Məhkəmə qərarları › İş №2(103)-5896/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5896/2022

08.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5896/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: podrat müqaviləsi, iddianın qismən etiraf olunması, öhdəliyin lazımınca yerinə yetirilməməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı 2015-ci ildə özünə məxsus bir ədəd divanı təmir etdirmək məqsədilə Cavabdeh mebel təmiri ilə məşğul olduğu obyektə aparmış, divanı orada usta işləyən Elçin adlı şəxsə təhvil vermiş, ötən müddət ərzində nə divan qaytarılmamış, nə də onun dəyəri ödənilməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, əmlakının qaytarılması və ya dəymiş ziyanın ödənilməsi, dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2007-2015-ci illərdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsində əməliyyat üzrə inspektor, polis mayoru vəzifəsində işləmiş, 2015-ci ildə Əmircan qəsəbəsi, Zeynalov küçəsi, ev 8, döngə 2-də fərdi qaydada yumşaq mebel işi ilə məşğul olan Cavabdeh dəyəri 540 manat olan bir ədəd divan vermiş, qabaq hissəsi sürüşkən olduğu üçün divanın qabaq hissəsini qaldırmaq lazım olduğunu bildirmiş, divanı sexə gətirərək orada usta işləyən Elçinə təhvil vermiş, əl zəhmətinə, yəni 10 sm-lik qubka materialına görə də 30 manat pul vermişdir. Usta demişdir ki, Söhbət tapşırıb ancaq materialın pulunu ondan alsın, həm də Söhbət ona nə vaxt zəng etsə divanın təmir olunduğunu bilsin və gəlsin aparsın. Sexdə işləyən bütün şəxslər Gürcüstan Respublikasının vətəndaşları olmuşlar. Daha sonra müəyyən səbəblərdən iş yerini Səbail RPİ PPX-də tağım komandiri, sonra Sabunçu RPİ-də sahə rəisi vəzifəsinə dəyişmiş, ailə üzvlərini, yaşlı atasını, anasını, böyük qardaşını itirmiş, bu səbəblərdən başı qarışmış, divanın dalınca gedə bilməmişdir. Hər dəfə zəng edəndə Söhbət ona demişdir ki, Gürcüstandadır. 2021-ci ildə cavabdehi ərazi üzrə 31-ci PB-yə şikayət etmiş, ərizəsinə cavab olaraq bildirmişlər ki, məhkəməyə müraciət etsin.

4. Cavabdeh məhkəməyə ərizə verərək iddianı qismən etiraf etmiş, İddiaçı təmir etmək üçün ona 150 manat dəyərində divan təhvil verdiyini, hazırda isə ona divanın dəyəri olan 150 manat məbləğində pulu ödəməyə etirazı olmadığını bildirmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 150 (yüz əlli) manatın və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddianın cavabdeh tərəfindən etiraf edilən hissəsi təmin edilməlidir. Belə ki, bu etiraf qanuna zidd deyil, eyni zamanda hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Lakin iddianın qalan hissəsi təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdehə təmir üçün verdiyi divanın (hansı ki, bu hissəni cavabdeh qəbul edir) 540 manat dəyərində olduğunu təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı məhkəməyə cavabdehlə arasında qeydə alınmış müxtəlif telefon danışıqlarını əks etdirən bir ədəd CD təqdim etmişdir. Həmin CD-də olan telefon danışıqlarının əksəriyyəti birbaşa Cavabdeh və İddiaçı arasında baş tutmuşdur. CD-yə İddiaçı və Kənan adlı başqa bir şəxs arasında olan telefon danışıqları da əlavə edilmişdir, lakin bu danışıqlar birbaşa hazırkı iş üzrə tərəflər arasında baş tutmadığından məhkəmə həmin danışıqları iş üzrə sübut kimi qəbul etmir. Cavabdeh və İddiaçı arasında qeydə alınmış səs yazılarında olan danışıqlar əsasında cavabdeh tərəfindən iddianın etiraf olunmayan hissəsini - divanın 540 manat dəyərində olduğunu müəyyən etmək mümkün deyil. Belə ki, danışıqların bütün gedişində Cavabdeh İddiaçı tərəfindən ona təmir üçün divan təhvil verildiyini qəbul edir, o, bu divanın Sabit adlı şəxsdə olduğunu bildirir, divanın İddiaçı qaytarılması üçün vasitəçilik etməyə çalışır, İddiaçı divanı Sabit adlı şəxsdən almağı təklif edir, maddi imkanı olmadığını, əgər olsa idi, 100 manata divan alıb ona verəcəyini, lakin imkanı olmadığına görə bunu edə bilmədiyini qeyd edir. Tərəflər arasında baş tutan bütün danışıqlar bununla bağlı olmuş, Cavabdeh danışığın heç bir hissəsində İddiaçı ona məhz 540 manat məbləğində divan verdiyini qəbul etməmişdir. Əksinə, divanın yararsız olduğunu, “iki setkadan ibarət olduğunu”, həmin divana bənzər ucuz divanların satışda çox olduğunu, pulu olarsa bazardan 100 manata eyni divandan alıb ona verə biləcəyini bildirmişdir. İddiaçı iddiasını bu hissədə təsdiq edəcək başqa sübutu isə məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

7. Məhkəmə vurğulamışdır ki, iddia tələbində ya divanın qaytarılması, ya da dəyərinin ödənilməsi tələb edilmişdir. Tərəflərin izahatları və yuxarıda istinad edilmiş telefon danışıqları əsasında müəyyən edilmişdir ki, həmin divan hazırda faktiki olaraq mövcud deyil. Bundan başqa iddiaçı nəzərə almalıdır ki, o, düz yeddi il bundan əvvəl təmir üçün verdiyi divanı cavabdehdən tələb edir. Bu vəziyyətdə divanın fiziki olaraq iddiaçıya qaytarılması işin halları baxımından istisna edildiyindən məhkəmə divanın sübut olunan dəyərinin cavabdehdən tutulması nəticəsinə gəlmişdir.

8. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1ci, 752.1-ci, Mülki Prosessual Məcəllənin 52-ci, 191-ci maddələrinə istinad etmişdir.

9. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmiş, şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, işin hallarına uyğun gəlməyən qərar çıxardığı irəli sürülmüşdür.

b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

10. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

15. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

16. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

17. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

18. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın təmin olunmayan hissəsi üzrə əsaslılığının və qanuniliyinin yoxlanılması təşkil edir. Çünkü cavabdeh qətnamədən şikayət verməmiş, iddiaçıisə qətnaməni faktiki olaraq sözügedən hissədə mübahisələndirmişlər. Bu o deməkdir ki, iddia tələbinin qismən təmin olunması ilə bağlı hissədə qətnamə apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

27. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

28. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

29. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

30. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

31. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və dəlilləri iddiaya etirazların dəlilləri ilə eyni olan apellyasiya şikayətlərində irəli sürülənlərə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2005/2022 saylı iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar