya təhvil verməyi, əlavə olaraq ona digər işlərdə köməklik göstərməyi öhdəsinə götürmüşdür. Vəd edilən mənzil mübahisəli mənzil deyildisə, onda şirkət hansı mənzili iddiaçıya təhvil verməsinə keçən müddət ərzində aydınlıq gətirməli idi. Bu halın mövcudluğu mübahisəli mənzilə dair bağlanmış 2007-ci ildəki müqavilənin, o cümlədən sonrakı müqavilənin həqiqiliyini şübhə altına alır. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «M.Hüseynovun şikayət üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun deyildir. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə əhəmiyyətsizlik səbəbilə etibarsız əqd hesab edilir (bu müqavilə üzrə tərəflərin MM-in 337.5-ci maddəsinin tələblərinə əsasən əqdin etibarsızlığı ilə bağlı nəticələrinin tətbiqi barədə iddia ilə müraciət etmək hüquqları vardır). Belə olan halda, Cavabdeh İddiaçı məxsus sözügedən mənzildə yaşamasının da etibarlı hüquqi əsası yoxdur və MM-in 157.2-ci və 158.4-cü maddələrinə əsasən İddiaçı onun ailəsi ilə birlikdə həmin mənzildən çıxarılmasını və mənzilin boşaldılmasını tələb etməkdə haqlıdır. Həmin maddələrin tələblərinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.4). «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası, hesab edir ki, Cavabdeh və "xxxx" MMC-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2019cu il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətləri təmin edilməməli, həmin qətnamə dəyişdirilmədən saxlanılmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətləri isə qismən təmin edilərək, həmin qətnamə ləğv olunmalı, Cavabdeh İddiaçı və "xxxx" MMC-yə qarşı “cavabdehlər arasında arasında bağlanmış 02.05.2008-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə iddiası yuxarıda qeyd olunan əsaslarla rədd olunmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ("xxxx" Kompani MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “əqdin etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, 02 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, 02 sentyabr 2019cu il tarixli qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. İddiaçı Cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7242/2019 saylı, 09 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7242/2019 saylı, 09 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv olunsun, iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar