Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5883/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə (X1 Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə (X1 Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3515/2024 nömrəli 29 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akta görə abonent təbii qazdan rezin boru vasitəsilə sayğacdan kənar qeyriqanuni istifadə edib.
2. Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməyə” görə İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 43.200 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır.
3. Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli, 29/1710-05197-1 saylı “Qaz sayğacının yoxlanılması” barədə akta görə sayğaca baxış keçirilmişdir. Sayğacın elementi bitib, müvəqqəti element quraşdırılmışdır. xx.xx.2021-ci il tarixə elektron göstərici 07014 m3 olmuşdur. Klapan açıqdır, qaz keçir. Sayğac istismara yararsızdır.
4. Abonent saldosuna görə abonentin 2022-ci ilin noyabr ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 5.184 manat borcu mövcud olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən ona hesablanmış 5.184 manat borcun silinməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi onun adına qeydə alınmaqla onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvan abonent kodu **********50000 olmaqla Cavabdeh tərəfindən qazla təmin olunur. Tərəfindən vaxtaşırı ödənişlər olur. İstdifadə etdiyi təbii qaza görə balans yükləyərkən əlavə faiz borcu çıxıldığının şahidi olmuşdur və bununla bağlı xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan üzrə təbii qazdan istifadəyə görə borcunun məbləği barədə məlumat almaq üçün ərazi üzrə Cavabdehnə müraciət etmişdir. Həmin vaxt məlum olmuşdur ki, yaşadığı ünvan üzrə adına xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt tərtib edilmişdir və ona 5.184 manat cərimə hesablanmışdır. Hesablanmış borc qanunsuz və əsassızdır. Belə ki, “Azərqaz” İB-nin əməkdaşları tərəfindən qaz xəttinə baxış keçirərkən onun və ailə üzvlərinin xəbəri olmamışdır. xx.xx.2022-ci il tarixli, ******* saylı aktda guya onun həmin aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir. Həmin aktın tərtib olunduğu tarixdə Cavabdeh əməkdaşları yaşadığı ünvanda olmamışlar və ona aktı imzalamağı təklif etməmişlər. Həmin akt heç bir baxış keçirilmədən tərtib edilmiş və guya həmin aktı orada olmuş əməkdaşlar da imzalamışlar. Hansı ki, həmin tarixdə yaşadığı ünvanda Cavabdeh əməkdaşları olmamışdır. O, təbii qaz xəttinə müdaxilə etməmişdir və təbii qazdan qeydiyyatsız istifadə etməmişdir. 2022-ci ilin noyabr ayının 27-də qaz sayğacında yaranmış texniki problemlə əlaqədar Cavabdeh İB-nin qaynar xətti ilə əlaqə saxlamışdır və sayğacda yaranmış problemlə bağlı məlumat vermişdir. Bir müddət sonra Cavabdeh İB-nin işçiləri yaşadığı ünvana gələrək qaz sayğacına baxmışlar və qeyri-iş günü olduğundan sayğacda yaranmış problemi aradan qaldıra bilməyəcəklərini bildirmişlər. O isə onlara havanın çox soyuq olduğunu, ailədə yeni doğulmuş körpə uşağın olduğunu demişdir. Onlar akta əlavə edilmiş fotoşəkillərdə görünən borunu qaz xəttinə birləşdirərək demişlər ki, 1-ci gün gəlib sayğacı düzəldəcəklər. Lakin cavabdeh təşkilat guya 30 noyabr 2022-ci il tarixində ünvanda qaz xəttinə qanunsuz qoşulma və qaz sayğacına müdaxilə faktını aşkar etdiyini aktda göstərmişdir və itirilmiş təbii qaza görə cərimə hesablamışdır. xx.xx.2022-ci il tarixli, ******* saylı aktda güya aktı imzalamaqdan imtina olunması göstərilmişdir. Aktın tərtib olunduğu tarixdə Cavabdeh əməkdaşları yaşadığı ünvanda olmamışlar və ona aktı imzalamağı təklif etməmişlər. Həmin akt heç bir baxış keçirilmədən tərtib edilmişdir və həmin aktı guya orada olmuş əməkdaşlar imzalamışlar. Hansı ki, həmin tarixlərdə yaşadıqları ünvanda Cavabdeh əməkdaşları olmamışdır. Cavabdeh İB qaz xəttinə qanunsuz qoşulma və qaz sayğacına müdaxilə faktlarını sübuta yetirmədən və heç bir əsas olmadan itirilmiş təbii qaza görə cərimə hesablamışdır. Cavabdeh İB-nin işçiləri tərəfindən qoşulmuş qaz xəttinə görə 2 gün keçdikdən sonra gəlib, qanunsuz qoşulma kimi qeyd apararaq akt tərtib edilmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-3515/2024 nömrəli 29 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********50000) İddiaçı 2022-ci ilin noyabr ayı üçün hesablanmış 5.184 manat borc məbləğindən 4.782,24 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, 67,83 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə belə qənaətə gəlmişdir ki, qaz xəttinə kənar qoşulma nəticəsində ödəniləcək məbləğin 5.196,84 manat məbləğində hesablanması düzgün deyildir. Belə ki, istifadə edilən cihazların sərfiyyat göstəriciləri və sair yuxarıda sadalanmış zəruri hallar nəzərə alınmaqla, hesablama qaydası X1 Agentliyin mütəxəssisi X3 tərəfindən təklif olunan qaydada olmalıdır. Bununla da, iddiaçıya 2022-ci ilin noyabr ayı üçün hesablanmış ümumi borcun 401,76 manat hissəsi çıxılmaqla, qalan borc, yəni 4.782,24 manat məbləğində borc iddiaçının abonent hesabından silinməlidir. 401,76 manat borc məbləğinin silinməsinə dair iddia tələbi təmin edilməməlidir.
9. Məhkəmə gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 77.2, 88, 217.3, 217.4, 218.1, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, Birliyinin əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıqaşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qazxəttinə qoşulma mövcuddur.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu
14. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
15. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
16. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
17. Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18. Maddə xx.xx.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”
19. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
20. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
21. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.
22. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.
23. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
24. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
25. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
33. Cavabdeh Birlik tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta görə abonent təbii qazdan rezin boru vasitəsilə sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir.
34. Birinci instansiya məhkəməsi zamanı iddiaçı bildirmişdir ki, o, 2022-ci ilin noyabr ayında 1-2 saat ərzində kənar xətt vasitəsilə qaz xəttinə qoşularaq qazdan istifadə etmişdir. Sayğacla bağlı nasazlıq yarandığından bunu etməyə məcbur olmuşdur. Yaşayış evində 1 ədəd üç gözlü qaz peçi, 1 ədəd iki gözlü qaz peçi, 1 ədəd kombi vardır.
35. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Agentliyin nümayəndəsi X3 birinci instansiya məhkəməsi zamanı bildirmişdir ki, Cavabdeh İB tərəfindən itirilmiş qaz həcmi düzgün hesablanmamışdır. Qaz xəttinə kənar qoşulma halında iddiaçının sadaladığı cihazlar üzrə 1 ədəd üç gözlü qaz peçi üçün 0,9 m3 saatlıq qaz sərfi, 1 ədəd iki gözlü qaz peçi üçün 0,6 m3 saatlıq qaz sərfi, 1 ədəd kombi üçün 2,6 m3 saatlıq qaz sərfi hesablanmalıdır. Kombi üçün 12 saat, digər cihazlar üçün 4 saat orta günlük iş rejimi və 90 gün hesabat müddəti nəzərə alınarsa ümumi qaz sərfiyyatı 3.348 m3 təşkil edir. (12x90x2,6=2.808, 4x90x0,9=324, 4x90x0,6=2016). Həmin qaz sərfiyyatına görə ödənilməli məbləğ 401,76 manat təşkil edir. (3.348 m3 x 0.12 qəpik)
36. Məhkəmə isə hesablama qaydasının X1 Agentliyin mütəxəssisi X3 tərəfindən təklif olunan qaydada olması qənaətinə gələrək, iddiaçıya 2022-ci ilin noyabr ayı üçün hesablanmış ümumi borcun 401,76 manat hissəsi çıxılmaqla, qalan borc, yəni 4.782,24 manat məbləğində borcun iddiaçının abonent hesabından silinməsini müəyyən etmişdir.
37. Apellyasiya baxışı zamanı isə üçüncü şəxs X1 Agentliyi Bakı filialı məhkəməyə rəy ünvanlayaraq, göstərmişdir ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən əhali abonentlri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3 –i 0,12 manat, illik istehlak həcminin 1200 m3 –dən 2500 m3 –dək hissəsi üçün hər 1 m3 – i 0,20 manat, illik istehlak həcminin 25003 –dən çox olan hissəsi üçün hər 1 m3 – i isə 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq, 4428 m3 qaz həcminin dəyəri 1200 m3 – i 144 manat (1200x0,12=144), 1300 m3 – i 260 manat (1300x0,20=260), qalan 1928 m3 – i isə (1928x0,25=482) 482 manat, cəmi 144+260+482=886 manat təşkil edir.
38. Belə olan halda Kollegiya hesab edir ki, 2022-ci ilin noyabr ayı üçün hesablanmış ümumi borcun 886 manat hissəsi çıxılmaqla, qalan 4298 manat məbləğində borc iddiaçının abonent hesabından silinməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3515/2024 nömrəli 29 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********50000) İddiaçı 2022-ci ilin noyabr ayı üçün hesablanmış 5.184 manat borc məbləğindən 4298 manat məbləğində borc silinsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.