Məhkəmə qərarları › İş №2(103)-5884/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5884/2025

13.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5884/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5884/2025 (Açar sözlər: istifadə hüququna xitam verilməsi; özbaşına tikili; subyektiv hüquq) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndələri Nümayəndə2, eyni zamanda vəkiliVəkil1, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 317/2025 nömrəli 08 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh 2009-cu ildə nikaha daxil olmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur.

2. ünvan 1 ünvanında yerləşən torpaq sahəsi keçmiş Lenin rayon XDS İcraiyyə Komitəsinin 14 yanvar 1991-ci il tarixli, 1/46 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün X7 ayrılmış və sonuncu 16 sentyabr 2010-cu il tarixdə həmin torpaq sahəsinə dair 30 il müddətinə İddiaçı adına etibarnamə vermişdir.

3. Həmin torpaq sahəsində 2014-cü il tarixdə fərdi yaşayış evi inşa edilmiş, lakin həmin evə dair tərəflərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmamış, həmin əmlak üzərində hər hansı şəxsin mülkiyyət hüququ tanınmamışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək, onun qızı ilə birlikdə mübahisəli evə köçürülməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar X3 və X8 iddiasının qismən təmin edilməsi, cavabdehlər İddiaçı və X2 30000 manat pulun müştərək qaydada tutularaq iddiaçılar X5 və X9 ödənilməsi, Cavabdeh 12940 manat pulun tutularaq iddiaçılar X5 və X9 ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən 17 saylı evin, 4 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı sonuncuya 10000 (on min) manat kompensasiya ödəməklə Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsi ünvanında yerləşən, 17 saylı evin 4 saylı mənzilinə köçürülmə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2009-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X4 adında bir uşaqları olmuşdur. Nikahları, ailə münasibətləri davam etmədiyi üçün, məhkəmə qaydasında pozulmuşdur. Hazırda mübahisəli mənzil olan ünvan 2 ünvanında yerləşən, 17 saylı evin 4 saylı mənzilini 2014-cü ildə atası Nümayəndə2 ilə birlikdə tikmişlər. Mənzilin torpaq sahəsi isə Bakı şəhəri Sabunçu rayonu XDSnin 14 yanvar 1991-ci il tarixli, 1/46 saylı qərarına əsasən X7 verilmiş 1200 kv.m olmuşdur ki, ondan da 200 kv.m hissəsini xx.xx.2010-cu ildə verilmiş 30 illik etibarnamə əsasında iddiaçıya satmış və istifadəsinə vermişdir. Cavabdehin iddiaçıya qarşı “Mənzilə Köçürmə tələbinə dair” iddiası olmuş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4222/2015 nömrəli, 13 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və Cavabdeh ilə birlikdə mübahisəli mənzilə köçürülmüşdür. Bir müddət mübahisə olduğundan cavabdeh iddiaçını mənzilə buraxmamış, dava salmış və maneələr yaratmışdır. Daha sonra mübahisəli mənzili cavabdeh iddiaçıdan xəbərsiz olaraq kirayə vermişdir. İddiaçı isə bundan xəbərdar olaraq ona qarşı “Mənzilə köçürmə tələbinə dair” iddia qaldırmşdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3805/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və icra olunaraq mənzilə köçürülmüşdür. Hazırda cavabdeh mənzildə yaşamadığından, onun daimi yaşayış yeri olduğundan və iddiaçının daimi yaşayış yeri olmadığından cavabdehin mənzilə köçürülmə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməlidir. Belə ki, məhkəmə qətnaməsindən də aydın olur ki, torpaq sahəsi Bakı şəhəri Sabunçu rayonu XDS-nin 14 yanvar 1991ci il tarixli, 1/46 saylı qərarına əsasən X7 verilmiş 1200 kv.m torpaq sahəsinin 200 kv.m hissəsini xx.xx.2010-cu ildə verilmiş 30 illik etibarnamə əsasında iddiaçıya satmış və istifadəsinə vermişdir. Belə olan halda da, həmin torpaq sahəsinə və üzərində tikilmiş mənzilə gələcəkdə mülkiyyət hüququ əldə etmək gözləntisi vardır. Cavabdehin də hazırda istifadəsində olan mənzildə formal “Mənzilə köçürülmə” qətnaməsi olması və faktiki yaşamaması iddiaçının hüquqlarını pozur və mülkiyyətindən sərbəst istifadəsinə maneə yaradır. İddiaçı tərəf olaraq iddiaçının mübahisəli evə sahiblik və istifadə hüququna, eləcə də mülkiyyət hüququ əldə etmək barədə əsaslı “gözləntiyə" malikdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-317/2025 nömrəli 08 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddianın təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, hazırki mülki iş üzrə İddiaçı mübahisəli ev üzərində Cavabdeh daha üstün və geniş hüquqlara malik deyildir. Mübahisəli evdə Cavabdeh yaşamaq hüququ vardır və həmin hüququn məhdudlaşdırılması üçün heç bir qanuni əsas müəyyən edilmir.

11. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh 10000 manat kompensasiya ödəməklə Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsi ünvanında yerləşən, 17 saylı evin 4 saylı mənzilinə köçürülmə hüququna xitam verilməsinə dair iddia tələbinin irəli sürülməsinə subyektiv hüququ mövcud deyildir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 225.1, 228.1, 228.2 və Mülki Prosessual Məcəllənin 9.1, 14.2, 77.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti müvafiq iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla göstərilmişdir ki, etibarnamədə qeyd edilən səlahiyyətlər X6 deyil, İddiaçı verilmişdir. Yəni, hər hansı istiqamətdə yanaşılarsa, hazırkı iddianın təmin edilməsi üçün heç bir əsas mövcud olmadığı təqdirdə birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçı yeni ailə qurmuşdur və himayəsində azyaşlı uşağı vardır. X10 ilə bir evdə yaşaması qeyri-mümkündür. Ona görə də 10000 manat kompensasiya ödəməklə cavabdeh mənzildən çıxarılmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndələri, eyni zamanda vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

17. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi (atası) iddiaçıya 10.000 manat kompensasiya ödənilməklə evin qızı ilə uşağa qalmasını təklif etmiş, iddiaçı da razılaşmış və mübahisənin məhkəmədən kənar barışıq yolu ilə həll edilməsi məqsədi ilə məhkəmə iclası təxirə salınmışdır.

18. Lakin növbəti (hazırkı) məhkəmə iclasında işə qoşulmuş iddiaçının nümayəndəsi (atası) yalnız özlərinin 10.000 manat kompensasiya verməklə cavabdehin uşaqla birlikdə mübahisəli evdən imtina etməsinə razı olduqlarını bildirmiş, bu səbəbdən barışıq baş tutmamışdır.

19. Odur ki, iddiaçı tərəf apelyasiya şikayətinin təmin, cavabdeh tərəf isə rədd olunmasını məhkəmədən xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

22. Maddə 29, İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

24. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 25.Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 26.Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 27.Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 28.Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 33.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər 2009-cu ildə rəsmi nikaha daxil olmuş, 2014-cü ildə isə həmin nikah pozulmuşdur. Mübahisəli yaşayış sahəsinin tərəflərin birgə nikahları dövründə inşa edilməsi, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamaqla, özbaşına tikili olması işin mübahisəsiz halıdır. Mübahisəli ev özbaşına tikili olduğundan tərəflər həmin ev üzərində mülkiyyət hüququ əldə etmirlər, yalnız orada yaşamaq və istifadə etmək kimi hüquqlara malikdirlər. Mübahisəli ev 2014-cü ildə, yəni birgə nikah dövründə hər iki tərəfin vəsaiti hesabına tikilmişdir. Bu hal Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(103)- 3805/2023 nömrəli qanuni qüvvəsini almış qətnaməsi ilə təsdiq olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2015-ci il tarixli 2(103)-4222/2015 nömrəli qətnaməsi ilə Cavabdeh, 10 avqust 2023-cü il tarixli 2(103)-3805/2023 nömrəli qətnaməsi ilə isə İddiaçı mübahisəli evə köçürülmələri qət edilmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.

41. Hazırki halda iddiaçı 10.000 manat kompensasiya verilməklə cavabdehin mübahisəli mənzilə köçürülməsi hüququna xitam verilməsini tələb edir. İddiaçı özünü gələcək mülkiyyətçi statusunda görərək Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən hesab edir ki, belə iddia vermək üçün subyektiv hüquqa malikdir.

42. Kollegiya qeyd edir ki, mübahisəli yaşayış evi tərəflərin birgə nikahı dövründə inşa olunmuşdur və iqtisadi cəhətdən həmin ev onların birgə əmlakı hesab olunur. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, fiziki obyekt olaraq özündə ərarvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Ona görə də hazırkı vəziyyətdə mübahisəli yaşayış sahəsinə münasibətdə hər iki tərəf eyni hüquqlara malikdirlər (sahiblik və istifadə).

43. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsaslanan iddianı qaldırmaq üçün isə iddiaçı mülkiyyətçi olmalıdır, yalnız bu halda həmin normanın digər dispozisiya şərtləri yoxlanıla bilər.

44. İddiaçı mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada mülkiyyət hüququ əldə etməmişdir, bu isə o deməkdir ki, iddiaçının subyektiv hüququ yaranmamışdır. Buna görə də o, cavabdehə qarşı hazırki iddianı qaldıra bilməz.

45. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.

46. Apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz.

47. Belə ki, şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının yenidən ailə qurması və ailəsi ilə həmin evdə yaşaması halı, həmin evdən istifadə hüququ olan şəxsin hüquqlarının pozulmasına əsas ola bilməz.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-317/2025 nömrəli iş üzrə 08 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar