Məhkəmə qərarları › İş №2(103)-5893/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5893/2022

18.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5893/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh1, Cavabdeh3 qızına və Cavabdeh2 QSC-nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi, sonradan isə Cavabdeh3 və Cavabdeh2 QSC-ni də cavabdehlər qismində göstərdiyi iddia ərizəsinə əlavə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, onunla Cavabdeh1 arasında Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçə, 4 nömrəli fərdi yaşayış evinin alqısatqısına dair 17 avqust 2012-ci il tarixdə bağlanmış AN-İ ******* saylı “daşınmaz əmlakın alqı-satqısına dair müqavilə”nin və Cavabdeh1 ilə Cavabdeh3 arasında həmin yaşayış evinin alqı-satqısına dair 06 mart 2013-cü il tarixdə bağlanmış AN-0338577 saylı "daşınmaz əmlakın alqı-satqısına dair müqavilə”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaçının iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizəsi məhkəmənin 11 may 2018-ci il tarixli qərardadı ilə təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçə, 4 nömrəli fərdi yaşayış evinin satılması, bağışlanması və ya hər hansı bir şəkildə özgəninkiləşdirilməsi və barəsində hər hansı sərəncam verilməsinin qadağan edilməsi qərara alınmışdır. Məhkəmənin 03 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamış, 16 fevral 2022-ci il tarixli qərardadla isə iddianı təmin etmə tədbirinin ləğv edilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini məhkəmənin prosessual qanunvericiliyin tələbini pozduğunu, işə mahiyyəti üzrə baxılıb qurtarmadığı halda iddianı təmin etmə tədbirini ləğv etməklə hüquqlarının məhdudlaşdırılmasına yol açdığını irəli sürmüşdür. Şikayət məhkəmənin 09 iyun 2022-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsi müvəqqəti təminat tədbirlərinin hansı məqsədlər naminə tətbiq edilməli olduğunu təsbit edir; buna görə, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddələrinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Mülki Prosessual Məcəllənin 162-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının iddia tələbi təmin edilməmişdir; qanunvericilik isə iddianın rədd edilməsi halında müvəqqəti təminat tədbirinin məhkəmə aktının qanuni qüvvəyə minənə qədər saxlanılacağını nəzərdə tutduğundan, yaxud həmin tədbiri qətnamə çıxarmaqla eyni zamanda ləğv edib-etməmək məsələsində məhkəməyə (hakimə) mülahizə sərbəstliyi verdiyindən, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı qəbul etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-64/2021 saylı iş üzrə 16 fevral 2022-ci il tarixli (iddianı təmin etmə tədbirinin ləğvinə dair) qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar