Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5883/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı4, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hər bir vərəsənin payına uyğun məcburi pay hüququnun təmin edilməsinə dair iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə barədə ərizələr ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı mübahisəli daşınmaz əmlaka və qaraja dair 3 ədəd bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və hər bir vərəsinin payına uyğun məcburi pay hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, ataları X19 xx.xx.2012-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra qardaşları Cavabdeh1 qeyri qanun yolla (saxta etibarnamə əsasında) atalarının vəfatından təxminən iki il sonra ata mülkünü anaları X4 adına keçirmişdir. X8 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Onun dəfn mərasimindən sonra məlum olmuşdur ki, Cavabdeh1 yenidən qanun pozuntusuna yol verərək ata müklünü ələ keçirmək məqsədi ilə iddiaçılardan xəbərsiz ata mülkünü tam olaraq öz adına keçirmişdir. Valideynlərdən sonra qalan vərəsələri İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, İddiaçı4, İddiaçı5 valideynlərinin birinci dərəcəli vərəsələridirlər. X19 öldükdən sonra X3 stresslərdən və yaşının çox olmasından onda əmələ gələn yaddaş zəifliyindən sui-istifadə edən Cavabdeh1 ata mülkünü tək sahiblənmişdir. 1994-cü ildə iddiaçıların valideynlərinin yaşadığı binanın 1-ci mərtəbəsinin sakinləri binanın baş tərəfində əlavə otaqlar tikmişdilər. İddiaçı2 da öz vəsait hesabına Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdıraraq 2- ci mərtəbədə 2 ədəd böyük otaq, hamam və ayrıca sanitar qovşaq inşa etdirərək valideynlərinin istifadəsinə vermişdir. 1996-cı ildə valideynlərin yaşadığı mərtəbədə yaşayan qeyri millətdən olan Valentina adlı qadın yaşadığı bir otağı satarkən həmin otağın alınması üçün 6000 ABŞ dolları ödəmiş və sonradan Bakı şəhər İcra Hakimiyyətində və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən qeydiyyata alınmaqla valideynlərinin istifadəsinə vermişdir. İddiaçı2 ata mülkünə tam iddialı deyil. O mülkün bütün vərəsələr arasında bərabər payda bölünməsinin tərəfdarıdır. İddiaçı2 öz vəsaiti hesabına tikilən 2-ci mərtəbədəki 2 ədəd böyük otaq, hamam və sanitar qovşağı və Valentinadan alınan otaq onun payına verilsin. Mənzilin qalan hissəsi və qarajın bütün vərəsələr arasında hər bir vərəsənin payına uyğun bərabər bölünməsini xahiş edirlər.
3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Kəmalə Əmirxanova) ilə iddia qismən təmin edilmiş, X4 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə ayrı-ayrılıqda bağladığı 08 iyun 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələri etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri:
4. Həmin qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ayrılıqda apellyasiya şikayətləri vermiş və mahiyyət və məzmunu eyni olan şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir, təkrar ekspertiza keçirilməsi barədə vəsatətləri təmin edilməmişdir, iddiaçıların etibarsız əqdlər üzrə, 08 iyun 2017-ci il tarixdə bağlanmış əqd üzrə, müddət tədbiq edilərək bir il ərzində iddia irəli sürmələri məcburi olsa da, onlar qanunla etibarsız əqdlər üzrə nəzərdə tutulmuş bir il müddəti ötürmüş, həmin müqavilələrin bağlandığı vaxtdan 4 il müddət keçdikdən sonra iddia irəli sürmüşlər. Məhkəmə isə bunlara diqqət yetirməyərək, ötəri yanaşmış, qanunun normalarının tələblərini ciddi şəkildə pozmuşdur. Məhkəmə qətnaməni tam şəkildə əsaslandırmamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında Adil və Cavabdeh2ların nümayəndəsi və vəkili Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, qeyd etdi ki, tərəflər bacı qardaşdır, tərəflərin anasının guya xəstə olmasına dair video çəkiliş var, hansı ki, orada qadının xəstə olması görünmür, həmçinin çəkilişin 2017-ci ilə aid olduğunu da bilmək olmur. İddiaçı tərəf elə bir vəziyyət yaratmağa çalışır ki, ananın fəaliyyət qabiliyyəti olmamışdır. Halbuki, müqavilə imzalanan vaxt ana tam fəaliyyət qabiliyyətli idi, öz iradəsi ilə öz əmlakını 3 oğluna bağışlamışdır. Bu əqd 2017-ci il tarixlidir, həmin vaxtdan uzun müddət ərzində heç bir iddia qaldırılmamış, etiraz edilməmiş, yəni onların belə bir imkanı olmuşdur. Hesab edir ki, iddiaçılar əqdi mübahisələndirmək üçün müddəti ötürmüşdülər. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətləri ilə razılaşmayaraq bildirdi ki, qətnamə qanuni və əsaslıdır, onlar 8 nəfər bacı qardaşdır, miras qalmış əmlakın bacı qardaş arasında bərabər bölünməsini istəyirlər, ata-analarına daim qulluq edən, onların qayğısını çəkən qardaşı Novruz və 2 bacısı olmuşdur. Onlar əmlakın onlardan xəbərsiz və saxta yolla bölünməsinə etiraz edirlər, anaları 2021-ci ildə vəfat etmişdir. Onun dəfn mərasimindən sonra bildilər ki, qardaşı Məhərrəm xəbərləri olmadan ata yurdunu öz adına keçirmişdir. Qeyd etdi ki, anası alzaymer xəstəsi olubdur, o öz hərəkətlərini başa düşmürdü, bağışlama barədə əqddən analarının qırx mərasimində bilmişdir. Buna görə də apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı4 ayrılıqda apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
8. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı2, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
9. Bel olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
10. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 021619 nömrəli arayışdan müəyyən olunur ki, X19 Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, b. 54, 14 saylı mənzildə yaşamışdır və bu mənzil onun şəxsi mülkiyyətindədir. Bu mənzildə daimi qeydiyyatda olan şəxslər X19, onun yoldaşı X8, oğlu Cavabdeh3, oğlu Cavabdeh1 , oğlu Cavabdeh2, X11, nəvələri X22, X13 və X14 olmuşdur.
11. Nərimanov rayon Qeydiyyatı şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ İ seriyalı, 484108 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X19 Bakı şəhərində xx.xx.2011-ci il tarixdə ölmüşdür.
12. xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrindən müəyyən olunur ki, “Hədiyyə verən” X8 Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 54 saylı evin, ü/s 155.3 kv.m, yaş. sah. 118.1 kv.m. , yar. sah. 37.2 kv.m olan 7 otaqlı, 14 nömrəli mənzili 87.5 kv.m, 5 otaq və köm. sah. 37.2 kv.m hissədə “Hədiyyə alan” Cavabdeh1; yenə həmin mənzili 19.1 kv.m, 1 otaq hissədə “Hədiyyə alan” Cavabdeh2; həmin mənzili 11.5 kv.m, 1 otaq hissədə “Hədiyyə alan” Cavabdeh3 bağışlamışdır.
13. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, b. 54, 14B saylı mənzil Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında tam payda məxsusdur və bu barədə xx.xx.2017-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.
14. Nərimanov rayon Qeydiyyatı şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ İİ seriyalı, 177829 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X8 ürəyin aterosklerotik xəstəliyindən Bakı şəhərində xx.xx.2021-ci il tarixdə ölmüşdür.
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X27 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2924 saylı rəydən müəyyən olunur ki, mülki iş materiallarında olan ifadələrə X5 xx.xx.2017-ci il tarixli video görüntülərə əsasən belə qənaətə gəlmək olar ki, X1 “damar mənşəli demensiya psixotik daxilolmalarla (f01)” qeyd olunmuşdur. Həmin pozuntular 2012-ci ildən sonra inkişaf etməyə başlamış və tədricən proqressivləşərək ömrünün sonunadək davam etmişdir. X8 xx.xx.2017-ci il tarixdə bağışlama müqavilələrini imzalayarkən onda qeyd olunan psixi pozuntular nəticəsində öz hərəkətlərinin mənasını başa düşmək, hərəkətlərini idarə etmək, yaranmış şəraitin mahiyyətini anlamaq, davranışının mümkün nəticələrini dərk etmək iqtidarına malik olmamışdır.
16. Birinci instansiya məhkəmə iclasında:
17. şahid X16 ifadə verərək bildirdi ki, X4 əri öləndən sonra yaddaş pozuntuları olmuşdur, ətrafindakı insanları, öz adını belə xatırlamırdı. Mərhum bununla bağlı müalicələr də almışdır.
18. şahid X9 ifadə verərək bildirdi ki, X19 ölənədək mərhum X2 ilə ciddi problemlər olmamışdır. X19 öldükdən sonra X4 yaddaşı ilə bağlı problemlər yaranmağa başlamışdır. X7 artıq xatırlamırdı.
19. şahid X12 ifadə verərək bildirdi ki, X19 öldükdən sonra X4 yaddaşı ilə bağlı problemlər yaranmağa başlamışdır, o, hətta ailə üzvlərini və övladlarını da tanımırdı.
20. şahid X15 ifadə verərək bildirdi ki, X19 öldükdən sonra X4 müəyyən müddətdən sonra yaddaşı ciddi zəiflədi və o tanıdığı insanları tanımırdı.
21. şahid X6 ifadə verərək bildirdi ki, X19 öldükdən sonra X4 yaddaşı ilə bağlı problemlər yaranmağa başlamışdır. Mərhum uzun müddət müalicə almışdır. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir
24. Maddə 324.2. əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
25. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
26. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
27. Maddə 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
28. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
29. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
30. 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
31. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
32. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
33. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
34. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı Tətbiq edilən prosessual hüquq normaları:
36. Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
40. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
42. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
43. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
44. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
45. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
49. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
50. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
51. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlər Cavabdeh2 və Cavabdeh3 oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
52. Məhkəmə kollegiyası, tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X27 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2924 saylı rəydən müəyyən olunur ki, mülki iş materiallarında olan ifadələrə X5 xx.xx.2017-ci il tarixli video görüntülərə əsasən belə qənaətə gəlmək olar ki, X1 “damar mənşəli demensiya psixotik daxilolmalarla (f01)” qeyd olunmuşdur. Həmin pozuntular 2012-ci ildən sonra inkişaf etməyə başlamış və tədricən proqressivləşərək ömrünün sonunadək davam etmişdir. X8 xx.xx.2017-ci il tarixdə bağışlama müqavilələrini imzalayarkən onda qeyd olunan psixi pozuntular nəticəsində öz hərəkətlərinin mənasını başa düşmək, hərəkətlərini idarə etmək, yaranmış şəraitin mahiyyətini anlamaq, davranışının mümkün nəticələrini dərk etmək iqtidarına malik olmamışdır.
54. Mülki Məcəllənin 346.1-ci maddəsinə görə, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
55. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına görə, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir.
56. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir.
57. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur.
58. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar.
59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır.
60. X4 bağışlama müqavilələrinin bağlandığı vaxtda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmaması ekspert rəyi, eləcə də şahid ifadələri ilə ilə sübuta yetirilmişdir.
61. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətlərində həmin eksert rəyini şübhə altına ala biləcək əsaslı, şübhədənkənar və təkzibedilməzliklə bağlı tələblərə cavab verən sübutları məhkəməyə təqdim etməmişdir.
62. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətlərinin digər dəlili ondan ibarətdir ki, iddiaçıların 08 iyun 2017-ci il tarixdə bağlanmış əqd üzrə, bir il ərzində iddia irəli sürmələri məcburi olsa da, onlar qanunla etibarsız əqdlər üzrə nəzərdə tutulmuş bir il müddəti ötürmüş, həmin müqavilələrin bağlandığı vaxtdan 4 il müddət keçdikdən sonra iddia irəli sürmüşlər.
63. Bununla bağlı Kollegiya aşağıdakıları qeyd edir.
64. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
65. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.
66. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır.
67. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.
68. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
69. Hazırkı bağışlama müqavilələrindən iddiaçılar anaları vəfat etdikdən sonra (xx.xx.2021-ci il tarixdə) xəbər tutmuş, xx.xx.2021-ci il tarixdə isə hazırkı iddia ərizəsi ilə, yəni etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması üçün məhkəməyə müraciət etmişlər. Belə olan halda məlum olur ki, apellyasiya şikayətinin iddiaçıların bir illik müddəti ötürməsi barədə dəlilləri də əsassızdır. Nəticə:
70. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
72. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 oğlunun özünə aid edilməlidir.
73. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 oğlu tərəfindən ayrılqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh3 oğlunun özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov