Məhkəmə qərarları › İş №2(103)-5881/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5881/2023

25.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5881/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mirasda məcburi pay, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payların yenidən müəyyən olunması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X11 və Bakı şəhəri 37 saylı Dövlət Notariat Ofisi cəlb edilməklə) “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakda payların yenidən müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1161/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 5, 5 nömrəli yaşayış evi xx.xx.1967-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə iddiaçının atası, cavabdehin isə babası X6 məxsus olmuşdur.

2. X8 xx.xx.1999-cu il tarixli vəsiyyətnamə ilə həmin evi cavabdehə vəsiyyət etmişdir.

3. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2001-ci il, 2-528/2001 nömrəli qətnaməsindən görünür ki, İddiaçı atası X4 ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və X4 xx.xx.2000-ci il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilmişdir. Ona vərəsəlik payının müəyyən edilməsi üçün atasının ölümü barədə şəhadətnamə tələb olunurdu.

4. Həmin qətnamə əsasənda verilmiş xx.xx.2001-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X5 ölüm tarixi xx.xx.2000-ci il qeyd edilmişdir.

5. Cavabdehin ərizəsi əsasında Bakı şəhəri 37 saylı Dövlət Notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və cavabdehə xx.xx.2003-cü il tarixdə miras əmlak - Bakı şəhəri, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 5, 5 nömrəli yaşayış evinə dair “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir.

6. Vərəsəlik işində olan xx.xx.2000-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2000-ci il tarixdə ölmüşdür.

7. Həmin evə dair cavabdehin mülkiyyət hüququ xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatından keçirilmişdir.

8. xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 5, 5 nömrəli yaşayış evin 2/7 hissəsini alıcı X1.

9. İddiaçı xx.xx.1982-ci il tarixdən həmin evdə qeydiyyatdadır.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş 031575 nömrəli TSEK-də müayinə aktından çıxarışa əsasən İddiaçı müddətsiz İİ qrup əlillik təyin edilmiş və əmək qabiliyyətini 80% itirdiyindən onun əmək qabiliyyətsizliyi müəyyən edilmişdir.

11. xx.xx.2009-cu il tarixli müayinə aktı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışa əsasən İddiaçı əmək qabiliyyəti yoxdur.

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 37 saylı Dövlət Notariat Ofisi cəlb edilməklə) “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, daşınmaz əmlakın alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakda payların yenidən müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun miras əmlakdan məcburi pay almaq hüququ pozulduğu üçün xx.xx.2000-ci il tarixdə vəfat etmiş atası X3 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 5, 5 nömrəli evə dair Cavabdeh adına xx.xx.2003-cü il tarixdə verilmiş Bakı şəhəri 37 saylı Dövlət Notariat Kontorunda reyestrdə 2-V-06 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Cavabdeh adına Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş FM seriyalı, 019622 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi, vətəndaş Cavabdeh ilə X11 arasında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi dalan 5, 5 nömrəli evin 2/7 hissəsinin Bakı şəhəri 37 saylı Dövlət Notariat Kontorunda xx.xx.2004-cü il tarixdə alğı-satqısına dair AN-İ ******* nömrəli (reyestrdə 4Ə-1/204) müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 5, 5 nömrəli evə dair onun məcburi payının nəzərə alınmaqla miras əmlakda payların yenidən müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Yaşadığı ev mərhum atası X6 məxsus olmuşdur. Bu yaxınlarda o, atasından miras qalmış əmlakın ona aid olan hissəsini öz adına sənədləşdirmək istəyərkən ona məlum olmuşdur ki, miras əmlak bütünlüklə qardaşı oğlu Cavabdeh adına sənədləşdirilmişdir. Belə ki, atası X4 verdiyi vəsiyyətnaməyə əsasən, evə dair nəvəsi Cavabdeh adına xx.xx.2003-cü il tarixdə Bakı şəhəri 37 saylı Dövlət Notariat Kontorunda reyestrdə 2-V-06 № ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnamə əsasında evə dair Cavabdeh adına Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən FM seriyalı 019622 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbəsi üzrə səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş arayışda onun da həmin evdə qeydiyyatda olan və yaşayan şəxslərin siyahısında olmağı görünür. Lakin, notarius onun həmin evdə məcburi payının olmasına baxmayaraq, bu barədə ona məlumat verməmişdir. Mülki Məcəlləsinin məcburi payla bağlı maddələrinin tələbləri və onun miras əmlakdan məcburi pay almaq hüququ pozulmuşdur. Bundan əlavə, Cavabdeh vəsiyyətnamə ilə əldə etdiyi evin 2/7 hissəsini (məcburi pay almaq hüququnu pozmaqla) X1. Bu barədə də ona məlumat verilməmişdir. X7 isə kirayədə qalması barədə ona məlumat vermişlər. İndi isə ona məlum olmuşdur ki, cavabdeh ona məlumat vermədən (qardaşının xəbəri olmuş, bu barədə vərəsəlik işində məlumat var) miras əmlakı öz adına sənədləşdirmiş və evin 2/7 hissəsini də satmışdır. O, həmin evdə yaşayır, atası öləndən sonra da həmin miras əmlakı vərəsə kimi qəbul edərək idarə edir. Hesab edir ki, Cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmişdir.

14. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddia ərizəsinin əsassız olması ilə yanaşı nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin tələbləri baxımından iddia müddəti də ötürülmüşdür. Çünki, Mülki Məcəllənin 354.2-ci maddəsində qeyd olunur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı yalan və əsassız iddialarla başqasının əmlakına yiyələnmək niyyətindədir. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti buraxıldığından və tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Həmçinin bildirir ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürmüş və həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilənləri və iddiaçı tərəfindən tələbetmə müddətinin ötürülməsini nəzərə alaraq məhkəmədən mülki iş üzrə iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürüldüyündən hazırkı tələb üzrə iddia müddətinin tətbiq edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

15. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X11 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

16. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 1161/2023 nömrəli qətnaməsi ilə (hakim F.F.Mirzəyeva) iddia təmin edilməmişdir.

17. Məhkəmədə qeyd etmişdir ki, vəsiyyətnamə əsasında vərəsəlik işi xx.xx.2003cü il tarixdə açılmış, qeyd olunmuş qanunvericiliyin normalarına uyğun olaraq məcburi pay almaq hüququ olan şəxlərin dairəsi yoxlanılmış və yalnız X4 yoldaşı barədə məlumat göstərilmişdir. Həmin dövrdə isə onun həyat yoldaşı (əmək qabiliyyətsiz) vəfat etmişdir. Vərəsəlik işindən həmçinin müəyyən olunur ki, notariat kontoruna əmək qabiliyyəti olmayan qanun üzrə digər vərəsələr barədə məlumat verilməmişdir.

18. Məhkəmə iddiaçının əmək qabiliyyətinin olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materialları ilə İddiaçı həqiqətən də 1986-cı ildə Çernobıl AES-da baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və onun əliliyi müəyyən edilmişdir. Lakin, məhz miras açıldığı zaman, yəni 2000-ci ilin aprel (may) aylarında onun əmək qabiliyyətsiz olması iş materialları ilə müəyyən olunmur.

19. Vərəsəlik şəhadətnaməsi həm əvvəlki həm də hal-hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunmaqla, 6 ay gözləmək şərti ilə, verilmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, göstərilənlərə əsasən vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi üçün əsaslar mövcud deyildir.

20. Bundan əlavə, məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən olunur ki, İddiaçı atası X4 ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və X4 xx.xx.2000-ci il tarixdə ölməsi faktı müəyyən edilmişdir, lakin, həmin vaxt Ağakərim Məlikovun rəhmətə getməsi ilə əlaqədar artıq ölüm haqqında şəhadətnamə mövcud olmuşdur. Həmin qətnamə ilə həmçinin müəyyən olunmuşdur ki, atasının ölüm haqqında şəhadətnaməsi ona vərəsəlik payının müəyyən edilməsi üçün lazım olmuşdur. Beləliklə də, iddiaçının keçən 22 il ərzində öz hüquqları barədə məlumatı olmuş, lakin o, vərəsəliklə (məcburi payın alınması ilə) bağlı heç bir hərəkət etməmişdir. Eyni zamanda, qanunvericiliyin tələbindən də görünür ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İddiaçı, həmçinin, buraxılmış prosessual müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməmişdir.

21. Məhkəmə hesab etmişdir ki, vərəsəlik şəhadətnaməsi düzgün verilmiş olduğu üçün, onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin (çıxarışın) ləğv edilməsi üçün əsas yoxdur.

22. İddiaçının müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Cavabdeh tam hüquqlu mülkiyyətçi olaraq, notarial qaydasında bağlanmış alğı-satqı müqaviləsi üzrə, özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi dalan 5, 5 nömrəli evin tam payından yeddidə iki (2/7) hissəsini (2 otağını) X1. İddiaçının X2 olduğunu bilməsi kimi dəliləri iş materialları ilə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh ilə X11 arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə alınmış qeydiyyat vəsiqəsi (çıxarış) tam əsaslıdır və ləğv olunmamalıdır.

23. Məhkəmə öz mövqeyini qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527, 528, 537, 538, 545, 552, 554, 555, 561, 562-ci maddələrinə, hazırda qüvvədə olan Mülki Məcəllənin 140, 144.1, 144.2, 646.1, 646.2, 647, 648.1, 648.2, 1246, 1248.1, 1249, 1262, 1272, 1273-1, 1321.1, 1321.2, 1321.3, 1322, 1325-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57, 58, 60-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 104-cü bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

24. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə Azərbaycan Respublikası Əmək və Əhalinin sosoal müdafiəsi Nazirliyi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş 031575 nömrəli TSEK-də müayinə aktından çıxarışa istinad etdiyi halda qətnamədə göstərir ki, guya miras açıldığı zaman, yəni 2000-ci ilin aprel (may) aylarında onun əmək qabiliyyətsiz olması iş materialları ilə müəyyən olunmur. Məhkəmə həmin sənədə istinad etsə də, həmin sənədin nəticə hissəsini göstərməmişdir. Belə ki, nəticə hissəsində göstərilir ki, İddiaçı əmək qabiliyyətsizdir. Deməli, mirasın açıldığı vaxt onun əmək qabiliyyətsiz olması iş materiallarında olan sənədlə tam sübuta yetirilir. Bundan əlavə, məhkəmə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2001ci il tarixli qətnaməsinə istinad edərək göstərir ki, iddiaçı atası X4 ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, atasının ölüm haqqında şəhadətnaməsinin ona vərəsəlik payının müəyyən edilməsi üçün lazım olduğunu göstərmişdir. İddiaçının keçən 22 il ərzində öz hüquqları barədə məlumatı olmuş, lakin o, vərəsəliklə (məcburi payın alınması ilə) bağlı heç bir hərəkət etməmişdir. Məhkəmə həmin qətnaməyə istinad etsə də, göstərdiklərini əsaslandıra bilməmişdir. Belə ki, iddiaçının nə o vaxt, nə də indi hər hansı məhkəmə prosesində iştirak etmək üçün fiziki imkanı olmamış və yoxdur. Həmin qətnamə də onun adından istifadə olunaraq çıxarılmışdır. Əgər ərizədə göstərildiyi kimi iddiaçıya vərəsəlik payını həll etmək üçün ölüm faktının müəyyən edilməsi lazım idisə onda nə üçün o, ölüm haqqında şəhadətnaməni aldıqdan sonra notariat kontoruna mirasdan məcburi payı almaq üçün müraciət etməmişdir? Deməli, bu işdə onun adından istifadə olunmuş, onun bu işdən xəbəri olmamışdır. Məhkəmənin istinad etdiyi əsas sənəd ölüm faktının müəyyən edilməsi barədə qətnamədir. Lakin məhkəmə həmin qətnamənin hansı sənədlər əsasında qəbul olunmasını müəyyən etmək üçün heç bir araşdırma aparmamışdır. Həmin sənədin hüquqi nəticəsi isə onu göstərir ki, həmin ərizə iddiaçının adından olsa da onun həmin sənəddən heç bir xəbəri olmamışdır, əks təqdirdə o, həmin vaxt mirasdan ona düşən məcburi payı almış olardı. Bundan başqa, vərəsəlik işinin materiallarında yaşayış yerindən arayış mövcuddur ki, həmin arayışda İddiaçı adı var. Bu isə o deməkdir ki, həmin vaxt vəsiyyətnamə üzrə mirası qəbul edən şəxsin nümayəndəsi bu barədə notariusa xəbər verməmiş, notarius isə həmin siyahını dəqiq yoxlamamışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (qüvvədən düşmüş) 538-ci maddəsinin tələbləri pozulmuşdur. Hal-hazırda qüvvədə olan Mülki Məcəllənin maddələrinə isə bu halda istinad oluna bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh apellyasiya şikayətinə etiraz verərək göstərmişdir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı atası X4 ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və X4 xx.xx.2000-ci il tarixdə ölməsi faktı müəyyən edilmişdir. Ona vərəsəlik payının müəyyən edilməsi üçün atasının ölümü barədə şəhadətnamə tələb olunurdu. Göründüyü kimi, hazırki iddia tələbi əsassızdır. Mülki qanunvericiliyin tələbləri baxımından iddia müddəti ötürülmüşdür.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, onun əlilliyi ömürlükdür. Hərdən sürücülüklə məşğul olur, avtomobil idarə edir.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi.

30. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

31. Azərbaycan SSR Mülki Məcəlləsi (xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş) Maddə 73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Maddə 77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tədbiq olunur. Maddə 78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (övladlığa götürülənlər), arvad (ər), ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələrdilər. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə 538. Miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (qüvvədə olan) Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

33. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı Qanunvericilik cəmiyyətdə gedən dəyişiklikləri və ümumiyyətlə ictimai münasibətlərin müxtəlifliyini tam axıra kimi nəzərə ala bilməz. Qanunverici bütün halları əhatə edən və daim inkişafda olan hüquq münasibətlərini tənzimləyən hüquq normalarının qəbul olunmasına çalışsa da, bəzən bu obyektiv olaraq mümkün olmur. Bəzən elə əmlak və şəxsi qeyri-əmlak münasibətləri yaranır ki, bu münasibətlər müvafiq qanun qəbul olunduğu anda mövcud olmamış və ya onların mövcudluğu həmin qanun qəbul olunarkən qanunverici tərəfindən nəzərə alınmamışdır. Belə hallarda hüquqtətbiqetmə təcrübəsində aşkar olunur ki, qanunvericilikdə boşluq mövcuddur. Nəticədə müvafiq norma olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda qalır. Çatışmayan normanın qəbulu qanunda boşluğun aradan qaldırılmasının ən yaxşı yolu olsa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi başqa əsaslarla təmin edilməməlidir.

38. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticələr işin hallarına uyğun olmamışdır.

39. İş materialları ilə müəyyən olunur ki, X8 xx.xx.1999-cu il tarixdə vəsiyyətnamə tərtib edərək mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 5, 5 nömrəli evi cavabdehə vəsiyyət etmişdir.

40. X8 2000-ci ilin aprel ayında ölmüş və həmin vaxt qüvvədə olan Mülki Məcəllənin tələblərinə uyğun olaraq miras açılmış və iddiaçının miras qoyanın əmək qabiliyyəti olmayan uşağı kimi vəsiyyətnamənin məzmunundan asılı olmayaraq ona qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini almaq hüququ vardır.

41. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materialları ilə İddiaçı həqiqətən də 1986-cı ildə Çernobıl AES-da baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və onun əlilliyi müəyyən edilmişdir. Lakin məhz miras açıldığı zaman, yəni 2000-ci ilin aprel (may) aylarında onun əmək qabiliyyətsiz olması iş materialları ilə müəyyən olunmur.

42. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, xx.xx.1998-ci il tarixdə verilmiş 031575 nömrəli TSEK-də müayinə aktından çıxarışa əsasən İddiaçı müddətsiz İİ qrup əlillik təyin edilmiş və əmək qabiliyyətini 80% itirdiyindən onun əmək qabiliyyətsizliyi artıq müəyyən edilmişdir. İddiaçı Çernobıl AES-da baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdiyi və onun əlilliyi müəyyən edildiyi halda, onun sonradan, o cümlədən miras açıldığı vaxt sağalması və əmək qabiliyyətinin bərpası ağlabatan deyil. Belə ki, iddiaçının əmək qabiliyyətinin olmaması xx.xx.2009-cu il tarixli müayinə aktı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışla da təsdiq olunur.

43. Kollegiya qeyd edir ki, miras açılan vaxt qüvvədə olan mülki qanunvericiliyə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. İşdən göründüyü kimi, miras qoyan vəsiyyətnamə qoyaraq yeganə vərəsə kimi cavabdehi təyin etmiş, bununla da artıq qanun üzrə vərəsəlik aradan qalxmışdır. Beləliklə, iddiaçı artıq miras qoyanın vərəsəsi sayılmır. Odur ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmir.

44. Bununla belə, iddiaçının vəsiyyət üzrə vərəsə olan cavabdehdən məcburi pay tələb etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, miras açılan vaxt qüvvədə olan mülki qanunvericilikdə bununla bağlı müddəa nəzərdə tutulmasa da, hazırda qüvvədə olan Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

45. “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında hüquqi mövqe ondan ibarət olmuşdur ki, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz.

46. İşdən görünür ki, iddiaçı atasının ölümündən sonra üç il müddətində məcburi pay tələbi ilə məhkəməyə müraciət etməmiş, bununla da həmin vaxt qüvvədə olan mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilib-verilməməsindən asılı olmayaraq, iddia müddəti məhkəmə tərəfindən tətbiq olunur.

47. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnamədən iddiaçının xəbəri olmadığı, məhkəməyə ərizə iddiaçının adından verildiyi bildirilsə də, vərəsəlik işinə miras qoyanın ölüm haqqında xx.xx.2000-ci il tarixli şəhadətnaməsi əlavə edilmişdir, yəni yenidən ölüm haqqında şəhadətnamənin əldə edilməsi üçün cavabdeh tərəfindən sonradan məhkəməyə müraciət etmək zərurəti olmamışdır.

48. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbləri təmin edilməməlidir. Həmin tələblər təmin edilmədiyi üçün, iddiaçının miras əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbləri də təmin edilə bilməz.

49. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 384.0.2, 385, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 1161/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakda payların yenidən müəyyən olunması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar