Məhkəmə qərarları › İş №2(103)-5887/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5887/2023

15.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5887/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Notariat ofisinə qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-1752/2023 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 423 ünvanında yerləşən 0,044 ha torpaq sahəsinə ər-arvadın ümumi əmlakdan paya dair mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 25 saylı Notariat ofisinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1752/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Notariat ofisinə qarşı “şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, iddianın baxılmamış saxlanılması barədə ərizəni atasının səhhətinin pis olması ilə əlaqədar yazdığını, atasının xx.xx.2023-cü il tarixdə vəfat etdiyini bildirmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1752/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1752/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 həmin qərardaddan şikayət verərək, ləğv edilməsini və iş üzrə icraatın təzələnərək, mahiyyəti üzrə davam etdirilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1752/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti nəzərdən keçirib, belə qənaətə gəlir ki, şikayət qeyrimümkün hesab edilməli və geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də elektron qaydada tərtib edilməmiş və imzalanmamışdır. Nəticə etibarı ilə şikayət Mülki-Prossesual Məcəllə ilə müəyyən edilmiş formaya riayət edilmədən tərtib edilmiş və sadə qaydada imzalanmışdır. Halbuki, bu sistemin tətbiq olunduğu məhkəmələrdə şikayətin həmin qaydada verilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Eyni zamanda, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə həmin şikayətin məzmunu uyğun məzmunda ərizə də təqdim etmiş və həmin ərizənin məzmununda onun şikayət olduğunu göstərmişdir. Lakin həmin ərizə şikayətin Mülki-Prossesual Məcəllə ilə müəyyən edilmiş formasına uyğun tərtib edilmədiyindən şikayət kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş formaya uyğun olaraq tərtib edilmədiyindən şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 363-cü, 366-cı, 400-cü, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-1752/2023 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar